Alternative content

19:37 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnvestorlar yarım ildə Gədəbəyə 1 milyon 559 min manat vəsait qoymuşlar
İnvestorlar yarım ildə Gədəbəyə 1 milyon 559 min manat vəsait qoymuşlar
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 25.08.2018

 

Azərbaycanın dilbər guşələrindən biri, füsunkar təbiəti, ecazkar mənzərələri ilə göz oxşayan Gədəbəyin siması son illər daha da gözəlləşmişdir. Əlbəttə, bu gözəlliyi yaradanlar insanlardır və indi hər bir gədəbəyli yaşadığı rayonla fəxr etməklə yanaşı, onun bundan sonrakı inkişafı üçün də əlindən gələni əsirgəmir. 

İqtisadiyyatının əsasını kartofçuluq təşkil etsə də, Gədəbəy digər sahələr, o cümlədən heyvandarlıq və əkinçilik sahələrində də uğurlu göstəricilərə nail olur. Elə cari ilin ötən dövrü ərzində qazanılan nailiyyətlər bunu deməyə əsas verir.
Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixlı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Gədəbəy rayonunun inkişafını təmin edən 17 tədbirin icrası nəzərdə tutulmuşdur. Bu tədbirlərin hamısı uğurla yerinə yetirilmişdir. Təkcə cari ilin altı ayında qazanılan nailiyyətlər onu deməyə əsas verir ki, gədəbəylilər 2018-ci ili də uğurla başa çatdıracaqlar.
Həmişə olduğu kimi, cari ildə də daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluğun səviyyəsinin artırılması və əhalinin maddi-rifah halının yüksəldilməsi diqqət mərkəzində saxlanılmışdır.
Yerli və xarici investorlar Gədəbəyə yenə də böyük maraq göstərirlər. Onlar iqtisadiyyatın müxtəlif sahələrinə 1 milyon 559 min manat həcmində investisiya yatırmış, nəticədə 31 daimi iş yeri açılmışdır.
Gədəbəyin iqtisadiyyatının əsasını kartofçuluq və heyvandarlıq təşkil edir. Bu sahələrin daha da inkişaf etdirilməsi üçün hər il bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə, istifadəsiz torpaqlardan səmərəli istifadə edilməsinə ciddi nəzarət edilir. Bu məqsədlə cari ilin ötən dövrü ərzində yerli bələdiyyələrin və vətəndaşların mülkiyyətində olan, lakin əkilməyən torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə tədbirlər həyata keçirilmişdir. Nəticədə 50 hektardan çox torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Ümumiyyətlə, kənd təsərrüfatı təyinatlı və əkin üçün yararlı olan torpaq sahələrinin mühafizə edilməsi, onların digər proseslərdən qorunması, qanunsuz olaraq zəbt edilməsinin qarşısının alınması daim diqqət mərkəzində saxlanılır.
Rayonda aqrar sahənin sürətli inkişafı ilə bağlı müvafiq layihələrin icrası da diqqət mərkəzində saxlanılır. Bu məqsədlə mövcud iqtisadi və təbii potensialdan istifadə edilir. Məsələn, Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun nəzdində fəaliyyət göstərən arıçılıq mərkəzi ilə danışıqlar aparılmış, rayonda iri arıçılıq təsərrüfatının yaradılması üçün münasib torpaq sahəsi ayrılmışdır. Qərara alınmışdır ki, həmin ərazidə 5000 arı ailəsi saxlanılsın. Bundan başqa, “Gəncə-Qazax iqtisadi rayonunun yerli və regional inkişafına dəstək” layihəsi çərçivəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən kənd təsərrüfatı və turizm sektorunun əlaqəli inkişafı üçün texniki-iqtisadi əsaslandırma aparılması, hər iki sahənin potensialının qiymətləndirilməsi məqsədilə ilkin pasportlaşdırma üçün məlumat bazası hazırlanmışdır.
Rayonda kənd təsərrüfatının sürətli inkişafını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər heyvandarlıqda da öz müsbət nəticəsini vermişdir. Cari ilin altı ayı ərzində iribuynuzlu heyvanlar 48911 başa, qoyun və keçilər isə 2454354 başa çatdırılmışdır. Rayon üzrə 38250 sentner ət, 265 250 sentner süd istehsal edilmişdir. Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə qabaqcıl texnologiyalara üstünlük verilmiş, cari ilin ötən dövrü ərzində süni yolla mayalandırılmış düyələrdən 40 baş bala alınmışdır. Süni mayalandırmadan alınan hər buzova görə dövlət tərəfindən 100 manat subsidiya ödənilmişdr.
Mövsümə uyğun olaraq digər əkin işləri də uğurla həyata keçirilmişdir. Rayonda 11810 hektarda kartof, 10 hektarda qarğıdalı, 280 hektarda tərəvəz, 1585,3 hektarda isə payızlıq və yazlıq buğda əkilmişdir.
Əvvəllər olduğu kimi, cari ildə də əhalinin məşğulluğu istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilmişdir. Belə ki, rayon məşğulluq mərkəzi tərəfindən əmək ehtiyatlarından istifadə vəziyyətinin yaxşılaşdırılması üçün “Ərazi məşğulluq proqramı”na uyğun olaraq bir sıra işlər görülmüş, mərkəzə müraciət etmiş 801 nəfərdən 329 nəfəri müxtəlif idarə, müəssisə və təşkilatlarda işlə təmin olunmuşdur. Bundan başqa, “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli sərəncamına uyğun olaraq rayon məşğulluq mərkəzində qeydiyyatda olan işaxtaran və ya işsiz vətəndaşların təlimlərdə iştirakı təmin edilmiş, 61 nəfərdən ibarət 2 qrup təşkil olunmuş və Beynəlxalq Əmək Təşkilatı tərəfindən təyin edilmiş şəxslərin iştirakı ilə təlimlərə başlanılmışdır. Təlimləri uğurla başa vuran iştirakçılara aktivlərin verilməsi nəzərdə tutulmuşdur.
Əhalinin keyfiyyətli rabitə xidməti ilə təmin edilməsi istiqamətində də bir sıra məqsədyönlü işlər görülmüşdür. Xüsusilə, kəndlərdə rabitə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması üçün yeni avadanlıqların quraşdırılması diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Slavyanka və Çanaqçı kəndlərinin hər birində 128 portluq yeni avadanlıq quraşdırılmışdır. Göyəlli kəndinə çəkilmiş “FO” kabeli istifadəyə verildikdən sonra kənddə abonentlərin ilk dəfə internetə qoşulması təmin edilmişdir. Bundan başqa, aparılan yenidənqurma işləri nəticəsində internet xidməti daha da genişləndirilmiş, rayon üzrə genişzolaqlı internet istifadəçilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 407 nəfər artaraq 2649 nəfərə çatmışdır.
Elektrik və qaz təchizatında da bir sıra müsbət irəliləyişlərə nail olunmuşdur. Belə ki, əhalinin elektrik enerjisi ilə təminatının davamlı olması üçün 10 kilovoltluq hava xəttinin 26,9 kilometri, 0,4 kilovoltluq hava xəttinin isə 95,2 kilometri müasir kabellərlə əvəz edilmiş, 38 ədəd transformator cari və əsaslı təmir edilmiş, 185 ədəd elektrik dayağı yenisi ilə əvəz olunmuşdur.
Gədəbəy rayonunda bir şəhər və 35 kənd mavi yanacaqla təmin edilib. Hazırda rayonun Çay Rəsullu, Bəydəmirli, Turşsu, Göyəlli, Sonalar, Hacılar, Əyridərə, Fərzalı, Arabaçı, Zamanlı, Mormor, İsalı və Cücənli kəndlərində qazlaşdırma işləri davam etdirilir. Yaxın günlərdə isə Qaravəlilər, Məmmədcəfərli, Çaldaş və Səbətkeçməz kəndlərinin mavi yanacaqla təmin olunması üçün quraşdırma işlərinə başlanacaq.

Sabir ƏLİYEV,
“Azərbaycan”