28 Avqust 2018 04:08
94
CƏMİYYƏT
A- A+

Çindən Azərbaycana gətirilmiş laboratoriya avadanlığının təqdimat mərasimi keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində Çin Xalq Respublikası Hökumətinin texniki yardımı hesabına həyata keçirilən “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rayon baytarlıq diaqnostika kabinetlərinin maddi-texniki bazasının gücləndirilməsi layihəsi” çərçivəsində alınmış avadanlıqların təhvil-təslim aktının imzalanma və təqdimatı mərasimi keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mərasimdən əvvəl Xidmətin foyesində sərgilənən ayrı-ayrı laboratoriya avadanlıqlarına baxış keçirilib və həmin avadanlıqların istifadə qaydaları, texniki parametrləri barədə məlumat verilib. Bu avadanlıqlarla qanın, patoloji materialların və müəyyən heyvan xəstəliklərinin müayinəsi aparılır.

Laboratoriya avadanlıqları Çin və Azərbaycan hökumətləri arasında ötən il mayın 13-də mübadilə edilmiş notaya uyğun olaraq Çin hökuməti tərəfindən Azərbaycan hökumətinə Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə təqdim edilib.

Mübadilə notasına əsasən, Çin tərəfi qeyd olunan avadanlığı bu il yanvarın 13-də Bakıya çatdırıb. Avadanlıqların quraşdırılması, sistemə qoşulması və istismar üçün hazır vəziyyətə gətirilməsi, eyni zamanda, çinli mütəxəssislər tərəfindən azərbaycanlı texniki heyətə təlimlərin keçirilməsi başa çatdırılıb.

Bundan sonra avadanlıqların təhvil-təslim aktının imzalanması mərasimi keçirilib. Aktı Azərbaycan tərəfinin səlahiyyətli nümayəndəsi, kənd təsərrüfatı nazirini müavini Seyfəddin Talıbov və Çin tərəfinin səlahiyyətli nümayəndəsi, Çin Xalq Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua imzalayıblar.

Mərasimdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, son zamanlar Qida Təhlükəsizliyi Agentliyinin yaranması ilə əlaqədar Dövlət Baytarlıq və Dövlət Fitosanitar nəzarəti xidmətləri ilə Qida Təhlükəsizliyi Agentliyinin arasında səlahiyyət bölgüsü həyata keçirilib. Nəzarət funksiyaları bütövlükdə Qida Təhlükəsizliyi Agentliyinə verilib və dəyər zənciri üzrə ölkəmizdə nəzarət funksiyası bir qurumda cəmləşib. Bu baxımdan Dövlət Baytarlıq Nəzarəti Xidmətin funksiyalarına və tabeçiliyinə aid olan həm Respublika Baytarlıq Laboratoriyası, həm də zona baytarlıq laboratoriyaları bilavasitə Qida Təhlükəsizliyi Agentliyinin tabeçiliyinə verilib. Bu baxımdan yerlərdə xidmət funksiyasının yüksək səviyyədə həyata keçirməsi, baş verə biləcək xəstəliklərin öncədən qarşısının alınması və profilaktik tədbirlərin həyata keçirilməsi üçün diaqnostik kabinetlərin maddi-texniki təminatının yaxşılaşdırılmasına ciddi bir ehtiyac yaranıb.

Nazir müavini bu istiqamətdə Çin hökuməti ilə qarşılıqlı razılaşma əsasında çoxsaylı avadanlıqların Azərbaycan hökumətinə təqdim olunduğunu bildirərək qeyd edib ki, bu avadanlıqlar 30-dan çox rayonda diaqnostik kabinetlərin bütövlükdə və tam həcmdə formalaşdırılmasına imkan verəcək: “Eləcə də ən təqdirəlayiq hal ondan ibarətdir ki, Çin hökuməti bu texnikaları əvəzsiz olaraq Azərbaycan hökumətinə təqdim edib. Eyni zamanda, burada 2 həftə ərzində çoxsaylı yerli mütəxəssislərə treninqlər keçirilib. Artıq biz ölkəmizdə dövlət büdcəsi hesabına maliyyələşən 13 adda heyvan xəstəliklərinə qarşı aparılan mübarizə tədbirlərinin effektivliyini bu diaqnostik kabinetlərin potensialı hesabına həyata keçirməklə təmin edə biləcəyik”.

Tədbirdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ölkəsinin Azərbaycanda aqrar sahənin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video