26 Avqust 2018 05:08
552
Mədəniyyət
A- A+

Heydər Əliyev Fondu - mərhəmət ünvanı, güvənc yeri

 

Fəaliyyətdə olduğu son 14 il ərzində Heydər Əliyev Fondu saysız-hesabsız uğurlara nail olmuş, təhsil, səhiyyə və digər sahələrdə ciddi islahatların aparılmasına öz töhfəsini vermişdir. Fond ölkəmizin dünyada təbliği və milli-mənəvi dəyərlərimizin tanıdılması istiqamətində müasir Azərbaycanın tarixinə yeni şərəfli səhifələr yazmışdır.

Azərbaycanda qədimdən böyük ənənələri və tarixi olan xeyriyyəçilik missiyasının dirçəldilməsi və yaşadılması Heydər Əliyev Fondunun ana xəttini təşkil edir. Bu hərəkatın önündə fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dayanır. Qarşıya qoyulan bütün layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyeva insanlara qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə böyük rəğbət qazanıb. Fondun qarşısına qoyduğu məqsədlər, həyata keçirdiyi tədbirlər miqyası ilə fərqlənir. Belə ki, cəmiyyəti narahat edən, Azərbaycan vətəndaşlarının həyatı, sağlamlığı, təhsili ilə bağlı olan bütün sahələrə xüsusi diqqət göstərilir. Məqsədlər o qədər aydın və alidir ki, Heydər Əliyev Fondu yardıma ehtiyac duyan hər bir kəsin ümid yerinə çevrilib. Azərbaycanda alternativi olmayan bu fond xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də ulu öndərin dövlətçilik kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaların, fərman və sərəncamların reallaşmasına dəstək verir.
Təhsilə yardımı çox vacib hesab edən fond ictimaiyyətin diqqətini müasir dünyada hər bir ailənin, hər bir gəncin inkişafının əsasında dayanan təhsilə yönəldir. Bu, neçə illərdir “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsində daha geniş əksini tapıb. Respublikamızın pedaqoji işçiləri və ekspertləri bildirirlər ki, Mehriban Əliyevanın təşəbbüsü ilə əvvəlcə bu sahədəki real vəziyyət hərtərəfli araşdırıldıqdan sonra ölkəmizdə müasir tipli məktəblərin tikintisinə başlanılıb, bəzilərinin cari və əsaslı təmirinə start verilib. Sevindirici haldır ki, bu gün pespublikamızın nəinki Bakı, Naxçıvan, Sumqayıt, Gəncə kimi iri şəhərlərində, eləcə də bölgələrdə dünya standartlarına cavab verən onlarca orta ümumtəhsil məktəbi inşa edilib. Rəqəmlərin dili ilə desək, fondun xətti ilə inşa olunan orta məktəblərin sayı bu gün 500-dən yuxarıdır. 2016-cı ilin aprelində işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmış müasir tipli orta məktəb binası, uşaq bağçası və körpələr evi bu ərazinin ən seçilən tikintilərindən hesab olunur.
Fond məktəbəqədər təhsil müəssisələri ilə bağlı mühüm addımlar atıb, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını irəli sürüb. Proqramın icrası çərçivəsində bölgələrin ən ucqar kəndlərində belə modul tipli məktəblərin tikintisi geniş vüsət alıb. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı Heydər Əliyev Fonduna ictimaiyyət arasında böyük rəğbət qazandırıb. Proqram çərçivəsində son illər ölkə üzrə 50-dən çox uşaq müəssisəsi əsaslı təmir edilib və avadanlıqla təchiz olunub. Uşaq evlərində tərbiyə alan və 18 yaşı tamam olmuş qızlar üçün Azərbaycanın birinci xanımının təşəbbüsü ilə paytaxtın Nizami rayonunda 50 mənzillik bina inşa edilib. Bundan bir qədər sonra eyni məqsəd üçün 68 mənzilli daha bir yaşayış binası tikilib uşaq evlərində tərbiyə alan gənclərin ixtiyarına verilmişdir. Fond bu gənclərin təhsil almalarını və işlə təmin olunmalarını da diqqətdə saxlayır.
“Təhsilə dəstək” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Bakıda yəhudi uşaqlar üçün yaradılan 450 şagird yerlik “Xabad-Or-Avner” təhsil mərkəzi, eləcə də Fransız liseyi respublikamızın hüdudlarından kənarda da xalqımıza və dövlətimizə böyük rəğbət qazandırıb. Heydər Əliyev Fondu Fransada Luvr Muzeyində aparılan bərpa işlərinə dəstək olmaqla Parisdə 1669-cu ildə Fransa Kralı XIV Lüdovikin hakimiyyəti dövründə əsası qoyulmuş Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsinin açılmasına nail olmuşdur. Bununla da Heydər Əliyev Fondu ənənəsinə sadiq qalaraq ulu öndərin ideallarını yaşadaraq ümumbəşəri dəyərlərə öz töhfəsini verir və bu proses davam etməkdədir.
Son illər Heydər Əliyev Fondu ölkədə səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətinə də güclü dəstək vermişdir. Paytaxtda və bölgələrdə tikilən çoxsaylı səhiyyə ocaqları ilə yanaşı, fond cəmiyyəti narahat edən bir çox problemlərin həllinə yardım etmiş, diabetli uşaqlara hərtərəfli qayğı göstərilmiş, “Talassemiyasız həyat naminə” layihələrinin icrasının yüksək səviyyədə həyata keçrilməsinə nail olunmuşdur. Bakıda fondun təşəbbüsü ilə tikilən müasir Talassemiya Mərkəzi bu gün neçə-neçə xəstəyə lazımi səviyyədə xidmət göstərməkdədir. Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində inşa olunmuş Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi də bu tipli xəstələrin müalicəsində, tezliklə sağlam həyata qayıtmalarında əlindən gələni əsirgəmir.
Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində son illər daha böyük işlər görülmüşdür. Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması çoxsaylı misallara bariz nümunədir. Fondun ötən illərdə milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi uğurlu layihələrdən biri də “Qarabağ xanəndələri” albomu olmuşdur. UNESCO xətti ilə hazırlanmış alboma belə bir adın seçilməsi Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya nümayiş etdirmək istəyindən irəli gəlmişdir.
Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, habelə işğal nəticəsində tarixi torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının beynəlxalq miqyasda qorunması məsələləri fondun fəaliyyətində xüsusi yer tutur. Beynəlxalq ictimaiyyətə ünvanlanan, ingilis dilində nəşr edilən, xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılan “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Bu topluların elektron variantları Avropa dövlətlərində keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış siyasi-ictimai xadimlərə paylanmışdır.
Heydər Əliyev Fondu fəaliyyətində həm də ümumbəşəri dəyərləri uca tutmaqla beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilmiş, fəaliyyəti ilə müxtəlif ölkələrin ictimai, elmi, mədəni həyatında fəal iştirak imkanları əldə etmişdir. Fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu qurumların dünyada savadsızlığın aradan qaldırılmasına, gender bərabərliyinə, milli-mədəni müxtəlifliyin, habelə uşaq hüquqlarının qorunmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına həsr olunmuş tədbirlərinin məhz Bakı şəhərində keçirilməsi buna əyani sübutdur. Fondun prezidenti Mehriban Əliyeva həm də Azərbaycan mədəniyyətinin təbliği və inkişafı istiqamətində həyata keçirilən nəhəng layihələrin müəllifidir. Məhz onun xidmətləri sayəsində muğam sənəti UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir. Bu siyahıda İçərişəhər Tarix-Memarlıq Kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Azərbaycan xalçaları, milli aşıq sənəti, həmçinin Novruz bayramı da yer tutmuşdur. Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa olunmuş, “Qarabağ xanəndələri” musiqi albomu nəşr edilmiş, muğam televiziya müsabiqələri keçirilmişdir.
Heydər Əliyev Fondu həm də Azərbaycanın müstəqilliyinin 28-ci ildönümü münasibətilə ölkəmizdə və xaricdə həyata keçirilən bir çox layihələrin müəllifidir. Bu münasibətlə fondun Parisdə, Moskvada, Berlində, Romada, Vatikanda, Macarıstanda, qardaş Türkiyədə, qonşu Gürcüstanda və digər ölkələrdə təşkil etdiyi tədbirlər ölkəmizin təbliğində mühüm rol oynayıb. Azərbaycan Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşüb. Xarici ölkələrdə yaradılan Azərbaycan mədəniyyət evlərində və mərkəzlərində, xüsusilə Fransanın paytaxtı Parisdə, daha sonra isə Vyanada Azərbaycan mədəniyyət mərkəzlərində son illər mədəni-kütləvi tədbirlərin, sərgilərin, Azərbaycan mədəniyyəti günlərinin, habelə Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənə ilə qeyd olunması, eləcə də 1918-ci ildə azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi geniş vüsət alıb. Fondun Rusiya, Rumıniya, Türkiyə, ABŞ və digər ölkələrdəki nümayəndəlikləri bu gün fəallıqları ilə seçilir. Bu sırada fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya nümayəndəliyi və onun həyata keçirdiyi layihələr, habelə “Xocalıya ədalət!” kampaniyası son illər xüsusi əhəmiyyəti ilə diqqət çəkir.
Tarixi keçmişimizə, xalqımızın qan yaddaşına həssas münasibətilə seçilən Heydər Əliyev Fondu Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasında və 1918-ci ildə erməni daşnaklarının Şamaxıda törətdikləri mart qırğınları zamanı yandırılan Şamaxı Cümə məscidinin əsaslı bərpasında yaxından iştirak etmişdir. Nəinki ölkəmizdə, habelə xaricdə mədəni-dini abidələrin bərpasını əsas fəaliyyət prioritetlərindən biri hesab edən fondun təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində Kafedral kilsəsi, Parisdə Versal sarayının parkındakı abidələr, İtaliyanın paytaxtı Romadakı Müqəddəs Pietro və Marçellinio sərdabası bərpa edilib. Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verilib. Bu gün bütün dünya musiqiçilərini bir araya gətirən Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarla qlobal və mükəmməl layihələrə imza atılıb.
Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunmasına yönəlmiş fəaliyyəti cəmiyyətdə böyük rəğbət doğurmuşdur. Tolerantlıq mühitinin qorunub saxlanması fondun dəstəyi ilə keçirilən beynəlxalq konfranslarda da əksini tapmışdır. İnsan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi dəstək verən Heydər Əliyev Fondu azadlıqdan məhrum edilmiş insanların yenidən fəal həyata, ailələrinə qayıtması üçün hər il ölkəmizdə əfv və amnistiya təşəbbüsünə dəstək olur. Fondun dəstəyi və təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün Bakıda və bölgələrdə yeni çoxmərtəbəli binalar tikilmiş və bu kateqoriyadan olan insanlara paylanmışdır. Proses bu gün də davam etdirilir. Avqustun əvvəllərində Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələrinin, Çernobıl əlillərinin və şəhid ailələrinin yeni mənzillər və avtomobillərlə təmin olunmasında Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkə rəhbərinin cari il avqustun əvvəllərində imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamının yüksək səviyyədə icrası çərçivəsində bu kateqoriyadan olan insanlara lazımi qayğı göstərməyi gündəmdə saxlayır. Xatırladaq ki, adı qeyd olunan sərəncama əsasən bu il şəhid ailələri və əlillərə 500-dən çox mənzil verilməsi nəzərdə tutulur. İctimai həyatın ən müxtəlif sahələrində fundamental layihələr həyata keçirən fond çalışır ki, çoxşaxəli fəaliyyətində hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək olsun.

Rəhman SALMANLI,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video