Alternative content

17:32 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beynəlxalq avtomobil, su və dəmir yolları Azərbaycanda qovuşur
Beynəlxalq avtomobil, su və dəmir yolları Azərbaycanda qovuşur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 21.08.2018

 

Bu, ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevrilməsini şərtləndirir, tranzit imkanlarını genişləndirir

 

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanı mühüm nəqliyyat və logistika mərkəzinə çevirmişdir. Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Belə ölkələr, bir qayda olaraq, nəqliyyat mərkəzi rolunu oynaya bilmirlər.
Azərbaycan isə heç bir açıq dənizə, yaxud okeana çıxışı olmadan təkcə regionun deyil, Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bununla da tarix qarşısında böyük xidmət göstərib. Bu, ölkədə yürüdülən məqsədyönlü iqtisadi siyasət, Azərbaycan dövlətinin dünyadakı nüfuzu və yaratdığı mükəmməl tərəfdaşlıq formatı sayəsində mümkün olub.
Nəqliyyat sektoruna qoyulan böyük həcmli sərmayələr sayəsində Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr həyata keçirilib.
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı təkcə ölkəmiz üçün deyil, həm də bölgə, hətta dünya üçün önəmli hadisə olub. Tikintisində və istismara verilməsində Azərbaycanın liderlik etdiyi və aparıcı qüvvə olduğu Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək yolunun polad magistrallar üzərində bərpası deməkdir. Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib.
Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolunun 263 kilometri Gürcüstandan, 79 kilometri Türkiyədən keçir.
Bu magistral xətt Mərkəzi Asiya ölkələri olan Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, eləcə də Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yolu ilə hər iki istiqamətdə daşınması onların həcmini dəfələrlə artıracaq. Daşımalara sərf edilən vaxt da nəzərəçarpacaq dərəcədə azalacaq. Yaxın gələcəkdə həm Azərbaycan, həm də Gürcüstan və Türkiyə tranzit daşımalarından yüksək gəlir əldə edəcəklər.
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycana Gürcüstan ərazisindən Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsi qurmaq imkanı yaradıb. Odur ki, bu dəmir yolu regionda turizmin inkişafına da böyük təkan verəcək.
İki qitəni birləşdirən dəmir yolu xətti Avrasiya məkanında nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə həyata keçirilən ən önəmli layihədir. Bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilən V Zirvə toplantısında Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha vurğulayaraq demişdir: “2017-ci ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur. Bu layihə Asiya ilə Avropanın dəmir yollarını birləşdirir. Ötən il bu marşrutla 191, cari ilin 6 ayı ərzində isə 1400-ə yaxın konteyner daşınıb. İlin sonunadək 4 minə yaxın konteynerin daşınması planlaşdırılır. Biz qarşıdakı illərdə bu marşrutla yükdaşımaların dəfələrlə artmasını gözləyirik”.
Azərbaycan “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nin yaradılmasında və inkişafında da mühüm rol oynayır. Ölkə ərazisində bu layihənin reallaşması üçün bütün işlər başa çatıb. 2016-cı və 2017-ci illərdə “Şimal-Cənub nəqliyyat dəhlizi”nin Azərbaycan ərazisində dəmir yolunun çatışmayan hissələri inşa edilmişdir. Astaraçay üzərində körpü salınmışdır.
Bunlar Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da qeyd edilmişdir: “Şimal-Cənub nəqliyyat dəhlizi”nin icrası istiqamətində önəmli addımlar atılmışdır. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edib, İran sərhədinə qədər dəmir yolunun tikintisini təmin edib, eyni zamanda, dəmir yolu körpüsünü də inşa edib. Beləliklə, Azərbaycan öz ərazisində bu layihə üzrə bütün lazımi tədbirləri görüb və layihənin ümumi icrası ilə bağlı da öz töhfəsini verməyə hazırdır”.
Ötən il Şimal-Cənub marşrutu üzrə Azərbaycan ərazisindən 1700 ton, bu ilin yalnız 7 ayı ərzində isə 175 min ton yük daşınıb. Bu, yükdaşıma həcminin qısa müddətdə yüz dəfə artması deməkdir.
Ölkənin tranzit imkanlarının genişləndirilməsində Beynəlxalq Dəniz Ticarət Limanı da həlledici və mühüm rola malikdir. Limanın inşası bu ilin may ayında başa çatıb. Bu obyekt 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdir. Tranzit yüklərin həcmi artarsa, limanın imkanları qısa müddət ərzində 25 milyon tona çatdırıla bilər.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bu layihələrin dəyəri bir daha vurğulanmış, görülmüş və görüləcək işlərdən ətraflı bəhs edilmişdir. Qeyd edilmişdir ki, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Bu dəhlizlər onlarca ölkəni bir-birinə bağlayır, onlarca ölkə qarşısında yeni iqtisadi inkişaf perspektivləri açır. Bunların arasında Azərbaycan yeganə ölkədir ki, hər iki layihənin fəal iştirakçısı və üzvüdür.
Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycandan keçən avtomobil və dəmir yolu hissələri Ələtdə kəsişir. Ərazidə inşa edilən liman Xəzər hövzəsinin ən böyük beynəlxalq ticarət limanıdır. Beləliklə, limanın tikintisi buraya su magistrallarını da əlavə edib. Məhz bütün bunlar - avtomobil, dəmir və su yollarının birləşməsi Azərbaycanın mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkana çevrilməsinə imkan yaradıb.

Flora SADIQLI,
“Azərbaycan”