30 Avqust 2018 01:08
2360
SİYASƏT
A- A+

İlham Əliyevin regionların inkişafı siyasəti uğurlu nəticələr verir

 

Yeni iqtisadi strategiyaya uyğun olaraq bölgələr bütün sahələr üzrə modern tərəqqi edir

 

Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Yəni, regionların davamlı və tarazlı inkişafına nail olunması ölkənin sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biridir.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası bütün bölgələrimizin mənzərəsini xeyli yaxşılaşdırıb, iqtisadi fəallığın və təşəbbüskarlığın artmasına, vacib infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaradıb.

 

Prezident 8 ayda 11 şəhər və rayona səfər edib

 

Bu bir həqiqətdir ki, regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim xüsusi diqqət mərkəzində saxlanılır və Prezident İlham Əliyev bu məqsədlə ölkənin bütün şəhər və rayonlarına müntəzəm səfərlər edir, görülən işlərlə şəxsən maraqlanır, tapşırıq və tövsiyələrini verir.
Təkcə bu ilin statistikasına nəzər yetirsək görərik ki, son 8 ayda dövlət başçısı respublikanın 11 (Naxçıvan Muxtar Respublikası, Xaçmaz, Xızı, Bərdə, Mingəçevir, Qusar, Sumqayıt, Goranboy, Naftalan, İsmayıllı, Şamaxı) şəhər və rayonuna səfər edərək verdiyi tapşırıqların və göstərişlərin icrası ilə yerində maraqlanıb, eləcə də mühüm sosial-iaşə obyektlərinin, mədəniyyət mərkəzlərinin, müəssisə və zavodların açılışı, avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olub, hərbi hissələrə baş çəkib, sakinlərlə görüşüb, eləcə də aqrar sektorun inkişafına dair respublika müşavirəsi keçirib.

 

Doğum gününün sevincini sadə insanlarla paylaşan Birinci vitse-prezident

 

Hər zaman olduğu kimi, ötən həftə də Prezident İlham Əliyevin iş qrafiki zəngin oldu. Avqustun 25-də Almaniya Kansleri Angela Merkelin Azərbaycana rəsmi səfəri başa çatdıqdan sonra Prezident İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı rayonuna səfər etdilər.
Burada yeni müasir sosial və iqtisadi obyektlərin açılış mərasimləri baş tutdu. Avqustun 26-da, Mehriban xanım Əliyevanın doğum günündə isə dövlət başçısı və birinci xanım İsmayıllıda mühüm obyektlərin açılışında iştirak edib öz xeyir-dualarını verdilər, yerli sakinlərin əhatəsində oldular.
Bu, bir daha təsdiqləyir ki, doğum günündə sevincini insanlarla paylaşan Birinci vitse-prezident hər zaman yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi ilə yüksək ehtiram sahibinə çevrilib.
Ümumiyyətlə, ad günlərini sadə insanlarla birlikdə keçirmək ulu öndər Heydər Əliyev ailəsinin ən gözəl ənənələrindəndir. Ümummilli lider Heydər Əliyev kimi Prezident İlham Əliyev də hər dəfə ad gününü sadə insanların arasında, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrin sakinləri, şəhid ailələri ilə birlikdə qeyd edir. Birinci vitse-prezident Mehriban Əliyevanın özünün növbəti doğum günündə lahıclıların əhatəsində olması da məhz bu uca mənəviyyatdan qaynaqlanır.

 

Son 15 ildə ölkədə 3000-dən çox məktəb tikilib

 

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində ölkəmizin təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi məqsədi xüsusi yer tutur. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb”, eləcə də "Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək” layihələrinin gerçəkləşdirilməsinə başlanıb, ölkəmizin müxtəlif bölgələrində təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifə açıb.
Dövlət başçısı İlham Əliyev və Mehriban xanım Əliyevanın avqustun 25-26-da İsmayıllı və Şamaxı rayonlarına səfərləri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 132 şagird yerlik Şamaxı rayonu Meysəri kənd tam orta məktəbin və İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binalarının açılışı deyilənləri bir daha təsdiqləyir.
Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi ilə diqqət çəkir. 2003-cü ildən indiyə qədər ölkədə 3000-dən çox məktəb tikilib, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb.

 

Kənd və qəsəbə yolları ən müasir səviyyəyə çatdırılır

 

Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayırıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir.
Dövlət başçısının Şamaxı və İsmayıllı rayonlarına səfəri çərçivəsində açılışını etdiyi Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk, eləcə də Dəmirçi-Lahıc avtomobil yolları insanların rahatlığının təminatına xidmət edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.
Son illərdə yol infrastrukturunun yenilənməsi sahəsində icra olunan layihələr kənd və qəsəbələrarası yolları əhatə edib. Azərbaycanda yeni-yeni kənd yollarının inşası, mövcud yolların ən müasir səviyyəyə çatdırılması, ilk növbədə, əhalinin sosial məsələlərinin həlli baxımından olduqca vacib əhəmiyyətə malikdir.

 

İntensiv metodlara əsaslanan aqrar sektor inkişaf mərhələsindədir

 

Azərbaycanda həyata keçirilən məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın sürətli inkişafı işgüzar fəallığın yüksəldilməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dinamik inkişafına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib.
Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri öz uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur.
Dövlət başçısının İsmayıllı rayonunda açılışlarını etdiyi "Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi, "Buta Qrup” MMC tərəfindən yaradılan aqropark, eləcə də "AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksi aqrar sektorun yeni inkişaf mərhələsində olduğunu bir daha təsdiqləyir.

 

Azərbaycanda üzümçülüyün çox gözəl gələcəyi var

 

Öncə onu vurğulayaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən "2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır.
Bu dövlət proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini gücləndirib, yeni təsərrüfatların yaradılmasına müsbət təsir göstərib. İri aqrar rayonlardan olan Şamaxıda kənd təsərrüfatının bu sahəsinə xüsusi önəm verilir. Bu istiqamətdə "Şirvan şərabları” MMC-nin gördüyü işlər təqdirəlayiqdir. Şamaxıda üzümçülüyün inkişafına yenə xüsusi diqqət göstərilir. 2014-cü ildə üzüm bağlarının salınması və arqonik bioşərab istehsalı məqsədilə yaradılan "Şirvan şərabları” MMC-nin fəaliyyəti diqqəti xüsusilə cəlb edir.
2015-ci ildə 40 hektar sahədə fransız sortlarından ibarət 100 min ting əkilməklə ilk üzüm bağı salınıb. Bir il sonra - 2016-cı ildə daha 40 hektar sahədə Azərbaycan, gürcü və fransız sortlarından ibarət 100 min ting əkilib. İlk məhsul ötən il götürülüb. 233 min 379 ton üzüm yığılıb, bu məhsuldan 142 min 900 litr üzüm şirəsi sıxılıb və "Meysəri” markası ilə "Sədəf”, "Mərcan” və "Məxməri” adlı şərablar istehsal olunub.
Ötən il 40 hektardan çox, bu il isə 35 hektardan çox sahədə növbəti üzüm bağları salınıb. Gələn il daha 44 hektar sahədə yeni bağların salınması və üzüm sahələrinin 200 hektara çatdırılması nəzərdə tutulub. Üzümlüklərin 40 faizini ağ, 60 faizini isə qırmızı üzüm sortları təşkil edəcək. Hazırda müəssisədə Meysəri kəndi və ətraf ərazilərin sakinlərindən 200-dək insan işlə təmin olunub.
Bundan başqa, Şamaxıda istifadəyə verilən şərab zavodu fransız texnologiyaları ilə işləyir. Zavodda istehsal olunan ixracyönümlü şərablar əlbəttə ki, ilk növbədə, Azərbaycanın ixrac potensialını artıracaq, şərablarımız xarici ölkələrdə açılan ticarət, şərab evlərində satışa çıxarılacaq.
Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdə vurğuladı ki, Azərbaycanda üzümçülüyün çox gözəl gələcəyi var. Şamaxı rayonu ölkəmizdə üzümçülük mərkəzi olmalıdır, necə ki, ta qədim zamanlardan belə olub. İndi dövlət Şamaxının üzümçülük şöhrətini bərpa edir.

 

30 rayon, 45 aqropark, 1,4 milyard manatdan çox vəsait

 

Son illərdə Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və icra olunan proqramlar nəticəsində dövlət tərəfindən hərtərəfli dəstək alan sahibkarlar yeni zavod, fabrik və digər istehsal müəssisələri yaradırlar. Bununla da, ölkəmizin iqtisadi potensialı artır, özəl sektor inkişaf edir və ən əsası, işsizlik problemi aradan qaldırılır.
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Hazırda ölkənin 30 rayonu üzrə 192,2 min hektar ərazidə dəyəri 1,4 milyard manatdan çox olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu il istifadəyə verilən aqroparkların sayının 14-ə çatdırılması planlaşdırılır.
İndiyə qədər aqroparkların yaradılması üçün dövlət dəstəyi hesabına infrastruktur, o cümlədən su, elektrik, qaz və yol çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 218 milyon manatdan çox investisiya qoyulub. Ümumi dəyəri 457 milyon manatdan çox olan 17 aqroparkın yaradılmasına dövlət tərəfindən 111,2 milyon manat güzəştli kredit ayrılıb və 15 aqropark üzrə dəyəri 563,5 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq dörd aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb. Yeni aqroparklardan biri də İsmayıllı rayonunun Kürdmaşı kəndində "Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkdır.
Ümumi dəyəri 22 milyon manat olan aqroparkın yaradılmasına birinci mərhələdə 7,7 milyon manat investisiya qoyulub. Bunun 1,9 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. Ərazisi 602 hektar olan aqroparkın tərkibinə əkinçilik təsərrüfatı, soyuducu anbar kompleksi, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və paketlənməsi sahələri daxildir. Aqroparkda cari ildə 120 hektar buğda, 120 hektar kartof və 96 hektar qarğıdalı əkilib. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatının həyata keçirilməsi üçün 2 su anbarı inşa edilib, su və elektrik xətləri çəkilib, ilkin olaraq 90 hektar sahədə müasir pivot suvarma sistemi qurulub, müxtəlif kənd təsərrüfatı təyinatlı texnika və aqreqatlar alınıb.
Aqroparkın 3 min ton tutumu olan soyuducu anbar kompleksi məhsulların uzun müddət keyfiyyətli və itkisiz saxlanılmasına imkan verir. Anbarda gücü saatda 15 ton çeşidləmə və gücü saatda 10 ton olan paketləmə xətləri quraşdırılıb. Kartofçuluq üzrə ixtisaslaşan aqroparkda il ərzində təqribən 2,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunaraq "İsmayıllı Tərəvəzləri” brendi altında yerli və xarici bazarlarda satışa çıxarılacaq.

 

Ölkədə yaradılan cins heyvandarlıq komplekslərinin sayı 27-yə çatdı

 

Ölkəmizdə ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə yeni heyvandarlıq kompleksləri də yaradılır, dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 264,1 milyon manat olan 49,9 min başlıq 27 müasir cins heyvandarlıq kompleksinin yaradılmasına 111,7 milyon manat güzəştli kredit ayrılıb. 27 cins heyvandarlıq komplekslərinin illik istehsal gücü 150 min ton süd və 6 min ton ət təşkil edir. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən 9 heyvandarlıq kompleksinin yaradılmasına ümumi dəyəri 68,4 milyon manat olan investisiya təşviqi sənədi verilib və nəticədə qənaət olunmuş 746 min manat vəsait sahibkarlar tərəfindən həmin layihələrin icrasına yönəldilib.
Yeni yaradılan heyvandarlıq təsərrüfatlarından biri də İsmayıllı rayonunun Keyvəndi kəndi ərazisində istifadəyə verilən "AZZA AGRO” MMC-dir. Müasir texnologiyaların tətbiqinə əsaslanan kompleksin birinci mərhələsi üzrə işlərin görülməsinə 9,5 milyon manat investisiya qoyulub ki, bunun da 3,5 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. Bundan əlavə, kompleksə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib və nəticədə xeyli vəsaitə qənaət olunub. Kompleksin tərkibinə 1000 başlıq ferma binaları, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı və digər köməkçi sahələr daxildir.

 

Bu ilin sonuna qədər daha beş xalça fabriki açılacaq

 

Son illər ölkəmizdə qədim el sənətlərindən olan xalçaçılığın inkişafı istiqamətində görülən işlər də bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi önəm verən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib.
"Azərxalça” ASC-nin ilkin olaraq Horadiz şəhərində, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Quba, Şəmkir və Tovuz rayonlarında xalça emalatxanalarının tikintisi nəzərdə tutulmuşdur. Artıq Horadiz, Şəmkir, Quba və Xaçmazdakı müəssisələr dövlət başçısının iştirakı ilə istifadəyə verilib.
Bu müəssisələri materialla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 18 milyon dollar olan "Yunəyirici - boyaq” fabrikinın, Horadiz, Şəmkir, Quba və Xaçmazda 5 regional yun və boyaq tədarükü məntəqəsinin inşası davam etdirilir. 2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub.
Dövlət başçısının açılışını etdiyi "Azərxalça” ASC-nin İsmayıllı filialı da bu sırada mühüm yerlərdən birini tutur. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Ağdaş, Göyçay, Hacıqabul, Kürdəmir, Salyan, Ucar, Zərdab, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarının kəndlərində toxunan orijinal Şirvan xalça çeşnilərinə üstünlük veriləcək.
İsmayıllıda açılan bu müəssisə son müddət ərzində açılan sayca beşinci fabrikdir. İlin sonuna qədər daha beş fabrik açılacaq. Ümumiyyətlə, ölkəmizdə 30 xalçaçılıq fabrikinin yaradılması nəzərdə tutulur. Bu da minlərlə insanın, xüsusilə qadınların işlə təmin olunması deməkdir.

İllər sonra ucqar Lahıcda da mavi alov şölələnəcək

 

Prezident İlham Əliyevin təsdiq etdiyi və uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən dövlət proqramının əsas müddəalarından biri də ölkə ərazisinin qazlaşdırılmasıdır. Həyata keçirilən tədbirlər nəticəsində artıq bu göstərici 93 faizə çatıb. Bu rəqəmin ilin sonunadək 95 faizə çatdırılması əsas vəzifə kimi müəyyənləşdirilib.
Dövlət başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, Lahıc qəsəbəsində və bu xətt boyunca yerləşən kəndlər də daxil olmaqla qazlaşdırma işləri həyata keçirilib. Prezident İsmayıllıya səfəri çərçivəsində dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunan Lahıc qəsəbəsinə qaz verilməsi mərasimində iştirak edib.
Onu da qeyd edək ki, qəsəbə ilə yanaşı ətraf dörd kənd - Ərəgit, Gəndov, Namazgah və Qaraqaya kəndləri də ilk dəfə qazlaşdırılıb, ümumilikdə 899 abonent mavi yanacaqla təmin edilib. Yüzlərlə fərdi evin qazlaşdırılması üçün 79 min 281 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı, paylayıcı qaz xətlərinin çəkilməsi, hər bir mənzilin qaz sayğacı ilə təmin olunması layihə üzrə təsdiqlənib. Əlbəttə ki, bu, mühüm turizm potensialı olan və füsunkar təbiəti ilə seçilən Lahıc qəsəbəsinin, ətraf kəndlərin inkişafında əhəmiyyətli rol oynayacaq.
Onu da əlavə edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı-İsmayıllıya səfərləri zamanı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin, həmçinin yenidən qurulan 110/35/10 kilovoltluq 2x16 MVA gücə malik "İsmayıllı” yarımstansiyasının açılışında iştirak ediblər. Bununla yanaşı, dövlət başçısı və xanımı Şamaxı Safari parkında da olublar.

 

Şamaxıda "ASAN xidmət”, İsmayıllıda yeni fabrik və uşaq bağçası açılacaq

 

Dövlət başçısı bütün bölgələrə etdiyi səfərlərdən sonra həmin ərazilərdə sosial infrastruktur layihələrinin davam etdirilməsi və yeni obyektlərin tikilməsi ilə bağlı sərəncamlar imzalayır. Şamaxı və İsmayıllı səfərlərindən sonra da Prezident 6 mühüm sərəncam imzaladı.
Bu sərəncamlara əsasən, Şamaxıda "ASAN xidmət” mərkəzinin yaradılması üçün "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrıldı. Eyni zamanda, Şamaxı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3 milyon manat, 2 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,9 milyon manatı Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı.
Bundan başqa, İsmayıllıda yeni xalça istehsalı emalatxanasının tikintisi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan "Azərxalça”ya 2,4 milyon manat, İsmayıllı şəhərində yeni 100 yerlik uşaq bağçası binasının tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan rayon icra hakimiyyətinə 1,5 milyon manat və şəhərdə istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Prezidentin Ehtiyat Fondundan icra hakimiyyətinə 3 milyon manat vəsaitin ayrılması ilə bağlı sərəncamlar imzalandı.
Bir sözlə, dövlət başçısının imzaladığı 6 sərəncama əsasən, Şamaxı və İsmayıllıda mühüm sosial obyektlərin tikintisi üçün 22,8 milyon manat vəsait ayrıldı. Bu, Azərbaycan Prezidentinin bölgələrin inkişafına göstərdiyi diqqət və qayğının göstəricisidir.

 

Bölgələr tarazlı şəkildə inkişaf edir, müasir infrastrukturlar qurulur

 

Bütün bunlar Prezident İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafının xüsusi diqqət mərkəzində saxlanıldığının göstəricisidir. Dövlət başçısının Şamaxı və İsmayıllı səfəri, 12 yeni obyektin açılışlarında iştirak etməsi, sonra isə 6 mühüm sərəncam imzalaması bir daha təsdiq edir ki, regionların inkişafı həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir. Eyni zamanda, bu səfərlərin məqsədi paytaxtla yanaşı, bütün bölgələrimizin də hərtərəfli inkişafının təmin edilməsidir.
Bu gün bölgələr tarazlı şəkildə inkişaf edir, yeni infrastrukturlar qurulur, yollar çəkilir, körpülər tikilir, ucqar dağ kəndləri qazlaşdırılır. Eləcə də, yeni müəssisələr yaradılır ki, bu da insanların işlə təminatında vacib rol oynayır. Təbii ki, bu amil əhalinin sosial rifah halının daha da yüksəlməsi ilə müşayiət olunur. Hazırda da bu proses uğurla davam etməkdədir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video