Alternative content

13:46 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Regionlar inkişaf və quruculuğun yeni mərhələsini yaşayır
Regionlar inkişaf və quruculuğun yeni mərhələsini yaşayır
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 29.08.2018

 

Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu əsas məqsəd və vəzifələrdən biri qazanılan sosial-iqtisadi uğurların davamlı olması və miqyasının daha da genişlənməsidir. 

Bu baxımdan müxtəlif dövlət proqramlarının icra edilməsi artıq neçə illərdir ki, Azərbaycanın sosial-iqtisadi həyatına yeni nəfəs gətirməklə yanaşı, bu istiqamətdə dövlət siyasətinin hər dövrün çağırışlarına uyğun olaraq yeni müstəviyə qədəm qoymasını təmin edib.
Xüsusilə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq həddinin aşağı düşməsində və əhalinin rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynayıb. 2004-cü ildən başlanan regional inkişaf proqramlarının icrası nəticəsində Azərbaycanda qeyri-neft sektoru yüksəliş dövrünə qədəm qoyub. Bütün bölgələrdə yeni istehsal və xidmət müəssisələri fəaliyyətə başlayıb, quruculuq və abadlıq işləri geniş vüsət alıb. Regional inkişaf proqramları sosial sahədə qarşıda duran problemlərin həllində də əhəmiyyət kəsb edib. Belə ki, yeni müəssisələrin yaradılması tarazlı inkişafla bərabər, əhalinin məşğulluq probleminin yoluna qoyulması və yeni iş yerlərinin açılması ilə müşayiət edilib. Eyni zamanda, regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, sosial vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Şamaxı və İsmayıllı rayonlarına səfərləri göstərdi ki, regionların inkişafı davamlı və dinamikdir. Bu səfər regionların infrastrukturunun müasir standartlara uyğun qurulduğunu, rayonların iqtisadi potensialından səmərəli istifadə edildiyini, yeni iş yerlərinin açılmasının, turizmin inkişafının dövlət siyasətinin prioritetlərindən olmasının növbəti təzahürü idi.

 

Müasirləşən infrastruktur tərəqqi deməkdir

 

Öncə onu qeyd edək ki, bu səfər ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi istiqamətində proseslərin sürətlə davam etməkdə olduğunu göstərdi. Dövlət əhəmiyyətli yollarla yanaşı, rayondaxili, xüsusən dağlıq ərazilərdə kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayırıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bir sözlə, son illər yol infrastrukturunun inkişafı istiqamətində icra edilən layihələr yolların müasir səviyyəyə çatmasına hərtərəfli imkan yaradıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk və yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak ediblər. Yolların yenidən qurulması və salınması Azərbaycanda reallaşdırılan sosial-iqtisadi inkişafın uğurla davam etdiyini göstərir. Əsasən İsmayıllı rayonunu əhatə edən bu yeni və müasir yollar həm ümumilikdə regionun iqtisadiyyatına töhfə verəcək, həm də sakinlərin rahat gediş- gəlişinə, fermerlərin məhsullarını daha rahat və tez daşımasına əlverişli şərait yaradacaq. O cümlədən yeni yollar turistlərin bu əraziyə daha qısa və abad yolla getməsinə imkan yaradacaq. Dəmirçi-Lahıc avtomobil yolunun özəlliyi həm də ondan ibarətdir ki, bu yol Lahıc qəsəbəsini Şamaxı rayonu ilə birləşdirir.
Diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, bölgələrin infrastrukturunda baş verən müasirləşmə kompleks xarakter daşıyır. Yəni görülən işlər təkcə yolların yenidən qurulması ilə bitmir. Məsələn, dövlət başçısı və birinci xanım İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışında və daha sonra qəsəbəyə təbii qazın verilməsi mərasimində iştirak ediblər. 90 il əvvəl inşa edilmiş Lahıc orta məktəbinin yeni binasının tikintisi üçün Prezidentin Ehtiyat Fondundan ötən il vəsait ayrılmışdı. Budur, artıq 400 yerlik yeni məktəb binası qarşıdan gələn tədris ilində şagirdlərin ixtiyarında olacaq.
Lahıc qəsəbəsinə təbii qazın verilməsi isə Azərbaycan dövləti tərəfindən həyata keçirilən növbəti mühüm tarixi hadisədir. Beləliklə, qazlaşdırılan növbəti dağlıq bölgədən biri də Lahıc qəsəbəsi oldu. Bu hadisə bir daha onu göstərdi ki, Azərbaycanda sosial siyasət uğurla həyata keçirilir və bu siyasətin mərkəzində ölkə vətəndaşının rifahı dayanır.
Respublikamızda elektroenergetika sahəsində çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılır. O cümlədən, hər bir rayonda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı prioritet məsələlərdən biridir. Rayonda yenidən qurulan 110/35/10 kilovoltluq 2x16 MVA gücə malik “İsmayıllı” yarımstansiyası bunun bariz nümunəsidir.

 

İqtisadi potensialdan səmərəli istifadə olunur

 

Azərbaycanda həyata keçirilən məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın sürətli inkişafı işgüzar fəallığın yüksəldilməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dinamik inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri öz uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxı və İsmayıllıda açılışında iştirak etdikləri “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi, “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksi, “Buta Qrup” MMC tərəfindən yaradılan aqropark ölkədə qeyri-neft sektorunun sürətli inkişafından xəbər verir.
Bu müəssisələrin istifadəyə verilməsi göstərir ki, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan üzümçülüyün dirçəldilməsi və şərabçılığın inkişafı, ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırıqlara uyğun olaraq aqroparkların yaradılması diqqət mərkəzindədir. Dövlət tərəfindən hərtərəfli dəstək alan sahibkarlar yeni zavod, fabrik və digər istehsal müəssisələri yaradırlar.
Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə də bağlı son illər görülən işlər bəhrəsini verir. Bu sahənin inkişafına diqqətlə yanaşan Prezident İlham Əliyevin qayğısı sayəsində bir sıra bölgələrdə xalça fabrikləri istifadəyə verilib. Artıq Horadiz, Şəmkir, Quba və Xaçmazdakı müəssisələr dövlət başçısının iştirakı ilə istifadəyə verilib. Növbəti belə müəssisə İsmayıllıda açıldı. Burada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Ağdaş, Göyçay, Hacıqabul, Kürdəmir, Salyan, Ucar, Zərdab, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarının kəndlərində toxunan orijinal Şirvan xalça çeşnilərinə üstünlük veriləcək.
Ötən il yaradılan Şamaxı Safari parkı isə regionda vəhşi təbiətin mühafizəsində və turizmin inkişafında mühüm addımlardan biridir. “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndəki tapşırıqlara uyğun olaraq, vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunda Pirqulu adlanan dağ-meşə massivində 620 hektar ərazinin hüdudları içərisində 480 hektarlıq sahə beynəlxalq standartlara uyğun formada çəpərlənib. İstifadəyə verildiyi vaxt parkda 790 baş heyvan - nəcib maral, lan və muflon kimi genetik qiymətli heyvanlar var idi. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı hazırda 1000-i ötüb.
Sentyabr ayından başlayaraq hər həftəsonu məktəblilər üçün Safari parkına turlar təşkil ediləcək. Oktyabrdan etibarən isə turistlərin buraya səfərləri təşkil olunacaq. Həm məktəblilər, həm də turistlər parkda vəhşi heyvanları seyr edə, onların şəkillərini çəkə və ətraflı məlumat ala biləcəklər.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şamaxı və İsmayıllı rayonlarına səfərləri göstərdi ki, respublikanın ahəngdar inkişafı üçün bütün addımlar atılır. Xüsusən son iqtisadi islahatlar bölgələrdə yeni yüksəliş mərhələsinin əsasını qoyub. Əsas işlər isə hələ qabaqdadır. İqtisadi potensial, əlverişli mühit və həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət yaxın illərdə Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına çıxaracaq.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”