Alternative content

00:30 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda miqrasiyanın saldosu müsbət olaraq qalır
Azərbaycanda miqrasiyanın saldosu müsbət olaraq qalır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 25.08.2018

 

Nikahların sayı artıb, boşanma və ölüm halları azalıb

 

Hər bir ölkənin demoqrafiyasını əks etdirən təkcə doğumun, təbii artımın səviyyəsi deyil. Ölüm hallarının, nikahların, boşanmaların çoxalması, yaxud azalması, miqrasiyanın vəziyyəti və s. də demoqrafiyanı şərtləndirən əsas amillərdir. Bu il iyul ayının 1-i vəziyyətinə Azərbaycanda əhalinin sayı 9 milyon 936 min 134 nəfər olub. İlin birinci yarısında ölkədə 66 min 166 uşaq dünyaya göz açıb. Beləliklə, hazırda respublika əhalisinin sayı 10 milyona yaxınlaşır. Digər demoqrafik göstəricilərimiz necədir?

Dövlət Statistika Komitəsinin məlumatına görə, yarım ildə həyatdan köçənlərin sayı 29 min 292 nəfər olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 185 nəfər azdır. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ölümün əmsalı da 6,1-dən 6-ya enib. Xatırladaq ki, keçən il ölkədə dünyasını dəyişənlərin sayı ondan əvvəlki ilə nisbətən 461 nəfər çox olmuşdu. 

Ölüm hallarının azalması mühüm demoqrafik göstəricilərdən biridir və cari ilin birinci yarısında vəziyyətin keçən ilkinə nisbətən müsbətə doğru xeyli dəyişməsi ürəkaçandır. Azərbaycan dövlətinin insanların sağlamlığına, sosial rifahına yönəltdiyi ardıcıl tədbirlərin özünü əyani göstərdiyi nəticələrdən biri də məhz budur.

Ölkədə insanların sağlamlığına böyük diqqət ayrılır. Son illərdə tibb müəssisələrinin şəbəkəsinin daha da genişləndirilməsi, xəstəxanaların ən müasir tibbi cihaz və avadanlıqlarla təchiz edilməsi əhalinin sağlamlığını möhkəmləndirən əsas səbəblərdən biridir. Bir sıra rayonlarda müalicə-diaqnostika mərkəzləri fəaliyyət göstərir ki, bu da əhalinin vaxtında öz səhhətinin qayğısına qalmasına şərait yaradır. Həmin bölgələrdə və ətraf yaşayış məntəqələrində məskunlaşan insanların vaxt itirib, vəsait xərcləyib paytaxta gəlmələrinə, yaxud digər ölkələrə üz tutmalarına artıq ehtiyac qalmır. 

Ölüm hallarının qarşısını alan faktorlardan biri də sosial rifahdır. Son illərdə pensiyaların və müavinətlərin artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması insanlarin sağlamlığına və ömür uzunluğuna yönəldilir.

2017-ci ilin yekunlarına görə, Azərbaycanda gözlənilən orta ömür uzunluğu 75,4, o cümlədən kişilərdə 73,1, qadınlarda 77,8 yaş olub. Azərbaycan həmin göstəriciyə görə də bir sıra ölkələrdən irəlidədir ki, bu da dövlətin  insana, onun maddi-mənəvi vəziyyətinə göstərilən qayğıdan qaynaqlanır. Bəlkə də dünyada ikinci belə bir ölkə yoxdur ki, onun bütün vətəndaşları dövlət başçısının tapşırığına əsasən hər il pulsuz tibbi müayinədən keçirilir.   

 Ömrü uzadan əsas səbəblərdən biri də insanların bir-birinə xoş münasibəti, qayğısıdır. Bunlar isə Azərbaycan ailəsinin ən ümdə xüsusiyyətləridir. Övladların, nəvələrin hərtərəfli qayğısı, sevgi və nəvazişi yaşlıların yaşının üstünə yaş gətirir. Qohum-əqrəbanın, dost-tanışın  bir-birinə dəstəyi, şad gündə sevincə şərik çıxmaq, dar gündə dərdi bölüşmək xüsusiyyətləri xalqımızın nümayəndələrini stresslərdən, bədbinlikdən qoruyan mühüm şərtlərdir.

Keçən ilə nisbətən demoqrafiyamızın mənzərəsində ürəkaçan bir hal da boşanmaların sayının azalmasıdır. Əgər 2016-cı ilə nisbətən 2017-ci ildə  boşanmaların sayının artımı 1400 olmuşdursa, bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə onların sayı azalmışdır. Belə ki, cari ilin əvvəlindən 7219 boşanma halı baş vermişdir. Keçən ilin birinci yarısında isə onların sayı 7287 idi. Bu faktın özü də göstərir ki, Azərbaycan ailəsi dünyanın ən yaxşı ailə modellərindən biri olaraq qalır. Xalqımızın milli-mənəvi dəyərləri həmişə üstün tutması, onları əziz bir əmanət kimi qoruyub saxlaması və dövlətimizin ailəyə qayğısı, onun möhkəmlənməsinə önəm verməsi Azərbaycan ailəsinin bundan sonra da xoşbəxt və hamıya nümunə olmasına xidmət edir.

Qeyd edək ki, hazırda ilk dəfə nikaha girən gənclərin orta yaşı qadınlar arasında 24,2, kişilər arasında 28,8-dir. Bu, cavanların ailə qurarkən tələsmədiklərini, düşünüb-daşındıqlarını göstərir, təhsil aldıqdan, peşə, sənət  qazandıqdan, məşğulluq problemini həll etdikdən sonra nikaha girmək qərarına gəldiklərinə dəlalət edir.

Sevindirici haldır ki, bu ilin birinci yarısında nikahların da sayı artıb. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə qurulan ailələrin əmsalı 5,6-dan 5,7-yə çatıb.

Hazırda Azərbaycanda miqrasiyanın da saldosu müsbətdir. Ölkəyə daimi yaşamağa gələnlərin sayı buradan birdəfəlik köçüb gedənlərin sayını üstələyir. Bu ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları Azərbaycana 1859 nəfərin daimi yaşamağa gəldiyini qeydə alıblar. Həmin dövrdə ölkəni 684 nəfər biryolluq tərk edib. Beləliklə, Azərbaycanı daimi yaşayış yeri seçənlərin sayı buradan köçüb gedənlərdən üç dəfəyə qədər çoxdur. Bu da öz növbəsində göstərir ki, Azərbaycanda yaşamaq və işləmək xoşdur. İnsanlar üçün yaradılan bu şərait dövlətin məqsədyönlü sosial-iqtisadi siyasətinə, aparılan düzgün islahatlara, bütün regionların tarazlı şəkildə inkişafına, ən başlıcası, vətəndaşın maraqlarının yüksək qiymətləndirilməsinə əsaslanır.

 

Flora SADIQLI,

“Azərbaycan”