Alternative content

09:19 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin uşaqlarının Xalça Muzeyinə ekskursiyası təşkil olunub
Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin uşaqlarının Xalça Muzeyinə ekskursiyası təşkil olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
07:08 25.08.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin sakinlərinin Azərbaycan Xalça Muzeyinə ekskursiyası təşkil olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə həyata keçirilən tədbir, eyni zamanda xalqımızın zəngin mənəvi dünyası, yüksək milli mənəvi, mədəni dəyərləri barədə onlarda dolğun bilik və dünyagörüşü yaratmaq məqsədinə xidmət edib. Ekskursiya çərçivəsində uşaqlar muzeydə Azərbaycanın ayrı-ayrı bölgələrində mövcud olmuş klassik xalça məktəblərinə məxsus olan nümunələrlə, eləcə də xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal və ləvazimatlarla tanış olublar.

Tədbirdə xalçaçılığın milli mədəniyyətimizin mühüm bir hissəsi olduğu, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ardıcıl səyləri nəticəsində Azərbaycan xalça sənətinin UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edildiyi bildirilib.

Uşaqlara xalçalardakı kompozisiya və ornamentlər, onların rəmzi mənaları barədə maraqlı və geniş məlumatlar verilib. Xalçalarda əks olunan süjet və naxışlarla bağlı uşaqların sualları cavablandırılıb və onlar xalçaların toxunma qaydası barədə məlumatlandırılıblar. Uşaqlar xalça toxunuşu prosesini əyani şəkildə izləyib, muzey əməkdaşlarının köməyi ilə ilmələrin vurulması qaydasını öyrəniblər.

Qeyd edək ki, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə qəbul edilən uşaqların sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndirilərək ona uyğun reabilitasiyayönümlü tədbirlər həyata keçirilir.