Alternative content

09:15 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paşinyanın 100 günü: siyasi iflas, iqtisadi böhran, daxili qarşıdurma davam edir
Paşinyanın 100 günü: siyasi iflas, iqtisadi böhran, daxili qarşıdurma davam edir
ANA SƏHİFƏ / SİYASƏT
12:08 21.08.2018

 

Yeni ziddiyyətlər Ermənistanın çöküşünü sürətləndirir

 

Ermənistanda məlum hakimiyyət dəyişikliyindən sonra bu ölkədə hansısa inkişafın olacağına dair ümidlər artıq tam tükənib. Ölkədə əvvəlki kimi aclıq, səfalət, yoxsulluq hökm sürür. Digər tərfdən yeni hakimiyyətin yanlış siyasəti Ermənistanın təcridinin daha da dərinləşməsinə rəvac verir. Bütün bunların fonunda müşahidə olunan əsas məqam Ermənistan daxilində ziddiyyətlərin dərinləşməsidir. 

Sosial-iqtisadi müstəvidə böyük tənəzzül yaşayan Ermənistanda xarici siyasət sferasında da böhran müşahidə olunur. Azərbaycanın uğurla həyata keçirdiyi xarici siyasət Ermənistanı dalana dirəyir. Əldə etdiyi nailiyyətlərdən məharətlə istifadə edən Azərbaycan bu gün işğalçı Ermənistana həm diplomatiya müstəvisində böyük zərbələr vurur, həm də bu ölkəni təcrid vəziyyətinə salmaqla onun sosial-iqtisadi çöküşünü sürətləndirir. Aydındır ki, Ermənistan işğal siyasətinə son qoymayana qədər bu vəziyyətdə qalmağa, daha böyük problemlərlə üzləşməyə davam edəcək.

 

Xarici siyasətdə böyük fiasko

 

Qeyd olunanlar real təsdiqini NATO və Avropa İttifaqının Brüssel sammitlərində qabarıq formada göstərdi. Xatırladaq ki, Avropa İttifaqı və Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri Sənədində Avropa İttifaqı tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə dəstək ifadə olundu.
NATO-ya üzv ölkələrin liderlərinin Brüsseldəki sammitinin yekunlarına dair bəyannaməsində yer alanlar da Ermənistan üçün daha bir diplomatik zərbə oldu. NATO-nun Brüssel sammitində qəbul edilən Yekun Kommunikedə Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının xüsusi olaraq qeyd edilməsi ölkəmizin yeni diplomatik uğurudur.
Ermənistana gəlincə, bu ölkədə baş nazir Nikol Paşinyanın da Brüssel səfərindən böyük gözləntilər olmasına baxmayaraq, tamamilə əks vəziyyət müşahidə olundu. Bunu Rusiyanın nüfuzu portallarından sayılan “Lenta.ru” geniş işıqlandırdı. Portal Ermənistanın, Azərbaycandan fərqli olaraq, burada tam fiaskoya uğradığını diqqətə çatdırdı: “Paşinyan “Avronyus” telekanalına müsahibə verdi. Bu müsahibə zamanı o, NATO-ya Azərbaycana “güclü mesaj” verməyi tövsiyə etdi, Bakının Dağlıq Qarabağı qaytarmağa çalışmasının isə bütün dünya demokratiyasına qarşı təhdid kimi şərh edilməli olduğunu bildirdi. Təbii ki, bu mövqe alyansdan olan tərəfdaşlarda təəccüb doğurdu. Belə ki, Qərb dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və bu məsələ ilə bağlı şübhəli avantüralarda iştirak etmək istəmədiyini açıqlayıb”.
Qeyd olunanlardan aydın görünür ki, Paşinyanın xarici siyasəti, əslində, iflasa uğramış bir vəziyyətdədir və bu hal Ermənistanın yox olan dövlətçiliyinə növbəti zərbədir.

 

Repressiya davam edəcək

 

Yerevanın Respublika meydanında baş nazir Nikol Paşinyanın çağırışı ilə bu günlərdə mitinq keçirilib. Mitinqdə Paşinyan baş nazir postunda olduğu 100 günə yekun vurub. Paşinyan burada yenə də sadəcə boş sözlər danışmaqla məşğul olub, eyni zamanda əvvəlki iqtidar mənsublarına qarşı yeni repressiyanın anonsunu verib.
O həmçinin qeyd edib ki, hakimiyyətə gəlməsi üçün baş vermiş hadisə inqilab olub, çünki idarəçilik sistemi dəyişdirilib. Paşinyan bildirib ki, 1 mart işi də tamamilə açılıb. Onun sözlərinə görə, həmin cinayətin başçılarından kiminsə məsuliyyətdən yaxa qurtarması kimi bir variant yoxdur. 2008-ci il mart ayının 1-də on nəfərin qətlində günahı olanlar cəzalandırılacaqlar: “İndi çoxu sayılı saatlarının qaldığını və yerlərinin türmə olduğunu, xalq qarşısında cavab verməli olacaqlarını anlayaraq, özlərini siyasi təqib qurbanı kimi təqdim etməyə çalışırlar. Hamınız qatil kimi həbs olunacaqsınız. Mən bunu erməni xalqı, Ermənistan vətəndaşları adından söyləməyə vəkil edilmişəm”.
O bəyan edib ki, bəzi adamlar Ermənistanda vətəndaş müharibəsinin mümkünlüyünü bildirirlər: “Vətəndaş müharibəsi yalnız sizin ofislərinizdə ola bilər. Neçə vətəndaşın dəstəyinə maliksiniz ki, vətəndaş müharibəsi olsun? 17 keçmiş korrupsioner və daha 22 uydurma sosial şəbəkə hesabı. Budur sizin vətəndaş dəstəyiniz”.
Onun sözlərinə görə, əgər kimsə bir də vətəndaş müharibəsi təhlükəsi ilə hədələsə, onunla Ermənistanın Milli Təhlükəsizlik Xidməti məşğul olacaq.

 

Sarkisyan da dindiriləcək

 

Paşinyanın bu anonsundan sonra Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan bəyan edib ki, keçmiş prezident Serj Sarkisyan da 2008-ci il martın 1-də Yerevanda baş vermiş iğtişaşlarla bağlı dindirilmək üçün istintaqa çağırılacaq: “Dəfələrlə deyildiyi kimi, məsələyə aidiyyəti olan hər kəs, o cümlədən Sarkisyan da dindiriləcək”.
Bu arada məlum olub ki, Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan iki ay müddətinə həbs olunub. Məhkəmə xüsusi istintaq xidmətinin Henrix Abramyana qarşı ehtiyat tədbiri seçilməsinə dair vəsatətini təmin edib. İttihama əsasən, Henrix Abramyan qeyri-qanuni yolla əldə etdiyi, Ambik Qevorqyanın adına rəsmiləşdirilmiş, əslində isə qardaşı Ovik Abramyana aid xeyli sayda silah və döyüş sursatını Mxçyan kəndində yerləşən mexaniki təmir-bərpa zavodunda saxlayıb.
Ermənistanın hüquq mühafizə orqanlarının əməkdaşları həmçinin Ovik Abramyanın qızının evində axtarış aparıblar. Ovik Abramyan uzun illər Ermənistan Respublika Partiyasının əsas funksionerlərindən biri olub. O, 2008-2014-cü illərdə parlamentin sədri, 2014-2016-cı illərdə isə baş nazir olub. Baş nazir vəzifəsindən ayrıldıqdan bir müddət sonra O.Abramyan partiya sıralarını da tərk edib. Bunlarla yanaşı, digər keçmiş iqtidar mənsublarına qarşı da cəzalandırma siyasəti davam edir.
Paşinyan baş nazir seçilməsinin 100 günü ilə bağlı təşkil etdiyi mitinqdə onu da bildirib ki, Ermənistan hakimiyyətində mövcud olan quldur dəstələri tam zərərsizləşdirilməyib. Bu səbəbdən növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac var. O bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün konstitusiyaya düzəlişlər ediləcək. Növbədənkənar seçkilər yalnız baş nazir vəzifədə olduğu təqdirdə keçiriləcək. Paşinyan qeyd edib ki, quldur dəstəsi parlamentdən də tam uzaqlaşdırıldıqdan sonra ölkədə sabitlik əldə oluna bilər.

 

İqtidar-müxalifət qarşıdurmasının yeni mərhələsi başlanır

 

Yaranmış vəziyyətdə sabiq hakimiyyət təmsilçiləri Paşinyana qarşı daha sərt mübarizəyə hazırlıq görür. Belə görünür ki, bu prosesə Ermənistanın sabiq prezidenti Robert Koçaryan rəhbərlik edir. Həbsdən çıxdıqdan sonra Koçaryan ona yaxın “Yerkir media” kanalına müsahibəsində siyasətə qayıtdığını elan edib. Müsahibədə Koçaryan istintaqın ona qarşı irəli sürdüyü ittihamları “saxta” adlandırıb, Nikol Paşinyanın hökumətini siyasi təqiblərdə günahlandırıb. O bildirib ki, ona qarşı təqiblərin səbəbi həm də siyasətə qayıtmasını əngəlləmək üçündür: “Hesab edin ki, mən siyasətə qayıtdım. Nədir bəyəm, olmaz? Bu ölkədə alternativ mövqe qadağan edilib?”
Koçaryanın sözlərinə görə, Ermənistanın ətrafında baş verən proseslər və yeni hökumətin bu proseslərə reaksiya verməsi onun siyasətə qayıtmasının zəruriliyini göstərir: “Mən izah edə bilərəm siyasətə niyə qayıtmışam. Bunun əsasən iki qlobal səbəbi var. Birincisi dünyada yaranmış geosiyasi vəziyyətdir. Rusiya-Amerika münasibətləri ən aşağı nöqtədədir. Yeni sanksiyalar tətbiq olunur, yeni məhdudlaşdırıcı tədbirlər gözlənilir. O tərəfdən də İran-ABŞ münasibətləri. Əgər biz bütün bu məsələləri əlaqələndirməyə çalışsaq görərik ki, bu situasiyada Ermənistanda bütün bunları başa düşməyən təcrübəsiz hökumət var. Yeni hökumət ordunu məhv edir, başa düşmür ki, güclü ordu təhlükəsizliyin qarantıdır. Axı bu hökumətdə təcrübə hardan olsun, bir halda ki, onun üzvlərinin çoxu əvvəllər ancaq hansısa ictimai təşkilatlarda işləyib. Bu strukturların çoxunu Soros maliyyələşdirib”.

 

Koçaryanı dəstəkləməyə hazır olan siyasi güclər var

 

Koçaryanın siyasətə qayıdışı barədə bəyanatını şərh edən MDB Ölkələri İnstitutunun erməni filialının rəhbəri politoloq Aleksandr Markarov bildirib ki, bu şəxs bütün müxalifəti öz ətrafında birləşdirə bilər. Politoloq hesab edir ki, sabiq prezidentin qayıdışının siyasi meydanda necə rəsmiləşəcəyinə dair suala cavab vermək hələ çətindir. Bununla belə, artıq Koçaryanı dəstəkləməyə hazır olan siyasi güclər var.
“Daşnaksutyun” partiyasının siyasi bürosunun nümayəndəsi Qrant Markaryan bildirib ki, xüsusi halda, sabiq prezidentlə əməkdaşlığı istisna etmirlər. Bu haqda sabiq prezident və baş nazir Serj Sarkisyanın lideri olduğu Respublika Partiyasından da bildiriblər. Markarov qeyd edib: “Üstəlik, Ermənistanda “neqativ”, yəni kiməsə qarşı koalisiyaların formalaşması təcrübəsi var. Əgər Koçaryana güclərin mümkün cazibə mərkəzi kimi baxsaq, onda mümkündür ki, başqa partiyalar da bu ittifaqa qoşulmağa qərar verəcək”.
Həmçinin istisna edilmir ki, ölkənin ikinci prezidenti şəxsi siyasi gücünü formalaşdırmağı üstün tutacaq, amma bu, vaxt və resurslar tələb edəcək. Söhbət yalnız maliyyə vəsaitindən getmir, həm də kadrlar lazımdır.

 

Silahlı qarşıdurmalar da istisna edilmir

 

Öz növbəsində politoloq Roman Melikyan hesab edir ki, Koçaryan böyük siyasətə qayıdaraq siyasi proseslərdə aktiv iştiraka hazırlaşır. Onun fikrincə, Koçaryan yalnız ayrı şəxslərin deyil, həm də siyasi güclərin dəstəyindən istifadə etdiyini göstərir: “Koçaryanın siyasətə qayıdışının nə qədər müvəffəqiyyətli olacağı yeni hakimiyyətin hərəkətlərinin, xüsusi halda iqtisadi siyasətinin effektivliyindən asılı olacaq”. Politoloq əmindir ki, Koçaryanın Paşinyana qarşı yeni siyasi güc yaradacağı, yaxud da artıq mövcud olan partiyalardan koalisiyanı formalaşdıracağı ən yaxın aylarda məlum olacaq.
Ekspertlər yeni hakimiyyət tərəfindən sıxışdırılan güclərin iştirakı ilə baş verən istənilən qarşıdurmaların işğalçı ölkəni yeni və artıq çıxılmaz olan xaosa sürükləyəcəyini bildirirlər. Qarşıdurmanın amansız ola biləcəyinə diqqət çəkən ekspertlər bu güclərin tərəfdarları arasında silahlı qarşıdurmaları da istisna etmirlər.
Ekspertlər hesab edirlər ki, Serj Sarkisyanın müalicə adı ilə getdiyi İtaliyadan geri dönən kimi anasını ziyarət adı ilə işğal altındakı Xankəndiyə getməsi də əslində Paşinyana qarşı yeni cəbhə formalaşdırmaq məqsədi daşıyırdı. Sarkisyanın Xankəndidə yerli rəhbərliyin sadiqliyinə və mövcud vəziyyətdən narazı qaldıqlarına əmin olduqdan sonra əks-hücum planları qurduğu bildirilir. Erməni ekspertlər bildiriblər ki, qızışan siyasi mübarizə isə Ermənistanın məhvinə səbəb olacaq və bundan başqa da işğalçı ölkənin qarşısında yol yoxdur.

Elçin CƏFƏROV,
“Azərbaycan”