Alternative content

21:28 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycana həsr edilən ömrün manifesti
Azərbaycana həsr edilən ömrün manifesti
ANA SƏHİFƏ / SİYASƏT
06:08 26.08.2018

 

Bütün dəyərlər təfəkkürdə formalaşır. O, insanın idraki fəaliyyətinin lap üst qatıdır. Sadə dildə yazsaq, dünyanı dərk eləməkdən ötrü duyğu və qavrayışlarımız hələ yetərli deyil. Ətrafda baş verənləri görüb hiss etmək onlarla başlansa da, bütün bu baş verənlərin dərki, onlara aydın bir münasibətin formalaşması məhz təfəkkürdə davam edir.

Elə ona görə də təfəkkürü cisim və hadisələr arasındakı qanunauyğun əlaqə və münasibətlərin ümumiləşmiş, vasitəli inikasından ibarət idrak prosesi adlandırırlar.
Və bu, ilk baxışdan qəliz tərifin içində, demək olar ki, həyata, insana aid hər bir şey öz əksini tapıb.
Bu sözün çox kəlmələrlə yanaşı işləndiyinə şahid olmuşam. Var məişət təfəkkürü, var elmi təfəkkür, var ictimai təfəkkür, var siyasi təfəkkür və s. Bunların da hər biri insanların gündəlik həyat vərdişlərinə uyğun formalaşır. Bu vərdişlər üzərində həyat tərzi meydana gəlir. Onun əsasında insanın düşüncə baxışı, fikir məkanı qurulur.
Məsələn, ədəbiyyat adamları gündəlik peşə fəaliyyətini özündə ehtiva edən təfəkkürü - vərdiş təfəkkürünü yaradırlar. Bununla bahəm, gündəlik məşğuliyyət, konkret sənət sahəsi onların bədii təfəkkürünü də cilalayıb ərsəyə gətirir.
Təfəkkür milli də ola bilir, dünyəvi də. Milli təfəkkür hər bir xalqın formalaşmasını təmin edən gündəlik və klassik elementlərdən meydana gəlir. Dünyəvi təfəkkürsə ümumən bəşəriyyətə aid elementləri bir araya gətirir.
Maraqlıdır, bəs görəsən dövlətçilik təfəkkürü nədir?
Onun formalaşmasında hansı amillər rol oynayır?
Açığı, bu sual üzərində çox düşünmüşəm.
Gündəlik təkrarlanan məişət vərdişlərini, yaxud sənətin qazandırdığı maraq və bacarıqları anladıq. Axı dövlətçilik təfəkkürü bunların heç birinə bənzəmir. O, insanın özünün də mənsub olduğu, şəxsinə aid bildiyi ali bir dəyərə aydın münasibətidir. Bu dəyərə xidmət üçün dərk edilmiş məsuliyyət hissidir.
Elə isə bu münasibət, hiss insanda hansı yollarla formalaşır?! Necə olur ki, biri dərin dövlətçilik təfəkkürünə malik olduğu halda, digəri bu keyfiyyətdə axsayır?!
Hər nə qədər qısa cümlələrlə ifadə olunsa da, bunlar izahı cild-cild kitablara sığmayacaq qədər geniş və mürəkkəb suallardır.
Burada sadəcə ümumi qənaətimi müxtəsərləşdirim: zənnimcə, dövlətçilik təfəkkürü xalqın məişətindən, adət-ənənələrindən, milli özünəməxsusluğundan başlanmış ümumbəşəri dəyərlərə qədər bu idraki prosesin bütün məqamlarını əks etdirən ali təfəkkür tərzidir.
Və onun formalaşmasında bir insanın böyüyüb boya-başa çatdığı ocağın, tərbiyə aldığı, görüb-götürdüyü insanların şəxsiyyətinin, onların hansı dəyərlərin daşıyıcısı olmalarının, eyni zamanda, mühitin də çox böyük rolu var.
Dəyərli oxucum, bütün bunları zəmanəmizin görkəmli şəxsiyyətlərindən biri haqqında qələmə alacağım qeydlərə qısa bir müqəddimə də saya bilərsən. Düşüncələrimin dövlətçilik təfəkkürü anlayışının şərhindən başlanması isə əsla səbəbsiz deyil.
...Onun həyat və fəaliyyətinin hər bir məqamından məhz dövlətçilik təfəkkürünün işığı gəlir. Yerinə yetirdiyi missiyada, gördüyü çoxşaxəli işlərdə konkret vəzifə öhdəliklərindən daha çox bu təfəkkürün diktəsi duyulur.
Və bu, sonradan əxz olunmuş tərz deyil. Mənsub olduğu ocağın istisindən, tərbiyəsindən, böyüklərin xeyir-duasından, onların mənəvi mirasından əxz olunmuş keyfiyyətdir.
Hər biri ictimai fikir tariximizin uca zirvəsində qərar tutan Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Arif Paşayev, Aida xanım İmanquliyeva kimi şəxsiyyətlərimizin ziyasından gələn nurdur...
Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın mənəvi irsinin davamıdır...
Müstəqil Azərbaycan dövlətini ən qüdrətli çağlarına yetirmiş Prezident İlham Əliyevin həyata keçirdiyi milli tərəqqi siyasətinin bir hissəsidir, bu siyasətin aparılmasına kömək əlidir...
***
Tarix Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya çox maraqlı tale nəsib edib. O öz ömründən başqa, şəxsiyyət kimi formalaşmasında böyük rolu olmuş, onu bu qədər kamil yetişdirmiş tarixi simaların ömür və taleyini də yaşayır, sanki...
Bu şəxsiyyətlərin amalları, dünyaya və insanlığa xidmət məramları Mehriban xanım Əliyevanın nəcib əməllərində bir araya gəlir.
Babası Mir Cəlal bu adı XX əsr ədəbiyyat tariximizdə əbədiləşdirmiş əsərlərinin bədii-elmi siqləti ilə yanaşı, həm də bir ziyalılıq mücəssəməsi idi. O, həyatın mənasını əsrlərlə yol gələn ədəbiyyat sərvətini gənc nəslə ötürməkdə görürdü. Bütün ruhu ilə bağlı olduğu bədii sözün dəyərlərini təkcə auditoriyalardakı mühazirələri ilə deyil, həm də bir ədəbiyyat adamı kimi şəxsi nümunələri ilə göstərirdi. Köməyə ehtiyacı olan tələbələrinə təmənnasız xeyirxahlıqları ilə, şəxsi nüfuzuna, yuxarılar yanındakı ötkəm sözünə güvənərək gənclərin önünə düşüb onların xəyallarının gerçəkləşməsi üçün döydüyü meşin qapılarla ədəbiyyatın əsl insana xas ideallarını aşılayırdı.
Yüzlərlə insanın nəzərində əsl insanın obrazını yaradırdı...
Ən məşhur əsərlərindən olan "Bir gəncin manifesti” romanındakı Sona timsalında bu yurdun qadınlarının ucalığını, vətən təəssübkeşliyini, milli-mənəvi dəyərlərimizə sadiqliyini, onların yadlardan qorunması üçün göstərdiyi hünəri tərənnüm edirdi...
O əsərdə təsvir olunmuş balaca baharların ağır zəhmətdən, nanəciblərin istismarından xilas edilməsi, onlara oxumaq, öz uşaqlıqlarını yaşamaq, cəmiyyət üçün normal bir vətəndaş kimi yetişmək üçün imkanların yaradılmasından ötrü ədəbiyyatın təsiredici gücünə tapınırdı.
Bu, Mir Cəlalın ədəbi missiyası idi...
***
Bahar kimi kimsəsiz körpələr də, onları müxtəlif məqsədlərlə istismar etmək istəyən kəmfürsətlər də yenə var.
İnsanların öz yurduna, keçmişinə sevgisindən yaratdığı "Yusif və Züleyxa” xalçası kimi mənəvi sərvətləri dəyər-dəyməzinə alıb, mədəni şəkildə qarət edib yad kolleksiyalara, uzaq muzeylərə daşıyıb aparmağa can atan mənəviyyat dəllalları da eləcə.
Amma indi həm də Mehriban xanım var - yazıçı babasının əsərlərindəki müsbət qəhrəmanların ümumiləşmiş obrazı!..
Onun gördüyü işlərin bir çox anlarında həmin əsərlərdəki bəşəri ideyaların reallığa çevrildiyinə şahid oluruq...
Mir Cəlal ata-ana qayğısından məhrum, bir loxma çörək üçün min bir əziyyətə qatlaşan bir Baharın ağır taleyi fonunda eyni əziyyəti çəkən yüzlərlə körpənin məşəqqətlərini diqqətə çatdırmışdı.
Bu gün o körpələr Mehriban xanım Əliyevanın himayəsi altındadırlar...
Azərbaycanın müxtəlif regionlarında tikilib-abadlaşdırılan körpələr evləri ilə, kimsəsiz gənclərin mənzillə, işlə təminatına göstərilən köməkliklərlə Mehriban xanım bu körpələrin, bu gənclərin taleyinə sahib çıxıb.
Onlara doğma bir ana kimi hayan olub.
Mir Cəlal Azərbaycan qadınının mətinliyini, mənəvi ucalığını müqtədir yazıçı qələmi ilə təsvir etmişdi. Bu torpaqlara aid milli-mənəvi irsin yadlara satılmazlığını hayqırmışdı.
Bu gün Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadını tarix boyu əldə etdiyi ən yüksək statusa yüksəlib...
O, indi UNESCO və ISESCO-nun sülhməramlı səfiri kimi təkcə Azərbaycanda deyil, bütün dünyada xalqların milli-mənəvi dəyərlərinin mühafizəsindədir. Bu dəyərlərin qloballaşma adı altında yadellilər tərəfindən yağmalanıb aparılmasına, məhv edilib sıradan çıxarılmasına qarşıdır.
***
Digər babası Nəsir İmanquliyev də onunla yaxından-uzaqdan ünsiyyəti olmuş, bu böyük insanın xeyirxahlıqlarından barınmış minlərlə insanın xatirələrində böyük bir mənəviyyat heykəli kimi ucalır...
XX əsr Azərbaycan jurnalistikasının ustadlarından idi. Təməlini qoyub bir igidin ömrü qədər rəhbərlik etdiyi "Bakı” və "Baku” qəzetləri milli mətbuatımızda zəngin ənənələr formalaşdırmışdı. Yüzlərlə gənc jurnalist üçün yaradıcılıq məktəbi rolunu oynamışdı. Onların arzularına bələdçilik etmişdi. Bu qəzetin məramı şəhərlərimizin səliqə-sahmanı qədər cəmiyyətimizin də mənəvi sağlamlığı, maarif işığının mümkün qədər geniş çevrədə yayılması, əsl jurnalistikanın tanrısı sayılan həqiqətin insan qəlbində hakimliyi idi.
Mehriban xanımın təşəbbüsü əsasında həyata keçirilən çoxsaylı sosial layihələr, onun əsl xanım əllərinin səliqəsi və zövqü ilə apardığı vətən abadlığı, insanlarımızın sosiallaşması, cəmiyyətimizin sivil inkişafı üçün yerinə yetirdiyi maarifləndirmə missiyası bir zamanlar Nəsir müəllimin "Bakı” və "Baku” qəzeti səhifələrində arzu etdiyi gələcəyin təsviridir.
***
Bu, həyatımızın təbii qanunauyğunluğudur ki, bir insan dünya haqqında təsəvvürlərin böyük qismini məhz Anadan əxz edir. Mehriban xanım Əliyevanın yerinə yetirdiyi tarixi missiyada da Ana şəxsiyyətindən gələn düşüncə işığını, zamana, insana, dünyamızın gələcəyinə onu həyata gətirmiş Ananın nəzərləri ilə aydın baxışı duyuruq.
Dünya şərqşünaslıq elminin görkəmli nümayəndələrindən olan Aida xanım İmanquliyeva öz elmi tədqiqatları ilə Azərbaycan hüdudlarından, bütövlükdə isə Şərq miqyasından çox-çox kənara çıxmışdı. O, yeni dövrdə bütöv bəşəriyyət miqyasında gedən proseslərin məğzini açıb göstərmişdi. Şərq-Qərb münasibətlərinin xarakterini və perspektivlərini təhlil etmişdi.
Bunun üçün də Avropada və Amerikada yaşayan, lakin ruhən şərqli olan və Şərqi bilən ərəb mühacirlərinin, ərəb-məhcər ədəbiyyatı təmsilçilərinin yaradıcılığına üz tutmuşdu. Onun tədqiqatları yeni mahiyyətli və yeni ünvanlı bir prosesin - Şərqdə təzə başlanmış milli və ümumbəşəri özünüdərk prosesinin öyrənilməsinə yönəlmişdi.
İndi, XXI əsrin zirvəsindən baxdıqca, sivilizasiyalar arasında toqquşma mövzusunda saysız-hesabsız kitabları vərəqlədikcə dünyada gedən qlobal proseslərin cizgiləri kifayət qədər aydın nəzərə çarpır. Məlum olur ki, dünyanın yeni nizamının formalaşması sivilizasiyaların qarşılıqlı əlaqəsinə də yeni münasibət tələb edir. XX əsrin 70-80-ci illərində isə bu yeni tendensiyanın mahiyyətini, üstün istiqamətlərini çox az adam görə bilirdi.
Belə mütəfəkkir şəxsiyyətlərdən biri də Azərbaycan alimi Aida xanım İmanquliyeva idi.
Aida xanım əslində öz zəmanəsini çox-çox qabaqlayaraq Azərbaycan gerçəkliyində Şərq və Qərbin vəhdəti ideyasını irəli sürmüşdü. Və onun elmi missiyasının davamı olaraq bu gün bu iki dünyagörüşünün vəhdəti naminə çalışmaq Mehriban xanımın fəaliyyətinin əsas qayəsini təşkil edir.
***
O, eyni vaxtda həm Qərb dünyagörüşünü əks etdirən UNESCO-nun, həm də Şərq dəyərlərinə bağlı ISESCO-nun xoşməramlı səfiri statusunu daşıyan yeganə şəxsiyyətdir.
Mehriban xanım Əliyevanın nəzərində sadəcə poeziyanın, fəlsəfi hikmətin, ruhaniliyin beşiyi kimi qalmaq indi daha Şərq üçün kifayət deyil. Şərq mütləq müasir elmi-texniki nailiyyətlərə yiyələnməlidir. Bunun yolu isə Qərblə inteqrasiyadan keçir. Lakin Şərq elm və texnologiyanı Qərbdən kor-koranə transfer etməklə bu sahədə böyük uğur qazana bilməz. Heç şübhəsiz, o, məhz özünəməxsus dəst-xəttini, üslubunu tapmalıdır.
Qərbin mədəni dəyərləri isə o zaman yerli zəmində kök sala və onu zənginləşdirə bilər ki, onlar Şərq ənənəsinə və milli xarakterə uyğun formalarda əxz edilsin. Ümumən Mehriban xanımın nəzərincə, bu iki dünya ümumbəşəri dəyərlərdə, insana sevgi, xeyirxahlıq, şəfqət, mərhəmət, tolerantlıq kimi munis hislərdə, cəmiyyətin maariflənməsi, savadlanması məramında bir araya gəlməlidir.
Və onun irəli sürdüyü təşəbbüslər, Azərbaycanın evsahibliyi etdiyi və Mehriban xanımın təşkilatçılığı ilə uğurla keçərək möhtəşəm mədəniyyət hadisələri olaraq tarixiləşən I Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi qlobal mədəniyyət tədbirləri, hər il Bakıda düzənlənən humanitar forumlar sayəsində ölkəmiz dünyanı belə bir ideyanın mümkünlüyünə inandırıb. Göstərib ki, əgər bu gün Azərbaycan Qərblə Şərq arasında dialoq məkanı, sülh və tolerantlıq ünvanı ola bilibsə, bu məkanın hüdudlarını bütün dünyaya doğru genişləndirib yaxın-uzaq ölkələrdəki mənasız qovğaları dayandırmaq, insanlar üçün indikindən daha gözəl bir dünya qurmaq mümkündür.
Və Mehriban xanım buna mane olan səbəbləri, ayrı-ayrı regionları, ümumilikdə isə dünyanı qovğalara sürükləyib qana çalxalayanları da hər zaman bəşəriyyətə nişan verib. İnsanlığı bu qara qüvvələrə qarşı birləşməyə, onların mənfur əməllərini dayandırmağa çağırıb.
Bütün çıxışlarında Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun - ərazimizin 20 faizinin işğal olunması, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırıb. Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb.
***
O, həyat və fəaliyyəti ilə milli elmimizə, təhsilimizə zəngin töhfələr vermiş bir KİŞİnin qızıdır. Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev elə bir elmi-ədəbi-pedaqoji mühitdə pərvəriş tapıb ki, tək bir Azərbaycan ziyalısını deyil, yetişdiyi böyük bir dövrün elmi təfəkkürünü, alim və vətəndaş şəxsiyyətinin ümumiləşmiş obrazını ləyaqətlə təmsil edir. Belə insanların işığı heç zaman öləzimir. Simalarında şəxsiyyət sözünün poetikası oxunur.
Azərbaycan gəncliyinin müasir bilik və bacarıqlara yiyələnməsi, qəliz texnologiyalardan peşəkarcasına baş çıxara bilməsi, getdikcə sürətlənən bilik və innovasiyalar axınında dünyadakı həmyaşıdlarından geri qalmaması Arif müəllimin həmişə böyük arzusu olub. Bundan ötrü çalışıb, yenə də buna çalışır.
İndi Mehriban xanım Əliyevanın Azərbaycanda elmin, təhsilin inkişafı üçün gördüyü böyük işlər, çağımızın ən dəyərli sərvəti olan insan kapitalının formalaşması istiqamətində reallaşdırdığı layihələr, həm də bu arzunun davamıdır.
***
Mehriban xanım daşıdığı bütün titullardan, yüksək ictimai-siyasi statuslarından əzəl bir Azərbaycan xanımıdır. Xalqımızın, dövlətimizin bugününə və gələcəyinə görə ağır məsuliyyəti ləyaqətlə daşıyan ömür-gün yoldaşına - Azərbaycan Respublikasının Prezidentinə hər zaman mənəvi dəstəkdir.
Övladlarının tərbiyəsi, sahib olduqları ali dəyərlərlə nümunə göstərən Anadır. Bütün dəyərli Azərbaycan xanımları kimi, ailə ocağının istisidir, bütövlüyüdür, doğmalığıdır...
Və burada söhbət həm də Azərbaycan boyda bir ailənin istisindən, bütövlüyündən, doğmalığından gedir...
Mehriban xanımın şəxsiyyətində Azərbaycan qadınına xas fədakarlıq var. Böyük dövlət adamlarının, yaradıcı şəxsiyyətlərin özünü ailə qayğıları, övladların tərbiyəsi, ictimai davranışları sarıdan rahat hiss edərək vaxtının əsas hissəsini idarəetmə işlərinə, yaradıcı fəaliyyətə həsr edə bilməsi, ağır iş gününün yorğunluğundan, gərginliklərindən sonra sevgi ilə əhatələnmiş xoş ailə mühitində rahatlıq tapa bilməsindən ötrü, gəlin razılaşaq, qadının üzərinə əlahiddə yük düşür.
Təsadüfi deyil ki, indiyə qədər tarixdə böyük izlər qoymuş bir çox görkəmli siyasi liderlərdən, alimlərdən, şair, yazıçı, bəstəkar və digər yaradıcı adamlardan söhbət düşərkən çox zaman onların adlarını xanımları ilə birgə çəkirlər. Çünki bu tarixi irsin formalaşmasında xanımların mənəvi dəstəyinin, fəaliyyətə, sənətə verdikləri qiymətin, motivasiya gücünün çox böyük rolu olub.
Mehriban xanımda da bu xüsusiyyətlər nənələri Püstə xanımdan, Gövhər xanımdan, anası Aida xanımdan, Heydər Əliyev ocağında əziz gəlini olduğu Zərifə xanım Əliyevadan gəlir. Onlar da məhz belə idilər. Öz ömür-gün yoldaşlarının böyüklüyünü dərk edirdilər. Öz ucalıqları, qayğıkeşlikləri ilə bu böyüklüyə daha bir dəyər bəxş edirdilər...
Mehriban xanım Əliyeva gözünü açandan Azərbaycan qadınını belə bir mərtəbədə görüb...
Azərbaycan qadınının öz iffəti ilə el-oba arasında ailə başçısının başını daim uca etməsinə şahid olub...
Və bu ucalığı indi özü onun şəxsiyyətindən görüb-götürən bütün gənc xanımlarımıza ötürür...
Bu da bir missiyadır...
Mehriban xanım tək öz bioloji övladlarının - Leylanın, Arzunun, Heydərin deyil, bütün Azərbaycan gəncliyinin mənəvi anasıdır...
Və gəncliyimizin ali dəyərlər mühitində vətənə layiq övladlar kimi yetişməsindən, uğurlu taleyə malik olmalarından ötrü bir ananın öz övladları üçün edəcəyi fədakarlıqları edir.
Onun xalqımıza, dövlətimizə, Prezidentimizə başucalığı, şərəf və şöhrət gətirən xanımlığına, genişmiqyaslı ictimai fəaliyyətinə ən layiqli və dəqiq qiymət isə Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur: "Mehriban mənim böyük dayağımdır ".
Dövlətimizin birinci şəxsinin bu sözlərində çox böyük və incə ailə, əxlaq və mənəvi dəyərlər toplusu var...
Bu nəzakətli, səmimi etirafda ulu öndər Heydər Əliyevlə Azərbaycan qadınlarının ən nəcib keyfiyyətlərini özündə birləşdirən Zərifə xanımın birgə ailə həyatının ən ülvi cizgiləri də aşkar nəzərə çarpır...
***
Mehriban Əliyeva şəxsiyyəti haqqında düşüncələrimizi qələmə almağa dövlətçilik təfəkkürü anlayışının şərhindən başladıq. O, həqiqətən çox yüksək dövlətçilik təfəkkürünə malik ictimai-siyasi xadimdir.
Dövlətçilik düşüncəsi ona ruhən ötürülmüş bir duyğudur...
Mehriban xanımın əsil-nəcabəti milli dövlətçiliyimizin şərəf səhifəsindən - Səfəvilər dövlətindən, bu dövlətin qurucuları Şeyx Səfinin, Şeyx Heydərin, Şah İsmayıl Xətainin uyuduğu Ərdəbil torpaqlarından gəlir...
Onun ulu babaları əsrlər boyu bütöv Azərbaycan dövlətinin xidmətində dayanan insanlar olub...
Və belə bir şəxsiyyətin əsrlərdən sonra müstəqil Azərbaycan dövlətinin Birinci vitse-prezidenti kimi ali məqamda təmsil olunması tarixin xoş bir lütfüdür...
Tarixiliklə müasirlik arasındakı mənəvi-ruhi bağlantıdır...
Bu mənada Mehriban xanım şəxsiyyəti bu şəxsiyyəti formalaşdıran dəyərlərlə bir arada milli dövlətçilik tariximizin bütün dövrlərinin ümumiləşmiş obrazıdır...
Bu obrazda "Kitabi-Dədə-Qorqud” dastanlarındakı igidlərin başının baxtı olan qadın qəhrəmanların əzəməti, bəşəri sevgisi də var...
Şərqin ilk diplomat qadını Sara xatunun siyasi səriştəsi də...
Səfəvilərin ruhu da, cümhuriyyət qurucularının qadına verdiyi hüquqlar da...
Siyasi ideologiyaların ən sərt vaxtlarında belə öz yaradıcılıqları ilə milli mənəviyyatımızın xidmətində durmuş sovet ziyalılarının susmayan vicdanı da...
Müstəqil Azərbaycan dövlətinin möhkəm təməllərini hələ ötən əsrin 70-ci illərində formalaşdırmış Heydər Əliyev şəxsiyyəti də, nəhayət Azərbaycan dövlətini bu şərəfli tarixdəki ən qüdrətli çağlarına yetirmiş İlham Əliyevlə birgə addımlamaq da...
***
Mehriban xanım Azərbaycan Prezidentinin dövlətçilik ideyalarından güc alır...
Dövlət rəhbərimizin vətənpərvərliyi, dövlətimizin maraqlarını sədaqətlə, iradə ilə, cəsarətlə qorumağı, xalqımızla sarsılmaz birliyi Onun üçün də parlaq bir nümunədir.
Bu nümunə Mehriban xanımın fəaliyyətini istiqamətləndirir. Ölkəmizdəki müsbət meyillərə, dəyişikliklərə, inkişafa, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına öz töhfələrini verməyə ruhlandırır və bunu bacarır.
"Mən əminəm ki, vəzifədən asılı olmayaraq insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır” - bu, Mehriban xanım Əliyevanın həyat amalıdır...
O, təmsil olunduğu bütün vəzifələrdə məhz bu amala tapınıb. İrəli sürdüyü layihələrlə insanlara fayda verməyə çalışıb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyət göstərdiyi on ildən artıq müddət ərzində o, millətə vəkilliyin, seçiciləri ilə daim bir arada olmağın, onların həyat və məişətinə, gündəlik problemlərinə yaxınlığın, sadə insanları qayğılandıran çətinlikləri həll etmək əzminin mükəmməl örnəyini yaratdı. Göstərdi ki, parlament üzvü kimi şərəfli statusu daşıyan insan seçicilərinin problemlərindən yayınıb yan keçməyəndə, əksinə, hər zaman onların yanında olanda, onlarla birgə çətinliklərin üzərinə gedəndə bütün problemlər həll olunasıdır.
Mehriban xanım Milli Məclisdə təmsil etdiyi Xəzər rayonu ərazisində 2005-ci ildən üzü bəri 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi tikdirdi, yaxud əsaslı təmir etdirdi. Bu müddətdə ərazidə 17 səhiyyə müəssisəsi, 10 idman obyekti, o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla 28 mədəniyyət obyekti, 7 məscid və ziyarətgah istifadəyə verildi. Rayonun qəsəbələrində əhalinin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırıldı, yeni su xətləri, yollar çəkildi.
Deputatlıq fəaliyyəti dövründə Mehriban xanım Əliyeva humanizm və ədalət ideallarına əsaslanaraq bir neçə dəfə Milli Məclis qarşısında amnistiya aktı təşəbbüsü ilə çıxış etdi. Bu aktların qəbulu nəticəsində cəmiyyətimiz üçün ciddi təhlükə törətməyən on minlərlə məhbus dünyanın ən munis mənəvi neməti olan azadlığa qovuşdu.
Mehriban xanım bu təşəbbüsləri ilə ideyalarını yaşatdığı Heydər Əliyevin humanizm ənənələrini davam etdirərək bir daha göstərdi ki, Azərbaycan dövləti hüquqi dövlətdir və onun əsas missiyası insanların hüquq və azadlıqlarını təmin etməkdir. Dövlətin məqsədi hər hansı cinayət əməli törətmiş vətəndaşı sadəcə cəzalandırmaq deyil. Həmin vətəndaşların islahına, öz yanlışlarından nəticə çıxarmasına, sosial həyata inteqrasiyasına nail olmaq, bir sözlə, humanizm dəyərinin gücü ilə o insanları yenidən cəmiyyətimizə qazandırmaqdır.
***
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da artıq 14 ildir ki, öz fəaliyyətini məhz humanizm prinsipləri əsasında qurub. Fond Azərbaycanda və ölkə hüdudlarından kənarda mükəmməl layihələr yerinə yetirir, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edir.
Heydər Əliyev Fondunun icra etdiyi infrastruktur layihələri yüz minlərlə vətəndaşımızın sosial qayğılarının həlli deməkdir. Fond 14 il ərzində bura üz tutmuş heç bir insanın probleminə, dərdinə biganə qalmayıb.
İnsanlarla ünsiyyətdə olmağı, onları dinləməyi və eşitməyi, köməyə ehtiyacı olana kömək etməyi, mənəvi dəstək verməyi Mehriban xanım Heydər Əliyev Fondunun hər bir əməkdaşı qarşısında birbaşa vəzifə kimi müəyyənləşdirib.
Mehriban xanım bunları dövlət qurumlarında çalışan bütün insanların da əsas borcu, vəzifəsi bilir, onları insanlar qarşısındakı inzibati, ən əsası isə mənəvi məsuliyyətlərini heç zaman unutmamağa çağırır: "Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar”.
Ümid yeri kimi ona üz tutmuş, ona etibar etmiş sadə insanlarla ünsiyyətinin formal yox, hər zaman səmimiliyi Mehriban xanımın uğur sirridir. O, əldə edilmiş bütün nailiyyətlərin sadə insanlarla birgə fəaliyyət nəticəsində həyata keçirildiyini bildirir.
Mehriban xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində də öz fəaliyyətini məhz bu prinsiplər əsasında qurub. Onun bu vəzifədə irəli sürdüyü və icrasına birbaşa rəhbərlik etdiyi layihələrin hər biri sosialyönümlüdür. Hər biri vətəndaşları narahat edən köklü problemlərin həllinə yönəlib.
Mehriban xanım Əliyeva da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi sözdən daha çox işi-gücü ilə, yaradıb ortaya qoyduğu parlaq nəticələrlə ölkəmizin və xalqımızın xidmətindədir...
***
"Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Mənə inanan hər bir insanı bu yüksək tribunadan əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildikdən sonra Milli Məclisin deputatı kimi fəaliyyətinə xitam verərkən Mehriban xanım Əliyevanın parlament tribunasından keçmiş həmkarlarına vida sözündə söylədiyi bu kəlmələr illərin bir-birini əvəzləməsinə rəğmən zahirən də, mənən də yenə gənc qalan bir şəxsiyyətin, insanlığa, saleh əməllərə həsr olunmuş bir ömrün manifestidir...
İndi bu şərəfli ömür daha bir zirvəyə ucalır.
Öz təbirincə desək, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət duyğularını bağışlamaqla Tanrı bir insana verə biləcəyi ən ali, ən gözəl xüsusiyyətləri Mehriban xanım Əliyevaya əta edib...
Bizsə arzu edirik ki, doğmaları ilə birgə uzun ömür, cansağlığı, Azərbaycanın xoş günlərinə doğru davamlı uğurlar da hər zaman onun nəsibi olsun...

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-publisist