Alternative content

19:44 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şamaxıda “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışı olub
Şamaxıda “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışı olub
ANA SƏHİFƏ / Səfərlər
12:08 26.08.2018

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfər çərçivəsində Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında iştirak ediblər.

Azərbaycanda həyata keçirilən məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın sürətli inkişafı ölkədə işgüzar fəallığın yüksəldilməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dinamik inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri öz uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani ifadəsidir.

Şamaxıda vaxtilə üzümçülük böyük şöhrət qazanmışdı. Ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Sonradan Sovet İttifaqının dağılması, 90-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, baxımsızlıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyü də demək olar ki, sıradan çıxarmışdı. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu dövlət proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. İri aqrar rayonlardan olan Şamaxıda kənd təsərrüfatının bu sahəsinə xüsusi önəm verilir. Bu istiqamətdə “Şirvan şərabları” MMC-nin gördüyü işlər təqdirəlayiqdir.

AZƏRTAC xəbər verir ki, “Şirvan şərabları” MMC-nin icraçı direktoru Ceyhun Soltanov dövlətimizin başçısına və xanımına kompleks barədə məlumat verdi. Bildirildi ki, üzümçülük və şərabçılıq kompleksinin ümumi sahəsi 310 hektardır. Kompleksin ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu müasir texnologiya ilə inşa edilib və Fransanın “Pera” şirkətinin avadanlıqları ilə təchiz olunub. Müəssisənin hədəfi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır. Həmçinin regionun turizm potensialını da nəzərə alaraq kompleksə turist turlarının təşkil olunması və nəticədə ölkəmizdə şərabçılıq turizminə töhfə vermək də müəssisənin qarşıya qoyduğu məqsədlərdəndir. Bu məqsədlə ərazidə şərab muzeyi və restoran binası, terras istifadəyə verilib, qonaqlar üçün avtodayanacaq və qonaq evi tikilib. Uşaqlar üçün əyləncə zonası da yaradılıb. Kompleksin girişində yük və minik avtomobilləri üçün nəzarət-buraxılış məntəqələri var. Ərazidə anqar binası, texnikalar üçün avtoyuma və yanacaqdoldurma məntəqəsi, mağaza və zavodun maşınları üçün avtodayanacaq tikilib. Çayın üzərində minik maşınları və piyadalar üçün körpü inşa olunub. Əraziyə uzaq məsafədən su, işıq, qaz xətləri çəkilib, yağış sularının axıdılması üçün xüsusi borular və avtomat suvarma sistemləri, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb. Zavodun işçi heyəti üçün ofis, yeməkxana və yataqxana binası inşa olunub.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə üzümçülüyün inkişafına xüsusi diqqət göstərilirdi. Bunun nəticəsi idi ki, 1984-cü ildə respublika büdcəsi gəlirlərinin 40 faizə yaxını üzümçülük və şərabçılığın hesabına təmin edilirdi. Həmin dövrdə 254 min hektar üzüm bağlarından 2 milyon 164 min ton məhsul yığılmışdı. Bu, SSRİ-də istehsal olunan üzümün 30 faizinə bərabər idi. Həmin dövrdə Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. 26 min hektar üzüm plantasiyası olan rayonda ildə orta hesabla 240 min tondan çox üzüm toplanırdı.

Müəssisənin istehsal prosesi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, Şamaxıda üzümçülüyün inkişafına yenə xüsusi diqqət göstərilir. 2014-cü ildə üzüm bağlarının salınması və arqonik bioşərab istehsalı məqsədilə yaradılan “Şirvan şərabları” MMC-nin fəaliyyəti bu sahədə diqqəti cəlb edir.

Fransız texnoloq Jan Montane bildirdi ki, 2015-ci ildə 40 hektar sahədə fransız sortlarından ibarət 100 min ting əkilməklə ilk üzüm bağı salınıb. Bir il sonra - 2016-cı ildə daha 40 hektar sahədə Azərbaycan, gürcü və fransız sortlarından ibarət 100 min ting əkilib. İlk məhsul ötən il götürülüb. 233 min 379 ton üzüm yığılıb, bu məhsuldan 142 min 900 litr üzüm şirəsi sıxılıb və “Meysəri” markası ilə “Sədəf”, “Mərcan” və “Məxməri” adlı şərablar istehsal olunub.

Bildirildi ki, 2017-ci ildə 40 hektardan çox, bu il isə 35 hektardan çox sahədə növbəti üzüm bağları salınıb. Gələn il daha 44 hektar sahədə yeni bağların salınması və üzüm sahələrinin 200 hektara çatdırılması nəzərdə tutulub. Üzümlüklərin 40 faizini ağ, 60 faizini isə qırmızı üzüm sortları təşkil edəcək. Hazırda müəssisədə Meysəri kəndi və ətraf ərazilərin sakinlərindən 200-dək insan işlə təmin olunub. Onu da deyək ki, kompleksin ərazisində yaşıllıq zolağı salınıb, 1000-dən çox müxtəlif növ ağac və kollar əkilib, süni göl yaradılıb. Müəssisəyə məxsus, üzüm əkini üçün relyef baxımından əlverişsiz olan 34 hektardan çox sahədə müxtəlif meyvə ağacları əkilib.

Sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdü.

Dövlətimizin başçısı kollektivin üzvlərini salamlayaraq dedi:

- Şadam ki, Şamaxı rayonunda üzümçülük geniş vüsət alıb. Gözəl üzüm bağları salınıb, vətəndaşlar işlə təmin olunub. Yəni, ölkəmizdə kənd təsərrüfatı ilə bağlı aparılan siyasət, bax, bu yeni salınan üzüm bağlarında özünü göstərir. Bu, məni çox sevindirir. Çünki Şamaxı rayonu ənənəvi üzümçülük diyarıdır. Burada üzümçülüyün çox böyük ənənələri var. Sovet dövründə də ulu öndər Heydər Əliyev dəfələrlə Şamaxı rayonunda olmuşdur, üzümçülüklə bağlı lazımi tapşırıqlar, göstərişlər vermişdir. O vaxt Azərbaycanda iki milyon ton üzüm yığılırdı. Ondan sonra əfsuslar olsun ki, üzüm bağları qırıldı və üzümçülüyü biz demək olar, itirirdik. İndi isə bərpa edirik. Bu, Şamaxı rayonunda birinci üzüm təsərrüfatı deyil. Keçən il mən Şamaxıda olarkən böyük üzüm bağlarında aparılan işlərlə tanış olmuşam. Bu gün şərab zavodunun fəaliyyətə başlaması, üzüm bağlarının salınması, əlbəttə ki, çox əlamətdar hadisədir.

Azərbaycanda üzümçülüyün çox gözəl gələcəyi var. Şamaxı rayonu Azərbaycanda üzümçülük mərkəzi olmalıdır. Necə ki, ta qədim zamanlardan belə olub, indi biz Şamaxının üzümçülük şöhrətini bərpa edirik.

Çox gözəl şərab zavodu istifadəyə verilib. Fransız texnologiyaları ilə işləyən zavoddur. Burada ən müasir avadanlıq quraşdırılıb, burada istehsal olunan ixracyönümlü şərablar Azərbaycanın ixrac potensialını artıracaq. Biz indi müxtəlif ölkələrdə Azərbaycan şərab evlərini yaradırıq. Burada istehsal olunan şərablar ölkəmizə xeyir gətirəcək.

Üzümçülük əmək tutumlu kənd təsərrüfatı sahəsidir. Mənə verilən məlumata görə, burada 300 hektarda salınmış üzüm bağlarında 200-ə yaxın insan işlə təmin olunub. Bu kəndin sakinləridir. Mənə verilən məlumata görə, bu kənddə işsizliklə də bağlı problemlər aradan götürülüb. Bizim əsas məqsədimiz də odur ki, iş yerləri yaradılsın, insanlara yaxşı maaş verilsin. Hər bir vətəndaş halal zəhməti ilə öz həyatını qursun, ailəsini saxlasın və firavan yaşasın.

Üzümçülük çox gəlirli sahədir və mənə verilən məlumata görə, burada işləyənlərin əməkhaqları da kifayət qədər yaxşı səviyyədədir. Bu təsərrüfat genişləndikcə daha çox işçi qüvvəsi lazım olacaq, daha çox əməkhaqqı veriləcək. Beləliklə, Şamaxı nəinki Azərbaycanın, regionun önəmli üzümçülük mərkəzlərinin birinə çevriləcəkdir.

Bütövlükdə Şamaxı rayonunun inkişafı ilə bağlı mənim tərəfimdən bir çox sərəncamlar verilmişdir. Mən Şamaxı rayonunda tez-tez oluram, keçən il də olmuşam. Bu, Prezident kimi mənim Şamaxıya yeddinci səfərimdir. Rayonun sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görülüb. Keçən il Şamaxı şəhərində içməli su layihəsinin açılışını qeyd etdik. Bu məsələ öz həllini tapdı. Ev təsərrüfatlarının 95 faizi qazlaşdırılıb. Qazlaşdırılmayan təsərrüfatlar da yaxın zamanlarda qazla təmin ediləcək. Elektrik enerjisi ilə bağlı problemlər həll olunur. Kənd yolları salınır. Növbəti Sərəncam yaxın günlərdə imzalanacaq. Keçən dəfə Şamaxıda olarkən biz böyük kənd yolunun açılışını qeyd etdik.

Şamaxı rayonunda diaqnostika mərkəzi, mərkəzi rayon xəstəxanası, olimpiya kompleksi, mədəniyyət mərkəzi, 40-dan çox məktəb tikilib, təmir edilib. Nəinki Azərbaycanın, bütün İslam aləminin önəmli məbədi olan Şamaxı Cümə məscidi mənim təşəbbüsümlə əsaslı şəkildə təmir edilib. Demək olar ki, yenidən qurulub. Bu məscid 743-cü ildə tikilib və bizim milli sərvətimizdir. Bütün İslam aləminin sərvətidir və mən beynəlxalq tədbirlərdə dəfələrlə bu barədə məlumatlar vermişəm.

Keçən dəfə burada olarkən Dəmirçi kənd məscidinin təmirdən sonra açılışını qeyd etdik. İndi Şamaxıdan Lahıca, Dəmirçi kəndinə yol açılır. Biz keçən il bu yolu açdıq, indi Dəmirçidən Lahıca açacağıq. Yəni, o, turizm marşrutudur. İndi Lahıca getmək üçün Bakıdan gələnlər daha çox Şamaxı üzərindən gedəcəklər və beləliklə, gələcəklər, istirahət edəcəklər, bu bağlara baxacaqlar, zavoda gedəcəklər. Şamaxıda otellər tikilib. Yəni, Şamaxı Azərbaycanın ən inkişaf etmiş rayonlarından biridir. Bu da təbiidir, çünki Şamaxının çox qədim tarixi var. Ta qədim xəritələrdə Şamaxının adı var. Qədim mədəniyyət, incəsənət mərkəzidir. Azərbaycanın çox dəyərli diyarıdır. Mən şadam ki, görülən işlər öz nəticəsini verir.

Baxın, Bakı-Şamaxı yolu indi genişləndirilir. İlk mərhələdə gözəl yol saldıq. Çünki əvvəlki yol bərbad vəziyyətdə idi. Sonra göstəriş verdim ki, dördzolaqlı yol olsun. İndi də onun böyük hissəsi artıq istifadəyə verilib. Bütün bunlar böyük maliyyə tələb edir. Dövlət tərəfindən vəsait qoyulur. Bax, bu gün məktəbin açılışı özlüyündə böyük bir hadisədir. Meysəri kəndində gözəl məktəb açılıb. İnfrastruktur layihələri, kənd təsərrüfatı, aqroparklar. İndi 42 min hektarda – Şamaxı və Hacıqabul rayonlarının ərazisində böyük taxılçılıq təsərrüfatı yaradılıb. 42 min hektarda. Orada nə qədər insan işləyir. İndi yeni sahələr dövriyyəyə buraxılır. Ona görə, bax, bu işlərdə bizim siyasətimiz özünü göstərir. Mən bu gözəl təsərrüfatın yaradılması münasibətilə sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Yaxşı işləyin ki, işiniz yaxşı getsin və xalqımız daha da yaxşı yaşasın. Təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.

Müəssisənin işçisi Zahir Əliyev dövlətimizin başçısına göstərdiyi diqqət və qayğıya görə təşəkkür edərək dedi: Möhtərəm Prezident, hörmətli Mehriban xanım. İcazə verin, Sizi kollektivimiz adından və kənd camaatı adından salamlayım. Qədim Şamaxı şəhərinə, bizim Meysəri kəndinə xoş gəlmisiniz.

Hamıya bəlli olduğu kimi, möhtərəm Prezident, uğurlu siyasətiniz, xalqımıza qayğı və diqqətiniz sayəsində respublikamızda işsizliyin səviyyəsi minimuma endirilib. Bunun bariz nümunəsidir ki, biz bu gün burada üzüm plantasiyasında dayanmışıq. Kəndimizdə “Şirvan şərabları” müəssisəsi fəaliyyət göstərir. Bütün bunlara görə kollektivimiz və kəndimizin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.

Möhtərəm Prezident, onu qeyd etmək istəyirəm ki, iki-üç il bundan əvvəl kəndimizdən digər rayonlara, şəhərlərə, paytaxtımıza gedib kirayədə qalaraq ailəsini dolandıran insanlar var idi.

Prezident İlham ƏLİYEV: İşləyirdilər orada.

Zahir Əliyev: Bəli, möhtərəm Prezident, artıq bu gün kəndimizdə işləməyən ailə yoxdur. Allah Sizdən razı olsun, çox sağ olun.

Prezident İlham ƏLİYEV: Çox yaxşı, çox gözəl, mən bu təsərrüfatın genişləndirilməsi ilə bağlı da tapşırıq vermişəm. İndi yeni bağlar salınacaq, əkin sahələri böyüyəcək, yəni, burada iş çox olacaq. Azərbaycanda əhali artır və hər bir yeni doğulan uşaq üçün gələcəkdə iş yeri olmalıdır və kənd təsərrüfatını belə genişləndirməklə biz buna nail olacağıq.

Əlbəttə ki, Şamaxının, - mən qeyd etdim, bir daha demək istəyirəm, - çox böyük turizm potensialı var. Şamaxının qədim abidələri, eyni zamanda, təbiəti, havası və belə gözəl məkanları turistləri cəlb edir. Çünki bu, eyni zamanda, turizm mərkəzi olacaq. Çünki oradakı şərab evi, mağaza, kiçik olsa da istirahət zonası turistləri cəlb edəcək, xüsusilə də xarici turistləri. Beləliklə, gələcəklər, pul xərcləyəcəklər, kəndçilərdən məhsul alacaqlar. Beləliklə, işlər daha da yaxşı gedəcəkdir.

Zahir Əliyev: Çox sağ olun, sayənizdə cənab Prezident.

Prezident İlham ƏLİYEV: Sağ olun.

 

X X X

 

Sonda xatirə şəkilləri çəkdirildi.