30 Avqust 2018 07:08
298
İQTİSADİYYAT
A- A+

Maliyyə Nazirliyi: Dövlət borcunun idarə edilməsi üzrə Strategiya ölkənin maliyyə dayanıqlığını təmin edəcək

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” ölkənin maliyyə dayanıqlığını təmin edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Strategiyanı şərh edərkən Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, yeni təsdiqlənən Strategiyanın əsas məqsədi qlobal iqtisadiyyatda və maliyyə bazarında baş verən proseslər fonunda ölkənin maliyyə dayanıqlığının daha da gücləndirilməsi, dövlət borcalmalarında səmərəliliyin artırılması, qarşıda duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla bu sahədə risklərin effektiv idarə edilməsi və nəzarət mexanizminin təkmilləşdirilməsi, habelə, dövlətin maliyyə ehtiyaclarının ən az xərclə təmin edilməsi üçün tələb olunan tədbirləri müəyyən etmək, bu tədbirlərə müvafiq siyasət çərçivəsini formalaşdırmaq və bütün aidiyyəti tərəfləri bu barədə müvafiq qaydada məlumatlandırmaqdır: “Sənəd ortamüddətli və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək dövlət borcalmaları sahəsində yeni strategiya və tədbirlər planından, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışdan ibarətdir. Strategiyada müəyyən edilmiş hədəflərə nail olmaq üçün 3 strateji məqsədin və 5 prioritet tədbirin həyata keçirilməsi planlaşdırılır”.

Birinci strateji məqsəd kimi həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlığını təmin etmək nəzərdə tutulur. Bu məqsədlə 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi gözləniləcək. Eyni zamanda, ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olması hədəflənir.

İkinci strateji məqsəd dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarını ən az xərclə və aşağı risklərlə qarşılamaqdır. Bu istiqamətdə 2025-ci ilədək xarici valyuta riskinin idarə olunan səviyyədə saxlanılması məqsədilə xarici valyuta nominallı borc öhdəliklərinin 87 faizə qədər azaldılması nəzərdə tutulur. Eyni zamanda, faiz dərəcəsi riskinin məqbul həddə saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payının 56 faizi keçməməsi digər hədəf kimi müəyyən olunub.

Üçüncü strateji məqsəd kimi yerli maliyyə bazarlarının inkişafının dəstəklənməsi nəzərdə tutulur. Bu istiqamətdə Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə təkrar bazarın formalaşdırılması üçün zəruri tədbirlər həyata keçirilərək, emissiya prospektlərinin bazar tələbləri və investorların maraqları nəzərə alınmaqla hazırlanması və həyata keçirilməsi təmin olunacaq.

Həmçinin, dövlət borcalmaları üzrə müəyyən olunan strateji məqsədlərə çatmaq üçün bir sıra digər prioritet tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Belə ki, Strategiyada müəyyən olunan prioritet layihələrdən başqa digər layihələrin maliyyələşdirilməsi üçün borc vəsaitinin cəlb olunmaması və dövlət zəmanətinin təmin edilməməsi planlaşdırılır. Eyni zamanda, faiz dərəcələrinin artma riskinin rüblük əsasda qiymətləndirilməsi və sözügedən qiymətləndirmə əsasında yeni borcların münasib faiz şərtləri ilə cəlb olunması həyata keçiriləcək.

Qeyd olunanlarla yanaşı, dövlət borcu üzrə qanunvericiliyin təkmilləşdirilməsi, dövlətə məxsus olan hüquqi şəxslərin dövlət zəmanəti olmadan cəlb edilən daxili və xarici borclarının uçotunun Maliyyə Nazirliyi tərəfindən aparılması və daxili institusional və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.

“Hazırda dövlət borcunun səviyyəsi beynəlxalq təcrübədə müəyyən olunan göstəricilərə əsasən sabit olsa da, borcun vəziyyətinə nəzarətin mütəmadi təmin edilməsi bu sahədə xüsusi strategiyanın işlənib hazırlanması zərurətini aktuallaşdırdı. Məlum olduğu kimi, 2014-cü ilin ikinci yarısından başlayaraq dünya bazarında neftin qiymətinin ucuzlaşması və əsas ticarət tərəfdaşlarında iqtisadi tənəzzül meyillərinin dərinləşməsi nəticəsində tədiyyə balansının tarazlaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən 2015-ci ildə manatın korreksiyası həyata keçirildi və milli valyuta ABŞ dollarına nisbətdə ucuzlaşdı. Bununla da, dövlət borcunun ümumi səviyyəsi sabit qalsa da, ÜDM-in xarici valyutada nominal dəyərinin azalması xarici dövlət borcunun ÜDM-ə nisbətinin artmasına təsir edən başlıca səbəb oldu. Beləliklə, milli valyutanın ucuzlaşması fonunda dövlət borcunun ÜDM-ə nisbəti 9,8 faiz bəndi artdı. Qeyd olunanların müqabilində bu dövrdə ölkənin strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 55,0 faiz bəndi artdı.

Eyni zamanda, bank sisteminin sağlamlaşdırılması tədbirləri çərçivəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xarici öhdəliklərinin dövlətin üzərinə keçməsi nəticəsində xarici dövlət borcu 31,6 faiz artıb və şərti öhdəliklər də nəzərə alınmaqla bu ilin iyul ayına xarici dövlət borcunun məbləği 9,6 milyard ABŞ dolları (ÜDM-in 21,9 faizi) təşkil edib.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan strateji hədəflərə çatmaq üçün prioritet tədbirlərin həyata keçirilməsini və beləliklə də xarici borcun aşağı səviyyələrdə saxlanmasını təmin edəcək” - deyə Maliyyə Nazirliyi bildirir.

Hər iki ildə bir dəfə yenilənməsi nəzərdə tutulan Strategiyanın həyata keçirilməsində əsas əlaqələndirici qurum kimi Maliyyə Nazirliyi müəyyən olunub.

Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın hazırlanması Azərbaycan Respublikası Prezidenti tərəfindən 27 dekabr 2016-cı il tarixli Fərmanla hökumətə tapşırılmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video