Alternative content

04:25 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ortamüddətli xərclər çərçivəsinin tətbiqi 2020-2021-ci illərdə büdcənin tərtibi prosesi zamanı nəzərdə tutulur
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi 2020-2021-ci illərdə büdcənin tərtibi prosesi zamanı nəzərdə tutulur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 30.08.2018

 

Ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiq edilməsi 2020-2021-ci illərdə büdcənin tərtibi prosesi zamanı nəzərdə tutulur.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısamüddətli və ortamüddətli dövrlər üçün hədəflərini özündə aydın ehtiva edən Ortamüddətli xərclər çərçivəsinin hazırlanması və bu zəmində nəticə əsaslı büdcə tərtibi mexanizminə keçid üçün ilkin zəruri tədbirlərin görülməsi məqsədilə “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” təsdiq edilib.

Qaydaya əsasən OMXÇ-nin əsas məqsədi makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım üçün tələb olunan məcmu fiskal intizamın gücləndirilməsi, dayanıqlı fiskal çərçivəyə əsaslanan çoxillik resurs zərfi daxilində xərc istiqamətlərinin sektorlar arasında prioritetləşdirilməsi və fəaliyyətin göstəricilər əsasında ölçülməsini nəzərdə tutan nəticə əsaslı büdcə tərtibi mexanizminin təşkili üçün zəruri şəraitin yaradılmasıdır.

OMXÇ-nin hazırlanması büdcənin tərtibi prosesinin birinci - strateji mərhələsini təşkil edir. Bu məqsədlə cari büdcə ilinin ilk yarısında ortamüddətli dövr üçün məcmu resurs zərfi və milli xərc prioritetləri hökumət tərəfindən müəyyən olunur və bu əsasda büdcə təşkilatları öz strateji planlarını, davam etməkdə olan layihələr və yeni siyasət təşəbbüsləri (YST) üzrə cari və əsaslı xərclərinə dair sifarişlərini hazırlayaraq təqdim edirlər. Ortamüddətli resurs zərfi cari il üçün dəqiqləşdirilmiş, ortamüddətli dövr üçün isə ilkin iqtisadi və sosial inkişaf proqnozlarını, həmçinin büdcə təşkilatlarının strateji planlarını nəzərə almaqla tərtib olunur.

Ortamüddətli xərclər çərçivəsi sənədinin tərkib hissəsi olaraq hazırlanan digər mühüm sənəd isə milli xərc prioritetləridir. Milli xərc prioritetləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Strateji Yol xəritələri, sektor strateji planları, həmçinin büdcə təşkilatlarından daxil olmuş YST ilə aydın şəkildə əlaqələndirilməklə tərtib edilir.

OMXÇ-nin tətbiqi üçün ilkin olaraq büdcə təşkilatlarında strateji planlaşdırma potensialının gücləndirilməsi mühüm şərtdir. Məhz buna görə də OMXÇ-nin tətbiq edilməsi 2020-2021-ci illərdə büdcənin tərtibi prosesi zamanı nəzərdə tutulur.

Dövlət qurumları arasında daha çevik kommunikasiya və məlumat mübadiləsinə əsaslanan Ortamüddətli xərclər çərçivəsinin tətbiqi makroiqtisadi koordinasiyanı daha da gücləndirəcək və dövlət vəsaitlərinin daha səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq.

Beynəlxalq təcrübə, ölkə iqtisadiyyatının xüsusiyyətləri və həyata keçirilən digər fiskal islahatlar da nəzərə alınmaqla hazırlanmış OMXÇ Qaydası dövlət maliyyə idarəedilməsinin təkmilləşdirilməsi vasitəsilə makroiqtisadi sabitliyin təmin olunmasına xidmət edəcək.