26 Avqust 2018 05:08
235
SİYASƏT
A- A+

Əsl vətəndaşlıq mövqeyi ilə dövlətə və xalqa xidmət məramı

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın siyasi-ictimai fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünyada Azərbaycan qadınının müsbət obrazının formalaşmasında müstəsna rola malikdir. Mehriban Əliyeva sözün əsl mənasında Azərbaycan qadınının ləyaqət simvoludur. Onun təşəbbüsü ilə humanitar, elm və təhsil, sosial, idman, mədəniyyətlər və sivilizasiyalararası dialoq və digər istiqamətlərdə həyata keçirilən tədbirlər həm ölkədə, həm də onun hüdudlarından kənarda rəğbətlə qarşılanır. Ən əsası, bu tədbirlər dövlət siyasətinin daha böyük uğurlar qazanmasında mühüm rol oynayır. 

Mehriban Əliyeva üçün əziz olan bu tarixdə Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

 

Yüksək humanizm, xeyirxahlıq və nəciblik mücəssəməsi

 

Rafiq MƏMMƏDHƏSƏNOV,
Milli Məclisin deputatı:

- Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki ölkəmizdə, eləcə də dünyada yüksək ehtiram sahibi olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir. UNESCO və ISESCO-nun xoşməramlı səfirinin ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır.
Azərbaycanın bir xoşbəxtliyi də ondadır ki, ölkə Prezidentinin belə ömür-gün yoldaşı, dostu və silahdaşı, xalqının xeyirxahı, qayğıkeşi, anaların və körpələrin həmdəmi, himayədarı var. Tam məsuliyyətlə deyə bilərik ki, heç bir sahə onun diqqətindən kənarda qalmayıb. Onun rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Onun bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. Mehriban xanımın öz xalqının maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsidir. Azərbaycan qadını Mehriban Əliyeva ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür.
Ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil edir. Bu qəbildən olan insanlar üçün hər cür infrastruktura malik mənzillər tikilir, qəsəbələr salınır, yeni iş yerləri açılır və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq dövlət proqramları qəbul olunur. Bu xeyirxah missiya da Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Onun Birinci vitse-prezident təyin edildikdən sonra ilk görüşünü məcburi köçkünlərlə keçirməsi də həssas təbəqədən olan insanlara diqqət və qayğıdan xəbər verir.
Həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə məlum olduğu kimi, Mehriban xanım Əliyeva deputatlıq fəaliyyəti dövründə də ölkə həyatının elə bir sahəsi olmayıb ki, oradakı problemli məsələlər onun diqqətindən kənarda qalsın. Həmçinin bir sıra xarici ölkələrdə məktəb tikintisində və digər xeyirxah missiyalarda öz köməyini əsirgəmiş olsun. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən layihələr təhsil, səhiyyə, mədəniyyət və sosial sferaları, ekologiya, idman və sair sahələri əhatə edir. Onun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları sayəsində on minlərlə insan azadlığa qovuşub.
Bütün imkan və bacarığını insanların yüksək rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən Birinci vitse-prezident köməyə ehtiyacı olan insanlara hər an yardım etməyə hazır olub. Qarşıya qoyulan növbəti prioritet vəzifə isə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yüksəldilməsidir.
Xalq onu sevir və ona inanır. Elə buna görə də Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik ənənələri canlanıb. Birinci vitse-prezident insanlara xeyirxahlığa meyil, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb.
Onun valideyn qayğısından və himayəsindən məhrum olmuş uşaqlara sevgisi müasir Azərbaycan tarixində ayrıca sütunla yazılıb. “Uşaq evləri və internat məktəblərinin inkişafı” layihəsi Heydər Əliyev Fondunun fəaliyyətində önəmli yerlərdən birini tutur. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri neçə-neçə xəstə uşağa şəfa ilə bərabər ümid, inam da bəxş edib. Belə layihələrin sayı yetərincədir. Bu bir həqiqətdir ki, Mehriban Əliyeva uşaqlarla bağlı hər bir problemə həssas reaksiya verir, bu və ya digər xəstəlikdən əziyyət çəkən uşaqların xilası naminə mümkün olan hər şeyi edir, uşaqların doğmalarının əhatəsində sağlam yaşamaları üçün hər cür səy göstərir. Hazırda valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə almış uşaqlar qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə ab-havası yaradılıb.
Bu günlərdə xalımız müqəddəs Qurban bayramını qeyd etdi. Hər yerdə qurbanlar kəsildi, dualar oxundu. Birinci vitse-prezident bu baryamda da aztəminatlı ailələri unutmadı. Onun təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları paylanıldı. Qurban payları regionlar və Bakının rayonlarında ünvanlı sosial yardım alan 51.157 ailənin hər birinə çatdırıldı. Bu da bir daha təsdiq etdi ki, sosial-iqtisadi inkişafa yönəlik dövlət proqramlarına dəstək verən Heydər Əliyev Fondu aztəminatlı ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayır, müxtəlif bayramları və əlamətdar günləri onlarla birlikdə qeyd edir.
Mehriban xanım Əliyevanın “Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq ənənələri davam etdirməyə çalışırıq” sözləri xeyriyyəçiliyin fondun kredosuna çevrildiyini bir daha təsdiqləyir.
Ölkənin birinci xanımının mədəniyyətimizin inkişafı və təbliği işində əldə etdiyi böyük nəticələr Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda təbliği istiqamətindəki böyük xidmətlərinə görə Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif etməsi deyilənləri bir daha təsdiqləyir.
Bir sözlə, Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsinə sübut və bütün xanımlarımız üçün örnəkdir. Onun fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayır. Azərbaycanın birinci xanımı fədakarlığı, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı ilə qadınlarımızın haqq işinin önündə getməyə və ən böyük mükafat olan ümumxalq sevgisinə layiq olduğunu sübut edir.

 

 

Azərbaycan qadını Mehriban Əliyevanın timsalında ictimai-siyasi həyatdakı rolunu təsdiq edir

 

Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı:

- Tariximizin bütün dövrlərində qadınlar xalqımızın siyasi-ictimai həyatında fəal rol oynayıblar. Bu gün də Azərbaycan qadını ana olmaqla yanaşı, siyasətçi, iş adamı, dövlət məmuru və deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.
Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası daha aydın görünür. Görünən həm də odur ki, ötən ilin fevral ayında Prezident İlham Əliyevin sərəncamı ilə bu ali vəzifəyə təyin olunan Mehriban Əliyeva tarixin, zamanın, dövlətimizin onun üzərinə qoyduğu bu məsul vəzifəni də çox böyük ləyaqətlə, yüksək nailiyyətlərlə həyata keçirir.
Ümumiyyətlə, insanlar Mehriban Əliyevadan indiyədək təmsil olunduğu bütün statuslarda yalnız belə fəaliyyət, xalqa, vətənə layiqli xidmət məramı görüblər. Mehriban Əliyevanın fəaliyyətindən söz açarkən onun ilk olaraq göz önünə gələn yüksək xarakterindən biri insanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti, ehtiyacı olanlara əl tutması, xeyriyyəçiliyidir. Belə ki, bunlar xalqımızın milli-mənəvi və mental-əxlaqi dəyərlər sisteminin əsas tərkib hissəsini təşkil edir. Mehriban xanım hər zaman öz səylərini əhalinin zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsinə yönəldir. Xalqımızın genetik fondunun qorunub saxlanması problemlərinə cəmiyyətin diqqətini cəlb etməyi özünün vətəndaşlıq borcu hesab edir, buna görə talassemiya və diabet xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsinə yönəlmiş müxtəlif proqramların həyata keçirilməsini dəstəkləyir. Təsadüfi deyil ki, 2004-cü ildə yaranan və Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xeyirxahlıq ünvanı kimi tanınır. Dahi liderin irsinin təbliği və öyrənilməsi ilə yanaşı, bu fond xeyriyyəçiliyi, uşaqlara kömək etməyi, müxtəlif humanitar aksiyalar keçirməyi öz fəaliyyətinin prioritet istiqamətlərindən hesab edir.
Heydər Əliyev ideyaları ilə silahlanmış, hər zaman peşəkarlığı, işgüzarlığı və prinsipiallığı ilə seçilən Mehriban Əliyevanı xarakterizə edən digər mühüm göstəricilərdən biri milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verməsidir. İstər Heydər Əliyev Fondunun prezidenti, istər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi fəaliyyətinin təhlili göstərir ki, milli mədəniyyətimizin qorunması və dünyada təbliği Mehriban Əliyevanın xalqa xidmət missiyasının əsas istiqamətlərindəndir. Belə ki, bunlar son nəticədə nəcib məqsədə - Azərbaycanın dünyada tanıdılmasına xidmət edir. Ötən illər ərzində neçə-neçə tarixi-mədəniyyət abidələrinin yenidən qurulması, muğam musiqi müsabiqələrinin və dünya şöhrətli musiqiçilərin yubileylərinə həsr edilmiş beynəlxalq festivalların keçirilməsi, xarici ölkələrdə müxtəlif sərgilərin təşkili bu ali məramın intişarına yönəlib.
2005, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilən Mehriban xanım Əliyevanın deputatlıq fəaliyyəti də parlament tariximizin şərəfli bir səhifəsidir. Seçicilərə diqqət və qayğısı, təmsil etdiyi ərazilərin sosial problemlərinin həlli yönündə gördüyü misilsiz işlərlə əsl millət vəkilliyinin nümunəsini yaradan Mehriban xanım Milli Məclisin müzakirəsinə təqdim etdiyi layihələrlə qanunvericiliyimizin təkmilləşməsinə böyük töhfələr verib. Cəmiyyət üçün ciddi təhlükə törətməyən minlərlə insanın onun təşəbbüskarı olduğu amnistiya aktı layihələri əsasında məhbəsdən azadlığa çıxması Mehriban xanımın deputatlıq fəaliyyətinin xoş bir məqamı kimi hər zaman böyük rəğbətlə xatırlanacaq.
İctimai-siyasi vəzifələrlə yanaşı, Mehriban Əliyeva həm də Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Öz fəaliyyəti ilə partiyanın möhkəmlənməsi, sıralarının artması üçün çox böyük əmək sərf edir. Təbii ki, Mehriban Əliyevanın fəaliyyəti bununla bitmir. Azərbaycanda səhiyyənin, təhsilin, məktəbəqədər təhsilin inkişafında onun gördüyü işlər ölçüyəgəlməz qədər çoxşaxəli və misilsizdir.
Mehriban Əliyeva ona həvalə edilən bütün vəzifələri uğurla yerinə yetirərək Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmət edib. “Eurovision” Mahnı Müsabiqəsində, I Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında onun rəhbərlik etdiyi Təşkilat Komitəsi ən yüksək təşkilatçılıq nümunəsini ortaya qoyub.
O, bütün cəhətləri ilə xalq adamıdır, vətəndaşlarımızın birmənalı dəstəyini qazanmış dövlət xadimidir, ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması xalqın ürəyindən xəbər verən uğurlu bir addımdır. Bu sətirləri yaza-yaza Mehriban xanım Əliyevanın Milli Məclisdəki son çıxışını xatırlayıram: “Mən yeni vəzifəyə təyin olunduqdan sonra öhdəmə düşən məsuliyyəti çox yaxşı dərk edirəm və əlbəttə, həyəcan da keçirirəm. Lakin mən gələcəyə böyük nikbinliklə baxıram. Çünki mənim sizin kimi həmkarlarım, məni dəstəkləyən soydaşlarımız var və ölkəmizin
İlham Əliyev kimi bacarıqlı, cəsarətli, zəkalı, eyni zamanda ən yüksək insani keyfiyyətlərə malik olan Prezidenti var. Biz birgə əyilməz bir gücük. Əminəm ki, Azərbaycanın gələcək inkişafı üçün əlimizdən gələni bundan sonra da tam gücümüzlə birlikdə, bir komanda kimi həyata keçirəcəyik”.
Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi öz vəzifəsinin icrasına məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasından, 2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsindən başlaması onun əsl vətəndaşlıq missiyasından, xüsusən sosial məsələlərə olan həssas münasibətindən xəbər verir.
Vətənə məhz bu cür layiqli xidmət missiyası nəticəsində Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin olundu. Bu gün o, ali icra hakimiyyəti orqanında yüksək vəzifə daşıyıcısıdır. Beləliklə, Azərbaycan qadınlarının tarix boyu əldə etdikləri uğurları öz çoxşaxəli fəaliyyəti ilə daha da zənginləşdirən Mehriban Əliyeva öz yeni missiyası ilə Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi və dövlət həyatında nəyə qadir olduğunu sübut edir.

 

Qaranlıq günlərə açılan səhərlərin şəfəqlərini nurlandıran insan

 

Sona ƏLİYEVA,
Milli Məclisin deputatı:

- Ulu Tanrının yaratdığı hər varlıq bu dünyaya bir alın yazısı ilə gəlir. Ömür payında bəzən bir, bəzən bir neçə taleyin yükünü daşımalı olursan. Milyonların ömür yoluna işıq saçmağı bacardınsa, artıq seçilmiş olursan.
Nə yaxşı ki, zaman-zaman seçilmişlərdən bizim xalqın da payına düşüb. Bu qismət Tanrı mükafatı sayılır. Yaradanın mükafatı olan bir insan haqqında danışacağıq. Onun özəl gününə özəl fikir söyləmək çox çətindir, amma bu, şərəf verir.
Xalqın bütün nümayəndələrinə şərəf yaşatmağı bacaran seçilmişin adı Mehriban xanımdır - Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva.
Yaxşı ana, yaxşı həyat yoldaşı, yaxşı övlad olmaq asan deyil. Bir xalqın timsalında milyonlarla insanın sevgisini qazanmaq, mərhəmətli, xeyirxah olmaq, ümid aşılamaq, qayğıkeş davranmaq, təhsilin, elmin, idmanın, tibbin, mədəniyyətin hamisi kimi davranmaq, maddi və mənəvi dəyərlərin mühafizəkarı rolunda çıxış etmək, dünyada sülhün və tolerantlığın təbliğatçısı, elçisi adını qazanmaq bir qadın ömrünün zərif çiyinlərinin tab gətirə biləcəyi ağırlıqdan çox ağırdır. Məhz seçilmiş bir şəxs bu ağırlığı özünün saf qəlbi ilə işıqlı gələcəyə daşıya bilər. Mehriban xanım Əliyevanın misilsiz səviyyədə qazandığı sevgi və rəğbətin sirri də bundadır.
Mehriban xanımın dünyada ölkəmizin müsbət imicinin formalaşmasında gördüyü işlər, müxtəlif sahələrlə bağlı həyata keçirdiyi layihələr, proqramlar və onların nəticələri göz qabağındadır. Danışmaqla qurtarmaz, yazmaqla bitməz...
Mən isə öz həyatımda rastlaşdığım kiçik bir epizodu sizə xatırlatmaq istəyirəm. Uzun illər qabaq bir qadın mənə yaxınlaşmışdı. Tək ailə başçısı olduğunu, himayəsində iki azyaşlını çətinliklə böyütdüyünü bildirmişdi və qızının hər iki ayağında əyrilik olduğundan məktəbə getmədiyini demişdi. Ardından utana-utana belə söyləmişdi: “Qızımın ciddi ortopedik əməliyyata ehtiyacı var”.
O danışırdı, mən dinləyirdim, amma gözlərimin qarşısından Mehriban xanımın siması çəkilmirdi. Mehriban xanımın, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xeyirxahlığı barədə çox oxumuşdum. Qadın hönkürür, mənimsə gözlərimdə işıq parıldayırdı. Arada diksindim də, birdən bu işıq qadını çaşdırar, ona biganə olduğumu zənn edər. Cəld qadının boynunu qucaqlayıb “Allah böyükdür, darıxma” dedim.
“Ay bala...” Qadının nə demək istədiyini anlamışdım. İnamı itən adamlarla yaxın təmaslarım olmasa da, kitablardakı obrazlardan tanıyırdım. İnsanlarla münasibətdə onlara daha çox ümidlərini itirməməyi tövsiyə edirəm. Ümidin itməsi ölümün başlanğıcıdır, ona görə kimsənin bu faciəyə aparan yolda irəliləməsinə imkan verməmişəm heç zaman. Bax kitablardakı bədbəxt insan obrazının canlanması yaşanacaqdır, əgər qadına “ay bala...” kəlməsini sona çatdırmağa imkan versəydim.
Heydər Əliyev Fondu “ay bala” deyən dillərin sahiblərinin ərk qapısı olub və bundan sonra da olacaq. Ona dedim, sənin Mehriban xanımın var. Sanki yuxudan ayıldı... Yox, yox, o bu barədə düşünmüşdü, sadəcə xarakterinə uyğun olan utancaqlığına bürünmüşdü. Məndən eşitdiyi ad sanki qadını silkələdi. Onun gözlərindəki yaşa qarışmış gülüşü, məncə, Van Qoq da çəkə bilməzdi.
Aylar sonra qadınla rastlaşdıq. Övladının necə olduğunu soruşdum. Qadın Mehriban xanım Əliyevaya məktub yazdıqdan sonra onunla əlaqə saxladığını və qızının hər iki ayağından əməliyyat olunduğunu, səhhətinin yaxşılaşdığını söylədi...
Minlərlə belə hadisə sadalamaq olar. Elədiyi, amma demədiyi yaxşılıqlar var ki, bu hadisələrə filmlər həsr etmək olar. Mehriban xanım Birinci vitse-prezident təyin olunandan sonra mətbuatda oxudum ki, Heydər Əliyev Fondu böyrək çatışmazlığından əziyyət çəkən neçə-neçə insanın tam şəfa tapmasına nail olub.
“Bir əlin verdiyini o biri əl bilməsin”. Mənəviyyat adamları xeyirxahlıqlarını bu deyimə qurban edənlərdir. Mehriban xanım könüllərdə taxt qurub, insanların ümid mənbəyinə çevrilib, dərin ehtiram və hörmət qazanıb.
Heç istəməz ki, onun barəsində tərifli sözlər yazılsın. Bir Allah var, bir insan. Göydə O bilir, yerdə insan sağalır. İki varlığın birləşdirici missiyası rolunu şərəflə daşımaq isə Mehriban xanımın yaşam prinsipidir.
Mehriban xanımı ifadə etmək, ona dəyər vermək üçün gözəl sözlər yazmaq, gördüyü misilsiz işləri, aldığı medalları, qazandığı ordenləri, dünyanın ən yüksək reytinqli təşkilatlarının təltiflərini saymaq azdır. Mehriban xanım özünəməxsus yüksək intellekti və mədəni dəyərləri ilə ən dəyərli olanı qazanıb - insanların və xalqının sevgisini.
XXI əsrin ilk yüzilliyində adını tarixə yazdıran, xalqın dilində və ürəyində əbədi olaraq sevgiylə, ehtiramla yaşayacaq əsl Azərbaycan qadını, gözəl və qayğıkeş ana, fədakar həyat yoldaşı, sevimli övlad, mərdliyin, ədalətin, xeyirxahlığın, mərhəmətin, sülhün, zərifliyin müasir simvolu Mehriban xanım. Tanrı Sizi qorusun, qorusun ki, insanlıq yaşasın, yaxşı əməlləriniz qaranlıq günlərə açılan səhərlərin şəfəqlərini nurlandırsın.

“AZƏRBAYCAN”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video