31 Avqust 2018 12:08
842
Təhsil
A- A+

STEM - müasir təhsildə yeni HƏDƏF

 

Müasir dövrün inkişafının əsasını təşkil edən yüksək texnologiyaların tələbləri, yəni qlobal trendlərin yaratdığı zərurət dünyanın innovativ inkişafını şərtləndirir. Bu, bütün sahələrlə yanaşı, təhsildə də özünü göstərir. Yeni yanaşmalar, dünyada baş verən mütərəqqi yeniliklər, innovasiyalar təhsil sahəsində yüksək keyfiyyət dəyişikliyinə səbəb olur. Bir çox inkişaf etmiş ölkələrin müasir təhsil sistemlərinə nəzər yetirdikdə bunu aydın şəkildə görmək mümkündür.

 

Təhsilə yeni yanaşma gətirən sistem

 

Bu gün dünyada STEM əsaslı müasir təhsil sisteminə xüsusi önəm verilir. Çünki bu sistem həqiqətən də təhsilə yeni yanaşma və keyfiyyətli nəticə gətirib.
STEM - Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (Science, Technology, Engineering, Math) sözlərinin baş hərflərindən yaranan qısaltmadır və bu fənləri inteqrasiya edərək tədris etməyi hədəfləyən disiplinlərarası, tətbiqi yanaşmanı əsas götürən təhsil fəlsəfəsinin adıdır. Bu mütərəqqi təhsil praktikasına əsasən şagirdlər fənn dərsləri ilə bərabər, xüsusi fənn kabinetlərində, laboratoriyalarda və interaktiv sinif otaqlarında bilikləri təkcə nəzəri deyil, müşahidə edərək, əlləri ilə toxunaraq, yəni tətbiq edərək öyrənirlər. Bir sözlə, STEM əsaslı təhsil müasir təfəkkürlü mühəndislər yetişdirir.
Bu sistem hətta bir vaxtlar Amerika Birləşmiş Ştatlarının ciddi problemlərlə üzləşən təhsil sistemini böyük bəladan qurtarıb. Ölkədə müxtəlif sahələr üzrə mühəndis qıtlığının yarandığını görən amerikalı mütəxəssislər təhsil sistemini təhlil etdikdən sonra belə bir qənaətə gəlirlər ki, bir müddətdən sonra mövcud təhsil sistemi çökəcək və ABŞ müxtəlif sahələr üzrə mühəndislər ordusunu kənardan “idxal” edəcək. Ona görə də sabiq ABŞ Prezidenti Barak Obama 2012-ci ildə yeni təhsil proqramının hazırlanması tapşırığını verir və mütəxəssislər tərəfindən təklif olunan STEM təhsil sistemi ən müasir metod kimi tətbiq edilir.
UNESCO-nun müvafiq hesabatında, hazırda dünya miqyasında ixtisaslı mühəndis kadrların çatışmadığı və bu halın yaxın gələcəkdə də davam edəcəyi qeyd olunub. Bildirilir ki, yaxın illərdə dünyada 7 milyon STEM təhsilli mütəxəssisə ehtiyac yaranacaq. Elə bu səbəbdən də qabaqcıl ölkələrdə akademik və rəsmi qurumlar STEM əsaslı təhsilin geniş yayılmasını milli strateji hədəf kimi görür və bu əsaslı təhsil müəssisələrinin sayı sürətlə artır.

 

Azərbaycanda da STEM təhsil sisteminin tətbiqinə başlanılır

 

Müstəqilliyin bərpasından sonra Azərbaycanda da elm və təhsil infrastrukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının modernləşdirilməsi, informasiya təminatının gücləndirilməsi və bütövlükdə bu sahələrin müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Təhsil sahəsində həyata keçirilən mütərəqqi islahatlar, Bolonya prosesi, kurikulum sisteminin tətbiqi təhsilimizə uğurlar qazandırıb.
Bütün bunlarla yanaşı, artıq ölkəmizdə də yeni tədris ilindən STEM təhsil sisteminin tətbiqinə başlanılacaq. Hətta Təhsil Nazirliyi tərəfindən təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsi əsasında iki dəfə “STEM Azərbaycanda” müəllim konfransı da təşkil edilib.
Mühəndisliyi sosial, iqtisadi və humanitar inkişafın mühərriki hesab edən STEM əsaslı təhsil sistemi ilə bağlı filologiya üzrə fəlsəfə doktoru, 10 illik STEM təhsili təcrübəsi olan ekspert Şəmil Sadiqə müraciət etdik. Qeyd edək ki, Şəmil Sadiq həm də Azərbaycanda ilk dəfə STEM əsaslı təhsil verəcək “Hədəf” liseyinin qurucusudur.

 

Yaddaş məktəbindən təfəkkür məktəbinə keçid

 

Öncə STEM-in yaranma səbəbləri barədə məlumat verən ekspert bildirdi ki, artıq dünya təhsil sistemində yanaşmalar dəyişir. Bu gün dünya təhsil sistemində yeni trend odur ki, artıq tədris müəssisələrində həyati bacarıqlara yönəlik təhsil sistemi tətbiq olunsun. Elə 2006-cı ildən başlayaraq Azərbaycanda da tədris olunmağa başlanılan kurikulum sisteminin əsas istiqaməti yaddaş məktəbindən təfəkkür məktəbinə keçid idi. Təfəkkür məktəbinə keçiddə artıq bir insanın məntiqi təfəkkürü, zəkası, dünyagörüşü və həyata baxışı formalaşır. Bütün bunlar isə dünya təhsil sisteminin yeni trendləridir.
“STEM təhsil də məhz bütün bunları özündə cəmləşdirir. Yəni bu sistem müxtəlif sahələr üzrə mühəndislər (məsələn, təhsil mühəndisi-müəllim, tibb mühəndisi-həkim və s.) yetişdirir. Bir sözlə, STEM təhsilinin məqsədi XXI əsr bacarıqlarına sahib fərdlər yetişdirməkdir” deyən Şəmil Sadiqin fikrincə, müasir təhsil proqramları öyrənmə metodu bir mövzu ətrafında əlaqələri şaxələndirməyə, dünyagörüşünü və məlumatlılıq səviyyəsini yüksəltməyə, təqdimetmə bacarıqlarını inkişaf etdirməyə zəmin yaradır. Ona görə də dünyanın bir çox inkişaf etmiş ölkələri müasir təhsilin yeni trendlərindən sayılan STEM əsaslı təhsil sisteminə keçiblər və hazırda da çox böyük nailiyyətlər, uğurlar əldə edilir.
Ekspertin sözlərinə görə, bu təhsil proqramını yaradanlar bir müddət sonra təkmilləşmə apararaq yenilik etmək qərarına gəliblər və sistem “STEM+A” konseptinə uyğunlaşdırılıb. Yəni sistemə incəsənətin tərkib hissəsi olan yaradıcılıq qabiliyyətini də əlavə ediblər. Mütəxəssislər belə qənaətə gəlirlər ki, elm, texnologiya, mühəndislik və riyazi biliklərlə yanaşı, insanın yaradıcılıq qabiliyyəti də əsas faktorlardan biridir.

 

Liseyin məqsədi: milli dəyərlərə söykənən müasir təfəkkürlü, çevik zəkalı vətəndaş formalaşdırmaq

 

2018-2019-cu tədris ilindən, yəni bu ildən başlayaraq “Hədəf” liseyində şagirdlər üçün müasir tələblərə cavab verən STEM əsaslı təhsilin tədrisinə başlanacaq. Lisey təhsil proqramında Prezident İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq STEM konseptini əsas götürür.
Şəmil Sadiq deyir ki, “Hədəf” konseptinin əsas məqsədi milli dəyərlərə söykənərək müasir təfəkkürlü və dövrün tələblərinə cavab verən çevik zəkalı vətəndaş yetişdirməkdir: “Hədəf” konsepti beş əsas prinsipə istinad edir: özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq, bilik. Konseptin məqsədi yaxın gələcəyin milli və bəşəri dəyərlərini mənimsəmiş sağlam, bacarıqlı, yaradıcı və bilgili insanlar yetişdirməkdir”.
XXI əsr üçün bütün sahələr üzrə bacarıqlı mütəxəssislər yetişdirməyi öz məqsədi hesab edən “Hədəf” liseyində məktəbəqədər, ibtidai sinif, orta və tam orta təhsil STEM konsepti əsasında həyata keçiriləcək. Bir sözlə, “Hədəf” konsepti ilə yola çıxan lisey ölkəmizin STEM əsaslı təhsil verən ilk özəl təhsil müəssisəsidir.
Liseyin rəhbəri deyir ki, tədris prosesi zamanı məktəblilər onlara verilən hansısa bir tapşırığı yerinə yetirmək üçün komanda şəklində yaradıcılıq proseslərində aktiv iştirak edib müxtəlif cihaz, qurğu və mexanizmləri dizayn edə, hazırlaya, proqramla təmin edə biləcəklər. Bununla da onların müxtəlif sahələr üzrə mühəndislik (icad etmək, qurub yaratmaq) bacarıqları üzə çıxır və getdikcə daha da inkişaf edir.
Eyni zamanda burada əksər orta məktəblərdə tez-tez işlənən - “oxuyan-oxumayan şagird” ifadəsi yox, hərənin öz bacarığına görə iş funksiyası əsas götürülür. Şəmil Sadiqin fikrincə, bu, STEM-in dərsə baxışıdır: “Çox zaman həyatda elə proseslər baş verir ki, hər kəsdə heyrət doğurur. Bir şagird imtahanlarda 700 bal toplayır, ancaq həyatda özünü təsdiq edə bilmir. 450 balla hansısa universitetə daxil olan abutiriyent isə sonradan böyük uğurlar qazanır. Yəni həmin şagirdlərin bacarıqları sonradan üzə çıxır. Lakin STEM təhsil uşaqların istedadını, bacarığını ilkin vaxtdan - şagirdkən üzə çıxarır”.

 

“Hədəf”in yeni hədəfləri

 

“Hədəf” liseyi qarşısına ölkəmiz və bəşəriyyət üçün dəyər yaradan insanlar yetişdirməyi hədəf qoyur. Dəyər yarada bilmək üçün insan bilgili, bacarıqlı, yaradıcı və müəyyən davranış kodekslərinə və peşə vərdişlərinə sahib olmalıdır. Bu məqsədlə liseyin şagirdləri təhsil ili ərzində müxtəlif fənlərdən nəzəri dərslər keçməklə bərabər, bilgi və bacarıqlarını müxtəlif laboratoriyalarda, atelyelərdə, təcrübə, sənət və idman məşğələlərində inteqrasiya edəcək və zənginləşdirəcəklər.
Şəmil Sadiqin sözlərinə görə, liseyin tətbiq etdiyi STEM mərkəzli təhsilin ən böyük fərqi fənlər, dil və texnologiya təhsili ilə yanaşı, sənəti və dizaynı da təhsil modelinin ayrılmaz və tamamlayıcı bir hissəsi halına gətirməsidir. “Hədəf” bir STEM məktəbi olduğu üçün Təhsil Nazirliyinin təsdiq etdiyi kurikulumlardan əlavə müasir sistem konseptinin tələbinə uyğun yeni kurikulumları da dərs proqramına əlavə edib.
Tədris prosesində STEM-in tələblərinə uyğun olaraq praktik məşğələlərə də ciddi əhəmiyyət verilir, laboratoriyalarda aparılan təcrübələr şagird biliklərinin müşahidəsi üçün başlıca faktor sayılır. Liseyin şagirdləri, STEM mərkəzində layihələr həyata keçirən, problemləri həlletmə iddiasına sahib, xarici dilləri beynəlxalq təhsil proqramlarında iştirak edib üfüqlərini genişləndirəcək qədər bilən, yaradıcı və müasir fərdlər olaraq həyata hazırlıqlı şəkildə başlamağın verdiyi pozitiv hisləri daima hiss edəcəklər.
Bir sözlə, “Hədəf” liseyi nəzəri bilikləri dərindən mənimsəyən, yaradıcı təxəyyülləri ilə qəlibləşmiş düşüncə yollarından kənara çıxa bilən, optimal mühəndislik, proqramlaşdırma və dizayn həlləri təklif edən gələcəyin alim, mühəndis, proqramçı dizaynerlərini yetişdirməyi hədəfləyir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video