31 Avqust 2018 12:08
173
SİYASƏT
A- A+

Bir gün yurd həsrəti bitəcək

 

1993-cü il azərbaycanlıların yaddaşında müxtəlif hadisələrlə xatırlanır. Qarışıq bir dövr kimi yadda qalan həmin il siyasi hadisələrin geniş diapazonda güclənməsi, iqtisadi problemlərin baş alıb getməsi və digər hadisələrlə zəngin idi. Həmin dövrdə ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizə uzanan xain əllərin qarşısını aldı. 

Qubadlı rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun ərazisi 802 kvadratkilometrdir və bunun böyük hissəsini meşə və yaşıl zolaq təşkil edir. Əsrarəngiz təbiətli Qubadlı buraya təşrif buyuran hər kəsin marağına səbəb olur, bu gözəllikləri seyr etməkdən doymurdu. Sovet dönəmində Qubadlı turistlərin respublikamızda ən çox gəldiyi ərazi idi. İlin bütün fəsillərində burada dünyanın müxtəlif ölkələrindən xeyli insan gəlirdi. Qonaqlı-qaralı olan bu rayonu keçmiş SSRİ-nin hər yerində hörmətlə yad edirdilər.
Qubadlı Ermənistanla 120, Dağlıq Qarabağla isə 40 kilometr həmsərhəddir. Əkin-biçinlə, heyvandarlıqla məşğul olan insanlar ötən əsrin sonlarında bir daha erməni qəddarlığı ilə üz-üzə gəldilər.
1988-ci ildən, yəni Qarabağ savaşı başlayandan qubadlılılar Ermənistandan Qarabağa - Şuşaya, Xankəndiyə, Laçına gedən yolu qoruyurdular. Düşmən tərəfdən nəinki ağır texnika, heç minik maşını da həmin yoldan keçə bilmədi. Məqsədlərinə çatmayan qarşı tərəf hücum istiqamətlərini dəyişdi, hər tərəfdən zərbə vurmağa başladı. Həmin döyüşlərdə 238 nəfər şəhid oldu, 200 nəfərdən artıq sakin ağır yaralandı. Ancaq bu, özünümüdafiə dəstələrini sarsıtmırdı, amallarından çəkindirmirdi. Əksinə, daha mübariz olurdular. Cəsur oğullar doğma torpağın hər qarışını canlarından üstün tuturdular.
İgid döyüşçülər Əliyar Əliyev, Kazımağa Kərimov, Aqil Məmmədov, Vasili Əliyev, Kərəm Mirzəyev, Bəylər Ağayev, Aslan Atakişiyev və digərləri şəhidlik zirvəsinə qalxaraq göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldülər.
1993-cü ilin avqustunda vəziyyət daha da gərginləşdi. Xarici dövlətlərin köməyi ilə silahlanan erməni quldurları gecəli-gündüzlü kəndləri atəşə tutur, insanlar arasında vahimə yaradırdılar. Həmin ayın sonuncu günü - 31-də Qubadlı erməni qəsbkarlar tərəfindən işğal edildi.
Məcburi köçkünlüyün ilk vaxtlarında problemlər qarşısında qalan rayonun 30 mindən artıq sakininə dövlət qayğısı, xüsusilə də ümummilli lider Heydər Əliyevin şəxsi diqqəti olmasaydı, bu insanların taleyinin necə olacağı məlum deyildi.
Zəhmətkeş qubadlılılar köçkünlük dövründə də, necə deyərlər, əllərini əllərinin üstünə qoyub oturmayıblar. Hazırda 37 min 800 nəfər Qubadlı sakini respublikanın 41 rayon və şəhərində müvəqqəti məskunlaşıb. Rayonda 20 min 300 nəfər əmək qabiliyyətli əhali var.
Əhalinin əksər hissəsi Sumqayıt şəhərində məskunlaşıb. Rayonun icra strukturları, idarə və təşkilatları burada fəaliyyət göstərir. Bu qədər əraziyə səpələnmiş qubadlılıların sosial, kommunal, səhiyyə, təhsil və digər məsələləri ilə məşğul olmaq, onların üzləşdikləri problemləri həll etmək üçün icra strukturları xüsusi iş rejimi ilə işləyirlər. Onu da qeyd edək ki, ölkədə aparılan iqtisadi islahatların uğurlu nəticəsi məcburi köçkünlərin də həyatına müsbət təsir etmişdir. Dövlət başçısının imzaladığı bir sıra fərman və sərəncamlarda məcburi köçkünlərin hüquqlarının müdafiəsi, onların həyat şəraitinin yaxşılaşdırılması, sosial məsələlərin yüngülləşdirilməsi öz əksini tapmışdır. İndi sənaye sahələrində, tikintidə, neft sektorunda çalışan xeyli məcburi köçkün soydaşımız var. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı da ilbəil artır. Bunlar köçkün həyatına müsbət mənada təsir edir.
Rayon icra hakimiyyəti başçısının Sabirabad, Saatlı, İmişli, Xızı rayonlarında və digər yerlərdə keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müəyyən işlər görülmüşdür.
Son 6 ayda yerli gəlirlərdən daxilolma 959 min 414 manat proqnoz rəqəminə qarşı 1 milyon 284 min 47 manat və ya 1,3 dəfə çox icra olunub ki, bu da nəzərdə tutulduğundan 234 min 633 manat artıq vəsaitdir. Son illər rayon üzrə 4 minə yaxın yeni iş yeri açılıb, 2 minə qədər sahibkarlıq subyekti yaradılıb.
Sumqayıtda İnşaatçılar qəsəbəsində məskunlaşan məcburi köçkünlərin problemi yol ilə bağlı idi. 28 ailənin məskunlaşdığı yaşayış massivinin qarşısına asfalt döşənmiş, həmin ərazidə küçələr təmir edilmişdir.
Müasir dövrdə ən çətin məsələlərdən biri müalicə, insanların sağlamlığı məsələləridir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda bu sahəyə geniş yer verilmiş, uğurlu nəticələr əldə edilmişdir. Qubadlı Rayon Mərkəzi Xəstəxanasının poliklinikasının yaradılması və fəaliyyət göstərməsi sakinlərin davamlı müalicəsində əhəmiyyətli məna kəsb edir.
Qubadlı rayon mərkəzi poliklinikasının nəzdində 3 tibb məntəqəsi fəaliyyət göstərir. Məntəqələr Sumqayıt mehmanxanası, kompressorlar zavodu, “Şəfa” və “Metallurq” sanatoriyaları istiqamətində məskunlaşmış qubadlılılara xidmət edir. Təkcə son altı ay ərzində 11 min 756 ambulator xəstə qəbul edilib, onlardan 27 nəfər stasionar, 38 nəfər isə sanator-kurort müalicəsinə göndərilib. 527 nəfər şəkərli diabet olan xəstələr dərman və tibbi ləvazimatla təmin edilib. İş rejimi növbəlilik əsasında aparılan tibb məntəqələrində 24 saat ərzində xəstələrə xidmət göstərilir. Burada hər gün 100-dən artıq ambulator xəstə qəbul edilir.
Onu da bildirək ki, poliklinikaya qubadlılılarla yanaşı, yerli sakinlər də müraciət edirlər. Ölkə rəhbərinin tapşırığı ilə sakinlərin sağlamlığının yoxlanılması və müalicəsi zamanı rayon əhalisi ilə yanaşı, Zəngilan, Füzuli, Ağdam rayonlarından olan məcburi köçkünlər də Qubadlı xəstəxanasına müraciət edirlər.
Bu gün qubadlılılar köçkünlük dövrü yaşasalar da, ölkənin iqtisadi-sosial həyatında fəal iştirak edirlər. Respublika iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, orada qubadlılılar çalışmasın, öz köməklərini əsirgəməsinlər. Bu baxımdan rayon gəncləri xüsusi fəallıq göstərirlər. İcra hakimiyyətində onlarda vətənpərvərlik ruhunun yüksəldilməsi sahəsində aparılan işlərlə bağlı xüsusi proqram da hazırlanıb.
IV İslam Həmrəyliyi Oyunlarında Qubadlı idmançısı, yunan-Roma güləşçisi İslam Abbasov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görüldü. İslam öz adını əzmkarlığı və cəsarəti ilə Azərbaycan tarixinə yazan qubadlılılardan biridir. Keçirilən respublika əhəmiyyətli yarışlarda, beynəlxalq turnirlərdə qubadlılı gənclər uğurlara imza atıblar. Ümumiyyətlə, son bir ildə 17 nəfər rayon idmançısı ölkə birinciliklərinin və respublika turnirlərinin qalibi olub.
Qubadlılılar məskunlaşdıqları ərazidə kənd təsərrüfatı məhsullarının becərilməsi ilə məşğul olurlar. Rayon kümdarları baramaçılığı inkişaf etdirir və 520 əvəzinə 578 kiloqram yüksəkkeyfiyyətli barama istehsal edərək təhvil veriblər. Payızda Çindən gətiriləcək 8 min tut ağacı tinginin əkilməsi nəzərdə tutulur ki, bu da gələcəkdə rayonda baramaçılığın inkişafı üçün imkanlar yaradacaq. Rayonda xüsusilə son illər arıçılığın inkişafındakı nailiyyətləri qeyd etməmək mümkün deyil. Bu gün arı ailələrinin sayı 5 min 200-ə yaxınlaşıb. Hər il keçirilən yarmarkada qubadlılı arıçıların yüz kiloqramlarla balı satılır. Bu gün qubadlılılar onlar üçün ayrılan torpaq sahəsində yetişdirdikləri məhsulları bazara çıxarırlar. Bakı və Sumqayıt şəhərlərində təşkil olunan yarmarkalarda fermerlərin becərdikləri tonlarla məhsul satılır.
Rayonun təhsil müəssisələrində Dövlət İmtahan Mərkəzi tərəfindən IX və XI siniflərdə keçirilmiş mərkəzləşdirilmiş imtahanların nəticələri də uğurlu olub. Belə ki, IX, XI siniflərdə imtahanlarda iştirak edən 76 nəfər şagird fərqlənmə attestatı ilə təltif olunub. 2016-2017-ci dərs ilində Dövlət İmtahan Mərkəzinin rəsmi açıqlamasında rayon ali məktəblərə qəbulun nəticələrinə görə birinci yeri tutub, IX və XI siniflərin nəticələrinə görə isə ilk onluqda qərar tutub.
2017-2018-ci tədris ilində əldə olunan uğurlar da ürəkaçandır. Ali məktəblərə sənəd verən 390 abituriyentin 283-ü tələbə adını qazanıb. 75 nəfər 500-dən yuxarı bal toplayıb. 27 abituriyent isə 600-700 arası bal toplayıb. Elnarə Vitali qızı Balakişiyeva isə 695 bal toplayaraq hamını üstələyib.
Məcburi köçkünlük dövründə Qubadlının təhsil şəbəkəsinin bərpası, təhsil ənənələrinin qorunub yaşadılması üçün əsaslı işlər görülmüşdür. Qısa müddətdə məcburi köçkün soydaşlarımızın daha sıx məskunlaşdığı Sumqayıt və Bakı şəhərlərində, Abşeron rayonu ərazisində müasir tələblərə cavab verən 20 yeni məktəb binası inşa olunmuş, 12 məktəb əsaslı təmir edilərək yenidən qurulmuşdur. Hazırda rayonda 32 ümumtəhsil məktəbi (biri natamamdır) fəaliyyət göstərir.
Bir il əvvəl fəaliyyətə başlayan Xanlıq kənd tam orta məktəbinin müasir tələblərə cavab verən 96 şagird yerli ikimərtəbəli işıqlı dərs otaqları, ləvazimatlarla təchiz edilən idman zalı var. 10 sinif otağı, 2 laboratoriya, kompüter kabineti və 1 kitabxana zalı var. Bütün sinif otaqları kompüterləşdirilib.
Məktəbdə diqqəti çəkən otaqlardan biri də hərbi kabinetdir. Burada Milli qəhrəmanlarımız, ordu quruculuğu, əsgər və zabitlərin hünər və rəşadətini əks etdirən guşələr vardır.
Hazırda Sabunçu rayonu Ramana qəsəbəsində fəaliyyətə başlayacaq Xanlıq tam orta məktəbində 140 şagird təhsil alır. 18 müəllimin çalışdığı məktəbdə gələcəkdə şagird sayının 210 olacağı planlaşdırılır. Onu da bildirək ki, məktəbin açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmiş, şagird və müəllim heyətinə uğurlar arzulamışdır.
Rayon icra hakimiyyətinin Sumqayıt şəhərində yerləşən inzibati binasında muzey fəaliyyət göstərir. Hazırda işıqlı, geniş otaqlarda yerləşən muzeydə 700-dən artıq eksponat toplanıb. Burada rayonun işğal altında olan 93 kəndi barədə geniş məlumat var. Muzeyin girəcəyində respublikamızın dövlət atributları yerləşdirilib və böyük zalda müxtəlif guşələr var. “Heydər Əliyev və Azərbaycan” guşəsində ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər diqqəti cəlb edir. Ümummilli liderin Qubadlı rayonunun sakinləri ilə görüşlərindən olan xatirə şəkilləri muzeyin bəzəyidir desək, səhv etmərik. Burada həmçinin Qubadlı şəhidləri, kəndləri, rayonun ictimai həyatında rol oynamış insanlar barədə məlumat var.
Muzeydə həmçinin əslən Qubadlıdan olan yazıçıların, elm, mədəniyyət xadimlərinin kitabları nümayiş olunur. Muzeyə gələnlər Qubadlının tarixi ilə yaxından tanış olur, işğal altında olan rayonun kəndləri, relyefi, təbii sərvətləri, mədəniyyət ocaqları ilə təmas qura bilirlər.
Məcburi köçkünlərə yüksək dövlət himayəsini artıq 25 ildir doğma torpaqlarınının həsrəti ilə yaşayan Qubadlı sakinləri də öz üzərlərində hiss edir və bunu real həyatlarında konkret əməldə görürlər. Bu qayğının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin prioritet məsələlərdən biri kimi yanaşdığı qaçqın və məcburi köçkünlərə dövlət qayğısı bu insanların sosial həyatında yeni mərhələnin açılmasına rəvac verdi. Bu gün siyasəti davam etdirən Prezident İlham Əliyev ölkənin artan iqtisadi imkanları fonunda qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində genişmiqyaslı fəaliyyət göstərir.
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına paralel olaraq onların məşğulluq məsələləri istiqamətində də kompleks addımlar atılır. Bu kontekstdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq sərəncam və tapşırıqları ilə qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması üçün xeyli tədbirlər həyata keçirilib.
Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçilik Donanmasının “Qubadlı” adlı yeni təchizat gəmisinin istismara verilməsi rayon sakinləri tərəfindən böyük sevinc hissi ilə qarşılanıb.
Qubadlılıların həsrətdə yaşadıqları 25 il arxada qalıb. Respublikamızın hansı yerində yaşamasından asılı olmayaraq, hər bir rayon sakini ölkəmizdə həyata keçirilən dövlət siyasətini dəstəkləyir. Sağlam düşüncəyə, gələcəyə böyük inam hissinə malik olan qubadlılılar əmindirlər ki, tezliklə doğma yurdlarının səması üzərindən kölgələr çəkiləcək. Bir gün torpaqları işğaldan azad olunaraq onlara qaytarılacaq. Həmin günə isə az qalıb, lap az!

Akif ƏLİYEV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video