30 Avqust 2018 07:08
1120
PARLAMENT
A- A+

Mamuka Baxtadze: Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığına görə fəxr edir

Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədov avqustun 30-da ölkəmizə səfərə gələn Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Mamuka Baxtadzenin Gürcüstanın Baş naziri kimi ölkəmizə ilk səfərinin dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan-Gürcüstan münasibətlərinin çox qədim tarixi olduğunu deyən Milli Məclisin sədri bildirib ki, bu dostluq və qardaşlıq əlaqələri əsrlərdən bəridir davam edir. Hər iki dövlət ən çətin zamanlarda bir-birinə dəstək olub.

Oqtay Əsədov qeyd edib ki, XX əsrin sonlarında müstəqilliyini bərpa edən ölkələrimiz əlaqələrini yeni müstəviyə qaldırıb. Bu münasibətlərin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması çox sevindirici haldır. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, bu münasibətlərin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin böyük rolu var.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bugünədək ölkələrimiz arasında 108-dən çox ikitərəfli dövlət və hökumət sənədləri imzalanıb. Bu da Azərbaycan ilə Gürcüstan arasında siyasi dialoqun çox yüksək səviyyədə olduğunun göstəricisidir. Dövlətlərimizin ticarət əlaqələrindən söz açan Oqtay Əsədov 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 545 milyon dollardan çox olduğunu deyib. 2018-ci ilin yeddi ayı ərzində isə bu göstərici 392 milyon dollardan çoxdur.

Oqtay Əsədov qeyd edib ki, Azərbaycan və Gürcüstanın Avropanın enerji təhlükəsizliyində çox böyük rolu var. Hər iki ölkə regional layihələrin iştirakçısıdır. Milli Məclisin sədri hər iki dövlətin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz, Bakı-Tbilisi–Qars dəmir yolu və digər regional enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışıb. O, həmçinin SOCAR-ın Gürcüstandakı fəaliyyətinə də toxunub. Milli Məclisin sədri minə yaxın Azərbaycan şirkətinin Gürcüstanda, 300-ə yaxın Gürcüstan şirkətinin isə ölkəmizdə çalışdığını deyib.

Parlamentlərarası əlaqələrin məmnunluq doğurduğunu söyləyən Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini təqdirəlayiq hesab edib. O, eyni zamanda, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsini yüksək qiymətləndirib.

Baş nazir Mamuka Baxtadze bildirib ki, Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığına görə fəxr edir. Qonaq qeyd edib ki, bizim əcdadlarımız bu əlaqələrin təməlini qoyub və bu dostluq əsrlər boyudur davam edir. Azərbaycan və Gürcüstan birlikdə tarixi əhəmiyyət daşıyan layihələri icra edib. Baş nazir deyib ki, iqtisadi potensialdan daha səmərəli istifadə üçün qarşıya müəyyən məqsədlər qoyulub.

Gürcüstanın parlamentlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini söyləyən Mamuka Baxtadze bu münasibətlərin vacibliyini qeyd edib. Azərbaycan-Gürcüstan əməkdaşlığının əhəmiyyətinə toxunan Baş nazir ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin daha da artırılmasının vacibliyini xüsusi vurğulayıb. "Biz Gürcüstanda olan azad ticarət rejimindən istifadə edərək birgə müəssisələr, şirkətlər yarada bilərik”,- deyə Mamuka Baxtadze söyləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video