Alternative content

08:00 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Daim xalq arasında
Daim xalq arasında
ANA SƏHİFƏ / SİYASƏT
12:08 28.08.2018

 

Dövlət başçısı və Mehriban xanım Əliyeva ad günlərini həmişə sadə vətəndaşlarla keçirirlər

 

Bu günlərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şamaxı və İsmayıllı rayonlarında bir sıra müəssisə, orta məktəb binasının, avtomobil yollarının açılışında iştirak etdilər. Dövlət başçısı və birinci xanım avqustun 26-da İsmayıllının Lahıc qəsəbəsində oldular. Mehriban xanım Əliyevanın öz doğum günündə onlarla birlikdə olması lahıclıların ürəyini dağa döndərdi.

Ad günlərini hər cür dəbdəbə və təntənədən uzaq, sadə insanlarla birlikdə keçirmək ulu öndər Heydər Əliyev ailəsinin ən gözəl ənənələrindəndir. Ümummilli liderin öz ad günlərini böyük təvazökarlıqla və sadə şəraitdə keçirməsi hamıya bəllidir. Prezident İlham Əliyev də hər dəfə öz ad gününü sadə insanların arasında, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrin sakinləri, şəhid ailələri ilə birlikdə qeyd edir. Dövlət başçısının hətta 50 illik yubileyini də belə bir şəraitdə keçirdiyi hamının yadındadır. Birinci xanım Mehriban Əliyevanın özünün növbəti doğum günündə lahıclıların əhatəsində olması məhz bu uca mənəviyyatdan qaynaqlanır.

Həmin gün lahıclıların sevinci birə-beş artmışdı. Lahıca təbii qaz gəlmişdi. Relyefi çox mürəkkəb olan bu məkana mavi yanacaq xətlərinin çəkilməsi həqiqətən tarixi hadisədir.

Avqustun 26-da qəsəbədə yeni inşa olunan tam orta məktəb binasının da açılışı oldu. Gözəl binası, müxtəlif fənn kabinetləri və laboratoriyaları, işıqlı sinif otaqları, idman və akt zalları, videomüşahidə və mərkəzləşdirilmiş istilik sistemləri olan bu məktəb Lahıc sakinlərinə, burada böyüyən gənc nəslə çox dəyərli bir töhfədir. Məktəbin direktoru, əməkdar müəllim Hikmət Haqverdili Mehriban xanım Əliyevanın xalqa, sadə insanlara etdiyi xeyirxahlıqları, o cümlədən Azərbaycan təhsilinə göstərdiyi böyük dəstəyi yüksək qiymətləndirməklə bərabər, həm də lahıclılar adından onu doğum günü münasibətilə təbrik etdi: “Siz insanlara daim sevinc, xoşbəxtlik bəxş edirsiniz. Biz Sizin fəaliyyətinizi daim izləyirik. Siz həmişə xeyirxah işlərdə, xeyirxah tədbirlərdə iştirak edirsiniz. Bu Sizi fərqləndirən cəhətlərdəndir. Siz bu əziz gündə - ad gününüzdə biz lahıclılarla bir yerdəsiniz. Bu, Sizin böyüklüyünüzü, insanlara bağlılığınızı göstərir”.

Bu, hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının ürəyindən gələn sözlərdir. Xalqımızın leksikonunda qədim zamanlardan belə bir ifadə var: el anası. Ehtiyacı olanın çətinliyini duymağı bacaran, dərdliyə həmdəmlik edən, yetimi sinəsinə çəkən, qısası, bir kəndin, bir obanın camaatına qayğı göstərməyə qadir olan geniş ürəkli xanımlara el anası deyiblər!

Azərbaycanın birinci xanımının bu yönümdəki xeyirxahlıq missiyası bir ailənin, kəndin, yaxud şəhərin çərçivəsindən çıxaraq daha geniş miqyas alıb. Mehriban xanım Əliyeva bütün Azərbaycan xalqının xeyirxahı, həmdəmi, qayğıkeşidir. O, hamıya kömək etməyə, yaxşı işlərdə dəstək verməyə, yardım göstərməyə qadir və həmişə hazır olan böyük bir insandır! Mehriban Əliyevanın xeyirxahlıq missiyası təkcə özümüzə deyil, bütün dünyaya bəllidir. Bu missiyanın bəhrələri özünü artıq Yer üzünün ayrı-ayrı guşələrində də göstərməkdədir.

Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə reallaşan “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri sözügedən xəstəliklərdən əziyyət çəkən insanların, xüsusilə uşaqların şəfa tapmasına imkan yaradıb. Bakıda və ölkənin digər regionlarında mütəmadi keçirilən qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqların əməliyyat olunması, aztəminatlı ailələrin üzvlərinin müayinələri, lazım gəldikdə insanların xarici ölkələrə müalicəyə göndərilməsi... Bütün bunlar Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xeyirxah əməlləri nəticəsində baş tutur.

Hələ “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və digər layihələri demirik...

Bir sözlə, Azərbaycanın birinci xanımı insanların həm çətin və kədərli məqamlarında, həm də sevincli günlərində onlarla birlikdədir. Heç təsadüfi deyil ki, Mehriban xanım Əliyeva öz sevincli günündə də insanların, xalqın sadə nümayəndələrinin - Lahıc sakinlərinin arasında oldu. Bu, Birinci vitse-prezident, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın öz yüksək mənəviyyatına, xeyirxahlıq missiyasına, müstəqil Azərbaycan dövlətinin zəngin ənənələrinə sadaqətinin daha bir bariz nümunəsidir.

 

Flora SADIQLI,

“Azərbaycan”