Alternative content

18:44 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koçaryan Paşinyanla savaşa Xankəndidən başlayır
Koçaryan Paşinyanla savaşa Xankəndidən başlayır
ANA SƏHİFƏ / SİYASƏT
01:08 30.08.2018

 

Separatçı rejim indi də Ermənistanın yeni rəhbərliyinə qarşı qiyama hazırlaşır

 

Ermənistanda cərəyan edən son hadisələr burada Nikol Paşinyan iqtidarı və ona qarşı olan qüvvələr arasında münasibətlərin daha kəskin xarakter almaqda olduğunu üzə çıxarır. Belə görünür ki, qarşıdakı günlər ərzində işğalçı ölkədə ictimai-siyasi gərginlik daha kəskin xarakter alacaq.
Buna əsas səbəb Paşinyana qarşı olan qüvvələrin sabiq prezident Robert Koçaryan ətrafında birləşməsi, sonuncunun isə yenidən hakimiyyətə iddia etməsidir.
Bu arada qeyd edək ki, Robert Koçaryana açıq dəstək verən əsas müxalifət fraksiyası olan Respublika Partiyasının deputatları hökumətin daxili və xarici siyasətini kəskin tənqid etməyə başlayıblar. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun sözlərinə görə, baş nazir hakimiyyətdə olduğu müddətdə görülən işlər barədə hesabat vermək əvəzinə, əleyhdarlarını hədələməyə daha çox diqqət yetirir.
Şantaj və populizmin hökumətin əsas silahı olduğunu vurğulayan Şarmazanov əlavə edib ki, bütün bunlar Paşinyanın ağır vəziyyəti və gələcəklə bağlı qorxuları ilə əlaqədardır.
Parlamentin vitse-spikeri baş nazirə müraciətlə deyib: “Xatırladırıq ki, bu gün siz müxalifət başçısı deyilsiniz və ölkədəki vəziyyətə görə birbaşa məsuliyyət daşıyırsınız. Sizdən fərqli düşünən deputatları, hakim və vətəndaşları hədələməyə, qanunları pozmağa son verin”.
Respublika Partiyasını təmsil edən deputatlar hökuməti söz azadlığını pozmaqda, baş nazirin maraqlarını dövlət maraqlarından üstün tutmaqda, məhkəmələrdə siyasi sifarişlər əsasında saxta proseslər təşkil etməkdə ittiham edirlər. Belə bir vaxtda Paşinyan Ermənistanda parlamentin özünü buraxmaq barədə qərar qəbul etməsinə icazə verən konstitusiya islahatları həyata keçirmək niyyətində olduğunu açıqlayıb. Bu təşəbbüsünü isə Paşinyan bir növ onu hakimiyyətdən uzaqlaşdırmaq istəyənlərin və mümkün təxribatların qarşısını almaqla izah edib. Onun fikrincə, hazırda bəzi deputatlar gizli iş çevirərək yeni baş nazir seçmək istəyirlər.
Paşinyanın söylədiklərindən belə çıxıb ki, onların namizədinin kim olduğunu bilir. Amma o, çıxışında ad çəkməyib: “Hazırda konstitusiyaya uyğun olaraq baş nazir öz postundan istefa verməlidir. Və əgər parlament ardıcıl olaraq iki dəfə baş nazir seçə bilməsə, o zaman parlament buraxılır və qanunverici orqana növbədənkənar seçkilər keçirilir. Buna əsaslanaraq indi onlar düşünürlər ki, qoy istefa versin. Sonra biz tez və gizli şəkildə yeni baş nazir seçərik. Kimi seçəcəklərini deməyəcəm. Amma onlar indiki Ermənistanda nə baş verdiyini anlamırlar, biz yeni konstitusiya dəyişikliyi təklif edirik: parlamentə növbədənkənar seçkilər təkcə baş nazir istefa verəndə yox, qanunverici orqan özünü buraxmaq barədə qərar qəbul edəndə də keçirilə bilər”.
Paşinyan ad çəkməsə də erməni mediası yazır ki, söhbət Robert Koçaryandan gedir. Ermənistan daxilində müəyyən dəstəyə malik olan Robert Koçaryan Qarabağ separatçılarının dəstəyini almaq üçün də hərəkətə keçib. O, işğal olunmuş ərazilərə yeni səfərə hazırlaşır. Ermənistanın “Joxovurd” qəzeti də yazır ki, Robert Koçaryana qarşı heç bir məhdudiyyət tədbirləri görülməyib. Bildirilir ki, sabiq prezident faktiki olaraq öz hərəkətlərində azaddır.
Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan isə bununla bağlı açıqlama verərək bildirib ki, əgər Koçaryan ölkəni tərk etməyə çalışsa, bu, istintaqın aparılmasına mane olmaq, məhkəmə iclasını aparan qurumdan gizlənmək cəhdi kimi qiymətləndiriləcək və həbs qətiimkan tədbirindən istifadə ediləcək.
Qəzetin əməkdaşları eks-prezidentin ofisi ilə əlaqə saxlayaraq onun ölkəni tərk etmək niyyətində olub-olmadığını öyrənməyə çalışıb. Onun vəkili Viktor Soqomonyan isə qeyd edib: “Xeyr, Koçaryan bu barədə mənə heç nə deməyib. Mənim məlumatım yoxdur”. Keçmiş prezidentin vəkili Norayr Norikyan isə bəyan edib ki, Koçaryan öz hərəkətlərində azaddır və paytaxtı tərk edərək Xankəndiyə getdiyi kimi Londona da gedə bilər.
Paşinyanda isə Qarabağ separatçılarının kimə tabe olacağı ilə bağlı qəti əminlik yoxdur. Erməni mediası yazır ki, Nikol Paşinyanı narahat edən məqam Koçaryanın Qarabağ separatçılarından dəstək ala biləcəyidir. Bunu önləmək üçün Paşinyan yenidən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. Paşinyan Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb. Görüşün detalları bəlli olmasa da, erməni mediası yazır ki, Paşinyan Qarabağ separtçılarının Koçaryana dəstək verməsinə qarşı çıxıb.
Bununla Koçaryan əslində uzaqgedən məqsədlər güdərək separatçı rejimin dəstəyi ilə yenidən Ermənistanda hakimiyyət başına qayıtmağı düşünür. Əvvəlki illərin təcrübəsini nəzərə alaraq Koçaryan bu xüsusda separatçı rejimin dəstəyinin onun üçün həyati əhəmiyyət kəsb etdiyini yaxşı başa düşür. Bu mənada onun separatçı rejim təmsilçiləri ilə əlaqələrini genişləndirməsi, intensivləşdirməsi heç də təsadüfi xarakter daşımır. Əsas niyyət separatçı rejimin köməyi ilə Yerevana qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olub, güc yolu ilə olsa belə hakimiyyəti qəsb etməkdir.
Koçaryan Rusiyanın “NTV” kanalına verdiyi müsahibəsində siyasi meydana dönüşündə bütün riskləri nəzərə aldığını və seçkilərdə iştirak üçün kifayət qədər elektoral bazaya sahib olduğunu bəyan edib. Öz partiyası, yaxud hansısa koalisiya formalaşdırmaqla Paşinyana qarşı müxalifətdə yer almaq planları barədə suala Koçaryanın cavabı isə maraqlı olub. Müsahibəsində bir növ Paşinyanın əleyhdarlarına əməkdaşlıq mesajı göndərib və bütün təkliflərə açıq olduğunu bəyan edib, baş nazirə qarşı güclü cəhbə formalaşdırmaq iqtidarında olduğunu diqqətə çatdırıb.
Digər tərəfdən, Paşinyan Koçaryana qarşı başqa bir addım atıb. Belə ki, Koçaryana məxsus əmlaklar barədə məlumatların hamısını ictimaiyyətə təqdim etməyə hazırlaşır.
“Qraparak” qəzeti yazır ki, əvvəlcə “Ermənistan beynəlxalq hava yolları” MMC, sonra isə “VivaCell-MTS” və “Nairi” tibb mərkəzi Koçaryanın onların səhmlərinə sahib olmadığına dair bəyanat verdilər. Lakin Paşinyan hökuməti bu bəyanatların doğruluğuna inanmayıb və bir növ özünü aldadılmış və təhqir olunmuş hiss edib. Bu səbəbdən də baş nazirin kabineti yeni əks-tədbirlər görməyə hazırlaşır: “Yaxın günlərdə hansısa kanal vasitəsilə Robert Koçaryanın sahib olduğu bütün əmlakın siyahısı dərc olunacaq. Bu zaman siyahıya elə əmlaklar salınacaq ki, Koçaryan çətin ki, onlara sahibləndiyini inkar edə bilsin. Həmçinin, Koçaryanın ətrafındakı insanlar barəsində də iş aparılır. Özəlliklə də bu gün onun yanında yer alan insanlara, xüsusən də Koçaryanın son müsahibəsində adını çəkdiyi keçmiş gömrük rəisi Armen Avetisyana qarşı cinayət işinin açılması mümkündür”.
Bununla Paşinyan Koçaryanı yenidən neytrallaşdırmağı düşünür. Amma həm Ermənistan daxilində, həm də Qarabağ separatçıları arasında dəstəyə malik Koçaryanın da sərt formada müqavimət göstərməsi gözlənilir və bu da Ermənistanda qarşıdurmanın dərinləşməsi deməkdir.

Elçin CƏFƏROV,
“Azərbaycan”