27 Avqust 2018 05:08
399
Mədəniyyət
A- A+

“The Jerusalem Post”: Qəbələ festivalı İsrail ilə Azərbaycan arasında səmimi münasibətləri təsdiqlədi

Yerusəlim simfonik orkestri Qəbələ Beynəlxalq Musiqi Festivalında ikinci dəfə çıxış edib. İsrailli dirijor Dmitri Yablonski və SSRİ Xalq artisti, Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəylinin təşəbbüsü ilə təsis olunmuş bu festival Azərbaycanda klassik musiqi ilə bağlı ən mühüm hadisələrdən biridir.

Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhərində son on ildə hər il yüksək səviyyədə keçirilən gözəl musiqi bayramıdır. Azərbaycanın klassik musiqi həvəskarları İsrail simfonik orkestrini bu dəfə də çox səmimi qarşıladılar.

AZƏRTAC xəbər verir ki, israilli xanım jurnalist İris Qorlet bu fikirləri İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Tolerant müsəlman ölkəsində Yerusəlim sədaları” sərlövhəli məqaləsində yazır.

Orkestrin baş direktoru Yair Ştern deyib: “Yerusəlim simfonik orkestri bu tədbir çərçivəsində dörd konsert verdi. Azərbaycan auditoriyası bizim simfonik orkestrin çıxışını böyük maraqla qarşıladı. Xüsusən gənclər bizim orkestrin məharətini diqqətlə müşahidə edirdilər”.

İsrailli jurnalist xanım qeyd edir ki, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan ilə İsrail arasında çox gözəl münasibətlər olması musiqi festivalında da təsdiqləndi. İ.Qorlet yazır: “Azərbaycanda yəhudi icmaları qədimdən yaşayır. Azərbaycanlılarla bu yəhudilər arasında tarixən səmimi münasibətlər formalaşıb. Azərbaycan ərazisində yəhudilərin məskunlaşmasından 2500 ildən çox keçir. Yəhudi ictimaiyyəti bildirir ki, eramızdan əvvəl 720-ci ildə Assuriya kralı III Tiqlat-Pileser İsrail çarlığını darmadağın edənə qədər yəhudilər həmin ərazidə yaşayıblar.

Lakin məqalə müəllifi onu da qeyd edir ki, müasir alimlərin fikrincə, Qafqazda və Azərbaycanda yaşayan dağ yəhudiləri fars yəhudilərinin törəmələridir. Onlar vaxtilə İran imperiyasının dövrəsində səpələniblər. Azərbaycanın dağ yəhudiləri icmasının üzvləri əsrlərboyu fars dilinin xüsusi forması sayılan cuuri dilində danışıblar. İvrit dili elementlərindən istifadə edilən bu dilin digər yəhudi icmalarına aidiyyəti çox cüzi olub.

“The Jerusalem Post” qəzetinin yazdığı kimi, 1920-ci ildə Azərbaycan SSRİ-nin tərkib hissəsinə çevriləndə vəziyyət dəyişdi. O vaxt Qırmızı ordu müstəqil Azərbaycanın ərazisinə soxuldu. Həmin dövrdə bolşeviklərin məşhur Azərbaycan neftinə çox ehtiyacı vardı. Azərbaycan 70 il ərzində sovet rejiminin nəzarətində qaldı. 1991-ci ildə Sovet İttifaqı dağıldı və Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.

Məqalə müəllifi qeyd edir ki, Sovet İttifaqı dağılan dövrdə Qafqazdakı Avropa yəhudilərinin əksəriyyəti İsrail Dövlətinə köçdü. İris Qorlet yazır: “Bu gün Azərbaycanın yəhudi icmasının əksəriyyəti ölkənin paytaxtı Bakıda yaşayır. Bu icma, Azərbaycanda yəhudilərin ən böyük icmasıdır və əsasən dağ yəhudilərindən ibarətdir. XIX əsrin sonlarında və İkinci Dünya müharibəsi dövründə Avropa yəhudiləri də Azərbaycana köçüblər. Onların çoxu məhz burada özlərinə sığınacaq, sonra isə doğma ev tapıblar. XX əsrin əvvəlindən Bakıda gürcü yəhudilərinin kiçik bir icması da formalaşıb. Bu gün Bakıda HABAD dini hərəkatının icması da fəaliyyət göstərir. Bu icma ölkəyə səfər edən bütün yəhudilərə və sionist gənclər hərəkatlarının fəallarına koşer yeməyi təklif edir”.

İsrailli jurnalistin sözlərinə görə, müasir Azərbaycanın şimalında yerləşən Quba rayonundakı Qırmızı Qəsəbə Azərbaycanda yəhudilərin unikal məskəni kimi bütün dünyada məşhurdur. Azərbaycan dağ yəhudiləri icması burada yaşayır.

İris Qorlet yazır: “XIII əsrdə dağ yəhudiləri tərəfindən salınmış bu qəsəbə əvvəllər “Yəhudi Qəsəbəsi” adlanırdı. Sovet Kommunist hakimiyyəti dövründə qəsəbənin adını dəyişərək “Qırmızı Qəsəbə” adlandırdılar. Hazırda burada 4500-dən çox yəhudi yaşayır. Vaxtilə bu qəsəbədə 18 minə qədər dağ yəhudisi yaşayıb və 18 sinaqoq mövcud olub. Lakin 1938-ci ildə Stalin dağ yəhudiləri icmasının liderlərini Sibirə sürgün etdi və bütün sinaqoqların bağlanmasını əmr etdi. Həmin sinaqoqlardan yalnız biri indiyə qədər fəaliyyətini davam etdirir. Bu gün Qırmızı qəsəbədə iki sinaqoq, HABAD və “Or Avner” tərəfindən idarə edilən yəhudi məktəbi fəaliyyətdədir.

Yerusəlimdəki Van Leer İnstitutunun elmi işçisi doktor Xen Bram qeyd edir ki, yerli ənənələrə görə, adətən Moskva və Nyu-York şəhərlərində biznes fəaliyyəti ilə məşğul olan Azərbaycan dağ yəhudiləri, həmçinin onların İsraildə yaşayan qohumları 9 Ava - yəhudi xalqının milli hüzn günündə Qırmızı qəsəbəyə gəlirlər.

Doktor Xen Bram deyir: “Oğuz şəhərində iki sinaqoq salamat qalır. Bu şəhərin kiçik yəhudi icması yəhudi bayramlarını qeyd edir, həmin günlərdə Rusiyadan olan yəhudi qonaqlarını səmimi qarşılayır. Azərbaycan Prezidenti İlham Əliyev bu sinaqoqları şəxsən dəstəklədiyini bildirir və onların saxlanması üçün hər il maliyyə resursları ayırır”.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut deyir: “Azərbaycan israillilər üçün çox maraqlı məkandır. Bu ölkədə heç vaxt antisemitzm təzahürləri olmayıb. Burada özlərini heç vaxt qərib kimi hiss etməyən yəhudilər həmişə Azərbaycan xalqının tərkib hissəsi olublar. Bizim dost dövlətlərimiz həqiqətən etibarlı strateji tərəfdaşlar kimi fəaliyyət göstərir. İsrail ilə Azərbaycan arasında siyasi etimad və dialoq həqiqətən ən yüksək səviyyədədir. Bizim qarşılıqlı ticari-iqtisadi əlaqələrin həcmi ildə 5,5 milyard ABŞ dollarına bərabərdir. Bu münasibətlər sırasına hərbi-strateji tərəfdaşlıq da daxildir”.

İris Qorlet məqaləsinin sonunda yazır: “Azərbaycan əsl sivilizasiyalararası, konfessiyalarası və mədəniyyətlərarası dialoq nümunəsidir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsasını təşkil edir. Azərbaycanın indiki rəhbərliyi daim vurğulayır ki, bu ölkədə bərqərar olmuş dini dözümlülük və plüralizm, xüsusən yəhudilər ilə müsəlmanlar arasında münasibətlər bütün dünya üçün örnək ola bilər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video