25 Avqust 2018 12:08
616
İQTİSADİYYAT
A- A+

Lerikdə bir kənd var...

 

Yayın ortalarında yağan yağışlar istilərin şaxını sındırıb. Yamaclar yavaş-yavaş yaşıllaşır, meşələr qızılı rəngə çalır. Yerə nəm düşəndən əkinçilərin işi çoxalıb. Traktorlar şuma çıxıb, toxum təmizlənib səpinə hazırlanır. Bağların, bostanların barı yığılır. Arı pətəkləri açılıb, bal süzülür. Dağ kəndində məktəblərin tikintisində işlər başa çatır. İkimərtəbəli yeni evlər qapılarını sakinlərin üzünə açır. Asfalt yollar çəkilir, körpülər salınır. Bir sözlə, Lerikdə qurub-yaradan əllər işdən, ürəklər arzudan yorulmur.

Bizim diyarın qədim insan məskənlərindən biri Lüləkəran kəndidir. Bu, çox da böyük olmayan abad məkandır. Arxası qayalara söykənib, sağı və solu meşəlikdir. Yaşı da bəllidir. Ağsaqqalların dediyinə görə, 350-400 il olar salınıb. Üç dəfə yerini dəyişib. Əhalisi son dəfə dağın ətəyini, gur sulu bulaqların axarını, Ərdəbilə gedən ticarət yolunun üstünü seçib.

Dünyagörmüş qocalar söyləyirlər ki, Lüləkəran toponimi talışca “tüfəngli evlər” deməkdir. Bunun da səbəbi var. Vaxtilə kəndin igidləri həm özlərini, həm də qonşu obaları qaçaq-quldurlardan qorumaq üçün hər evdə silah saxlayıblar. Mal-dövlət dalınca gələn çapqınlar adamları əli silahlı görüb qaçmağa başlayıblar.

Ötən əsrin əvvəllərində kənddən bir neçə adlı-sanlı igid adam çıxıb. Din xadimi Şeyx Fazil, xeyriyyəçi Nüsrət, dülgər Rəhman, təbiətşünas alim Hacı Rza burada doğulublar. Kərbəlayı Şahverən Əsgər oğlunun, qardaşı Əşrəfin adları ehtiramla çəkilir. Yaşlı nəsil qardaşların at çapmasından, tüfəng oynatmasından iftixarla danışır. Lənkərandan ustalar gətirilərək qardaşların parası hesabına burada kərpic kürəsi tikilib. Qırmızı kərpicdən minarəli məscid ucaldılıb. Kürədən çıxan kirəmitlərlə kasıb ailələrin evlərinin damı örtülüb.

Kərbəlayı Şahverən Lerikdə milli hökumətin təəssübkeşi olub. 1920-ci ilin yayında dəstəsi ilə Yardımlı rayonunun Vərqədüz kəndi yaxınlığında qırmızı imperiyanın alayının qabağını kəsib, onları üç ay Lerik torpağına ayaq basmağa qoymayıb. Ötən əsrin 80-ci illərində Blaband kəndinin 106 yaşlı ağsaqqalı, Şahverənin dəstəsinin pulemyotçusu Əbdül kişi mənə danışırdı ki, Şahverən cəsur, quşu gözündən vuran qorxmaz adam idi. Onu diri tutmaq istədilər. Ancaq məqsədlərinə çata bilmədilər. Gedib kəndin üstündəki qalada məskən saldı. Camaatı güdaza verməməkdən ötrü sonra da ailəsini götürüb cənuba üz tutdu. Sovet casusları Şahverəni pənah gətirdiyi yerdə namaz üstə qətlə yetirdilər. Lüləkəranlılar qərib torpaqda uyuyan el ağsaqqalının xatirəsini həmişə yad edirlər.

Kənddə 1935-ci ildə əhalinin mal-qarasını, torpaqlarını əllərindən alıb kolxoz yaratdılar. Təsərrüfat müxtəlif vaxtlarda “Qızıl əsgər”, “Nizami”, “Sosialist Kubası” adlandırılıb. 1997-ci ildə burada islahat aparıldı, torpaqlar əhaliyə paylandı. Əkin yerləri az olsa da, bərəkətlidir. Taxıl əkilir, kartof becərilir, tərəvəz yetişdirilir. Bu il tarlalardan bol məhsul yığılıb.

Müstəqillik illərində kənddə orta məktəb açılıb. Təhsil ocağında 130 şagird oxuyur. Bu il 8 nəfər ali məktəblərə qəbul olunub. Dərs deyən müəllimlər məktəbin öz yetirmələridir. Məzunlarının xoş sorağı ölkəmizin müxtəlif şəhər və kəndlərindən gəlir. Onların arasında alimlər, həkimlər, mühəndislər, iqtisadçılar, dövlət qulluqçuları, iş adamları var. Hər biri doğma diyarın abadlaşmasına köməyini əsirgəmir.

Kənd sakini Məzahir Babayevlə söhbət etdik. O, tanınmış həkimdir. Uzun illər rayon mərkəzi xəstəxanasında şöbə müdiri işləyib. Məzahir həkim təqaüdə çıxsa da, yenə el-obasının xidmətindədir. Birinin başı ağrıyan kimi özünü ona çatdırır. O, həmkəndlilərinə dövlətin qayğısından razılıqla söhbət açdı:

- Hazırda kəndimizdə 80 ailə yaşayır. Evlərdə bütün günü işıq var. Dağlardan keçən qaz kəməri çəkilib, meşələrdən balta səsi on ildir kəsilib. Həyətlərə bulaq suları axır. Telefon sarıdan gileyimiz yoxdur. Yaxın-uzaq qohumlarımızla əlaqə saxlayırıq. Kitabxana oxucuların üzünə açıqdır. Ərzaq dükanları alıcıların xidmətindədir. Adamlar onlara diqqəti görüb torpağa ürəkdən bağlanırlar. Biz də xoşbəxt qocalığımızı rahat yaşayırıq.

Məzahir həkimin söhbətinə ehtiyatda olan polis polkovniki Şahgəldi Əliyev qoşuldu. Dedi ki, son 10-15 ildə kənddən bir ailə belə başqa yerə köçməyib. Vaxtilə işsizliyə görə ata-baba yurdunu tərk edənlər qayıdıb gəlir. Mal-qara saxlayırlar, əkin-biçinlə məşğul olurlar. Ali məktəbləri bitirən gənclər doğma ocağa dönüb ailə həyatı qururlar. Onlar ixtisaslarına görə rayonda işlə təmin olunurlar.

Lüləkəranın yamaclarında bitən otlar, çiçəklər, giləmeyvələr, bulaqlarının suyu, dağlarının havası can dərmanıdır. Kənd uzunömürlüləri ilə də tanınır. Əmir Əliyev, Sağı Əliyev, Nərgiz Babayeva bir əsrin dizini bu obada qatlayıblar. Bu gün də bekar durmurlar, gücləri çatan işdən yapışırlar.

 

Həmzə VƏLİMƏMMƏDOV,

əməkdar jurnalist

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video