Alternative content

03:11 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cənubi Qafqazın lideri və Avropa İttifaqının söz sahibi
Cənubi Qafqazın lideri və Avropa İttifaqının söz sahibi
ANA SƏHİFƏ / SİYASƏT
12:08 25.08.2018

 

Azərbaycan-Almaniya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

 

Cənubi Qafqaz ölkələrinə səfərə çıxan Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel Gürcüstan və Ermənistandan sonra bu gün Azərbaycana gəlir. Angela Merkelin respublikamıza baş tutan bu ilk səfəri ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün önəm kəsb edir, fikir mübadiləsi aparmağa yaxşı imkan yaradır.

 

A.Merkel: “Azərbaycan bizim üçün əhəmiyyəti artan tərəfdaşdır”

 

Azərbaycanın öz xarici siyasət doktrinasına uyğun olaraq dünyanın müxtəlif qütblərində dayanan dövlətlərlə qurduğu əlaqələr, əməkdaşlıq münasibətləri xüsusən son illərdə məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bu zaman diqqəti çəkən əsas reallıqlardan biri odur ki, Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması bütün dünyada etiraf olunan həqiqətdir. Azərbaycan Prezidenti ilə görüşən hər bir dövlət və hökumət başçısı, xarici ölkələrin parlament nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini, münasibətləri dərinləşdirməkdə maraqlı olduqlarını birmənalı şəkildə bəyan edirlər. Çünki hər biri Azərbaycanın etibarlı tərəfdaş olduğunu, dünyanı təhdid edən qlobal problemlərin həllinə böyük töhfələr verdiyini görür və qəbul edir. Digər tərəfdən, Azərbaycanın gənc müstəqil dövlət kimi əldə etdiyi nailiyyətlər genişmiqyaslı və sanballıdır. Digər parametrlərlə yanaşı, bu uğurlar da ölkəmizin dünya birliyində böyük nüfuz qazanmasına, sivil və modern dövlətlərlə bir sırada dayanmasına zəmin yaradıb, respublikamızın beynəlxalq rəydə artan imicə malik olmasını təmin edib.
Almaniya Kansleri Angela Merkel də Azərbaycanın bölgədəki rolunu, enerji təhlükəsizliyi və digər beynəlxalq məsələlərdəki mövqeyini daim yüksək qiymətləndirib. Hələ 3 il əvvəl - 2015-ci il yanvarın 21-də Berlində Prezident İlham Əliyevlə birlikdə keçirdiyi mətbuat konfransında A.Merkel deyirdi: “Nəzərə alsaq ki, Azərbaycanın iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, buna görə bu ölkə bizim üçün əhəmiyyəti artan tərəfdaşdır. Azərbaycan böyük potensiala, əsasən də neft və qaz kimi resurslara malikdir. Düşünürəm ki, Azərbaycan həm Almaniya, həm də digər Avropa ölkələrinin enerji şaxələndirilməsinə böyük töhfə verə bilər. Bu mənada “Cənub qaz dəhlizi” layihəsini dəstəkləyirik”.

 

Kansler müstəqil siyasət yürüdən ölkəyə səfər etdiyinin fərqindədir

 

Avropanın demək olar ki, mərkəzində yerləşən zəngin mədəniyyətinə, beynəlxalq siyasi və iqtisadi münasibətlərdə oynadığı rola görə bütün dövrlərdə dünyanın diqqətini cəlb edən Almaniya ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra inkişaf yoluna qədəm qoyub. Lakin münasibətlərin tarixi daha qədimdir. Belə ki, Azərbaycan ərazilərində hələ 200 il əvvəl almanların yaşayış məntəqələri salınıb. Azərbaycan xalqına məxsus olan multikulturalizm ənənələri almanların torpaqlarımızda rahat yaşamalarına, xalqımızla qaynayıb qarışmalarına imkan yaradıb. Almanların vaxtilə inşa etdikləri evlər, kilsələr və memarlıq nümunələri bu gün də qorunub saxlanılır.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Almaniya ilə əlaqələr yeni müstəvidə inkişaf etməyə başlayıb. Ulu öndər Heydər Əliyev 1996-cı ildə bu ölkəyə rəsmi səfər etmişdi. Sonrakı dövrdə Prezident İlham Əliyev bir neçə dəfə rəsmi və işgüzar səfərlərlə Almaniyada olub. Xüsusən Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı daim maraqla qarşılanıb. Bu səfərlərin hər biri təsdiq edib ki, Almaniya Cənubi Qafqazın lideri olan Azərbaycanla əlaqələrə böyük önəm verir.
İki ölkə arasındakı iqtisadi əlaqələrin mənzərəsi ürəkaçandır. Belə ki, ticarət dövriyyəsi 1 milyard dollara yaxındır. Təkcə ötən il Cənubi Qafqaz regionu ölkələri ilə ümumi ticarətdə Azərbaycanın payı 60 faizdən çox olub. Bu da Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatında əsas çəkiyə malik olduğunu göstərir. Əlavə edək ki, Almaniya ümumi daxili məhsulun istehsal göstəricilərinə görə Avropada və dünyada liderlər arasında yer tutur. Eyni zamanda Almaniya dünyada sənaye məhsulları ixrac edən ən aparıcı dövlətlərdən biridir.
Güclü iqtisadi mövqeləri Almaniyanı Avropada və dünyada həm də siyasi baxımdan önə çıxarır. Təsadüfi deyil ki, bu gün Almaniya tək Avropada deyil, Avropa İttifaqında da söz sahibi olan dövlətdir. Belə bir ölkə ilə möhkəm siyasi və iqtisadi əməkdaşlıq Azərbaycan üçün də əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevlə Kansler A.Merkelin son mətbuat konfransından isə 3 il ötüb. Bu müddətdə çox dəyişiklik baş verib. Belə ki, bu müddətdə Azərbaycanla strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayan Avropa İttifaqı dövlətlərinin sayı 11-ə çatıb. Bu müddətdə Azərbaycan Almaniyanın da dəstəklədiyi “Cənub qaz dəhlizi” layihəsini başa çatdırıb. Azərbaycan qazını Türkiyə ərazisi ilə Avropaya çatdıran TANAP layihəsi vaxtında icra edilib. “Cənub qaz dəhlizi” həm də Azərbaycanın öz milli maraqlarında nə qədər prinsipal və qətiyyətli olduğunu təsdiqlədi.
Bu dövrdə rəsmi Bakı digər istiqamətlərdə beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Hər bir məsələdə, ayrı-ayrı dövlətlərlə münasibətlərdə müstəqil siyasət yürütdüyünü nümayiş etdirib. O cümlədən Azərbaycan dövləti bu illərdə antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı həyata keçirmək istədiyi bütün planları darmadağın edib. Hansı ki həmin şəbəkənin ünsürləri öz çirkin fəaliyyətlərini həm də Almaniyadan həyata keçiriblər. Bu mənada indi Avropa, o cümlədən Almaniyanın siyasi rəhbərliyi dövlətimizin gücünü, beynəlxalq münasibətlərdəki rolunu, Azərbaycanda hakimiyyətlə xalq arasında olan möhkəm birliyi daha yaxından görür və etiraf edir. A.Merkelin Azərbaycana səfəri də məhz belə bir dövrə təsadüf edir.
Onu da qeyd edək ki, enerji təhlükəsizliyi Avropa ilə Azərbaycan arasında gedən danışıqların demək olar ki, prioritet mövzularından biridir. Almaniya da Avropa dövləti və Avropa İttifaqının üzvü kimi təbii qazı kənardan ixrac edir. Avropa İttifaqı Azərbaycanın bu qitənin enerji təhlükəsizliyinin təminində rolunu həmişə yüksək dəyərləndirib. Təsadüfi deyil ki, “Cənub qaz dəhlizi” layihəsinə ta əvvəldən siyasi və iqtisadi dəstək verən Avropa İttifaqı Azərbaycanı özünün strateji tərəfdaşı elan edib.

 

İlk səfər münasibətlərin inkişafına töhfələr verəcək

 

3 il əvvəl “Cənub qaz dəhlizi”ni dəstəklədiklərini bəyan edən A.Merkel üçün bu gün münasibətlər artıq fərqlidir. O, güclü, Cənubi Qafqazın lideri olan, beynəlxalq müstəvidə müstəqil siyasət yürüdən Azərbaycan dövlətinə səfər etdiyinin fərqindədir. Almaniya kimi ölkədə bu cür siyasi incəliklər heç vaxt diqqətdən kənarda qalmır.
Mövcud reallıqlar A.Merkelin Bakı səfərində gündəliyin zəngin olmasını şərtləndirir. Məsələn, digər qaz mənbələrindən asılılığını azaltmaq istəyən Almaniya Azərbaycan qazına böyük maraq göstərir. Bu baxımdan A.Merkelin Azərbaycana səfərinin əsas mövzularından biri enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq münasibətləri olacaq. Təbii ki, Azərbaycan ictimaiyyətinin bu səfərdən başqa bir gözləntisi də var. Söhbət Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniyanın mövqeyindən gedir. Düzdür, Almaniya dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Amma Almaniya güclü dövlət olaraq bu məsələdə daha qətiyyətli mövqe nümayiş etdirə, işğalçını öz adı ilə çağıra bilər.
Bütövlükdə isə bu səfər həm Azərbaycan-Almaniya, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrində yeni mərhələnin əsasını qoymaqla bərabər, tərəflər arasındakı münasibətlərin daha da möhkəmlənməsinə və inkişafına mühüm töfhələr verəcək.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”