28 Avqust 2018 11:08
115
SİYASƏT
A- A+

Diaspor Gənclərinin I Yay Düşərgəsi yeni təşkilatın yaradılması ilə nəticələnib

Xəbər verdiyimiz kimi, 50 milyonluq dünya azərbaycanlılarını 37 ölkədə təmsil edən 140 gəncin iştirak ilə qədim Şəki şəhərində təşkil olunan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi başa çatıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan diasporunun birləşdirilməsi yolunda mühüm addım kimi qiymətləndirilən Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçıları “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin yaradılmasına qərar verib və bu barədə bəyannamə ilə çıxış ediblər.

Bəyannamədə gənclər bildiriblər ki, dünya gəncləri ilə sülh, qardaşlıq və dostluğun təbliği, ətraf mühitin mühafizəsi, elmin və təhsilin inkişafı istiqamətində əməkdaşlıq edəcək, qlobal problemlərə qarşı birlikdə mübarizə aparacaq, dünya azərbaycanlılarının daha sıx birliyinə çalışacaq, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi və siyasi-hüquqi islahatlara dəstək verəcəklər.

“Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin üzvləri, həmçinin gələcək fəaliyyətləri ilə bağlı qətnamə imzalayıblar. Qətnamədə gənclərin birliyi və qarşılıqlı əlaqələrini təmin edəcək bir təşkilatın yaradılması alqışlanır. Bildirilir ki, “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yarandığı gündən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı şəkildə fəaliyyətinin təmin edilməsi, o cümlədən, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsi kimi missiyaları öz üzərinə götürür.

Qətnamədə deyilir: “Düşərgə ərzində vətənpərvərlik, təhsil, mədəniyyət, idman və digər mövzularda həyata keçirilən tədbirlər zamanı irəli sürülmüş ideya, təklif və təşəbbüsləri ümumiləşdirərək qərara alırıq ki, qısa zaman ərzində təşkilatın hüquqi məsələləri həll ediləcək və bu barədə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə məlumat veriləcək”.

Beləliklə, I Yay Düşərgəsi müxtəlif istiqamətlərdə maraqlı çıxışlarla yaddaşlara həkk olunmaqla yanaşı, azərbaycanlıların təşkilatlanması, daha sıx birləşməsi, dünyada Azərbaycan diaspor hərəkatının gücləndirilməsi, xaricdə yaşayan gənclərin tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi, diaspor hərəkatının gəncləşdirilməsi və s. istiqamətlərdə uğurlu nəticələrlə də xarakterizə olunur. Bu baxımdan da, “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin yaradılması alqışlanır və qeyd edilən uğurların bir tərkib hissəsi olaraq dəstəklənir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video