Alternative content

14:43 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası
Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası
ANA SƏHİFƏ / Fərmanlar
12:08 31.08.2018

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 avqust tarixli fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra - Fond) vəsaitindən istifadə mexanizmini və şərtlərini müəyyən edir, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi, qrant müsabiqələri əsasında layihələrin maliyyələşdirilməsi, maliyyələşdirilmək üçün təqdim olunmuş layihələr üzrə ərizələrin qəbulu, həmin layihələrin ekspertizasının keçirilməsi, onların maliyyələşdirilməsi və monitorinqi məsələlərini tənzimləyir.
1.2. Fondun vəsaiti qrant müsabiqələri əsasında gənclər siyasəti sahəsində proqram və layihələrin, sosial müdafiəyə xüsusi ehtiyacı olan gənclərin təhsil aldıqları müddətdə təhsil xərclərinin, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının, əmək bazarına daxil olmaqda çətinlik çəkən gənclərin əməkhaqlarının 12 (on iki) aydan çox olmayan müddətdə qismən maliyyələşdirilməsinə və innovativ (startap) layihələrin maliyyələşdirilməsi üçün güzəştli kreditlərin ayrılmasına, habelə Fondun Nizamnaməsində nəzərdə tutulmuş digər istiqamətlərə yönəldilir.
1.3. Qaytarılan güzəştli kreditlər, habelə digər daxilolmalar Fondun hesabında saxlanılır və həmin vəsaitdən bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlər üçün, yaxud Fondun Nizamnaməsi ilə qadağan olunmayan digər istiqamətlərdə istifadə edilir.

2. Fondun vəsaitindən istifadə istiqamətləri

2.1. Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə edilir:
2.1.1. 16-29 yaşlarında olan Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra - gənclər) təqdim etdikləri innovativ (startap) layihələrin maliyyələşdirilməsi üçün Fondun vəsaiti (qrantlar istisna olmaqla) hesabına müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatı) vasitəsilə güzəştli kreditlərin ayrılması;
2.1.2. gənclər və gənclər təşkilatlarının gənclər siyasəti ilə bağlı proqram və layihələrinin qrant müsabiqəsi əsasında maliyyələşdirilməsi;
2.1.3. sosial müdafiəyə xüsusi ehtiyacı olub təhsil alan gənclərin təhsil müddətində təhsil xərclərinin ödənilməsi;
2.1.4. gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədi ilə işəgötürənlə bağlanmış razılaşma müqaviləsinə uyğun olaraq, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqının 12 (on iki) aydan çox olmayan müddət ərzində Fondun vəsaiti hesabına qismən maliyyələşdirilməsi;
2.1.5. ixtisas və təhsil proqramlarına ölkənin ehtiyacları nəzərə alınmaqla, gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsilinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının maliyyələşdirilməsi;
2.1.6. Fondun Nizamnaməsində nəzərdə tutulmuş digər istiqamətlərdə layihələrin və tədbirlərin maliyyələşdirilməsi.
2.2. Bu Qaydanın 2.1.1-2.1.6-cı yarımbəndlərində nəzərdə tutulan maliyyələşmə istiqamətlərinə dair ümumi tələblər bu Qayda ilə müəyyən edilir.
2.3. Bu Qaydanın 2.1.2-ci bəndində nəzərdə tutulan qrant müsabiqələri, bu Qaydanın tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir.
2.4. Bu Qaydanın 2.1.1-ci, 2.1.3-2.1.6-cı yarımbəndlərində nəzərdə tutulan maliyyələşmənin həyata keçirilməsi ilə bağlı bu Qayda ilə tənzimlənməyən digər məsələlər Fondun Müşahidə Şurasının (bundan sonra - Şura) təsdiq etdiyi qaydalarla tənzimlənir.
2.5. Bu Qaydanın 2.1.1-2.1.6-cı yarımbəndlərində nəzərdə tutulan maliyyələşmə istiqamətləri çərçivəsində Fonddan vəsait ayrılması üçün seçilmiş gənclərin və gənclər təşkilatlarının siyahısı mütəmadi yenilənməklə Fondun rəsmi internet saytında yerləşdirilir.

3. Müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsi

3.1. Fond gənclərin innovativ (startap) layihələri üçün bu Qaydanın 2.1.1-ci yarımbəndinə uyğun olaraq güzəştli kreditlər ayırır.
3.2. Fondun vəsaitindən gənclərə güzəştli kreditlərin verilməsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (bundan sonra - Nəzarət Palatası) lisenziya verdiyi və Şuranın müəyyən etdiyi meyarlara uyğun olan müvəkkil kredit təşkilatı vasitəsilə həyata keçirilir.
3.3. Gənclərə güzəştli kreditlər müvəkkil kredit təşkilatının öz adından və öz riskləri hesabına verilir.
3.4. Gənclərə güzəştli kreditlərin ayrılması ilə bağlı Fondla müvəkkil kredit təşkilatı arasında münasibətlər tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.
3.5. Müvəkkil kredit təşkilatına Fondun vəsaiti hesabına güzəştli kreditlərin ayrılması aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilir:
3.5.1. müvəkkil kredit təşkilatının Fonddan cəlb etdiyi vəsaitin ümumi məbləğinin qalığı onun nizamnamə kapitalının ən çoxu 100 (yüz) faizini təşkil etməlidir;
3.5.2. müvəkkil kredit təşkilatı istifadə etdiyi vəsait üzrə əsas borcu və hesablanmış faizləri, Fondla bağladığı müqaviləyə uyğun olaraq, hər ay üçün növbəti ayın 3 (üç) bank günündən gec olmayaraq Fonda ödəməlidir;
3.5.3. kreditgötürənin güzəştli kredit üzrə ödənişləri həyata keçirməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidir, əks halda müvəkkil kredit təşkilatı Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə ödəməlidir və müvəkkil kredit təşkilatı 1 (bir) ay ərzində öhdəliklərini icra etmədikdə, Fond vəsaitinin qaytarılması üçün tədbirlər görür;
3.5.4. müvəkkil kredit təşkilatının kreditgötürənə bank qanunvericiliyi və bu Qayda ilə müəyyən olunmuş şərtlərdən başqa digər şərtlər (əlavə faizlərin ödənilməsi və s.) irəli sürməsinə yol verilmir və belə hallar aşkar edildikdə Fond müvəkkil kredit təşkilatına yeni vəsaitin ayrılmasını dayandırır və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edir.
3.6. Vəsaitin müvəkkil kredit təşkilatları arasında səmərəli bölgüsünü təmin etmək məqsədilə Nəzarət Palatası müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə məlumatı hər il fevral ayının 1-dək, həmin göstəricilərdə il ərzində baş verən dəyişikliklər barədə məlumatı isə mütəmadi olaraq Fonda təqdim edir.
3.7. Müvəkkil kredit təşkilatı ayrılmış vəsaiti ilin sonuna 3 (üç) ay qalanadək tam istifadə etmədikdə, vəsaitin istifadə olunmayan hissəsinə vəsait ayrılan tarixdən etibarən oktyabr ayının 1-dək hər təqvim günü üçün 0,02 faiz cərimə hesablanır və istifadə olunmamış vəsait Şuranın qərarı ilə digər müvəkkil kredit təşkilatlarına ayrılır.

4. Güzəştli kreditlərin ayrılması və onlardan istifadə edilməsi

4.1. Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün gənclər müvəkkil kredit təşkilatına ərizə ilə müraciət edirlər.
4.2. Müvəkkil kredit təşkilatı gənclərin müraciətlərini qeydiyyata alır və müraciətin qeydiyyata alınmasını təsdiq edən sənədi onlara təqdim edir.
4.3. Müvəkkil kredit təşkilatı 10 (on) bank günündən gec olmayaraq, öz biznes maraqlarına və Şuranın müəyyən etdiyi innovativ (startap) layihələrinin tərtib olunmasına dair minimal tələblərə və qiymətləndirmə meyarlarına əsaslanaraq, təqdim olunmuş layihələri təhlil edərək müsbət qiymətləndirdiyi layihələrə dair məlumatları və sənədləri Fonda təqdim edir.
4.4. Güzəştli kredit almaq üçün təqdim olunmuş layihə mənfi qiymətləndirildiyi halda, müvəkkil kredit təşkilatı həmin layihəni təqdim etmiş şəxsə 3 (üç) bank günü müddətində əsaslandırılmış imtina məktubu təqdim etməlidir.
4.5. Fond 10 (on) bank günü müddətində Fondun vəsaiti hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və Şuranın müəyyən etdiyi qaydada müvəkkil kredit təşkilatlarının təqdim etdiyi layihələrin ilkin monitorinqini həyata keçirir.
4.6. Ekspertizanın nəticəsindən asılı olaraq, Fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə qərar qəbul edir və bu barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.
4.7. Müvəkkil kredit təşkilatı müraciətin təmin olunması barədə Fondun müsbət qərarına əsasən gənclərə güzəştli kreditin ayrılmasına dair qərar qəbul edir.
4.8. Güzəştli kredit almaq üçün müraciət etmiş şəxslə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir və Fond 3 (üç) bank günü ərzində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir.
4.9. Fondun ayırdığı vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti güzəştli kredit almaq üçün müraciət etmiş şəxsin hesabına köçürür və bu barədə Fonda və həmin şəxsə məlumat verir.
4.10. Müvəkkil kredit təşkilatı hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq, güzəştli kredit almaq üçün müraciət etmiş şəxslər barədə Fonda məlumat verməlidir.
4.11. Bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq müvəkkil kredit təşkilatının müsbət qiymətləndirdiyi layihələrə dair məlumatların və sənədlərin, eləcə də bu Qaydanın 4.10-cu bəndində nəzərdə tutulan məlumatların siyahısını Fond müəyyən edir.
4.12. Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilir:
4.12.1. 1 000 manatdan 10 000 manatadək - kiçikhəcmli kreditlər;
4.12.2. 10 001 manatdan 25 000 manatadək - ortahəcmli kreditlər;
4.12.3. 25 001 manatdan 50 000 manatadək - böyükhəcmli kreditlər.
4.13. Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:
4.13.1. kiçikhəcmli kreditlər üçün - 1 (bir) ilədək;
4.13.2. ortahəcmli kreditlər üçün - 3 (üç) ilədək;
4.13.3. böyükhəcmli kreditlər üçün - 5 (beş) ilədək.
4.14. Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir.
4.15. Müvəkkil kredit təşkilatının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir.
4.16. Fond cari il üzrə hər bir müvəkkil kredit təşkilatı üçün kredit xəttini onun sifarişi əsasında müəyyən edir və kredit vəsaitini layihənin icra tələbindən asılı olaraq tam və ya mərhələli şəkildə ayırır.
4.17. Müvəkkil kredit təşkilatına kredit vəsaiti bu Qaydanın 4.12-ci və 4.13-cü bəndləri ilə müəyyən edilmiş məbləğdə və müddətlərdə verilir. Müvəkkil kredit təşkilatı kredit vəsaitini tam istifadə etdiyi halda yeni kredit xəttinin açılması və ya mövcud kredit xəttinin artırılması üçün müraciət etmək hüququna malikdir.
4.18. Müvəkkil kredit təşkilatının kreditgötürənin müraciəti əsasında kreditlərdən istifadə üzrə kredit müddətinin yarısından çox olmamaq şərtilə güzəşt müddəti müəyyən etmək hüququ vardır.
4.19. Bu Qaydanın 4.18-ci bəndində nəzərdə tutulan güzəşt müddəti ərzində kreditgötürəndən yalnız faiz borclarının ödənilməsi tələb olunur.
4.20. Müvəkkil kredit təşkilatı bu Qaydanın 4.18-ci bəndinə uyğun olaraq müəyyən etdiyi hər bir güzəşt müddəti barədə Fonda məlumat verməlidir.

5. Kreditgötürənin güzəştli kredit üzrə əsas borcu və hesablanmış faizləri qaytarması

5.1. Müvəkkil kredit təşkilatı kreditgötürənin güzəştli kredit üzrə ödədiyi əsas borcu və hesablanmış faizləri 3 (üç) bank günündən gec olmayaraq Fondun xəzinə hesabına köçürməlidir.
5.2. Müvəkkil kredit təşkilatı kreditgötürənin güzəştli kredit üzrə ödədiyi əsas borcun və hesablanmış faizlərin Fondun xəzinə hesabına köçürülməsini 30 (otuz) bank günündən çox gecikdirdikdə Fond müvəkkil kredit təşkilatına yeni vəsaitin ayrılmasını dayandırır və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edir.
5.3. Fond kreditgötürənin güzəştli kredit üzrə əsas borcu və hesablanmış faizləri müvəkkil kredit təşkilatına ödəmə müddəti ilə müvəkkil kredit təşkilatının həmin vəsaiti Fonda köçürməsi müddətinin üzləşməsini aparmaq və ya bunun üçün Nəzarət Palatasına müraciət etmək hüququna malikdir.
5.4. Fond bu Qaydanın 5.3-cü bəndinə uyğun olaraq Nəzarət Palatasına müraciət etdikdə, Nəzarət Palatası fəaliyyət istiqamətinə uyğun olaraq müvəkkil kredit təşkilatında yoxlama apararkən bu məsələni də araşdırır və nəticəsi barədə Fonda məlumat verir.
5.5. Kreditgötürənin güzəştli kredit üzrə əsas borcu və hesablanmış faizləri qaytarmaması və ya gecikdirməsi müvəkkil kredit təşkilatını Fond qarşısındakı öhdəliklərdən azad etmir.

6. Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant vasitəsilə maliyyələşdirilməsi

6.1. Fond, Nizamnaməsinə uyğun olaraq, gənclərin və ya gənclər təşkilatlarının gənclər siyasəti ilə bağlı aşağıdakı layihə və proqramlarının qrant müsabiqəsi əsasında maliyyələşdirilməsini həyata keçirir:
6.1.1. beynəlxalq layihələr - ən azı iki xarici ölkədən olan gənclər təşkilatı və beş ölkəni təmsil edən gənclərin iştirakı ilə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasında həyata keçirdiyi, habelə Azərbaycan Respublikasından olan gənclərin iştirakı ilə xarici ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihə və proqramlar;
6.1.2. yerli layihələr - Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi layihə və proqramlar;
6.1.3. fərdi layihələr - 16-29 yaşlarında olan Azərbaycan Respublikası vətəndaşlarının təqdim etdikləri layihə və proqramlar.
6.2. Bu Qaydanın 6.1.1-ci yarımbəndində nəzərdə tutulmuş layihələr üzrə qrantın məbləği 15 000 (on beş min) manatdan, 6.1.2-ci yarımbəndində nəzərdə tutulmuş layihələr üzrə 10 000 (on min) manatdan və 6.1.3-cü yarımbəndində nəzərdə tutulmuş layihələr üzrə isə
5 000 (beş min) manatdan çox olmamalıdır.
6.3. Bu Qaydanın 6.1.1-ci, 6.1.2-ci və 6.1.3-cü yarımbəndlərində nəzərdə tutulan layihə və proqramlar üzrə qrantlar 1 (bir) il müddətinədək ayrılır.
6.4. Qrant müsabiqəsinin elan edilməsi, müsabiqənin nəticələrinə görə qalib elan edilmiş gənclərin və gənclər təşkilatlarının proqram və layihələri Şuranın qərarı ilə müəyyən edilir.
6.5. Qrant müsabiqələrinin nəticələrinə görə qalib elan edilmiş gənclərin və gənclər təşkilatlarının proqram və layihələrinin maliyyələşdirilməsi onlarla Fond arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
6.6. Fond bu Qaydanın 6.5-ci bəndində nəzərdə tutulmuş müqavilə imzalandıqdan sonra qrantın ümumi məbləğinin 70 faizini, layihəyə dair forması Şura tərəfindən müəyyən olunan yekun hesabat təqdim edildikdən sonra isə qalan 30 faizini qalib elan edilmiş gənclərin və gənclər təşkilatlarının bank hesabına köçürür.
6.7. Qrant müsabiqələrinin nəticələrinə görə qalib elan edilmiş gənclər və gənclər təşkilatları layihə və ya proqram üçün ayrılmış vəsaiti tam xərcləmədikdə, qalıq məbləği layihə və ya proqramın icra müddəti başa çatdıqdan sonra Fondun hesabına qaytarmalıdırlar.
6.8. Fond qrant şəklində ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyini aşkar etdiyi hallarda maliyyələşdirməni dayandırır və ayrılmış vəsaitin qaytarılması ilə bağlı tədbirlər görür.
6.9. Qrant müsabiqələrinin elan edilməsi, müsabiqədə iştirak etmək üçün müraciət qaydası, təqdim olunmuş layihələrin ekspertizası, qiymətləndirməsi və monitorinqi, habelə müsabiqənin yekunlarının elan olunması bu Qaydanın tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tənzimlənir.

7. Sosial müdafiəyə xüsusi ehtiyacı olub təhsil alan gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi

7.1. Fond, Nizamnaməsinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olub peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan gənclərin təhsil xərclərini tam və ya qismən həmin şəxslərin müraciəti əsasında aşağıdakı tələblər nəzərə alınmaqla maliyyələşdirir:
7.1.1. müraciət edən şəxs, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxs kateqoriyasına aid olmalıdır;
7.1.2. müraciət edən şəxsin təhsil xərcləri digər mənbələrdən ödənilməməlidir;
7.1.3. müraciət edən şəxsin təhsil müəssisəsindəki davamiyyəti və təhsil göstəriciləri qənaətbəxş olmalıdır;
7.1.4. müraciət edənin təhsil xərclərinə təhsil haqqı, yaşayış xərcləri (yataqxana və ya ev kirayəsi), gündəlik yemək xərcləri, zəruri tədris vəsaitləri və ləvazimatı ilə təminat xərcləri və nəqliyyat xərcləri (yaşadığı ünvandan tədris müəssisəsinin yerləşdiyi ünvana gediş-gəliş xərci, habelə təhsil müəssisəsi onun daimi yaşadığı şəhərdən (rayondan) kənarda yerləşdikdə, ildə 2 (iki) dəfə həmin şəhərə (rayona) gediş-gəliş xərci) daxildir;
7.1.5. müraciət edən şəxsin təhsil müəssisəsinin yataqxanasında yerləşdirilməsi mümkün olmadıqda və ya təhsil müəssisəsi yataqxanaya malik olmadıqda ev kirayəsi üçün maliyyə vəsaiti ayrılır.
7.2. Təhsil haqqı və yataqxana xərclərinin maliyyələşdirilməsi Fondla müvafiq təhsil müəssisəsi arasında bağlanmış razılaşmaya əsasən illik əsasda, digər təhsil xərcləri isə aylıq əsasda həyata keçirilir.
7.3. Fondun müraciət edən şəxsin təhsil aldığı təhsil müəssisəsindən həmin şəxsin təhsil müəssisəsindəki davamiyyəti və təhsil göstəricilərinə dair məlumat almaq hüququ vardır.
7.4. Təhsil xərclərinin maliyyələşdirilməsi üçün müraciətə aşağıdakı sənədlər əlavə edilir:
7.4.1. şəxsiyyət vəsiqəsinin və tələbə biletinin surəti;
7.4.2. müraciət edənin sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxs kateqoriyasına aid olduğunu təsdiq edən sənəd;
7.4.3. müraciət edən şəxsin təhsil almasına və təhsil müəssisəsinin yataqxanasında qalmasına dair müvafiq təhsil müəssisəsinin arayışı;
7.4.4. müraciət edən şəxsin təhsil müəssisəsinin yataqxanasında yerləşdirilməsinin mümkünsüzlüyü və ya təhsil müəssisəsinin yataqxanaya malik olmamasına dair müvafiq təhsil müəssisəsinin arayışı (ev kirayəsi üçün vəsait ayrıldığı halda);
7.4.5. müraciət edən şəxsin təhsil müəssisəsindəki davamiyyəti və təhsil göstəricilərinə dair arayış.
7.5. Təhsil xərclərinin maliyyələşdirilməsi üçün müraciətlərin qəbulu, qiymətləndirilməsi və onlara baxılma qaydasını Şura müəyyən edir.

8. Gənclərin əməkhaqqının qismən maliyyələşdirilməsi

8.1. Fond, Nizamnaməsinə uyğun olaraq, gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə, aşağıdakı tələblər nəzərə alınmaqla, gənclərin əməkhaqqının qismən maliyyələşdirilməsini həyata keçirir:
8.1.1. maliyyə vəsaiti işəgötürənlə Fond arasında bağlanmış razılaşma müqaviləsinə uyğun olaraq gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində ayrılır və işəgötürənin hesabına köçürülür;
8.1.2. gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində işəgötürənlə gənclər arasında bağlanmış əmək müqaviləsinin müddəti 1 (bir) ildən az olmamalıdır;
8.1.3. gənclərin əməkhaqqının Fondun vəsaiti hesabına maliyyələşdirilən hissəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin əvvəlki il üçün müəyyən etdiyi orta aylıq əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamaq şərtilə, işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) və əməkhaqqına əlavələrin (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir;
8.1.4. gənclərə ödəniləcək əməkhaqqının qismən maliyyələşdirilməsi 3 aydan az, 12 (on iki) aydan çox olmayan müddəti əhatə edir;
8.1.5. Fond bu Qaydanın 8.1-ci bəndində göstərilən məqsəd üçün maliyyə vəsaiti ayırarkən əlilliyi olan, eləcə də ali, orta ixtisas və ya peşə təhsili olan işaxtaran və ya işsiz gənclərə üstünlük verir.
8.2. Gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqının qismən maliyyələşdirilməsi üçün işəgötürənlərin müraciətlərinin qəbulu və qiymətləndirilməsi, onlara baxılma və işəgötürənlərin seçilməsi qaydasını, habelə işəgötürənlər tərəfindən təqdim olunacaq məlumatların siyahısını Şura müəyyən edir.
8.3. Fond gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində son 1 (bir) ildə fəaliyyətdə olan və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, son 1 (bir) ildə iş yerlərini ixtisar və ya ləğv etməyən, kiçik və orta sahibkarlıq subyekti hesab olunan işəgötürənlərə üstünlük verilir.
8.4. Fond bu Qaydanın 8.1-ci bəndində göstərilən məqsəd üçün maliyyə vəsaiti ayırarkən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək hüququna malikdir.
8.5. Gənclərə ödəniləcək əməkhaqqının qismən maliyyələşdirilməsinə dair Fondla işəgötürən arasında bağlanmış razılaşma müqaviləsində aşağıdakı məlumatlar əks olunur:
8.5.1. Fondun vəsaiti hesabına əməkhaqqının qismən maliyyələşdirilməsinə razılıq verilmiş iş yerləri;
8.5.2. əməkhaqqının Fondun vəsaiti hesabına maliyyələşdirilən hissəsi;
8.5.3. əməkhaqqının Fondun vəsaiti hesabına maliyyələşdiriləcəyi müddət;
8.5.4. tərəflər arasında məlumat mübadiləsi və hesabat;
8.5.5. tərəflərin hüquq və vəzifələri;
8.5.6. razılaşma müqaviləsinin tərəflərin təşəbbüsü ilə pozulmasının nəticələri.
8.6. İşəgötürən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç)” bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, əmək müqaviləsinə bu Qaydanın 8.5-ci bəndində nəzərdə tutulan razılaşma müqaviləsinin müddətinin bitməsindən əvvəl öz təşəbbüsü ilə xitam verdikdə, həmin işəgötürənlə yeni razılaşma müqaviləsi rəsmiləşdirilmir.
8.7. Əmək müqaviləsinə bu Qaydanın 8.5-ci bəndində nəzərdə tutulan razılaşma müqaviləsinin müddətinin bitməsindən əvvəl əməkhaqqı qismən maliyyələşdirilən iş yerinə götürülən gəncin təşəbbüsü ilə xitam verildikdə, həmin gəncin bu cür maliyyələşmədə iştirakı dayandırılır.

9. Gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsilinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının maliyyələşdirilməsi

9.1. Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakı üçün maliyyə vəsaitinin ayrılmasını Fond aşağıdakı tələbləri nəzərə almaqla həyata keçirir:
9.1.1. Fond, ölkənin ixtisas və təhsil proqramları üzrə ehtiyaclarına uyğun olaraq, müvafiq təhsil ili üçün aktual elan edilmiş ixtisasların, elmi dərəcələrin və xarici ali təhsil müəssisələrinin, habelə təcrübə keçmək üçün beynəlxalq təşkilatların siyahısını hazırlayır və özünün rəsmi internet saytında yerləşdirir;
9.1.2. Fond yalnız bu Qaydanın 9.1.1-ci yarımbəndində nəzərdə tutulan siyahıda olan ixtisasları, elmi dərəcə və ali təhsil müəssisələrini seçmiş gənclərin təhsil prosesini, habelə təcrübə keçmək üçün həmin siyahıda olan beynəlxalq təşkilatları seçmiş gənclərin təcrübə proqramlarında iştirakını maliyyələşdirir;
9.1.3. Fond xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün seçilmiş namizədlərin təhsili müddətində təhsil haqqını, onlara ödəniləcək təqaüdü, onların viza, tibbi sığorta və il ərzində bir dəfə hava nəqliyyatı xərclərini maliyyələşdirir;
9.1.4. Fond xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün seçilmiş namizədlərin təhsil haqqını illik əsaslarla birbaşa xarici ali təhsil müəssisəsinə ödəyir;
9.1.5. Fond növbəti tədris ili üçün ödənişi xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün seçilmiş namizədin cari tədris ilini müvəffəqiyyətlə başa vurması barədə təsdiqləyici sənədləri təqdim edildikdən sonra həyata keçirir;
9.1.6. Fond beynəlxalq təşkilatlarda təcrübə keçmək üçün seçilmiş namizədə ödəniləcək təqaüdü (bir il müddətinədək), habelə onun viza, tibbi sığorta və il ərzində bir dəfə hava nəqliyyatı xərclərini maliyyələşdirir;
9.1.7. Fond xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq və ya beynəlxalq təşkilatlarda təcrübə keçmək üçün seçilmiş namizədin təqaüdünü müvəkkil bank vasitəsilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli”nə uyğun aylıq və ya rüblük olaraq, təhsil alan və ya təcrübə keçən şəxsin bank hesabına köçürür;
9.1.8. Fond beynəlxalq təşkilatlarda təcrübə keçmək üçün hər bir namizədə təqvim ili ərzində yalnız bir dəfə maliyyə vəsaiti ayırır;
9.1.9. aşağıdakı hallarda Fond gənclərin təhsil prosesinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının maliyyələşdirilməsi məqsədilə ayırdığı vəsaitin qaytarılmasını tələb etmək hüququna malikdir:
1. təhsil alan şəxs üzrlü səbəb olmadan ali təhsil müəssisəsindən xaric edildikdə və ya beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən şəxs üzrlü səbəb olmadan təcrübə proqramından kənarlaşdırıldıqda;
2. təhsil alan şəxs qəbul olunduğu ixtisası üzrlü səbəb olmadan dəyişdikdə;
3. təhsil alan və ya beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
4. təhsil alan və ya beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən şəxslər onlara ödənilən təqaüddən istifadəyə dair maliyyə hesabatlarını Şuranın müəyyən etdiyi müddət ərzində Fonda təqdim etmədikdə.
9.2. Fondun xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak etmək üçün müraciət edən gənclərin seçiminə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların nümayəndələrini dəvət etmək hüququ vardır.
9.3. Xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak etmək üçün müraciət edilməsi və müraciətlərə baxılma, habelə təqdim olunacaq sənədlərin dairəsi Şuranın təsdiq etdiyi qayda ilə tənzimlənir.

10. Digər istiqamətlər üzrə maliyyələşdirmənin həyata keçirilməsi

10.1. Fond, bu Qaydanın 2.1.6-cı yarımbəndinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə layihələri və tədbirləri maliyyələşdirir:
10.1.1. Nizamnaməsinə uyğun olaraq, qrant müsabiqəsinin keçirilmədiyi dövrdə gənclər təşkilatlarının layihələrinin qrant müsabiqəsindən kənar maliyyələşdirilməsi;
10.1.2. Nizamnaməsinin 3.1.18-ci və 3.1.29-cu yarımbəndlərinə uyğun olaraq, gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı infrastrukturun, eləcə də gənclər təşkilatlarının və gənclər evlərinin müraciəti əsasında onların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün vəsait ayrılması, mal və avadanlıq alınması;
10.1.3. istedadlı və fəal gənclərin mükafatlandırılması üçün vəsait ayrılması;
10.1.4. gənclərin və gənclər təşkilatlarının beynəlxalq tədbirlərdə iştirakı üçün vəsait ayrılması.
10.2. Bu Qaydanın 10.1.1-ci yarımbəndində nəzərdə tutulan hallarda Fondun vəsaiti hesabına maliyyələşdirmə aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilir:
10.2.1. qrant müsabiqəsindən kənar maliyyələşdirmə Şuranın təsdiq etdiyi qaydaya əsasən həyata keçirilir;
10.2.2. bu Qaydanın 6.3-cü, 6.6-6.8-ci bəndlərində göstərilən müddəalar tətbiq olunur;
10.2.3. layihələrin monitorinqi və həmin layihələr üzrə hesabatların təqdim edilməsi qrant müsabiqələrinin həyata keçirilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qayda ilə tənzimlənir.
10.3. Bu Qaydanın 10.1.2-ci yarımbəndində nəzərdə tutulmuş hallarda Fondun vəsaiti hesabına maliyyələşdirmə aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilir:
10.3.1. gənclər təşkilatları və gənclər evləri tərəfindən maddi-texniki bazalarının möhkəmləndirilməsi ilə bağlı müraciət edilməsi və ayrılmış vəsaitin istifadəsinə dair hesabatın təqdim edilməsi qaydasını, habelə həmin gənclər təşkilatlarına və gənclər evlərinə dair meyarları və ayrılmış vəsaitin xərclənməsi istiqamətlərini Şura müəyyən edir;
10.3.2. Fond tərəfindən alınmış mal və avadanlıq, Fondun balansında saxlanılmaqla yardım almış gənclər təşkilatlarına və gənclər evlərinə əvəzsiz olaraq verilir;
10.3.3. Fond mütəmadi olaraq gənclər təşkilatları və gənclər evləri tərəfindən mal və avadanlıqdan istifadəyə nəzarəti həyata keçirir, həmin mal və avadanlıqdan təyinatı üzrə istifadə edilmədiyini aşkar etdikdə, onların geri alınması üçün tədbirlər görür.
10.4. Bu Qaydanın 10.1.3-cü yarımbəndində nəzərdə tutulmuş hallarda Fondun vəsaiti hesabına mükafatlandırma Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli fərmanı ilə təsdiq edilmiş “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi”nə və Fondun Nizamnaməsinə əsasən həyata keçirilir.
10.5. Bu Qaydanın 10.1.4-cü yarımbəndində nəzərdə tutulmuş hallarda Fondun vəsaiti hesabına maliyyələşdirmə aşağıdakılara əsasən həyata keçirilir:
10.5.1. gənclərin və gənclər təşkilatlarının Fondun vəsaiti hesabına beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi şərtləri, bu məqsədlə müraciət edilməsi və ona baxılma məsələləri Şuranın təsdiq etdiyi qayda ilə tənzimlənir;
10.5.2. gənclərin və gənclər təşkilatlarının beynəlxalq tədbirlərdə iştirakı ilə bağlı nəqliyyat və yaşayış xərclərini tədbirin təşkilatçısı ödəmədikdə, həmin xərclər Fondun vəsaiti hesabına maliyyələşdirilir.
10.6. Bu Qaydanın 10.1.1, 10.1.2 və 10.1.4-cü bəndlərində nəzərdə tutulan maliyyələşdirmə barədə qərarı Şuranın sədri ilə razılaşdırmaqla İcraçı direktor qəbul edir.

11. Fondun maliyyələşdirdiyi layihələrin ekspertizasına dair ümumi tələblər

11.1. Bu Qaydaya uyğun olaraq Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələrin Fondun Nizamnaməsinə uyğunluğunu, onların icrasının mümkünlüyünü və gözlənilən nəticələri, davamlılıq səviyyəsini və maliyyələşdirmənin məqsədəuyğunluğunu müəyyən etmək üçün gənclərin və gənclər təşkilatlarının təqdim etdikləri layihələrin ekspertizası aparılır.
11.2. Layihələrin ekspertizası iki mərhələdə həyata keçirilir.
11.3. İlkin mərhələdə Fond aşağıdakı tədbirləri görür:
11.3.1. layihələri qəbul edir, qeydə alır və kateqoriyalar üzrə qruplaşdırır;
11.3.2. layihələrin Şuranın təsdiq etdiyi qaydalara uyğun tərtib edildiyini yoxlayır;
11.3.3. oxşar və ya təkrar təqdim edilmiş layihələri müəyyən edir;
11.3.4. əvvəllər Fonddan maliyyə dəstəyi almış gənclərə və gənclər təşkilatlarına münasibətdə həmin layihələrin icra vəziyyətini araşdırır.
11.4. Şuranın müəyyən etdiyi qaydalara uyğun olmayan layihələr növbəti mərhələyə buraxılmır.
11.5. Layihələrin ekspertizasının ikinci mərhələsində Şura ilkin mərhələnin nəticələrinə dair məlumatlar, həmçinin təqdim edilmiş layihələrlə bağlı, aşağıdakılar nəzərə alınmaqla, yekun qərar qəbul edir:
11.5.1. layihənin aktuallığı və faydalılığı;
11.5.2. layihə büdcəsinin uyğunluğu;
11.5.3. layihənin davamlılığı.
11.6. Fond layihələrin ekspertizasına kənar mütəxəssisləri (ekspertləri) cəlb etmək hüququna malikdir.
11.7. Layihələrin ekspertizasına dair bu Qayda ilə nəzərdə tutulmayan digər məsələlər qrant vasitəsilə maliyyələşdirilən layihələrə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qayda, digər layihələrə münasibətdə isə Şuranın təsdiq etdiyi qayda ilə tənzimlənir.

12. Fondun maliyyələşdirdiyi layihələrin monitorinqinə dair ümumi tələblər

12.1. Ayırdığı vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə Fond maliyyələşdirdiyi bütün layihələr üzrə müstəqil monitorinqlər aparmaq hüququna malikdir.
12.2. Fondun apardığı monitorinq zamanı ayrılmış vəsaitdən təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, Fondun yazılı tələbinə əsasən Fonddan vəsait almış gənclər və müvəkkil kredit təşkilatları ayrılmış vəsaiti 10 (on) bank günü ərzində bütövlükdə Fondun hesabına köçürməlidirlər.
12.3. Fondun tələbindən sonra ayrılmış vəsaitin köçürülməsi gecikdirilərsə, gənclər və müvəkkil kredit təşkilatları bu Qaydanın 3.5.3-cü yarımbəndinə uyğun olaraq cərimə ödəyirlər. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) təqvim gününü keçdiyi təqdirdə Fond gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.
12.4. Müvəkkil kredit təşkilatı ildə azı iki dəfə Fondun vəsaiti hesabına ayrılan güzəştli kredit vəsaitindən istifadənin monitorinqini aparır və bu barədə Şuranın müəyyən etdiyi formada Fonda hesabat verir.
12.5. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini kreditgötürəndən tələb etməlidir.
12.6. Kreditgötürənin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) bank günü ərzində məhz bu layihə üzrə əsas kredit və faiz borcunu bütövlükdə Fondun hesabına köçürməlidir.
12.7. Müvəkkil kredit təşkilatı Şuranın müəyyən etdiyi monitorinqin keçirilmə qaydasını 3 (üç) dəfə və daha çox pozduqda, Fond həmin müvəkkil kredit təşkilatı üçün yeni vəsaitin ayrılmasını dayandırır və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edir.

 


Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM