25 Avqust 2018 12:08
161
SİYASƏT
A- A+

Şəfqət və mərhəmət simvolu

 

Dünya iki qüvvənin əbədi mübarizəsi üzərində qurulub: xeyir və şər qüvvələr. Xeyir qüvvələrin qalib gəldiyi yerlərdə şəfqət və mərhəmət əbədi zəfər çalmış olur. 

Ulu öndər vaxtilə məşhur bir müsahibəsində demişdi: “Qoy ədalət zəfər çalsın!” Əlbəttə ki, bütün bunlar mənəviyyata bağlı məsələlərdir. Mənəviyyat haradadırsa, ədalət, düzgünlük, insanpərvərlik, dürüstlük, nəciblik, alicənablıq kimi keyfiyyətlər də oradadır. Bu gün bu kimi nəcib missiyanı yüksək mənəvi məsuliyyət hissi ilə üzərinə götürərək şərəflə həyata keçirən insanlar arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ön sırada dayanır.
“Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Ulu öndər Heydər Əliyevə məxsus olan bu dəyərli fikri müstəqil Azərbaycanın həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir.
Prezident İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.” Bəli, böyük tarixi, mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim yüksək ehtiramla yanaşmışdır. Qadın yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq, hər zaman bəşəriyyətin inkişafına mühüm töhfələr veriblər. Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçərək bütün mərhələlərdə ilklərə imza atmağa müvəffəq olmuşdur.
Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Böyük rəhbər istər sovet hakimiyyəti, istərsə də müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün mühüm işlər görmüşdür. Müstəqilliyimizin ən ağır zamanında belə, “Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” fərman imzalamışdı. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Zaman keçdikcə ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb etməyə başladı. Bu zərurət yeni komitənin yaranmasına səbəb oldu. Prezident
İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.
Hazırda cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlar, müstəqil Azərbaycanın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Bu gün qadınlarımız parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər, rəhbər vəzifələrdə təmsil olunurlar.
Bu gün biz qadınlarımızı hansı obrazda görmək istəyirik? Özünə inamlı, güclü, eyni zamanda, öz ocağının qoruyucusu kimi. Belə bir balans və harmoniya mümkündür. Hazırda bizim qadınlarımız arasında belə nümunələr var. Cənab Prezident
İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verilən önəmin bariz göstəricisidir. Elə Mehriban xanım da, qeyd edir ki, “ Mənim ölkənin Birinci vitse-prezidenti təyin olunmağım barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, mənim artıq uzun illər Prezidentin təkcə həyat yoldaşı deyil, deyə bilərəm ki, həmməsləki olmağım yəqin ki, öz rolunu oynayıb. Lakin düşünürəm ki, onun belə qərara gəlməsinin səbəbi bu deyildi. Əsas budur ki, rəhbər vəzifədə - Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə, ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə istinad edərək qəbul etmişdir. Buna görə də əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam.”
Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım ailəsinə göstərdiyi qayğı, eyni zamanda, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir.
Xalqın taleyini öz taleyində yaşayan Mehriban Əliyevanın mənəvi, ictimai və siyasi vəzifəni, məqsədi ülvi bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi vaxtlardan görünməyə başladı. Mehriban xanım hələ ilk gəncliyindən öz çalışqanlığı ilə hər yerdə və hər zaman birincilik statusunu qazanması, müvəffəqiyyətlərə nail olması ilə fərqlənib. Onun ictimai fəaliyyətə qoşulduğu illər Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu öndərin yaratdığı və özünün də müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən Mehriban xanım partiyanın üzvü olaraq, müasir və müstəqil dövlətimizin qurulması və daha da inkişaf etməsi prosesinin fəal iştirakçısına çevrildi. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda milləti qədim, köklü xalq kimi tanıdan və bütün dünyada qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləridir. Məhz buna görə də o, özünün çoxşaxəli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurdu. Bütün ictimai şüuru ilə azərbaycançılıq ideologiyasına bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə fəaliyyət göstərməsi az bir zamanda ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı. Onun fəaliyyətini qiymətləndirən bir çox xarici ölkələrin tanınmış siyasətçiləri, ictimai xadimləri qeyd edirlər ki, “Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir”.
Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərə nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil.
1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun prezidenti, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi üzərinə böyük məsuliyyət götürərək, problemlərin dərinliyini dərk edərək, yaddan çıxmış sahələri ətalətdən çıxararaq onlara kütləvilik elementləri ilə zəngin olan ictimai məzmun verdi. Mehriban xanım Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması, təbliği üçün ilk olaraq “İrs” jurnalını təsis etməklə başladı. Təbii ki, görülən işlərin mahiyyətində nüfuzlu ictimai xadim olan Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə yeni nəfəs gətirməsi, onun tarixi keçmişindən bəhrələnməklə bugünkü inkişafına təkan vermək amalı dayanırdı.
Onun fəaliyyətinin mahiyyətində mərhəmət və ülvilik hissi dayanır. Mehriban xanımın bu fikirləri sözlərimizi təsdiq edər: “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır - istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”.
O, 2004-cü il mayın 10-da Heydər Əliyev Fondunu yaratmaqla, ulu öndər Heydər Əliyevin vətənimizin və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir. Fondun çoxşaxəli fəaliyyətini göz önündə canlandıranda belə bir əzəmətli mənzərədən heyrətlənməmək olmur. Onun qarşıya qoyduğu məqsəd demək olar ki, həyatımızın mühüm sahələrinin inkişafına yönəlmiş çalışmalar, milli-mənəvi dəyərləri özündə ehtiva edən prinsiplər üzərində qurulmuşdu. Bu məqsəd fondun fəaliyyət proqramında daha dəqiq ifadə olunduğu kimi, “milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir”. Görülən işlərin, irimiqyaslı layihələrin həcmini təsəvvürə gətirəndə aydın olur ki, bütün bunlar Birinci vitse-prezident, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri və ISESCO-nun ilk qadın xoşməramlı səfiri Mehriban xanım Əliyevanın vətən və xalq naminə qarşıya qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyinin bariz nümunəsidir.
Heydər Əliyev Fondu nəinki irimiqyaslı, möhtəşəm layihələri həyata keçirib, hətta fəaliyyət göstərdiyi bu 13 ildə ölkənin həm daxildə, həm də xaricdə vüsətli inkişafına, böyük nüfuz qazanmasına, yeni dünya cəmiyyətinin öndə olan ölkələrindən birinə çevrilməsinə güclü dəstək olmuşdur. Bu, ən çox insan faktoruna ali münasibəti, ölkəmizin beynəlxalq arenada layiq olduğu mərtəbədə qərarlaşması ilə dəyərli idi. Elə dövlət başçısı Prezident
İlham Əliyev fondun fəaliyyətini yüksək qiymətləndirərək qeyd etmişdir ki, “Mehriban Əliyevanın rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir”.
Heydər Əliyev Fondu məhz milli-bəşəri ideyaların tərənnümçüsü, daşıyıcısı olması ilə qüdrətlidir. Mehriban Əliyevanın fondun rəhbəri kimi, ən böyük məqsədi də Heydər Əliyev irsinin bir məktəb kimi yeni nəslə öyrədilməsi, təbliğ olunmasıdır. Mehriban Əliyeva onun ideallarına sadiq qalaraq, milli-mənəvi dəyərlərimizi özünün həyat tərzində, əxlaqında və düşüncəsində yaşadaraq ulu öndərin yolunu ləyaqətlə davam etdirir. Bu, xalqın gələcəyini möhkəm özüllər üstə qurmağa, onu inkişaf etdirməyə aparan ən işıqlı yoldur. Bu, ulu öndərin apardığı yaradıcılıq və quruculuq işlərinin davamı olaraq vətən və xalq naminə fəaliyyət göstərməyin ən doğru yoludur. Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bir daha xatırladaq ki, bütün bunlar güclü, aydın təfəkkürə, təxəyyülə malik olan incə ruhlu, zərif təbiətli bir qadının - respublikanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın bilavasitə çalışmaları sayəsində həyata
keçirilir.
Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək - bütün bunlar Mehriban Əliyevanın daim diqqət mərkəzində olmuşdur. Yaşı 18-ə çatmış qızların uşaq evindən sonrakı taleyi bu gün cəmiyyəti narahat edən məsələlərdəndir. Bunu nəzərə alan Heydər Əliyev Fondu internat həyatı başa çatan qızlar üçün yaşayış binası tikmişdir. Bu layihə müstəqil həyata qədəm qoyan qızların taleyini izləməklə bərabər, eyni zamanda, onlara mənəvi dəstəyin ifadəsidir. Humanizmi, mərhəməti, xeyirxahlığı ilə həyata keçirdiyi geniş əhatəli layihələr fəaliyyətinin başlıca meyarı olmuşdur. Mehriban xanımın bu layihələri böyük həssaslıqla, ən kiçik detallarına, incəliklərinə qədər izləməsi, proseslərin içərisində olması da onun özünəməxsus iş üslubuna, xarakterə malik olduğunun aydın göstəricisidir. Bütün bunları göz önünə alanda görürük ki, o, tarixdə yaşamış vətənpərvər, maarifpərvər qadınlarımızın örnək olan həyatını öz fəaliyyətində yeni anlamda, həm də ləyaqətlə davam etdirir.
Mehriban Əliyeva Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005-ci ildən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilən Mehriban xanım sözün əsl mənasında, xalqın elçisi olub. O, birinci xanım statusunda da ilkindir, bənzərsizdir, həm də özünəməxsusdur. Bütün fəaliyyətində işgüzarlığı, böyük səyi və bacarığı ilə seçilən Mehriban xanım müsahibələrinin birində birinci xanım missiyasının məsuliyyətini şərh edərək demişdir: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür...”
Ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğı, böyük dəstək vaxtaşırı olaraq idmançılarımızın dünyada keçirilən yarışlarda vətənə uğurlar qazandırmasına səbəb olmuşdur. Mehriban Əliyevanın tərcümeyi-halından da aydın olur ki, “Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin (2003), dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb”. Mehriban xanımın bu sahədə də böyük uğurlara nail olması, 2004-cü ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilməsi ölkəmizdə idmanın inkişafında məqsədyönlü fəaliyyətinin aparılmasına öz təsirini göstərdi. Azərbaycanda bir-birinin ardınca baş tutmuş beynəlxalq konfrans və festivallar, yüksək səviyyədə təşkil olunmuş idman oyunları dünyanın nüfuzlu dövlətlərinin böyük marağına səbəb olmuşdur. Onun “Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri olaraq əlahiddə bir bacarıq nümayiş etdirməsi ölkəmizə başqa dövlətlərin də inamının, böyük marağının yaranmasına səbəb olmuşdur. 2017-ci ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsində də bu oyunların təşkilat komitəsinin sədri kimi onun zəhməti təqdirəlayiqdir.
Bütün bu çalışmalar, yeni axtarışlar bacarıqlı, işgüzar birinci ledinin vəzifə pillələrində yüksəlməsini zəruri etdi. Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Həmin gün Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edən Prezident İlham Əliyev onun ictimai-siyasi fəaliyyətindən bəhs edərək keçdiyi həyat yoluna qısa nəzər salmış, həyatının ictimai əhəmiyyət kəsb edən məqamlarına toxunmuşdur. Dövlət başçısı demişdir: “2004-cü ildən bu günə qədər Mehriban Əliyeva ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir... Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bu, sadəcə olaraq, sənət növü deyil, bu, bizim mənəvi sərvətimizdir... Mehribanın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda, on ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə bir şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür...” Prezidentin təqdimatından etdiyimiz bu istinadlar Mehriban Əliyevanın böyük ictimai əhəmiyyət kəsb edən fəaliyyətinin, həm də mənəvi keyfiyyətləri ilə cilalanmış obrazının xalqımıza nə qədər doğma, əziz olduğunu bir daha bizə xatırladır. Prezident bu yığcam, dərin məzmunlu təqdimatında Mehriban xanımın həyatımızın bütün sahələrində gördüyü işlər, qazandığı uğurlar sırasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını, fondun dəstəyi ilə minlərlə insanların tibbi müalicə ilə təmin olunması, ehtiyacı olan insanlara yardım edilməsi kimi məsələləri önə çəkməklə, daim dövlətə və millətə ləyaqətlə xidmət etdiyini xatırlatmaqla həm də xalqın ona olan inamını, etimadını ifadə etmişdir. Sözün bu məqamında Birinci vitse-prezidentin, yeni vəzifənin məsuliyyətini anlayan Mehriban Əliyevanın həmin mötəbər yığıncaqda söylədiyi fikirləri yada salmağı da məqsədəuyğun sayırıq: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa, öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır... Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayan Mehriban xanım ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Onun fikrincə, “ Ailəyə olan hörmət - Azərbaycan xalqına məxsus ən gözəl xüsusiyyətlərdən biridir. Bu gün Azərbaycan qadını ana olmaqla öz ölkəsinin sosial həyatında fəal iştirak edir”. Mehriban xanımın təşəbbüsü ilə ailələrin rifahına yönəlmiş maraqlı layihələr reallaşır. Qadın hüquqlarının müdafiəsi, onlar üçün bərabər imkanların yaradılması istiqamətində etdiyi çağırışlar qadın hərəkatının yeni mərhələsinin əsasını qoydu. “Biz bu gün bərabər hüquqlardan bərabər imkanlara siyasətini gerçəkləşdiririk. Mən bu yolda bütün Azərbaycan qadınlarını daha fəal olmağa, öz potensialını genişləndirməyə, cəmiyyətdə öz sözünü deməyə çağırıram”. Məişət zorakılığının qarşısının alınması sahəsində həyata keçirilən “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi ölkədə böyük əks-səda doğurmuşdur. Bildiyiniz kimi, qadın və uşaqların məişət zorakılığından müdafiəsinə yönəlmiş “Məişət zorakılığı haqqında” qanun 2010-cu il iyunun 22-də qəbul olunmuşdur. Həmin qanunun qəbul edilməsində, Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaldırılması ilə bağlı dəyişiklik edilməsində də Mehriban xanımın yaxından dəstəyi olmuşdur. Fondun təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumun Bakıda keçirilməsi qadınların cəmiyyətin həyatındakı fəal mövqeyini bir daha təsdiq edir. Bakı forumunda mədəniyyətlərarası dialoqun idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olundu, təcrübə mübadiləsi aparıldı, eləcə də yeni təşəbbüslər irəli sürüldü. Bu cür beynəlxalq tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun getdikcə gücləndiyini bir daha sübut edir. Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərin “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması” mövzusunda VII Konfransında Mehriban Əliyevanın proqram çıxışı cəmiyyətimizdə geniş müzakirələrə səbəb olmuşdur. 2012-ci ildə Bakıda keçirilən beynəlxalq Krans-Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda konfransda qaldırılan məsələlər, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qadın hüquqları ilə bağlı geniş və əhatəli çıxışı beynəlxalq ictimaiyyətin diqqətinin ölkəmizə yönəldilməsinə imkan yaratmışdır. 2017-ci ilin may ayında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa”nın təşkil olunması, onun təşəbbüsü ilə ayrıca sessiyanın keçirilməsi, bu mövzu ətrafında fəal müzakirələrin aparılması və tövsiyələrin qəbul edilməsi dünyada qadınların, əsasən də qızların hüquqlarının müdafiəsi istiqamətində xüsusi əhəmiyyət kəsb edir.
Bu gün xalqımızın yaşadığı ağrılar heç şübhəsiz, torpaqlarımızın 20 faizindən çoxunun işğal altında olması, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın torpaq itkisi ilə bağlıdır. Mehriban xanımın gördüyü işlər sırasında qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması fəaliyyət proqramının ən ümdə vəzifələri sırasındadır. Azərbaycanın Birinci vitse-prezidenti kimi xanım Mehriban Əliyevanın elə ilk keçirdiyi müşavirə də müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin mənzillə təmin edilməsinə həsr olunmuşdur. Birinci vitse-prezident bildirib ki, “Dövlət proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Hazırda əsas məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir”. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın konkret tapşırıqları əsasında məcburi köçkünlər üçün yaşayış binalarının, eyni zamanda, cəbhə bölgələrində ziyan dəymiş evlərin, sosial obyektlərin tikinti, bərpa və təmir işləri aparılır. Əlbəttə, bu insanlar üçün nə qədər imkanlar yaradılsa da, onların bir arzusu var: doğma torpaqlara qayıtmaq. Hərbi sənayenin inkişafı, ordumuzun gündən-günə güclənməsi, erməni işğalçılarından azad edilmiş Cocuq Mərcanlının yenidən qurulması insanlarda torpaqlarımızın azad edilməsi inamını daha da artırır. Xüsusilə, dövlətin bu qəsəbənin sakinlərinin ictimai-siyasi həyata inteqrasiya edilməsi istiqamətində keçirilən tədbirlər, təşkil olunan görüşlər əhalidə böyük ruh yüksəkliyi yaradır.
Mehriban Əliyevanın bütün çıxışları, müsahibələri özünün zənginliyi, dərin məzmunu ilə hər zaman cəmiyyətdə böyük maraq oyadır. Ağlına, zəkasına, böyük təşkilatçılıq bacarığına görə Mehriban xanımı başqa dövlətlərdə də tanıyır, sevir və rəğbətlə qarşılayırlar. Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini dünya ölkələrində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bu, fitri istedad sahibinin milli-bəşəri ideallara sadiqliyi, dünya cəmiyyətinə nikbin baxışlarının məntiqi ifadəsidir.
Mehriban xanım Əliyevanın xalqımızın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdəki rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsidir. Yüz il bundan əvvəl Azərbaycan Şərqdə qadınlara seçki hüququ verilən ilk ölkə kimi tarixə düşmüşdür. Bu gün, yəni, yüz il sonra Mehriban xanımın simasında Odlar diyarı dünyaya yeni qadın obrazı təqdim edir. Xüsusilə, postsovet məkanında birinci xanım institutunun əhəmiyyəti və rolunun aktivləşməsi sahəsində çox böyük töhfələr verir.
Mehriban xanım eyni zamanda, sədaqətli həyat yoldaşı, möhtərəm Prezidentin ən yaxın silahdaşı, qayğıkeş ana, sevimli nənədir. Ailə qayğıları, ictimai və siyasi fəaliyyəti bir arada və yüksək səviyyədə yerinə yetirmək böyük peşəkarlıq və səbir tələb edir. Bununla bağlı, Mehriban xanım qeyd edir ki, “Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə, həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla, istəmirəm. İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı, dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram”. Adətən, biz gənc nəsli tarixi nümunələr əsasında tərbiyə edirik. Lakin Mehriban xanım özünün çoxşaxəli fəaliyyəti ilə bu gün gənc nəsil üçün vətənə xidmətin, milli ənənələrə sədaqətin canlı örnəyidir. İlk davamçıları isə övladlarıdır. Onlar əsl vətəndaş kimi insanpərvərlik, vətənpərvərlik ruhunda tərbiyə olunublar və biz bunu onların fəaliyyətlərində əyani şəkildə görürük.
Mehriban Əliyeva bu illərdə çox titullara, təltiflərə, mükafatlara layiq görülüb. Birinci xanımın beynəlxalq aləmdəki nüfuzu, aldığı mükafatlar təbii ki, ölkəmizin, xalqımızın adına başucalığı gətirir. Amma onların içərisində bir mükafatın yeri əlahiddə olduğundan burada onu xatırlatmağı vacib sayırıq. Bu, Azərbaycanda keçirilmiş I Avropa Oyunlarının uğurla, böyük qələbə ilə başa çatmasında əsl fədakarlıq nümayiş etdirən “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın 29 iyun 2015-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif olunması idi. Zənnimizcə, bu mükafat ona daha çox sevinc hissi yaşatdı, onu çox duyğulandırdı. Mükafatın təqdimolunma mərasimindəki çıxışı iki il yarımda çəkdiyi əziyyətləri, keçirdiyi narahatlığı, duyduğu məsuliyyətdən doğan fərəh hissini bütünlüklə ifadə edirdi...
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil də qeyd etdiyimiz kimi, onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusudur.

Hicran HÜSEYNOVA,
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video