28 Avqust 2018 04:08
475
Mədəniyyət
A- A+

Vaqif Mustafayev: Heydər Əliyev yazılmamış romanların, çəkilməmiş filmlərin qəhrəmanıdır

Avqustun 28-i görkəmli kino rejissoru, ssenarist, Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı, "Şərəf" ordenli Vaqif Mustafayevin doğum günüdür. AZƏRTAC-ın müxbiri tanınmış rejissorla görüşərək onunla birgə ötən illərə nəzər salıb, çəkdiyi və çəkəcəyi filmlər barədə söhbət edib.

 

Bütün dövrlərin fərqli rejissoru

 

Vaqif Mustafayev Azərbaycan rejissor sənətinə yeni və fərqli bir üslub gətirən, kinematoqrafiyamızda orijinal filmləri ilə fərqlənən sənətkardır. Onun filmə verdiyi quruluşdan tutmuş, ssenarisində, ekran həllində və ən əsası isə kino dilində bu fərqlilik dərhal nəzərə çarpır.

Biz onu ilk dəfə 1985-ci ildə yazıçı Mövlud Süleymanlının ssenarisi əsasında mərhum rejissorumuz Ceyhun Mirzəyev ilə birgə ekranlaşdırdıqları "Bəyin oğurlanması" filmi ilə tanıdıq. Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunu yenicə bitirib Bakıya qayıdan Vaqif Mustafayev əslində bu filmdə təkcə rejissorluq etmir, həm də təqdim edilən ssenarini dəyişərək yenidən yazır: "Mənə bu təklif gələndə əvvəlcə etiraz etdim. Çünki ssenarini oxumuşdum və bəyənməmişdim. Əslində "Bəyin oğurlanması" filminin ilk ssenarisi dramatik film-opera idi. Mənə ssenarini istədiyim kimi dəyişmək təklif olundu. Azərbaycan kinosunun bu gün də ən reytinqli filmlərindən olan "Bəyin oğurlanması"nın ssenarisini 10 gün ərzində yenidən yazdım və filmi çəkdik".

 

Vaqif Mustafayevin filmləri

 

"Milli bomba", "Nakəs", "Hər şey yaxşılığa doğru", "Yerlə göy arasında" və sair. Görkəmli rejissorun çəkdiyi filmlər içərisində "Yaramaz" xüsusilə seçilir. Bu film ona beynəlxalq kino aləmində böyük şöhrət gətirdi: "Əsas problem filmin qəhrəmanı rolunda çəkiləcək aktyoru tapmaq idi. Mərhum aktyor Səməndər Rzayevə bu rolda çəkilməyi təklif etdim. O vaxtlar aktyor artıq xəstə idi və onun bu rola çəkilməsi baş tutmadı. Sonra aktyor Elçin Məmmədov barədə düşündüm. O da infarkt keçirdiyi üçün çəkilə bilmədi. Bəzi sınaqlardan sonra nəhayət, gürcü aktyoru Mamuka Kikaleyşvilini tapdım. "Yaramaz" çox uğurlu oldu və bir çox ölkələri gəzdi, ingilis, fransız, rus, qazax, Çin və digər dillərdə təqdim edildi".

 

Dünyanın 33 ən yaxşı filmi sırasında

 

Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülən "Yaramaz" filmi dünyanın aparıcı festivallarında da təqdim olundu. Polşa, ABŞ, Yaponiya və digər ölkələrdə nümayiş etdirilməklə yanaşı, Karlova-Varı film festivalında "Çaplinin qızıl əsası", Neapolda keçirilən Sorrento beynəlxalq festivalında "Vittorio De Sica" adına qızıl mükafatı aldı. Bundan əlavə, məşhur italyan rejissoru Bernardo Bertaluççi "Yaramaz"ı dünyanın 33 ən yaxşı filmi sırasına daxil edib.

"Yaramaz" filmi kimi Vaqif Mustafayevin çəkdiyi "Nakəs" və "Yoxlama" filmləri də kinosevərlər tərəfindən maraqla qarşılandı. Hər iki film müxtəlif kino mükafatlarına layiq görüldü.

 

Eyni aktyorlarla işləməyi sevən rejissor

 

Vaqif Mustafayev filmlərində eyni aktyorlarla işləməyi sevir: "Mən aktyorlarla işləməyi yaxşı bacarıram, onlar da məni yaxşı anlayırlar. Məsələn, mərhum aktyor Yaşar Nurinin yaratdığı obrazlar mənim filmlərimdə çox uğurlu alınıb. Mərhum sənətkarlar Həsənağa Turabov da, Səməndər Rzayev də bu filmlərdə çox gözəl oynayıblar".

V.Mustafayev illərlə işlənən "rolun böyüyü, kiçiyi olmur" ifadəsini təkcə aktyorlara deyil, hətta aktyor olmayan insanlara da aid olduğunu ekranlaşdırdığı əsərləri ilə sübut etdi. Çünki onun filmlərində peşəkar olmayan aktyorların epizodlarda yer alması artıq bir ənənəyə çevrilib: "Kinoda qeyri-aktyorlarla işləmək çətindir. Aktyorlarla işləyərkən gərək onların daxili aləmini yaxşı biləsən. Qeyri-aktyorlarda isə onları öz daxili aləmlərinə qaytarmağı bacarmalısan. Çünki bu insanları real həyatdan kinoya gətirirsənsə, deməli, səni qane edir. Kameranın qarşısında isə artıq o, aktyora çevrilir".

 

Sənədli kinodakı uğur

 

Rejissorun yaradıcılığında sənədli filmlərin öz yeri var. V.Mustafayev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən 12 film çəkib. "General", "Birinci", "Moskva. Kreml", "Lider", "Tale", "Əsl məhəbbət haqqında", "Bir həsədin tarixi", "Professional", "Patriot", "Xüsusi təyinat", "Dövlət" və "Ata yolu" filmləri sənədli kinomuzun ən böyük uğurlarındandır: "Mənim yaradıcılığımda əsas yeri ulu öndər Heydər Əliyev haqqında çəkdiyim sənədli filmlər tutur. 1993-cü ildə Ulu Öndər hakimiyyətə gələndən sonra mən onu müşahidə etdikcə, tarixi yadıma saldıqca görürdüm ki, Heydər Əliyev yazılmamış romanların, çəkilməmiş filmlərin qəhrəmanıdır. Ulu Öndər bir şəxsiyyət kimi mənə çox maraqlı idi. Bir insanın, bir şəxsiyyətin həyatına bu qədər hadisələrin necə sığması məni çox təəccübləndirdi. Elə sənədli kino janrına da Ulu Öndərə görə addım atdım və dörd film çəkdim. Bu filmlərdən sonra biz Heydər Əliyevlə görüşdük. Bu filmlər onun xoşuna gəlmişdi".

Rejissor daha sonra Mixail Qorbaçovla da görüşür, SSR-nin sonuncu baş katibinin ulu öndər Heydər Əliyev və 20 Yanvar hadisələri ilə bağlı etiraflarını lentə alır. Sonda isə daha bir sənədli film yaranır. "Bir həsədin tarixi" adlı bu film 2002-ci ildə Yekaterinburqda keçirilən film festivalında əsas mükafatlardan birini, Moskvada keçirilən V Avrasiya Teleforumunun "Qran-Pri"sini qazanır.

Vaqif Mustafayevin Ulu Öndərdən bəhs edən silsilə sənədli filmləri müxtəlif ölkələrdə böyük uğurla nümayiş etdirilib. "Əsl məhəbbət haqqında" ekran əsəri Moskvada keçirilən IV Avrasiya Teleforumunun əsas və xüsusi mükafatlarına layiq görülüb.

Rejissor Ulu Öndər haqqında bir bədii film də çəkib. Yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək bu filmi sənətkar hollivudlu rejissorlarla birlikdə ekranlaşdırıb.

 

“Yenidən doğulsam, yenə rejissor olardım”

 

Yubiley ərəfəsində bütün yaradıcılığına bir yekun kimi nəzər saldığını vurğulayan rejissor kinoda hələ deyiləcək çox sözünün olduğunu deyir: "Bəyin oğurlanması" filmindəki məşhur bir ifadə yadıma düşür, "bu kino ki var, çox qəlizdi". Orada bir məqam da var: jurnalistin rejissordan müsahibə aldığı epizod. Jurnalist soruşur ki, siz yenidən doğulsaydınız yenə rejissor olardınız? Rejissor isə cavab verir ki, yox! Sizinlə söhbət edə-edə mən də fikirləşirəm ki, bu ənənəvi suala necə cavab verərdim?! Düşünürəm ki, bəli, yenidən doğulsam, yenə rejissor olardım. Çünki bu günədək mənim yaradıcılığım dövlət tərəfindən daim yüksək qiymətləndirilib".

Söhbətin sonunda sənətkar bu günlərdə mükafatlarının sırasına bir mükafatın da əlavə olunduğunu, Prezident İlham Əliyevin 2018-ci il 1 avqust tarixli Sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edildiyini də böyük fəxrlə qeyd etdi və dövlətimizin başçısına təşəkkürünü bildirdi.

Avqustun 28-də Vaqif Mustafayevin doğum günüdür. "Space" kimi böyük bir telekanala rəhbərlik edən Vaqif müəllimi AZƏRTAC-ın bütün kollektivi adından təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video