27 Avqust 2018 09:08
96
CƏMİYYƏT
A- A+

Quido Ambroso: Azərbaycan dövlətinin məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı gördüyü işlər təqdirəlayiqdir

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso Azərbaycanın qərb rayonlarına səfəri çərçivəsində avqustun 27-də Bərdə rayonuna gəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quido Ambroso BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri Oktavian Mohorea və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elsevər Ağayev ilə birgə əvvəlcə Bərdə Rayon İcra Hakimiyyətində olublar.

Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş insanların bir qisminin Bərdə rayonunda məskunlaşdığını qeyd edərək, onların sosial vəziyyəti, mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə məlumat verib. Bildirib ki, Bərdə rayonu ərazisində Dağlıq Qarabağ və ətraf rayonlardan olan 33 min 172 nəfər məcburi köçkün – 9442 ailə məskunlaşıb. Onların 16 min 456 nəfəri Bərdə şəhərində, 16 min 716 nəfəri rayonun kəndlərində yaşayır. Ötən 26 il ərzində məcburi köçkün ailələrində yeni uşaqlar doğulur, yeni ailələr qurulur. Məcburi köçkünlərin sayı getdikcə artır. Məcburi köçkünlər ilk illər, əsasən yol kənarlarında, ictimai binalarda, təhsil müəssisələrində, yataqxanalarda, yarımçıq tikililərdə, ferma və qazmalarda yaşayırdılar. 1990-cı illərdə BMT-nin xətti ilə məcburi köçkünlər üçün 408 ailəlik birotaqlı daş evlərdən və 625 ailəlik çiy kərpicdən olan evlərdən ibarət qəsəbələr inşa edilib. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan dövləti tərəfindən 2012-ci ildə rayonun Təhlə kəndi ərazisində 195 ailəlik qəsəbə, 2013-cü ildə Həsənqaya kəndi ərazisində 866 ailəlik, 2015-ci ildə isə 588 ailəlik çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllələr inşa edilib. Bundan başqa, 129 məcburi köçkün ailəsi Yevlax və Ağdam rayonları ərazilərində salınan yeni qəsəbələrdə evlərlə təmin edilib. Rayon ərazisində məcburi köçkünlər üçün daha bir qəsəbənin inşası nəzərdə tutulur.

Azərbaycanın hər zaman beynəlxalq hüquq normalarına riayət etdiyini deyən V.İsayev Ermənistanın BMT tərəfindən qəbul olunan qətnamələrin tələblərini yerinə yetirmədiyini, işğalçılıq siyasətini davam etdirdiyini bildirib. Qeyd edib ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq işğal altındakı torpaqlarının azad olunmasını istəyir.

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ətraflı məlumata görə təşəkkür edib. Bildirib ki, səfərin əsas məqsədi məcburi köçkünlərlə görüşərək, onların həyat şəraiti ilə tanış olmaq, eyni zamanda, doğma torpaqlarına qayıdanadək BMT-nin qaçqınlar üzrə ali komissarlığının onların yanında olduğunu çatdırmaqdır: “BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı humanitar qurumdur və münaqişələrin deyil, onların nəticələrinin aradan qaldırılması ilə məşğuldur. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının dəstəyi ilə Yaponiyanın “Fuji” şirkəti tərəfindən Azərbaycanda humanitar aksiyalar keçirilir, məcburi köçkünlər müayinə olunaraq, onlara eynəklər verilir. Ümid edirik ki, münaqişə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında, ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə həyata keçirilən sülh danışıqları nəticəsində həll olunacaq”.

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso sonra 866 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb. Məlumat verilib ki, yaşayış məhəlləsindəki mənzillərin 70-i birotaqlı, 430-u ikiotaqlı, 325-i üçotaqlı, 25-i isə dördotaqlıdır. Burada məktəb, klub-icma mərkəzi, tibb məntəqəsi və ATS tikilib. Yaşayış məhəlləsində lazım olan bütün infrastruktur yaradılıb, bütün mənzillər su, elektrik və qaz ilə təchiz edilib.

Qonaqlar Ağdam rayonundan məcburi köçkün Kərim Qarayevin mənzilinə baş çəkib, yaradılan şəraitlə tanış olublar.

Kərim Qarayev bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı və diqqət göstərir, onların problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Yaşayış məhəlləsində məcburi köçkünlər üçün hər cür şərait yaradılıb. Ancaq məcburi köçkünlərin ən böyük istəyi öz doğma yurdlarına qayıtmaqdır.

Daha sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən 1994-cü ildə inşa olunmuş qəsəbəyə gələn qonaqlar məcburi köçkün Ələmşad Şirinovun mənzilində çay süfrəsi arxasında söhbət edib, ailənin problemləri ilə maraqlanıblar.

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso jurnalistlərə müsahibəsində bildirib ki, səfərin məqsədi məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmaqdır. O deyib: “20 il əvvəl mən Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşı kimi fəaliyyət göstərmişəm. Azərbaycanda məcburi köçkünlər çox ağır şəraitdə yaşayırdılar. Onlar yük vaqonlarında, yeraltı daxmalarda, yol kənarlarında məskunlaşmışdılar. Biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı digər təşkilatlarla birgə məcburi köçkünlərin ağır şəraitində onların ehtiyaclarının ödənilməsi üçün müxtəlif proqramlar, layihələr həyata keçirirdik. Bu gün Azərbaycan hökuməti ölkənin iqtisadi inkişafı sayəsində məcburi köçkünlər üçün daha yaxşı evlər inşa etmək iqtidarındadır. İndiyə qədər məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan dövləti tərəfindən görülmüş işlər təqdirəlayiqdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video