Alternative content

08:44 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Quba bükməsinin sehri
Quba bükməsinin sehri
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 30.08.2018

 

Azərbaycan brendinin çalarları

 

Dünyada bütün dövlətlər öz brendini formalaşdırır, yarışır, öz məhsulunu, onun tarixini təbliğ edir. Nə istehsal edirsənsə, fərqi yoxdur, istər kosmik gəmi olsun, istər avtomobil, istər geyim. Hətta xörəklər və şirnilər də bu sırada istisna deyil.
Satıla bilən, bazara çıxarılması mümkün olan hər nə varsa müştərilərə təqdim edilir, təbliğ olunur və brend kimi işlənilir. Bu baxımdan dünyada tortlar, piroqlar, hətta şirniyyatlar belə ciddi müzakirə mövzusuna çevrilir, müxtəlif ölkələrin kulinarları bir-biri ilə bəhsə girirlər. Heç kim öz ayranına turş demir, əksinə, çay süfrəsinə verilən desertler kulinarların yorulmadan müzakirə etdiyi, rəvayət və əfsanələrlə bəzədiyi mövzulardandır.
Üstü xırçıldıyan quru karamel qatı ilə örtülmüş “Krem-bryülen” fransızların çay süfrəsinin yaraşığıdır. Amerikalılar elə bilirlər ki, çalınmış qaymaq, ya da vanilli dondurma ilə süfrəyə verilən alma piroqundan heç yerdə yoxdur. İtalyanlar evdə hazırladıqları “Çelato” dondurmasını dəbə mindirdikləri geyimlərdən heç də az sevmirlər. İspaniyada “Tarta de Santiago” badamlı tortunu yemək üçün mütləq bilməlisən ki, onu orta əsrlərdə bu ölkənin şimali-qərb regionunda rahiblər müqəddəs İakovun şərəfinə yaradıblar. Yəni, çay süfrəsinə yeməklə birlikdə qonaq gəldiyin ölkənin tarixinə, keçmişinə də səyahət edə bilirsən.
Turist üçün hara gedirsə getsin, hansı ölkədə olursa-olsun, nə yeyirsə yesin, daddığı bütün nemətlərin rəmzi mənaları daha böyük əhəmiyyət kəsb edir. Ölkəsinin hüdudlarını tərk edən əcnəbi səyyah bir qədər fərqli məqamların izinə düşən ovçular kimi olur. Bu baxımdan şirniyyatlar, çay süfrələri turistlər üçün xüsusi əhəmiyyət kəsb edir. Çində ağ baramaya bənzəyən “Əjdahanın saqqalı” konfetlərinin, Avstriyada Frans Zaxer tərəfindən 1832-ci ildən hazırlanan Zaxer tortunun dadına baxmasan, sanki buralara heç ayağın dəyməyib. Almanlar “Qara meşə”, isveçlilər “Şahzadə” badam tortları ilə əbəs yerə öyünmürlər. Amma avropalılar öz şirniləri ilə nə qədər qürurlansalar da, Şərq şirnilərinə də maraq göstərirlər. Bunun da səbəbi odur ki, şirnilərin tarixi Şərqdən başlayıb Avropaya üz tutub. Qədim Şərqin ilk şirniləri - qurudulmuş meyvələr şirin siropda isladılıb qurudularaq Avropanın apteklərində müalicəvi dərman kimi satılardı. Qızılgül ləçəklərindən hazırlanan gülab qatılan Şərq şirniləri elə bircə ətrinə görə qərbliləri valeh edərdi.
Artıq XVI əsrdən Avropa bazarlarına Şərq şirniləri çıxarılardı, qiymətləri də o qədər baha olardı ki, yalnız varlılar və zadəganlar onu büdcələrinə və mədələrinə rəva bilərdilər. İndinin özündə Avropa bazarında Türkiyə şirniləri, paxlavaları Şərq şirnilərinin tacı kimi təqdim edilir.
Bu baxımdan Azərbaycan şirniləri də həm ölkənin, həm də dünyanın kulinariya mədəniyyəti tarixində özünə məxsus nadir yerlərdən birini tutur. Bizim şirniyyatlar Qərbdə süfrəyə desert kimi verilən şirnilərdən daha geniş, daha dərin məzmun daşıyır, ənənələr və əfsanələrlə bağlıdır. Novruz və Qurban bayramlarının, nişan və toy mərasimlərinin şirniləri, qara bayramlarda, hüzn məclislərində hazırlanan şirnilər bir-birindən müəyyən qədər fərqlənir. Hər mərasimin ümumi və həm də sırf seçilən şirniləri olur. Bir sözlə, şirnilərin hazırlanmasında ciddi qaydalar və tələblər mövcuddur. Məsələn, Qurban bayramına səməni halvasını bişirsən, hüzn məclisinə yumurta bəzəsən səni heç kim başa düşməz, heç gülüş hədəfinə də çevrilməzsən, amma qınayarlar, soruşa da bilərlər ki, ağlın yerindədirmi?
Bu, əsrlər, min illiklər boyu belə olub, kimsənin də ağlına nəyisə dəyişmək gəlməyib. Nişan xonçalarının arasında oğlan evinin xüsusi sevgiylə hazırladığı şəkərbura xonçası olmasa, sayın ki, üzüyün qaşını qoparıb kənara atmısınız. Məhz bu amillər belə qənaətə gəlməyə əsas verir ki, şirnilərimiz eyni zamanda, milli mətbəximizin ayrılmaz hissəsidir, xüsusi brenddir. İstər ölkəyə gələn turist, istərsə də digər ölkələrin vətəndaşları milli mətbəximizin şirniyyatlarını dadanda, bələd olmadıqları xüsusi təamla birlikdə Azərbaycan xalqının milli mətbəxi ilə tanış olur, uzaq və ecazkar keçmişimizə səyahət etmək imkanını da qazanırlar.
Ölkəmizə gələn turistlərin sayı artdıqca onların daha fərqli qaydada qarşılanması, səyahətlərinin mənalı təşkil edilməsi bir tərəfdən Azərbaycanla dərindən tanış olmağa, bu ölkəyə bağlanmağa imkan verir, digər tərəfdən isə yerli iş adamlarına daha çox qazanmağa əlavə fürsət yaradır. Turist səyahətə çıxanda yalnız yeməklərin və görməli yerlərin arxasınca gəlmir. Onun üçün gördüyü hər abidənin, gəzdiyi şəhərin və daddığı təamların arxasında duran tarix, rəvayətlər, əfsanələr və nağıllar maraqlıdır. İstənilən əcnəbi səyyah ölkənin gözəlliyinə aludə olduğu qədər də bu gözəllikləri ona açan, sevdirən qənirsiz hekayətləri eşitmək, dinləmək istəyir, buna maraq göstərir.
Yadıma iki il əvvəl Bakıya qonaq gələn dostumun Moskvadan yazdığı sonuncu incik məktubu düşür: “Səninlə Qubaya getdik. Orada nə gördümsə, yaddaşıma nağıl kimi hopdu. Sizin ailəni Şərq qonaqpərvərliyinə görə həmişə minnətdarlıqla xatırlayıram. Aradan xeyli vaxt keçib, amma indi səndən inciyirəm. Səbəbi sadədir. Bu yaxınlarda Moskvada azərbaycanlıların restoranına getdik, yeməkdən sonra sizin şirnilərdən ibarət desert süfrəsi açdılar. Onların içində tamına, dadına dünyanın heç bir ölkəsində rast gəlmədiyim Quba bükməsi var idi. Çayla içdik. Dişləyəndə elə bilirsən ki, bərkdir, amma dodaqlarınla toxunan kimi özü qırılıb gedir. Biz valeh olmuşduq sizin bükmənin tamına. Ofisiant da dedi ki, xan, bəy süfrəsinin bəzəyi olub. Sən bilirsən ki, mənim familiyam sizin dilə necə tərcümə olunur. Suxanov (Su+xan+ov) yəni ki, su xanı. Səndən inciməyimin də səbəbi odu ki, Qubada məni Suların şahı deyib əzizlədin, amma şahların süfrəsinin bəzəyi olan bir bükməyə bizi qonaq etməyi unutdun.”
Dostum bilirəm ki, inciməyib, amma zarafat etsə belə, giley-güzarında haqlıdır. Doğrudan da, Qubaya ayağı dəyən əcnəbi dağlara, ucalıqlara səyahət etdiyi kimi, Quba bükməsini əlinə almalı idi. Qubanı ziyarət edən başqa əcnəbi tanışlarıma yazdım ki, görüm Quba bükməsindən xəbəri olan varmı? Tanıyanlar da oldu, tanımayanlar da. Moskvadan jurnalist Sveta Çeçilova cavab verdi ki, Quba bükməsini dünyanın heç bir şirnisi ilə müqayisə etmək mümkün deyil: “Avropa həmişə getdiyimiz yerdir, Şərq ölkələrinə də dəfələrlə səyahət etmişik. Qubada olanda bükməçiyə getdik, necə bişirməsinə baxdıq. Məni heyrətləndirən o idi ki, bükməçi sanki sehirbaz idi. Qarşısında iri bir məcməyi vardı, əlindəki xüsusi qabı onun üstündə sağa-sola yellədikcə sap kimi nazik şırnaqlarla axan maye tavada anındaca bişərək nazik tellərə çevrilirdi. Adama elə gəlirdi ki, o, əlləri ilə böyük bir orkestri idarə edir! Saata baxdım, cəmi 120 saniyədən sonra bükmə hazır idi. Kənardan baxana elə gəlir ki, bükmə iki dəqiqəyə hazır olur. O, izah etdi ki, bu iki dəqiqə üçün özü bazarları gəzir, içi saf ağ ceviz axtarıb tapır ki, bükməsi acı dadmasın. Sənan adlı bir qubalı bükmənin pulunu da verməyə qoymadı, evinə qonaq apardı, bulaq suyundan çay qoydular. Bükmənin dadına baxanda anladım ki, Quba bükməsi bütün şirnilərdən üstündür. Dəfələrlə olduğum Türkiyədə və başqa Şərq ölkəsində belə zərif şirniyə rast gəlməmişdim”.
Sveta yazırdı ki, Quba bükməsinin ətri də fərqlidir, gəzdiyimiz dağlardakı yabanı çiçəklərin zərif bir çəmən ətri var idi.
Əcnəbilərin Quba bükməsinə belə aludə olması bir daha Azərbaycan şirniyyatlarının tamının bənzərsiz olduğunu sübut edir. Belə haqlı qənaətə gəlirsən ki, ölkəmizdə əcnəbi səyyahları valeh edən məhsulların sayı-hesabı yoxdur. Bizə onları üzə çıxarmaq və layiq olduqları kimi təqdim etmək qalır. Bu, bizə başqalarından seçilməyə də, artıq qazanmağa da imkan verər.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”