Alternative content

10:17 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Palıdlı nekropolunda dəfn olunmuş insanların yaşayış məskənlərinin yeri dəqiqləşdirilib
Palıdlı nekropolunda dəfn olunmuş insanların yaşayış məskənlərinin yeri dəqiqləşdirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:08 23.08.2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyası bu ilin yayında Ağdam rayonu ərazisində çöl tədqiqatlarını davam etdirib.

Qarabağ arxeoloji ekspedisiyasının rəisi professor Hidayət Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bir ay davam edən kəşfiyyat-axtarış işləri zamanı 2009-cu ildən tədqiqatlarına başlanılan, eradan əvvəl XII-XI əsrlərə aid torpaq qəbirlərdən ibarət Palıdlı nekropolunda 30 kvadratmetr ölçüdə qazıntı sahəsində bir torpaq qəbir açılaraq öyrənilib. Hədsiz çürüntüyə məruz qalmış sümük qalıqlarına əsasən ölünün sol yanı üstündə, bükülü vəziyyətdə dəfn olunması müəyyənləşdirilib. Qəbirdən sınmış və fraqmentlərə bölünmüş iki ədəd qara rəngli saxsı camdan ibarət artefaktlar aşkar edilib.

Tədqiqatlar zamanı Palıdlı nekropolunda dəfn olunmuş insanların sağlığında məskunlaşdıqları yaşayış məskənlərinin yeri də dəqiqləşdirilib. Bunlardan biri nekropoldan 500 metr cənubda, vaxtilə bol sulu çay olmuş dərin qobunun sol hündür sahilində yerləşən Palıdlı-2 yaşayış məskənidir. Buranın alt təbəqəsi Leylatəpə tipli keramika ilə zəngin olub. Üst qatda son tunc dövrünü - Palıdlı nekropolu ilə eyni tipli olan materialları əks etdirən dəlillər mövcuddur.

Palıdlı-2 yaşayış məskənindən bir kilometr şimalda çoxtəbəqəli Şomulutəpə yaşayış yerində aparılan yoxlama qazıntıları ilə burada bir neçə dövrün - eneolit, son tunc, erkən dəmir və orta əsrlərə aid yaşayış izləri müəyyən edilib. Tədqiqatlar göstərir ki, eneolit dövründə əhalinin müxtəlif səbəblərə görə bu yaşayış məskənini tərk etməsindən 3 min il sonra burada yenidən son tunc dövründə məskunlaşma olub. Tədricən məskəndə bina inşa etmək üçün yer azaldığından insanlar qonşuluqdakı yaşayış üçün əlverişli olan çay kənarındakı boş sahəyə köçüblər. Yəni Palıdlı nekropolunda dəfn olunmuş sakinlər əvvəllər Şomulutəpədə, sonra isə Palıdlı-2 də yaşayıblar. Hər üç abidədən əldə olunan çoxsaylı keramika məmulatındakı identiklik bunu əyani sübut edir. Aparılan tədqiqatlar Qarabağın dağətəyi və düzənlik ərazilərinin eneolit dövründən başlayaraq insanlar tərəfindən intensiv məskunlaşdığını deməyə əsas verir.

H.Cəfərov qeyd edib ki, ekspedisiya cari ilin yayında Ağdam rayonunun Səfərli və Ağcabədi rayonunun Qaraxanlı kəndlərinin arasında yerləşən, mənbəyini Qarabağ dağlarından götürən qədim çay yatağı - indi Qaralar qobusu adlanan dərənin hündür cənub sahilindəki Qoşatəpə (Cüttəpə) erkən tunc dövrü yaşayış məskənində də yoxlama qazıntı işləri aparıb. Çöl-tədqiqatlarının gedişində, həmçinin Ağdam rayonu ərazisindəki arxeoloji abidələrin mühafizə-saxlanılma vəziyyəti yoxlanılıb. Həmin abidələrdən Vəlibəy təpələri (4 təpə), Saricalıtayı, Qoşatəpə, Çardaxlıtəpə, Kəbləhüseyintəpə, Nazdıxantəpə, Namazalıtəpə, Düyütəpə, Əhədtəpə, Canavartəpə yaşayış yerlərinin mühafizəsinin yetərli olması, tunc dövrünün çoxtəbəqəli Üçoğlan, Dəyirmanyeri, Gərtəpə, məşhur və möhtəşəm Sultanbud kurqanı, Sariçoban kurqanlarının bəzilərinin, həmçinin eneolit dövrünün Bənövşələr, Leylatəpə, Quzanlı yaşayış yerlərinin təsərrüfat və başqa işlər zamanı müxtəlif dərəcəli dağıntılara məruz qaldığı müəyyən edilib.