21 Avqust 2018 05:08
102
CƏMİYYƏT
A- A+

Respublika Veteranlar Təşkilatında “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı olub

Avqustun 21-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının binasında “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimat mərasimi keçirilib. “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” kitabının həmmüəllifləri Şamil Süleymanov və Vladimir Mişindir. “Fədakarlar gərəkdir” kitabının həmmüəlliləri isə Şamil Süleymanov və Şövkət Kərəmovadır.

AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov təqdimat mərasimində çıxış edərək hər iki kitabın Azərbaycan oğullarının sovet dövründə və müstəqillik illərində xüsusi xidmət orqanlarındakı fədakar əməyindən bəhs etdiyini bildirib.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycanda gənclərin vətənpərvərlik, tariximizə, milli adət-ənənələrimizə, maddi mənəvi dəyərlərimizə hörmət, dövlətə, xalqa sədaqət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi istiqamətində aparılan uğurlu və məqsədyönlü siyasətin həyata keçirilməsində digər aidiyyəti orqanlar və təşkilatlarla yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də fəallığı ilə seçilir. Bu işdə DTX-nin veteranlarının, xüsusilə Şamil Süleymanovun rəhbərlik etdiyi “Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları” İctimai Birliyinin əməyi danılmaz və təqdirəlayiqdir.

Sonra hər iki nəşr haqqında məlumat verilib.

Bildirilib ki, “Fədakarlar gərəkdir” kitabında kəşfiyyat və əks-kəşfiyyat sahəsində zəngin təcrübəsi olan, əqidəsinə sadiqliyi ilə seçilən xüsusi xidmət orqanı veteranı, dəyərli ziyalı Şamil Süleymanovun mənəvi keyfiyyətlərindən, şərəfli xidmət yolundan bəhs olunur. Nəşrdə Ş.Süleymanov ulu öndər Heydər Əliyev ilə ilk tanışlığı, dahi şəxsiyyətin rəhbərliyi ilə bu çətin xidmətdə yüksək keyfiyyətlərə yiyələnməsi, onun kəşfiyyatçı kimi iştirak etdiyi əməliyyatlar, habelə hazırkı ictimai fəaliyyəti və rəhbərlik etdiyi veteranlar təşkilatının gördüyü işlər barədə söhbət açılır.

Qeyd olunub ki, “Üçüncü ən qədim “T” İdarəsinin İsveç qambiti” romanı 1980-ci illərdə inkişaf etmiş Avropa ölkələrindən birində cərəyan edən real hadisələrin əsasında yazılıb. Romanın Azərbaycan dilində nəşrinin redaktoru və rus dilindən tərcüməçisi yazıçı Azər Hacıbəylidir. Rus dilində variantı 2013-cü ildə işıq üzü görən romana “Ön söz”ünün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədir. Kitabda Ş.Süleymanovun bilavasitə iştirakçısı olduğu real hadisələr yüksək dəqiqliklə oxuculara çatdırılır. Əsərin qəhrəmanının müvəffəqiyyət qazanmasının əsasında onun peşəkarlığı ilə yanaşı, yüksək istedadı da durur.

Tədbirdə “Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları” İctimai Birliyinin sədr müavini Azər Qarayev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Mircəfər Həsənov, yazıçı Azər Hacıbəyli, uzun müddət milli təhlükəsizlik sistemində xidmət etmiş ehtiyatda olan polkovniklər Əliheydər Dadaşov, Sücəddin Abdullayev, polis orqanları veteranı, yazıçı Georgi Zapletin, veteranlar və başqaları çıxış edərək böyük və şərəfli həyat yolu keçən, zəngin bilik və təcrübəsini gənc nəslə öyrətmək işində yorulmadan çalışan Şamil Süleymanovun fəaliyyəti haqqında ətraflı məlumat verib, Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinə görə ona minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər bu sanballı əsərlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, hərbi qulluqçuların ruh yüksəkliyinin artırılmasında önəmini xüsusi vurğulayıblar. Bu kitabların gələcəkdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında tədris vəsaiti kimi istifadəsinin əhəmiyyəti qeyd olunub.

Şamil Süleymanov çıxış edərək Respublika Veteranlar Təşkilatına və tədbir iştirakçılarına təşəkkürünü bildirib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə çalışdığı illərlə bağlı xatirələrini bölüşən Şamil Süleymanov Ümummilli Liderin uzaqgörən siyasətinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyin dönməz xarakter aldığını, Azərbaycanın mühüm uğurlar qazanaraq regionun lider dövlətinə çevrildiyini vurğulayıb.

Veteranlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edən Şamil Süleymanov Azərbaycanın təhlükəsizliyinin qorunmasının gözəgörünməz cəbhədə çalışan hər bir əməkdaşın müqəddəs vəzifəsi olduğunu deyib və bu sahədə fəaliyyət göstərən hər bir şəxsə uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video