Alternative content

13:23 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Ölüm düşərgəsi”
“Ölüm düşərgəsi”
ANA SƏHİFƏ / SİYASƏT
12:08 31.08.2018

 

Türklər üçün cəhənnəmə çevrilən Nargin adası da erməni vandalizminin şahidi olub

 

Türklərə və azərbaycanlılara qarşı törədilmiş erməni vandalizminin qanlı izləri ötən əsrin əvvəllərinə gedib çıxır. Hələ də müxtəlif məkanlarda həmin izlər üzə çıxmaqdadır.
Azərbaycan Prezidenti İlham Əliyev erməni daşnaklarının yürütdüyü işğalçılıq siyasətinə münasibət bildirərkən dəfələrlə vurğulayıb ki, erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzü bu gün də davam edir, onun ağır nəticələri isə yüz minlərlə soydaşımızın taleyində özünü göstərməkdədir: “Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində çoxillik zəngin təcrübəsi olan erməni millətçi ideoloqları, xaricdəki erməni lobbisi ölkəmizə və xalqımıza qarşı daha məkrli metodlardan istifadə etməklə təbliğat müharibəsi aparır, uydurma tezislər və “faktlarla” dünya ictimaiyyətini çaşdırmağa, onu yalanlarla aldatmağa, işğal faktını unutdurmağa çalışırlar”.
Azərbaycan və türk dünyasının tarixi ərazilərinə iddiasını gizlətməyən erməni ideoloqları saxta soyqırımı adı ilə yüz ildir ki, bəşəriyyətə meydan oxuyur. Təəccüb və təəssüf doğuran odur ki, özlərini dünyanın söz sahibləri hesab edənlər də “erməni soyqırımı”nın saxtalığını bilə-bilə bu “oyun”dan istifadə edir, işğalçıya deyil, təcavüzə məruz qalan tərəfə güc göstərməyə çalışırlar. Təkcə onu qeyd edək ki, Ermənistanda yaşayan soydaşlarımızın sonuncu, yəni 1988-ci ilin noyabr ayındakı “deportasiya”sı nəticəsində daha 250 min nəfər azərbaycanlı oradan qovuldu. Yurdundan perik salınanlar isə yalnız Ermənistandan qovulanlar deyildi. 600 min nəfərə yaxın məcburi köçkün (50 min nəfər Ahıska türkü, 100 min nəfər isə Ermənistanla sərhəd zolağından çıxanlar) də öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldı.
Azərbaycanın tarixi ərazilərini havadarlarının dəstəyi ilə işğal edən daşnakların qanlı əl izlərini Xəzərin suları da yuya bilmədi. Buna Nargin adası da şahiddir. Adada türk tarixi baxımından, eləcə də “erməni soyqırımı”nın ifşası ilə bağlı son dərəcə vacib olan şəhidlərin sümükləri tapılıb. “Cəhənnəm adası” və ya “İlan adası” kimi tanınan bu “gözdən uzaq, könüldən iraq” yerdə Birinci Dünya müharibəsi zamanı imperiya cəlladlarının girov götürdükləri türk əsgərləri hər cür işgəncələrə məruz qalaraq vəhşicəsinə öldürülüb. 1914-1915-ci illərdə Sarıqamış döyüşlərində Anadolu kəndlərindən əsir düşən, zorla girov götürülən və içərilərində üç yaşınadək qız uşaqlarından tutmuş 80 yaşadək yaşlılara qədər türklərin olduğuna dair məlumatlar Rusiyanın müxtəlif arxiv sənədlərində yer alıb. Bu sənədlərdə aclıq, xəstəlik və zəhərli ilanların sancması ilə ölən və ruhi xəstəlik tapıb əldən düşənlərin şəkilləri də var.
Birinci Dünya müharibəsində ən çox zərər çəkən, bəlkə də, Şərqi Anadolu ilə Azərbaycan bölgəsindən əsir götürülüb Sibir və Nargin adası kimi şəraitin son dərəcə pis olduğu yerlərə sürgün edilən türk xalqı və əsgərləri olub. Müxtəlif işgəncələrə məruz qalan, yaşamağa çalışan türklərlə bağlı isveçli Qızıl Xaç səlahiyyətlisi Graf Londrof olanları belə təsvir edib: “İzdihamda, qoxudan yaxın durmaq qeyri-mümkün olan, qapıları kilidli və içərisi Osmanlı əsirləri ilə dolu böyük bir qatar 1915-ci ilin yanvar ayının sonunda Sirzan stansiyasına gəldi. Qatarın içindəki əsirlər, insan sifətindən çıxmış, aclıqdan rəngləri saralmış, yanaqları çökük, almacıq sümükləri çölə çıxmış, tərpənə bilməyəcək şəkildə yorğun və qüvvədən düşmüş, paltar-palazsız - çılpaq, ayaqları yalın, kainatda mövcud bütün yoluxucu xəstəliklərə mübtəla bir halda idilər. Bu faciəvi mənzərə insanları utandıracaq və ürəklərini sızıldadacaq dərəcədəydi”.
Nargin adası 1915-ci ildə şahzadə Oldenburqun istəyi ilə döyüşlərdə əsir düşənlər üçün düşərgə vəziyyətinə gətirilib. Adada su mənbəyi olmayıb. Ona görə də düşərgənin su ehtiyacı Bakıdan gəmilərlə gətirilirmiş. Bakıdan gətirilən su əvvəlcə rus və erməni əsgərlərinə verilirmiş. Əgər sonra su qalsaydı, onu əsirlərə də verirdilər. Türk əsirlərin bəzən altı gün su içmədikləri də deyilir. Ağacın, suyun olmadığı, zəhərli ilanlarla dolu bu adada erməni və rus əsgərlərinin ağla sığmayan işgəncələrinə baxmayaraq, “yaşayan”, əslində, özündə dözüm tapan türk əsirləri möcüzə hesab edilirdi. Ölənlər və güllələnən türkləri adada toplu halda basdırırdılar. Yəni Nargin adasının bir qisminin tamamilə türk qəbiristanlığı olduğu söylənilir.
Nargin adasında tutulan on minlərlə əsirin bir qismi Azərbaycan türklərinin köməyi ilə oradan qaçıb. “Kardaş komegi” deyə nəsildən-nəslə ötürülən bir çox ürəkparçalayan əhvalat da var. Onların köməyi və dəstəyi ilə ölümdən qaçanlar arasında ilk təyyarəni uçurdan və ilk düşmən təyyarəsini yerə endirən, türk havaçılıq tarixinin ilklərinə imza atan Vecihi Hürkuş da olub. Hava döyüşlərinin birində yaralandıqdan sonra ruslara əsir düşən pilot Xəzər dənizindəki Nargin adasına göndərildikdən sonra Azərbaycan türklərinin köməyi ilə üzərək qaçıb və Ərzuruma qədər piyada gedib.
Əsir tutularaq həyatını itirən əsgərlərin sümüklərinin bir qismini türkiyəli professorlar Bingür Sönməzlə İbrahim İldırım 2007-ci ildə “ölüm düşərgəsi”nə xüsusi icazə ilə etdikləri səfər zamanı Sarıqamış şəhidliyində dəfn etmək üçün Türkiyəyə aparıblar.
Qardaş türk əsirlərinin amansızcasına qətlə yetirilməsini gələcək nəsillərin unutmaması üçün adada abidə qoyulub. Abidə erməni vandalizmini lənətləyən xalqların əsl ziyarətgahına çevrilib. Azərbaycan-Türkiyə dostluq və qardaşlıq siyasətinin bu gün də çox uğurla və daha geniş şəkildə xalqlarımız tərəfindən davam etdirilməsi çirkin niyyətli erməniləri və onların havadarlarını nəinki qıcıqlandırır, əslində, “yuxularını göyə çəkir”.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”