Alternative content

18:29 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə təkan verən sammit
Sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə təkan verən sammit
ANA SƏHİFƏ / SİYASƏT
12:08 22.08.2018

 

Xəzərin hüquqi statusunu müəyyənləşdirən konvensiyanın imzalanması 22 il davam edən danışıqlara son qoydu

 

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlər üçün tarixi bir gün yaşandı. Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında dənizin hüquqi statusuna dair konvensiya imzalandı.
V Xəzər Sammitinin yekununda prezidentlər - İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq etdilər. Prezidentlər tərəfindən Xəzərin hüquqi statusunu müəyyən edəcək konvensiyanın imzalanması 22 il davam edən müzakirələrə son qoydu.

 

Beynəlxalq Xəzər Günü ilə üst-üstə düşən əlamətdar tarix

 

Öncə onu vurğulayaq ki, konvensiyanın imzalanması avqustun 12-sinə təsadüf edən Beynəlxalq Xəzər Günü ilə üst-üstə düşdü və 1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi yekununa yetişdi. Çünki indiyədək Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşıb. Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və “qazan-qazan” prinsipini təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağlı razılaşma əldə edilməsinə imkan vermirdi.
Ümumiyyətlə, sənəd üzərində iş 1996-cı ildən aparılıb. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb və tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb.
2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə toplantısı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xüsusi töhfə verib. Həmin toplantıda regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb. Konvensiyanın razılşadırlması üçün Azərbaycanın Qazaxıstan, Rusiya, Türkmənistan və İranla apardığı ikitərəfli danışıqlar mühüm rol oynayıb.
Bu il martın sonunda İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında anlaşma memorandumu konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd olub.

 

İllərdir sürən ziddiyyətlər əməkdaşlıqla əvəzlənir

 

Xəzər dənizinin hüquqi statusunu təsbit edən yeni beynəlxalq konvensiya ümumilikdə 24 maddədən ibarətdir. Sənəddə ərazi suları, dəniz sərhədləri, dənizin dibinin bölgüsü, naviqasiya qaydaları, balıq ovu hüquqları, ətraf mühitin qorunması, dəniz elmi tədqiqatları, hərbi əməkdaşlıq məsələləri, dənizin sərvətlərindən istifadə və başqa məqamların tənzimlənməsi yer alır.
Sənədin imzalanmasına qlobal miqyasda böyük maraq var idi. Hətta dünyanın müxtəlif ölkələrindən xeyli sayda jurnalist sammitin gedişini izləyirdi. Əlbəttə, bu həm də Xəzərin yerləşdiyi geopolitik mövqe ilə bağlıdır. Çünki Xəzər adi su hövzəsi hesab olunmur. Onun dibində milyardlarla barel neft və trilyonlarla kubmetr təsdiqlənmiş qaz ehtiyatları mövcuddur.
Konvensiyaya əsasən, Xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcək.
Bununla yanaşı, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi onun dibinin və səthinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq tərəflər arasında sektorlara bölünməsi prosesinin başa çatdırılmasına kömək edəcək. Bu kontekstdə Azərbaycan, Qazaxıstan və Rusiya arasında imzalanmış sazişlərin böyük əhəmiyyət daşıdığını xüsusi qeyd etmək olar.

 

Dənizin dibindən kəmərlərin çəkilməsi maneəsi aradan qaldırılır

 

Bütün ölkələr, xüsusən Azərbaycan konvensiyadan daha çox iqtisadi dividendlər qazanacaq. Çünki konvensiyanın ən əhəmiyyətli tərəflərindən biri ondan ibarətdir ki, sənədin 14-cü maddəsinə görə sahilyanı ölkələr dənizin dibi ilə qaz və neft kəmərləri çəkə bilərlər, bunun üçün sadəcə olaraq, kəmərin keçdiyi sektorlara sahib ölkələrin razılığı kifayət edir.
Təbii ki, bu maddə Türkmənistan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə Türkiyə və Avropaya nəqlinə yaşıl işıq yandırır. Belə ki, indiyədək statusun qeyri-müəyyən olması Qazaxıstanın planlaşdırdığı Xəzər kəmərinə və Türkmənistanın öz qazını Avropa bazarına çıxarmaq istədiyi Transxəzər kəmərinə ciddi maneə törədirdi. İmzalanmış bu konvensiyaya görə sahil dövlətləri öz sektorlarında baş verən texnogen qəzalara görə birbaşa məsuliyyət öhdəliyi də götürürlər.
Xarici ekspertlər qeyd edirlər ki, Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması beş sahil ölkəsi üçün dönüş nöqtəsidir. Ekspertlərin dəyərləndirmələrinə görə, Xəzərin şelfində 50 milyrad barel neft və 9 trilyon kubmetr qaz yatağı var, onların istismarı ölkələrə bir neçə trilyon dollar gəlir gətirəcək. Bəzi proqnozlarda daha çox yataq kəşf olunacağı da istisna edilmir.

 

Antiazərbaycançı şəbəkənin bütün planları yenə də iflasa uğradı

 

Dövlət başçılarının imzaladıqları sənəd xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşib. Azərbaycan hüquqi statusla bağlı danışıqların getdiyi bütün dövr ərzində beynəlxalq hüquqa və qarşılıqlı etimada söykənən milli mənafelərini müdafiə edib və digər qonşu ölkələr də xoş məram nümayiş etdirərək milli maraqlarının müdafiəsi qarşısında müəyyən güzəştlərə gedib. Müzakirələr getdiyi bütün dövr ərzində, xüsusən konvensiya imzalanması ərəfəsində xaricdəki antiazərbaycançı qüvvələr, erməni lobbisinə yaxın dairələr həm digər Xəzəryanı ölkələrin paytaxtlarında, həm də Qərb ölkələrinin paytaxtlarında “Xəzər beşliyi” dövlətləri arasında ziddiyyətləri qabartmağa çalışır, anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərirdilər.
Yalnız “Xəzər beşliyi” ölkələri rəhbərlərinin, xüsusən Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verdi.

 

Yeni iqtisadi əməkdaşlıq formatı yarana bilər

 

Sammitdə “Xəzər beşliyi” ölkələrinin yeni iqtisadi əməkdaşlıq formatının yaranması da anons edilib. Qeyd edilib ki, yaranmış əməkdaşlıq mühiti beynəlxalq yükdaşımalarında “Xəzər beşliyi” ölkələrinin payının artmasına, xüsusi töhfə verəcək.
Sammitdə vurğulanıb ki, hazırda Avropa İttifaqı ilə Çin arasında yük daşımalarının 3 faizi regionun payına düşür, yeni əməkdaşlıq mühiti bu göstəricini yüksəltməyə imkan verəcək, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına stimul olacaq. İmzalanmış sənədə əsasən, Xəzər sularında indiyə qədər baş verən insidentlərə son qoyulacaq və yükdaşımaların təhlükəsizliyinə təminat yaranacaq. Eləcə də ticarət, iqtisadi əməkdaşlıq, nəqliyyat vasitəsilə daşımalar sadələşdiriləcək. Bu da bir daha sübut edir ki, davamlı konstruktiv danışıqlar və problemin həllini çözmək istəyi olanda sülh yolu ilə uğur qazanmaq olur.
Bütün bunlar Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanmasının tarixi əhəmiyyətli sənəd olduğunu bir daha təsdiqləyir.

Xəzər mühüm nəqliyyat arteriyasına çevrilir

 

Mətbuata bəyanatında Prezident İlham Əliyev mühüm məsələlərə toxunaraq illər sonra əldə edilən bu uğuru yüksək dəyərləndirdi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyətin mövcudluğunu və bunun da təhlükəsizliyin, sabitliyin başlıca qarantı olduğunu deyən dövlət başçısı bildirdi ki, Xəzərdə təhlükəsizlik və sabitlik imzalanmış konvensiya ilə müəyyən olunur.
Cənab İlham Əliyevin söylədiyi kimi, bu konvensiya Xəzəryanı ölkələrin sıx, qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqların həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır. Azərbaycan mümkün olan hər şeyi edir ki, Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin. Bununla yanaşı, müstəqil Azərbaycan nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırır və reallaşdırdığı layihələr bu gün ölkəmizə Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir. Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında da mühüm rol oynayır. Ötən il Şimal-Cənub marşrutu üzrə Azərbaycan ərazisindən 1700 ton, bu ilin yalnız 7 ayı ərzində isə 175 000 ton yük daşınıb. Bu isə yükdaşıma həcminin ötən illə müqayisədə təqribən 100 dəfədən çox artması deməkdir: “Azərbaycanın öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb və Şimal-Cənub dəhlizləri iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir”.
Azərbaycan Prezidenti həmçinin Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından da söz açdı. Bildirdi ki, limanın yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcmi artarsa, limanın yükaşırma qabiliyyəti qısa müddət ərzində 25 milyon tona çatdırıla bilər.
Dövlət başçısı bütün beynəlxalq toplantılarda olduğu kimi, Aktau sammitində də Ermənistanın işğalçı siyasətindən söz açdı. Bir daha bəyan etdi ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti regional təhlükəsizlik üçün böyük təhdid doğurur. Dövlət başçısı bir daha diqqətə çatdırdı ki, münaqişənin həll olunmamış vəziyyətdə qalması regionda təhlükənin tam aradan qalxmaması deməkdir və işğalçıya qarşı ciddi tədbirlərin görülməsi zamanı artıq yetişib.
Bir sözlə, əminliklə söyləyə bilərik ki, Aktau sammitində qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”