Alternative content

13:42 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uçur göylərə yeni peykimiz
Uçur göylərə yeni peykimiz
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 19.08.2018

 

Regional kosmik sənaye mərkəzinə çevrilən Azərbaycan gələn ay üçüncü peykini orbitə buraxacaq

 

Müasir dövrdə istənilən ölkə və cəmiyyətin dinamik tərəqqisini şərtləndirən, fundamental əhəmiyyətə malik əsas məqamlardan biri də informasiya-kommunikasiya texnologiyaları ilə bağlıdır. Elə bu səbəbdən də Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialının artırılması fonunda prioritet istiqamətlərdən hesab olunan kosmik sənayenin inkişafı istiqamətində mühüm addımlar atılır, informasiya-telekommunikasiya sektorunda irimiqyaslı layihələr həyata keçirilir. Ölkədə kosmik sənayenin yaradılmasına, telekommunikasiya peyklərinin orbitə çıxarılmasına, respublikada ümumi intellektual potensialın inkişafına xüsusi diqqət və qayğı göstərilir.

 

Ölkəmizdə kosmik sahə inkişaf edir

 

İqtisadiyyatın şaxələndirilməsi və sənayenin modernləşdirilməsi istiqamətində mühüm layihələrdən biri kimi telekommunikasiya və Yer səthinin müşahidəsi peykləri olan “Azerspace-1” və “Azersky” peyklərinin orbitə buraxılması Azərbaycanın regionda həm də kosmik dövlətə çevrildiyini təsdiqləyir.
Prezident İlham Əliyevin ölkəmizdə informasiya texnologiyalarının inkişafına xüsusi önəm verməsi və bu sahəyə göstərdiyi diqqət və qayğı ölkədə kosmik sənayenin yaradılması və sonrakı inkişaf yollarının müəyyənləşdirilməsi işinə güclü təkan verib. 2008-ci ildə dövlət başçısı Nazirlər Kabinetinin iclasında texnoloji sənaye sahəsi olan kosmik sənayenin yaradılması və süni telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı verdiyi tapşırıq əsasında konkret fəaliyyət proqramının müəyyənləşdirilməsi istiqamətində işlərin görülməsinə başlandı. Ölkə iqtisadiyyatının şaxələndirilməsi və İKT-nin neft-qaz sənayesindən sonra iqtisadiyyatin ikinci mühüm sahəsi elan edilməsinə dair dövlət siyasəti çərçivəsində ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bu vəzifənin həyata keçirilməsi prosesinə start verildi. Bununla da ölkəmizdə müasir kosmik sahənin tarixi inkişaf yolunun əsası qoyuldu.
Azərbaycanın ilk kosmik peyki layihəsinin gerçəkləşdirilməsi məqsədilə orbital mövqe əldə etmək üçün ilk olaraq Beynəlxalq Telekommunikasiya İttifaqina müraciət olundu. 2009-cu ilin avqust ayında Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalandı. 2010-cu ilin may ayında “Azərkosmos” ilə Malayziyanın peyk operatoru olan “Measat Satellite Systems” şirkəti arasında ilk telekommunikasiya peykinin Malayziya hökumətinə məxsus 46°Ş orbital mövqeyə çıxarılmasına dair razılaşma əldə edildi. Telekommunikasiya peykinin hazırlanması məqsədilə elan edilmiş tenderin qalibi ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti və peykin orbitə buraxılması ilə bağlı raketdaşıyıcı şirkətin seçilməsi ilə bağlı tenderin qalibi isə Fransanın “Arianespace” şirkəti seçildi.

 

Cənubi Qafqazda ilk peyk operatoru

 

2010-cu ildə isə Azərbaycanın telekommunikasiya peyklərinin orbitə çıxarılması, idarə olunması və istismarı işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə dövlət başçısının 3 may tarixli sərəncamı ilə “Azərkosmos” təsis edildi və qurum 2011-ci ildən fəaliyyətə başladı. İki il sonra - 2013-cü ildə Azərbaycan tarixində bir ilk gerçəkləşdi. 2013-cü il fevralın 7-də (Bakı vaxtı ilə fevralın
8-i) Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxıldı.
Bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasının beşinci ildönümü qeyd edildi. Bu müddət ərzində isə “Azerspace-1” peyki telekommunikasiya sahəsində digər ölkələrdən asılılığının aradan qaldırılması, yerüstü infrastrukturdan asılı olmadan informasiya təhlükəsizliyinin təmin edilməsi kimi üstünlükləri təmin edib. “Azərkosmos”un məlumatlarına əsasən, respublikanın televiziya kanallarının fasiləsiz peyk yayımı Azərbaycan həqiqətlərinin ölkəyə və dünya ictimaiyyətinə maneəsiz çatdırılmasını təmin etməklə ötən əsrin sonlarında ölkəmizin üzləşdiyi informasiya blokadasının yenidən ortaya çıxma riskini aradan qaldırıb. Hazırda Naxçıvan Muxtar Respublikası ilə fasiləsiz peyk rabitəsi “Azerspace-1” vasitəsilə təhlükəsiz və etibarlı şəkildə təmin edilir. Yerüstü kabel şəbəkəsinin mövcud olmadığı ərazilərdə, məsələn, Xəzər dənizində üzən Azərbaycan gəmilərində və neft platformalarında peyk rabitəsi və internet xidməti “Azerspace-1” vasitəsilə təmin edilir.
Azərbaycanda peyk xidmətləri bazarında lider olan “Azerspace-1” peyki digər ölkələrdə də aktivlik nümayiş etdirir. “Azerspace-1” peykinin dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazası var. Peyk Mərkəzi Asiyada müştərilərinin sayını artırmağa başlayıb. Data xidmətlərinin göstərilməsində isə Yaxın Şərq və Afrikada xüsusi aktivlik göstərir.

 

Beş ilə 72 milyon dollarlıq gəlir

 

“Azerspace-1” peyki kommersiya fəaliyyətində olduğu dövr ərzində 72 milyon ABŞ dolları məbləğində gəlir gətirib. Təkcə son 6 ayda “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” peyk və telekommunikasiya xidmətlərinin ixracından 12,7 milyon dollar məbləğində gəlir əldə edib.
Qurumun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. İyun ayında isə “Azərkosmos”un xidmət ixracının dəyəri 1,6 milyon dollar olub. 2018-ci ilin ilk 6 ayı ərzində xidmət ixracının həyata keçirildiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstandır.
2014-cü ilin dekabrında Fransanın “Airbus DS” şirkəti və “Azərkosmos” arasında imzalanmış strateji əməkdaşlığa dair saziş çərçivəsində Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidəsi peyki olan “Azersky” orbitə buraxıldı. Bununla da, “Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi üzrə kommersiya fəaliyyətinə başladı.
Bu gün “Azersky” peyki sayəsində dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə birbaşa, qeyd-şərtsiz çıxış imkanı var. Ötən dövr ərzində “Azersky” peykinin xidmətlərindən kənd təsərrüfatı, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi, müdafiə, təhlükəsizlik və digər sahələrdə istifadə edilir. “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” da Azərbaycanın suverenliyinin qorunması və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir.
2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir. İşğal olunmuş ərazilərdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bunlarla yanaşı, Azərbaycana qarşı müxtəlif informasiya təxribatlarının qarşısının alınmasında da “Azersky” peykinin imkanları tətbiq edilir.

 

Gələn ay 3-cü peyk - “Azerspace-2” orbitə buraxılacaq

 

Gələn ay isə Azərbaycan tarixində daha bir mühüm hadisə yaşanacaq. Ölkəmizin daha bir peyki - “Azerspace-2” orbitə buraxılacaq. Artıq hazırlıq işləri yekunlaşmaq üzrədir. “Azərkosmos”un yaydığı məlumata görə, sentyabr ayında orbitə buraxılması planlaşdırılan yeni peyk artıq Fransız Qvianasında yerləşən Kuru kosmodromuna çatdırılıb.
“Azerspace-2” peyki “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi ilə orbitə buraxılacaq. Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. Peykin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.
“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, birinci telekommunikasiya peyki - “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

 

Kosmik sənaye davamlı inkişaf yolundadır

 

Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir.
İlk telekommunikasiya peykinin orbitə buraxılmasından ötən beş il ərzində Azərbaycanda digər müasir kosmik layihələr də həyata keçirilməyə başlanılıb. “Azərkosmos” ASC tərəfindən həyata keçirilən layihələr ölkənin informasiya və milli təhlükəsizliyinə, peyk xidmətlərinin ixracı ilə ölkəyə valyuta gətirilməsinə, kosmik sahədə beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə və elmi tədqiqatların dəstəklənməsinə, ümumilikdə ölkənin və regionların sosial-iqtisadi inkişafına xidmət edib və milli iqtisadiyyata faydalar verib.
Azərbaycanın kosmik peyk layihələrinin daha bir faydası da insan kapitalının inkişafına gətirdiyi töhfədir. Hazırda bütün peyklərin idarə edilməsi Azərbaycan ərazisindən tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilir. Bu isə peyk xidmətlərinin etibarlığının və təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, ölkədə yeni, texnoloji iş yerlərinin açılması deməkdir.
Kosmik sahədə təcrübi elmi tədqiqatların aparılması məqsədilə “Azərkosmos” nəzdində tədqiqat və inkişaf mərkəzi yaradılıb. Hazırda bu mərkəzdə peyklərin idarə edilməsi sahəsində müxtəlif proqram təminatlarının hazırlanması, neyron şəbəkələr əsasında qurulmuş sistemlər vasitəsilə peyk təsvirlərində obyektlərin və dəyişikliklərin avtomatik tanınması, süni intellekt həlləri və digər sahələr üzrə tədqiqatlar aparılır.

 

Azərbaycan regional kosmik sənaye mərkəzinə çevriləcək

 

Bu ildən etibarən “Azərkosmos” ölkədən kənarda da beynəlxalq kosmik layihələr çərçivəsində yerinə yetirilən işlərin əlaqələndirilməsi və onlarda iştirak edilməsi, aidiyyəti beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə beynəlxalq əməkdaşlıq aparmağa başlayıb. Kosmik layihələrin həyata keçirilməsi, bu sahədə əməkdaşlığın, xüsusilə də ixracın genişləndirilməsi Azərbaycanın beynəlxalq siyasi və iqtisadi nüfuzunun artmasına xidmət edir.
Bu gün Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Ölkəmizdə kosmik sənayenin inkişafı üçün yaxşı imkanlar mövcuddur. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı uğurlu gələcəyimizin təminatıdır. Əminliklə deyə bilərik ki, yaxın gələcəkdə Azərbaycan regional kosmik sənaye mərkəzinə çevriləcək.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”