Nyu-York məhkəməsi FİFA-da korrupsiya işi üzrə araşdırma nəticəsində Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Xose Mariya Marini 4 il həbs cəzasına məhkum edib.
AZƏRTAC xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, sabiq prezident, həmçinin 1,2 milyon dollar cərimə olunub və üstəlik 3,3 milyon dollar məbləğində zərəri ödəməlidir. 86 yaşlı Marin FİFA-dakı korrupsiya qalmaqalında adı keçən iri məmurlardan real həbs cəzası almış ilk şəxsdir. Prokuror müttəhim üçün 10 il həbs cəzası istəyib, amma hakim bu müddəti dörd ilə endirib.
İttiham məlumatlarına əsasən, Marin 2010-cu ildən etibarən beynəlxalq futbol oyunlarının işıqlandırılmasında marketinq və televiziya hüququ verilməsi müqabilində 6,55 milyon dollar rüşvət alıb.
Braziliyalı artıq 13 aydır ki, həbsxanadadır və özünü yaxşı aparsa, 28 aydan sonra azadlığa çıxa bilər.