Alternative content

14:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zoğalın 20 müalicəvi xüsusiyyəti
Zoğalın 20 müalicəvi xüsusiyyəti
ANA SƏHİFƏ / Səhiyyə
07:08 24.08.2018

Daha çox mürəbbə və kompot hazırlanan zoğal (latınca adı – Cornus mas L.) həm də insan sağlamlığının qorunmasında çox təsirli vasitədir.

Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, “Meyvələrlə müalicə (Pomoterapiya)” əsərinin müəllifi Zaur Həsənov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində zoğal meyvəsinin faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, zoğal mədəni halda nisbətən az, yabanı halda isə geniş ərazilərdə yayılmış meyvə bitkisidir. Xüsusilə də Böyük və Kiçik Qafqazın meşəliklərində bu bitki geniş yayılıb. Həyətyanı sahələrdə zoğalın iri meyvəli formaları daha çox becərilir. Meyvələri zəngin tərkibə malikdir.

Meyvələrdə şəkərlər (əsasən qlükoza və fruktoza), üzvi turşular (alma, limon, kəhrəba), pektin, dabbaq maddələri, azotlu birləşmələr və flavonoidlər, C vitamini, həmçinin P vitamini və A provitamini, efir yağları, fitonsidlər, dəmir, kalium, kalsium, maqnezium və kükürd duzları var. 100 qram meyvənin enerji dəyəri 44 kilokalori təşkil edir.

Zoğal çəyirdəyində 34 faizə qədər piyli yağlar, gövdə qabığında korin qlükozidi, dabbaq maddələri, alma və digər üzvi turşular, yarpaqlarında 7-17,6 faiz tanin, E və C vitaminləri var.

Alim qeyd edib ki, zoğalın meyvələrindən həm təzə, həm də emal olunmuş şəkildə istifadə olunur. Zoğal meyvəsindən hazırlanmış qax və lavaş milli xörəklərin hazırlanmasında və uzun müddət xarab olmadığından səyyahlar üçün sinqa xəstəliyinə qarşı müalicə vasitəsi kimi istifadə edilir. Zoğal çəyirdəyindən üyüdüldükdən sonra kofe üçün surroqat, yarpaqlarından gön aşılamada və həmçinin çay kimi istifadə edilir. Çiçəkləri bal arıları üçün yaxşı nektar mənbəyidir. Oduncağı möhkəm olduğundan ondan döymə, əsa, müxtəlif kənd təsərrüfatı alətləri üçün saplıq hazırlanır.

Müalicə vasitəsi kimi zoğalın meyvəsindən, çəyirdəyindən, yarpağından istifadə olunur.

Zoğal meyvələri pektinlə zəngin olduğundan o, orqanizmin metobolizm məhsullarından təmizlənməsini sürətləndirir, quzuqulağı və sidik turşularından azad edir. Hemoqlabinin səviyyəsini yüksəldir, kapilyarların və iri qan damarlarının divarlarını möhkəmləndirir, qan təzyiqini nizamlayır, beyində qan dövranını yaxşılaşdırır, damarlarda aterosklerotik zədələnmələrin baş verməsini əngəlləyir. Ona görə də zoğal meyvələrindən podaqra, qanazlığı zamanı, revmatizm və avitaminozdan pozulmuş maddələr mübadiləsinin (kalorizator) bərpasında istifadə edilir.

Təzə meyvələrdən çəkilmiş şirə şəkərli diabet xəstəliyi zamanı sərinləşdirici və yanğı söndürücü vasitə kimi istifadə olunur.

Xalq təbabətində zoğal meyvələrindən hazırlanmış mürəbbə soyuqdəymə və zökəm xəstəlikləri, zoğal həlimindən qızdırma, qanlı ishal xəstəliklərinin müalicəsində tətbiq olunur. Qovrulmuş çəyirdək unu dezinfeksiyası üçün yaralara çəkilir. Qurudulmuş və təzə zoğal meyvələri angina, qızılca, skarlatin, raxit zamanı faydalı sayılır.

Yarpaqlardan dəmlənmiş çay ishal zamanı möhkəmləndirici vasitə kimi yararlıdır.