30 Avqust 2018 01:08
477
Təhsil
A- A+

Müəllimin seçim fərqi

 

Və ya 2090 təkcə rəqəm deyil

 

Son 5 tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur. Bu artımdan görünür ki, 5 il əvvəl 500 və daha artıq bal toplayan 922 abituriyent müəllimliyi seçmişdisə, ötən il onların sayı 1361-ə yüksəlib. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir. Bu rəqəm indiyədək pedaqoji ali təhsil müəssisələrinin tarixində maksimal nəticədir.

Müəllim olmaq istəyənə 300-400 bal bəs etmir...

 

Son illərdə yüksək bal toplayan abituriyentlər arasında davamlı olaraq ən böyük pedaqoji ali təhsil müəssisəsi olan ADPU-nu seçənlərin də sayı artıb. Məsələn, 2014-2015-ci tədris ilində ADPU-ya qəbul olunan tələbələrdən cəmi 20 nəfəri 500-dən artıq bal topladığı halda, 2017-2018-ci ildə 273 nəfər, bu il isə 527 nəfər burada təhsil almaq arzusunda olub. Bu da 5 il ərzində təxminən 27 dəfə, bir il ərzində isə 2 dəfə artım deməkdir. Bölgə ali təhsil müəssisələrində də keyfiyyət artımı göz qabağındadır. Belə ki, cədvəldən də göründüyü kimi, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha artıq bal toplayanlar arasında Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetini seçənlərin sayı son 5 ildə bir çox hallarda 10 dəfədən çox, son iki ildə isə 2 dəfəyədək artıb.
Bütün bu göstəricilər 5 il bundan əvvəl qəbul edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qırmızı xətlə keçən müəllim nüfuzunun artırılması ilə bağlı davamlı tədbirlərin nəticəsi olaraq dəyərləndirilə bilər.

 

Müəllimini göstər, deyim kimsən...

 

Bu gün ölkəmizdə məktəb anlayışı öz sosial statusu ilə cəmiyyətin ən təhlükəsiz və ən sivil məkanı olmaqla yanaşı, həm də ən yaraşıqlı binalarda yerləşməsi ilə assosiasiya olunur. Bununla belə hər bir təhsil sisteminin gücü onun müəlliminin gücünə bərabərdir.
Bəs görəsən bu gücü yaradan müəllim özü haradan güc alır? Gəlin, bu güc nöqtələrinə baxaq:
1. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi;
2. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı;
3. Müəllimlərin işə qəbulunun şəffaf təşkili;
4. Yüksək bal toplayaraq müəllimlik ixtisasını seçən abituriyentlərə “Gələcəyin müəllimi” təqaüdünün verilməsi.
2014-2017-ci illərdə 140 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçib.
İndi azərbaycanlı gənci xanım olaraq müəllim diplomuna təkcə cehiz əşyası kimi, gənc oğlan isə çarəsizlikdən seçdiyi ixtisas kimi baxmır. Son illərdə pedaqoji sahə üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Bu, həm də müəllimlərin işə qəbulunda müsahibə mərhələsinin nəticəsidir. Müəllim olan insan təkcə test imtahanından keçmir, onun nitqi, psixoloji durumu və dünyagörüşü də sərf-nəzər olunur.

 

Müəllimlik peşəsinin nüfuzu artır

 

Bu il İsmayıllı rayonunun təkcə 5 saylı tam orta məktəbindən iki abituriyent - 668 bal yığan Ceyran Aydınova və 665 bal toplayan Gülər Abbasova ingilis dili müəllimliyini seçiblər. Şəmkir rayonunun Düyərli kənd məktəbinin məzunu Təranə Əliyeva da 692 balla riyaziyyat müəllimiyini seçib. Bunlar təkcə qəbul statistikası deyil, həm də müəllim olmaq istəyənlərin keyfiyyət dinamikasıdır.
Ümumiyyətlə, 5 il ərzində təhsil ixtisas qrupuna aid olan 18 müəllimlik ixtisasları üzrə qəbul olunanların topladıqları ballar müəllimlik peşəsinin artan nüfuzunu kəskin fərqlə ortaya qoyur. Elə götürək ibtidai sinif müəllimliyi üzrə olan rəqəmləri. Məsələn, 2016-cı ilin qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq ibtidai sinif müəllimliyini seçən cəmi 1 nəfər vardı. Builki qəbul imtahanlarında 500 və daha artıq bal toplayanlar arasında 235 nəfər abituriyent ibtidai sinif müəllimliyini seçib. Bu indiyədək təhsil ixtisas qruplarında ibtidai sinif müəllimliyini seçənlərin maksimal nəticəsidir. Eləcə də Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyinə ötən il qəbul olunan 300 nəfər abituriyentin cəmi 29 nəfəri 500 və daha artıq bal toplamışdırsa, cari ildə bu ali təhsil müəssisəsinə həmin ixtisas üzrə qəbul olunan 300 nəfərin 129-u və ya 43 faizi 500 və daha artıq bal toplayıb. Bu inqilabi nəticədir.

 

Hər il 5000 nəfərə yeni iş yeri...

 

Müəllimlik peşəsinin ilbəil nüfüzunun artması rəqəmlərdən də aydın görünür. Artıq insanlar qəbul edirlər ki, müəllimliyi yüksək nəticələrlə bitirən məzun elə həmin ildə də yaxşı əməkhaqqı ilə iş tapa biləcək. Özü də son 5 ildə Təhsil Nazirliyinin tam şəffaf imtahanlarından keçən müəllimə zaval yoxdur.
Və... 500 və daha artıq bal toplayaraq riyaziyyat və informatika müəllimliyini seçən abituriyentlər ötən illə müqayisədə 70,8 faiz, xarici dil müəllimliyini seçənlər isə 25 faiz artıb. Ya da ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha artıq nəticə göstərən abituriyentlər arasında 3 il əvvəl kimya müəllimi olmaq istəyən 43 nəfər idisə, bu il onların sayı 141 nəfər olub. Biologiya müəllimliyi üzrə də vəziyyət eynidir. Yüksək nəticə ilə 3 il əvvəl 13 nəfər, bu il isə 140 nəfər biologiya müəllimliyini seçib. Nəticə budur ki, bütün təhsil ixtisasları üzrə kəmiyyət və deməli, keyfiyyət fərqi belədir.
...Artıq müəllim olmaq rəqabətli seçim əsasında mümkündür. Bundan 5-6 il əvvəlki müəllim olmaq arzusu bir çox hallarda az bal toplayan abituriyentlərin seçiminə uyğun idisə, artıq göründüyü kimi, müəllimlik mübarizəsində güclülər qalib gəlir. Bu o deməkdir ki, müəllim cəmiyyətin ən nüfuzlu peşə sahibi kimi sürətlə mövqelərini bərpa edir, missiyasını yeni dövrün bucağına uyğun qurur.
Yazının finalı Bakı şəhəri Texniki Humanitar Liseyin məzunu, 559 balla Pedaqoji Universitetin ibtidai sinif müəllimliyini seçən Səmavil Cəbrayılovanın fikirləri ilə üst-üstə düşür: “Mən ibtidai sinif müəllimi olmaqla təhsilə təməldən baxmaq istəyirəm”.
P.S. Bir də xüsusi qeyd oluna bilər ki, son illərdə pedaqoji sahəni seçən oğlanların faiz artımı müşahidə olunur. Bu sevindiricidir, eyni zamanda müəllimlik ixtisasının nüfuzunun artmasına daha bir səbəbdir.
Müəllimlik missiyadır. Bu missiyanı qəbul edərək müəllim olmaq istəyənlər, yolunuz mübarək!

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video