Alternative content

21:03 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkədə qazlaşdırmanın səviyyəsi 95 faizə çatdı
Ölkədə qazlaşdırmanın səviyyəsi 95 faizə çatdı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 30.08.2018

 

Dövlət başçısının 2018-ci il üçün qarşıya qoyduğu vəzifə bir neçə ay əvvəl yerinə yetirildi

 

Qaz xətləri dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunmuş Lahıca da çatdı.
Prezident İlham Əliyevin ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, İsmayıllı rayonunun adı çəkilən qəsəbəsi, eləcə də bu xətt boyunca yerləşən kəndlərdə qazlaşdırma işləri həyata keçirildi. Bu, son illərdə ölkədə vüsət alan qazlaşdırma sahəsində əldə olunmuş mühüm nailiyyətlərdən biridir.
Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında indiyədək mavi yanacaq almayan yaşayış məntəqələrinin qazlaşdırılması məsələsinə də toxunulub. Dövlət başçısı ümumiyyətlə, cari ilin sonuna qədər ölkədə qazlaşdırmanın 95 faizə çatacağının qarşıya vəzifə kimi qoyulduğunu vurğulayıb və bu məqsədə nail olunacağına inamını bildirib. Təqdirəlayiq haldır ki, ilin sonuna hələ bir neçə ay qalsa da, bu vəzifə artıq yerinə yetirilib. Başqa sözlə, hazırda Azərbaycanda qaz istehlakçısı olan abonentlərin sayı 2 milyon 140 minə çatıb.
Regionların sosial-iqtisadi inkişafına yönəldilən, 2014-2018-ci illəri əhatə edən Üçüncü Dövlət proqramının əsas müddəalarından biri də ölkə ərazisinin tam qazlaşdırılmasıdır. Bu istiqamətdə işlər uğurla davam etdirilir. Hazırda çətin relyefə malik ərazilərin qazlaşdırılması “Azəriqaz” İstehsalat Birliyinin qarşısında duran əsas hədəflərdəndir. Bu sırada Lahıcın mavi yanacaq alması mühüm yer tutur. Qəsəbəyə qaz 19 kilometr kənardakı qazpaylayıcı məntəqədən çəkilib. Bununla bərabər, Qaraqaya, Gəndob, Namazgah kəndləri də qazlaşdırılıb. Təkcə Lahıcın daxilində ümumi uzunluğu 39 min metr olan borular çəkilib.
Məlumdur ki, dağlıq ərazilərdə relyefin xüsusiyyətlərinə, iqlim şəraitinə görə qaz çəkilişi çətinliklə aparılır. Bu həm texniki cəhətdən çətin işdir, həm də böyük maliyyə vəsaiti tələb edir. Bununla belə, qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə yerinə yetirilir. Xətlər dağlardan, qayalıqlardan keçdiyi üçün hətta bəzən borular iş gedən ərazilərə əllə daşınır.
Ümumiyyətlə, son illər respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqlarının yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülüb. 2018-ci ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi uğurla aparılır. Təkcə ilin birinci yarısında ölkə ərazisində ümumi uzunluğu 1519,4 kilometrə çatan yeni qaz kəmərləri çəkilib. 113,8 kilometr xətt əsaslı təmir edilib. Regionlarda bir sıra qəsəbə, kənd və yeni salınmış yaşayış massivlərinə təbii qazın verilməsi təmin olunub. 42965 əhali abonenti qeydiyyata alınıb.
Uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin, həmçinin indiyədək qazlaşdırılmayan kənd və qəsəbələrin mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər davam edir. Bu baxımdan Sabirabad rayonunun Yuxarı Axtaçı kəndinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara ötürülən mavi yanacağın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Hazırda Sabirabadın Yastıqobu və Rüstəmli kəndləri ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti-quraşdırma işləri aparılır. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilməsi təmin ediləcək.
Ağcabədi rayonunun Şotlanlı kəndinə təbii qazın verilməsi də kənd camaatına böyük töhfə olub. 60 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında polietilen və müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzil üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda rayonun Bilağan kəndində və Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti-quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələri də təbii qaz alacaq.
İlk dəfə təbii qaz verilən yaşayış məntəqələri arasında Şəmkir rayonunun Yeni Göyçə kəndi də var. Yaxın vaxtlarda rayonun Qaracəmirli kəndinin genişlənən hissəsində tikinti-quraşdırma işləri başa çatdırılacaq və buraya da təbii qazın verilişi təmin ediləcək. Bərdə rayonunun Hacıbəyli və Kafarlı kəndlərinin sakinləri də artıq bir neçə aydır təbii qazdan istifadə etmək imkanı qazanıblar.
Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər də öz müsbət nəticələrini göstərir. Bu ilin yanvar-iyun aylarında eləcə də hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılaraq, müvafiq sənədləri təqdim olunan 277 çoxmərtəbəli binaya təbii qaz verilib. Həmin binalarda ümumilikdə 14880 ailə yaşayır.
Bir sözlə, indi qaz şəbəkələrinin uzunluğu 45 min 500 kilometrə çatıb. Qaz itkiləri də xeyli azalıb - 16-17 faizdən 5,5 faizə enib. Bütün bunlara yeni sistemlərin qurulması, həyata keçirilən çoxsaylı, məqsədyönlü tədbirlər sayəsində, dövlətin qarşıya qoyduğu hədəfə doğru inamlı addımlar atılması nəticəsində nail olunub.

Flora SADIQLI,
“Azərbaycan”