29 Avqust 2018 12:08
122
SİYASƏT
A- A+

Ermənistanda əməkhaqqı rəsmən azaldıldı, kütləvi ixtisarlar başladı

 

Dərinləşən böhran sosial-iqtisadi tənəzzülü sürətləndirir

 

Ermənistanda məlum hakimiyyət dəyişikliyindən sonra ölkədə müsbət istiqamətdə yeniliklərin olacağına dair gözləntilərin özünü doğrultmayacağı artıq tam təsdiqini tapmaqdadır.
Bunun real təzahürü dövlət qulluqçularının, hərbçilərin əməkhaqlarının azaldılması ilə özünü qabarıq surətdə göstərir. “İravnuk” nəşri yazır ki, ölkədə artan iqtisadi böhran dövlət qurumlarının fəaliyyətinə, eləcə də maliyyələşməsinə ciddi problemlər yaşadıb.
Qeyd olunur ki, böhran səbəbindən dövlət qulluqçularının, hərbçilərin əməkhaqları 40 faizə qədər azaldılıb, əksər qurumlarda işçilər arasında ixtisarlar gedib. Dövlət məmurlarının əməkhaqlarının azalması təbii olaraq müəyyən etirazlara səbəb olub.

 

Böhran bütün sahələri iflic edib

 

Ermənistan ordusunda çalışan zabitlərin əməkhaqları ilə dövlət qulluqçularının əməkhaqlarının bərabərləşdirilməsi, eləcə də ölkədəki maliyyə problemi ilə bağlı baş nazir Nikol Paşinyan da açıqlama verib.
O bildirib ki, maliyyə probleminin həllinə çalışan hakimiyyət düzgün istiqamət seçməyib: “Ölkədə iqtisadi problemlərə daha həssas yanaşmaq lazımdır. Bu problemi həll etmək üçün bir çox digər vasitələr də var. Mən bu problemin necə həll edilməsi gərəkliyini bilirəm. Bunun üçün yalnız Ermənistan vətəndaşlarının mənə dəstək olması və hüquqi yollarla öz haqlarını tələb etməsi vacibdir”.
Erməni ekspert Ara Zohrabyan isə Nikol Paşinyanın bu istiqamətdə səsləndirdiyi bütün fikirləri, eləcə də konstitusiyaya dəyişikliklər edilməsinə dair irəli sürdüyü təklifi kəskin tənqid edib. O bildirib ki, baş verənlər Paşinyan iqtidarının səriştəsizliyini göstərir, xüsusən də orduda yeni böyük problemlər yaradır. Elə bunun nəticəsidir ki, Ermənistanda hərbi qulluqçular xidmətdən yayınmaqda davam edirlər. Bu arada, digər məlumata görə, işğalçı ölkənin dörd hərbi qulluqçusu müalicə olunduqdan sonra hərbi xidmətə qayıtmaqdan imtina edib. Bununla bağlı cinayət işi açılıb. Bildirilir ki, hələ avqustun 18-də Ermənistan Müdafiə Nazirliyinin mərkəzi hərbi xəstəxanasında dörd əsgərin uzunmüddətli müalicə aldığı qeyd olunub. Müalicələri sona çatdırılmadığı üçün sağlamlıqlarını tam bərpa edə bilməyən hərbçilər xidmət yerinə getməkdən boyun qaçırıblar.
Müdafiə Nazirliyinin məlumatına görə, nazir müavini Cəbrayıl Balayan, Ermənistan Müdafiə Nazirliyinin hərbi polis şöbəsinin rəisi, polkovnik Aleksandr Avetisyan və digər rəsmi şəxslər məsələni aydınlaşdırmaq üçün hərbi xəstəxanada olublar. Lakin əsgərlər xidmətdən imtina ediblər. Xidməti yerlərinə qayıtmaq istəməyən əsgərlərlə bağlı cinayət işləri başlanıb.
Araşdırmalar göstərir ki, işğalçı ölkənin müdafiə naziri dəyişəndən sonra da orduda hərbi xidmətdən yayınma, fərarilik hallarında azalma əvəzinə əksinə, artım müşahidə olunur. Bu o deməkdir ki, yeni müdafiə naziri David Tonoyanın sözlərinə baxmayaraq, Ermənistan ordusunun əsgərləri hərbi xidmətə hazır deyillər.
Bu fonda Ermənistan ordusunda hərbi xidmətdən yayınma hallarının artması təsadüfi deyil. Orduda təcavüzkarlıq, zorakılıq hallarının yayılması bunun başlıca səbəbidir. İşğalçı ölkənin ordusundakı hərbi qulluqçular arasında psixi problemləri olan əsgərlər də çoxdur. Belə getsə, bir müddət sonra Ermənistan ordusunda xidmət etməyə adam tapılmayacaq.

 

Verilən vədlərə əməl edilmir

 

Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistanda hakimiyyət dəyişikliyinin hansısa yeniliklərə gətirib çıxaracağı barədə ümidlər getdikcə daha böyük sürətlə puç olur. Serj Sarkisyan iqtidarının devrilməsi nəticəsində Nikol Paşinyan yeni baş nazir olsa da, ölkədə iqtisadi- siyasi müstəvidə hansısa müsbət dəyişiklik müşahidə edilmir. Belə vəziyyətdə Ermənistanın tənəzzülünün davam etməsi qaçılmaz sayılır. Ölkə mediası da yazır ki, Ermənistan çıxılmaz vəziyyətdədir və hansısa xilas yolu görünmür.
Ölkədə qurulmuş iqtisadi sistem ciddi dəyişikliyə imkan vermir və bu səbəbdən ağır vəziyyət davam edəcək. Əsl səbəbkar kimi Nikol Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərlə əməlləri arasında uçurumun yaranması göstərilir. Yaranmış vəziyyətdə klanlar arasında mübarizə kəskinləşir. Siyasi mövqeyinə görə adamları həbsə atırlar.
Bütün bunlar iqtisadi durumun daha da ağırlaşması və xarici siyasətdə fiaskonun artması ilə müşayiət olunur. Nikol Paşinyan isə problemləri həll etmək əvəzinə əsas diqqəti özünə qarşı güclü müxalifətin yaranmasının qarşısını almağa yönəldib. Rusiyanın “regnum.ru” portalı bu xüsusda yazır: “Ermənistanda keçmiş prezident Robert Koçaryanın siyasətə qayıdışını əngəlləyən addımların atılması bunun sübutudur. Söhbət, hər şeyə əsasən, Ermənistanın yeni hökumətinin istəklərini dəstəkləməkdə əlavə imkanlar rolunu oynamağı nəzərdə tutan keçid ədliyyəsindən gedir. Keçid ədliyyəsinin yaradılması ehtimalını baş nazir Nikol Paşinyan səsləndirib. O bunu məhkəmələrin və hakimlərin arası kəsilməyən “keçmiş hökumətdən əmr almaq” kimi praktikasına qarşı məcburi tədbirtək təqdim edib. Yeri gəlmişkən, baş nazir Paşinyanın keçid ədliyyəsi qurumları yaratmaq hədəsi keçmiş prezident Robert Koçaryanın həbsini ləğv edən apelyasiya məhkəməsinin qərarının ardınca gəlib. Koçaryan ölkədə on il qabaq prezident seçkiləri ilə bağlı narazılıqdan törənmiş iğtişaşları boğmaq üçün ordudan istifadə etməkdə ittiham olunur. O zaman on nəfər - həm nümayişçilər, həm də hüquq mühafizə orqanlarının təmsilçiləri həlak olub, “1 mart işi” isə hələ də açılmayıb. Keçid ədliyyəsi haqda bəyanata məhz nəyin səbəb olduğu məlum deyil, amma bir şey aydındır: bu sistem tətbiq üçün, sadəcə, şəraitin olmadığı səbəbindən Ermənistana uyğun işləməyəcək”.

 

Ümidlər puç oldu

 

Məqalədə bildirilir ki, keçid ədalət məhkəməsi, keçid ədliyyəsi və ya keçid dövrünün ədliyyəsi daha çox insan haqlarının tapdalandığı münaqişəli və münaqişəsonrası mühitdə qarşılıqlı mübarizə aparan müxtəlif qruplar arasında inamı bərpa etmək məqsədilə tətbiq olunur: “Bəs Ermənistanın nəyi var? Korrupsiyaya və ölkənin keçmiş rəhbərliyi ilə əlaqələrə bulaşmış məhkəmə orqanları, siyasətçilər, məmurlar və onların çox da anlaşılmayan üsullarla sərvət toplamış qohumları göz qabağındadır. İnqilabi hökumətin bildirdiyinə görə, o, məhz bu hadisələrlə mübarizə aparacaq. Amma Nikol Paşinyanın həm bəyanatları, həm də fəaliyyəti ölkəyə böyük addımlarla gələn lüstrasiyadan xəbər verdiyi halda, o, niyə keçid ədliyyəsindən danışır?
Aydındır ki, “ərəb baharı”nın bu yaxınlarda toxunduğu ölkələrdə sovetsayağı mənasız lüstrasiya hamıya məlum deyil. Onların bəzilərində keçmiş hökumət təmsilçilərinin yüksək vəzifə tutması qadağan olunub. Xüsusən də artıq ilk siqnallar daxil olduğundan bu ssenari Ermənistanda da mümkündür. Keçmiş prezident, istintaq altında olan Robert Koçaryan “ölkədə belə bir şeyin baş verdiyi vaxtda bir qıraqda otura bilməyəcəyi”ni bildirəndən sonra Nikol Paşinyan prezidentin siyasətə qayıdış imkanını istisna edib. O, bundan bir neçə gün əvvəl bildirib ki, “1 mart işi üzrə bütün günahkarlar həbsdə oturacaqlar”.
Məqalədə sonda qeyd edilir ki, Ermənistanın baş naziri öz bəyanatları ilə Robert Koçaryana təzyiq göstərir və siyasətlə məşğul olmasına faktiki maneçilik törədir: “Bu, hər şeyə əsasən, qüvvə toplayacaq lüstrasiya müjdəsindən başqa bir şey deyil. Lüstrasiyanın isə bütün hüquqi normalara əməl edilməklə keçib-keçməyəcəyi və yaxud siyasi haqq-hesab çürütməyə dönüşüb-dönüşməyəcəyi, bəlkə də Liviyadakı kimi vətəndaş müharibəsinə gətirəcəyi bu sözün bütün mənasında gənc hökumətin siyasi yetkinliyindən asılıdır. Belə şəraitdə isə fövqəlməhkəmələrə lap az qalır”.
Bütün bunlar o deməkdir ki, qarşıdakı dövrdə Ermənistanda siyasi qarşıdurmalar daha da kəskinləşəcək, buna paralel olaraq ölkənin sosial-iqtisadi tənəzzülü dərinləşəcək.

Elçin CƏFƏROV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video