Alternative content

00:21 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səhv profilaktik tədbir 78 baş iribuynuzlu heyvanın tələfatı ilə nəticələnib
Səhv profilaktik tədbir 78 baş iribuynuzlu heyvanın tələfatı ilə nəticələnib
ANA SƏHİFƏ / CƏMİYYƏT
06:08 24.08.2018

Astara rayonunun Şüvü kənd sakini Şaban Məmmədovun təsərrüfatında 78 baş iribuynuzlu heyvan tələfatı qeydə alınıb. Hadisə ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən əraziyə baytarlıq mütəxəssisləri ezam edilib və ardıcıl müalicə tədbirləri aparılıb.

Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırma zamanı fermer bildirib ki, Astara şəhərində yerləşən İmamverdi Rəciyevə məxsus baytarlıq aptekindən avqustun 20-də İordaniya istehsalı olan 1 litr 60 faizli diasidol baytarlıq preparatı alaraq 1 ton su ilə qarışdırıb və əlavə olaraq özündə olan Rusiya istehsallı 11,5 faizli 2 litr kriolin əlavə edib. Həmin gün saat 11-12 radələrində təsərrüfatda müxtəlif yaş qrupundan olan heyvanlarda baytarlıq mütəxəssislərinin iştirakı və göstərişi olmadan özbaşına çimizdirilmə aparılıb. Çimizdirmə meyvə bağlarında ağacların dərmanlanmasında istifadə olunan çiləyici qurğu ilə icra edilib və heyvanlar nəzarətsiz örüş sahəsinə buraxılıb.

Sahibkar tərəfindən həmin gün saat 16 radələrində heyvanlar arasında ölümün baş verməsi ilə əlaqədar Astara Rayon Baytarlıq İdarəsinə məlumat verilib. Baytarlıq mütəxəssisləri dərhal təsərrüfata gəlib və 25 baş heyvanda simptomatik müalicə aparıblar.

Həmçinin təsərrüfatda 78 baş iribuynuzlu heyvanın tələf olması müəyyən edilib, ölmüş heyvan cəsədləri baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib və ərazidə dezinfeksiya işləri aparılıb. Ölmüş 3 baş iribuynuzlu heyvan cəsədindən patoloji material götürülərək Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Sınaq Laboratoriyasına göndərilib.

Dövlət Baytarlıq Xidməti təsərrüfat sahiblərinin diqqətinə çatdırır ki, iribuynuzlu heyvanlarda ağır və iti formada gedən qan-parazitar xəstəliklərini törədən parazitotropa qarşı çimizdirilmə tədbirinin aparılması vacibdir. Burada əsas məqsəd piroplazmoz üçlük (keçirici gənə, parazit daşıyıcı və xəstəliyə həssas heyvan) adlanan bioloji “zənciri” qırmaqdan ibarətdir. Bunun üçün heyvanlar ilin isti fəsillərində akarisid məhlullarla xüsusi çiləyici qurğular vasitəsilə çimizdirilməlidir. Baytarlıq mütəxəssislərinin iştirakı olmadan heyvanlarda özbaşına müalicə, peyvəndləmə və profilaktik, o cümlədən heyvanların çimizdirilməsi tədbirlərinin aparılması yolverilməzdir və bütünlükdə bu tədbirlər baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır. Əgər heyvalar arasında şübhəli hal baş verərsə, dərhal yerli baytarlıq idarələrinə və sahə baytarlıq məntəqələrinə, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə və Dövlət Baytarlıq Xidmətinin 562-76-13 saylı “Qaynar xətt”inə müraciət etsinlər.