31 Avqust 2018 01:08
631
İQTİSADİYYAT
A- A+

Azərbaycanın sənaye potensialı genişlənir

 

Bu il Azərbaycanın paytaxtında, eləcə də iri şəhərlərində, ayrı-ayrı rayonlarında bir sıra yeni sənaye müəssisələri, sosial obyektlər, yaşayış evləri, digər tikililər istifadəyə verilib. Bunların arasında iri zavodlar, elektrik yarımstansiyaları, tibb müəssisələri, ümumtəhsil məktəbləri, idarə binaları və s. var. Bu il bir sıra yeni yolların da açılışı olub, infrastruktur layihələri yekunlaşıb. Prezident İlham Əliyev yeni tikililərin bir çoxunun açılışında iştirak edib. 

Azərbaycanın sənaye xəritəsindəki yeni müəssisələrdən elələri var ki, ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin bəhrəsidir. İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin bu ilin mart ayında Azərbaycana rəsmi səfəri zamanı açılış mərasimi keçirilmiş "Xəzər” Avtomobil Zavodu buna aydın misaldır. Bu müəssisəni Neftçala Sənaye Məhəlləsində "Azərmaş” ASC və "İran Khodro” şirkətləri birgə yaradıblar.
"Xəzər”də İran İslam Respublikasının və Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları əsasında müxtəlif avtomobil modelləri istehsal olunur. Zavodun dəyəri 15 milyon ABŞ dollarıdır, səhmlərinin 75 faizi "Azərmaş”a, 25 faizi "İran Khodro” şirkətinə məxsusdur. Burada buraxılan avtomobillər "Made in Azerbaijan” brendi altında yerli və xarici bazarlara çıxarılacaq.
İlkin mərhələdə zavodda ildə 10 min, daha sonra 15 min avtomobil istehsal ediləcək. Yaxın gələcəkdə isə buraxılan avtomobillərin sayı 50 minə çatacaq. Həmin avtomobillərin hissələrinin istehsalının təşkili də nəzərdə tutulur ki, bunun üçün Azərbaycanın özəl sektorunun sərmayə qoyuluşu ilə ayrıca şirkət yaradılacaq.
İyul ayında isə Sumqayıt Kimya Sənaye Parkının ərazisində "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı oldu. Açılış mərasimində Prezident İlham Əliyevlə yanaşı, ölkəmizdə rəsmi səfərdə olan İtaliyanın dövlət başçısı Sercio Mattarella da iştirak etdi.
Xatırladaq ki, "SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci ildə isə ən yüksək standartlara və müasir texnologiyalara əsaslanan "SOCAR Polymer” zavodlarının təməli qoyulub ki, onlardan biri artıq fəaliyyətdədir.
Hazırda ölkəmiz aşağısıxlıqlı polietileni ixrac, yüksəksıxlıqlı polietileni isə idxal edir. Layihənin əsas məqsədi idxalın yerli məhsulla əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır.
"SOCAR Polymer” zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen və 12 növ olmaqla 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. Bu məhsullar sahibkarlıq subyektlərinin xammalla təchiz olunmasında əhəmiyyətli rol oynayacaq, respublikanın ixrac potensialının möhkəmlənməsinə əlavə stimul verəcək. İstehsal edilən məhsulun nəql intensivliyi gündə təqribən 60 yük maşını təşkil edəcək.
Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda geniş çeşidli istehlak mallarının və dəstləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır. Polipropilen ticarət həcminə görə də ən vacib plastik məhsullardan sayılır. "Ekoloji cəhətdən təmiz plastik” adlandırılan polipropilen qida məhsullarının qablaşdırılması və tibb sənayesinə aid bütün sahələrdə istifadə oluna bilər.
"SOCAR Polymer”in polipropilen zavodunda, bazar araşdırmasına əsasən, 3 növdə - homopolimer, zərbəyə davamlı so-polimer, statistiki so-polimer polipropilen məhsulları istehsal olunacaq. Qeyd edək ki, "SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkətdir. İnvestisiyaların 60 faizi Rusiyanın "Gazprombank”, qalan hissəsi isə müvafiq olaraq "SOCAR”, "Vitol”, "Paşa Holdinq”, "Gilan Holdinq” və "Azərsun Holdinq” tərəfindən təmin edilib.
Azərbaycanın sənaye xəritəsindəki yeni ünvanlardan ikisi "Mingəçevir Tekstil” MMC-yə məxsusdur. Bunlar iplik istehsalı müəssisələridir. Bu müəssisələrin açılışı cari ilin fevral ayında olub.
Hazırda respublikada illik istehsal gücü 24,6 min ton olan 6 iplik fabriki fəaliyyət göstərir. Lakin pambıqçılığın sürətlə inkişafı, innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin təşkilinə ehtiyac yaranıb. Mingəçevir Sənaye Parkının ərazisində 14,5 hektar sahədə yaradılmış "Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabriki də belə müəssisələrdəndir.
Müasir texnologiyalar əsasında yaradılmış fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu "Ring”, 10 min tonu isə "Open End” üsulu ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. "Ring” üsulu ilə istehsal edilən pambıq-poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynəklər istehsal olunacaq.
"Open End” üsulu ilə alınan iplik daha kobud olduğundan əsasən cins və digər geyimlərin istehsalında işlədiləcək.
Bu cür müəssisələrin istifadəyə verilməsi ölkədə toxuculuq sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammalla təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsul kimi ixracına imkan verəcək. Bunun da nəticəsində ölkəyə əlavə valyuta daxil olacaq. Bu, həmçinin sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Parkda sənaye məhsulları istehsalı üzrə müxtəlif ixrac potensiallı və rentabelli fabrik və zavodların yaradılması istiqamətində araşdırmalar aparılır.
"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən filiallarının da sayı artmaqdadır. Xaçmaz filialının rəsmi açılışı isə may ayında olub. Bu vaxtadək ölkənin bir sıra rayonlarında yeni xalçaçılıq müəssisələri fəaliyyətə başlayıb. Daha bir filialın Xaçmazda açılması təsdiqləyir ki, hazırda Azərbaycan xalça sənəti özünün əsl dirçəliş dövrünü yaşayır.
Ümumi sahəsi 1252,9 kvadratmetr olan filialın binası 0,37 hektar sahədə yerləşir. Burada 150 nəfər toxucu, 12 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində toxunan tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında "Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.
Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Xaçmaz rayonunun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursları filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursların məzunları "Azərxalça” ASC-nin sertifikatını alacaqlar. Xalça-satış salonunda "Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.
Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev demişdir: "İki il əvvəl mənim sərəncamımla "Azərxalça” Səhmdar Cəmiyyəti yaradılmışdır və qarşıya vəzifə qoyulmuşdu ki, bu təşkilat xalçaçılıq sənətini yaşatsın, inkişaf etdirsin və ölkəmizin müxtəlif yerlərində 30 xalça fabriki açılsın. Bu fabrik sayca dördüncüdür və gələn ilin sonuna qədər artıq 30 fabrik işə düşəcək, minlərlə iş yeri yaradılacaqdır. Xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlər boyu yaşadır”.
Azərbaycanda həyata keçirilən tikinti-quruculuq işləri, sosial-iqtisadi əhəmiyyətli müəssisələrin işə salınması davamlı prosesdir. Belə ki, bir çox obyektlərin tikintisi davam etdirilir, yaxud başa çatmaq üzrədir. Deməli, ilin sonunadək ölkəmizin sənaye xəritəsi daha da zənginləşəcək.

Flora SADIQLI,
"Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video