30 Avqust 2018 12:08
104
SİYASƏT
A- A+

Yaşar Əliyev Təhlükəsizlik Şurasında debatlarda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsiplərindən danışıb

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqa müvafiq olmayan şərtlər əsasında nail olmaq mümkün deyil. Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev bu fikri avqustun 29-da Təhlükəsizlik Şurasında münaqişələrin dinc yolla tənzimlənməsinə vasitəçilik mövzusunda debatlarda söyləyib.

AZƏRTAC xəbər verir ki, diplomat bu gün dünyanın üzləşdiyi, sülhə və təhlükəsizliyə təhdidlər həm münaqişələrin qarşısının alınması, həm də onların nizamlanması və böhranların qarşısının alınması üçün beynəlxalq hüquq qaydasının möhkəmlənməsini və bütün səviyyələrdə səylərin fəallaşdırılmasını tələb edir.

Azərbaycanlı diplomat vurğulayıb ki, qeyri-qanuni güc tətbiq edilməsi, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırımı aktları və etnik təmizləmələr nəticəsində yaranmış vəziyyətin möhkəmlənməsi üçün vasitəçilik formatlarından bir alət kimi istifadə edilməməsi son dərəcə vacibdir. Beynəlxalq birlik beynəlxalq hüququn norma və prinsiplərinin düzgün şərh edilməməsi yolu ilə pərdələnmiş təcavüzün və digər hüquqazidd əməllərin gizlədilməsi və təcavüzün möhkəmlənməsi üçün hər hansı cəhdlərə qarşı ardıcıl çıxış etməlidir.

Y.Əliyev daha sonra vurğulayıb ki, ərazi əldə edilməsi üçün güc tətbiq olunmasının yolverilməzliyi və bunun nəticəsi kimi beynəlxalq hüququn ciddi pozuntularından irəli gələn müddəaların tanınmaması barədə öhdəliklər hər yerdə və qeyd-şərtsiz tətbiq edilməli və icra olunmalıdır. Bu öhdəliklər beynəlxalq hüquqi qaydanın tərkib hissələridir; onlar münaqişələrin əsas səbəblərindən və xarakterindən asılı olmayaraq bütün hallarda, hamı üçün məcburidir və tətbiq edilməlidir. Birləşmiş Millətlər Təşkilatının əsas orqanları tərəfindən qəbul edilmiş qətnamələrin yerinə yetirilməsinin təmin edilməsi də az əhəmiyyət kəsb etmir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbul edilməsinə baxmayaraq, suveren dövlətlərə qarşı silahlı təcavüzün və onların ərazilərinin hərbi yolla işğalının davam etməsi yolverilməzdir.

Azərbaycanın BMT yanında diplomatik missiyasının başçısı qeyd edib ki, Təhlükəsizlik Şurası 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycana qarşı güc tətbiq olunmasını, onun ərazilərinin işğal edilməsini, mülki şəxslərə hücum edilməsini və Azərbaycanda yaşayış məntəqələrinin bombalanmasını pisləyib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət bəslədiyini, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün güc tətbiq olunmasının yolverilməzliyini bir daha təsdiq edib.

Təhlükəsizlik Şurası ərazi iddialarına və zorakılıq hərəkətlərinə cavab olaraq həmin qətnamələrdə Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olmasını təsdiqləyib, işğalçı qüvvələrin işğal olunmuş bütün ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Y.Əliyev təəssüflə qeyd edib ki, Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib, BMT çərçivəsində iyirmi altı il ərzində göstərilən vasitəçilik səyləri hələlik nəticə verməyib.

Diplomat qeyd edib ki, əksinə, daha əvvəlki xəbərdarlıqlara, tələblərə və münaqişənin beynəlxalq birlik tərəfindən pislənməsinə baxmayaraq, onun siyasi yolla tənzimlənməsi üçün davam edən səylər fonunda işğal olunmuş ərazilərdə həmin ərazilərin müstəmləkələşdirilməsinin və ilhaqının təmin edilməsi məqsədilə qərəzli tədbirlər görülür, bu isə beynəlxalq hüququn açıq-aşkar pozulması deməkdir. Məsələn, işğal altında olan ərazilərin qeyri-qanuni şəkildə məskunlaşdırılması, tarixi-mədəni irsin məhv edilməsi və mənimsənilməsi, həmin ərazilərdəki əmlakın, təbii resursların və digər nemətlərin istismarı, talan edilməsi və onlarla qeyri-qanuni ticarət bu cür əməllərə aiddir.

Azərbaycan öz ərazilərinin işğal olunmasından və yüz minlərlə vətəndaşının zorakılıqla köçürülməsindən əziyyət çəkən ölkə kimi münaqişənin ən qısa müddətdə siyasi yolla nizamlanmasında və onun nəticələrinin aradan qaldırılmasında ən çox marağı olan tərəfdir.

Cari sülh prosesinin Mandatı Təhlükəsizlik Şurasının yuxarıda adları çəkilən qətnamələrinə əsaslanır. Bu prosesin əsas məqsədi Azərbaycanın işğal olunmuş bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını, məcburi köçkünlərin öz evlərinə qaytarılmasını və onların əmlakının qaytarılmasını təmin etməkdir. Bu məqsədə nail olunması mütləq imperativdir və heç bir halda kompromis kimi təqdim edilə, münaqişənin tənzimlənməsi prosesində əsas vasitə kimi istifadə oluna bilməz. Yaşar Əliyev bəyanatının sonunda qeyd edib ki, Azərbaycan ərazilərinin hərbi yolla işğalı və etnik təmizlənməsi münaqişənin həlli yolu deyil və heç vaxt sülh, barışıq və sabitlik gətirməyəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video