29 Avqust 2018 08:08
99
CƏMİYYƏT
A- A+

Dövlət Komitəsində Qubadlının işğal günü ilə bağlı tədbir keçirilib

Avqustun 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Qubadlının işğalının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, departament və şöbə rəhbərləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, Qubadlı rayonundan olan ziyalılar iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ovaxtkı siyasi hakimiyyətin yol verdiyi ciddi və bağışlanılmaz səhvlərin nəticəsində respublikada yaranmış xaos və anarxiya, ordu quruculuğunun ləngidilməsi Qubadlının və digər ərazilərimizin işğalına gətirib çıxarıb. Təcavüzkar Ermənistanın hərbi birləşmələri 1993-cü il avqustun 31-də Qubadlı rayonunu ələ keçiriblər. İşğalçılar burada da yaşayış məntəqələrini dağıdıb, qarət edib, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetiriblər. Təəssüf ki, dünya birliyi Ermənistanın təcavüzkar əməllərinin qarşısını almaq, işğal siyasətinə son qoymaq üçün hələ də təsirli tədbirlər görmür. Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, digər nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qərarları icra edilmir, kağız üzərində qalır.

Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın tezliklə Ermənistanın işğalından azad edilməsi üçün məqsədyönlü və qətiyyətli siyasət aparır. Məhz bu qətiyyətin nəticəsidir ki, 2016-cı ilin aprelində torpaqlarımızın bir hissəsi işğaldan azad edilib, uzun illərdən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayış bərpa olunub. Xalqımız inanır ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, məcburi köçkün həmvətənlərimiz öz doğma yurdlarına qayıdacaqlar.

Hazırda Qubadlı rayonunun 35 mindən çox əhalisi respublikanın 42 rayonunda məcburi köçkün həyatı yaşayır. Məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarımızın problemlərinə həssaslıqla yanaşır, onlara hər zaman diqqət göstərir.

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində aparılan quruculuq-abadlıq işləri məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmaq ümidini daha da gücləndirir.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov çıxışında Qubadlı uğrunda gedən döyüşlərdən, göstərilən qəhrəmanlıqlardan bəhs edib. Bildirib ki, Ali Baş Komandanın əmri ilə keçmiş döyüşçülər yenidən torpaqlarımızın azadlığı uğrunda vuruşmağa daim hazırdırlar.

Aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə vətənsizliyin acısını çəkdiyini bildirərək deyib: “Biz işğal edilmiş ərazilərimizin yanğısını hər zaman ürəyimizdə, beynimizdə, ruhumuzda daşımalıyıq. Hamımız bir olmalıyıq ki, Cocuq Mərcanlıya gedən yolun davamı gəlsin. Allah bizə yeni zəfərlər qismət eləsin. Hər evdə bir Raquf, bir Pəncəli böyüməlidir. Raqufu və silahdaşlarını yaşadan onların Vətənə sevgisi, ölümsüzlüyüdür”.

Tədbirdə Qubadlının və işğal altındakı digər ərazilərin tezliklə azad ediləcəyinə, məcburi köçkünlərimizin yenidən öz doğma torpaqlarına qayıdacaqlarına böyük inam ifadə edilib.

Sonda “Yol gedir... Qubadlıya” filmi nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video