Alternative content

20:29 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Texnoparklar elmi araşdırmalar aparılaraq yaradılır
Texnoparklar elmi araşdırmalar aparılaraq yaradılır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 19.08.2018

 

Məqsəd ölkənin hərtərəfli inkişafının davamlı olmasıdır

 

Dayanıqlı inkişaf istehsalyönümlü sənayenin miqyasından asılıdır. Bunun üçün də hər bir ölkədə sənaye istehsalı ümumi istehsalda yüksək çəkiyə malik olmalıdır. Bizdə bu sahədə üstün mövqe neft sənayesinə məxsusdur. Lakin enerji daşıyıcılarının qiyməti dünya bazarında sabit olmadığı üçün bu dəyişkənlik ölkənin maliyyə bazarına bəzən müsbət, bəzən də mənfi təsir göstərir.
Buna görə ölkəmizdə də iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ön plana çıxarıldı. Beləliklə, qeyri-neft sektorunun inkişafı üçün iqtisadi islahatların aparılmasına start verildi. Ötən 15 ildə bu istiqamətdə görülən işlər nəticəsində ümumi istehsalda qeyri-neft sektorunun payı ildən-ilə artmaqda davam edir. Cari ilin 6 ayında qeyr-neft sektorunda 2, qeyri-neft sənayesində 8,8, informasiya və rabitə xidmətlərində 4,9, ticarətdə 2,5, kənd təsərrüfatında 7,6 faiz artım olub. Belə nəticəyə nail olmaq üçün qeyd edildiyi kimi, ölkədə qeyri-neft sektoru, eləcə də sənaye sahəsi inkişaf etdirilib. Bunun sayəsində hazırda ölkədə minlərlə kiçik, orta və iri sənaye müəssisələri fəaliyyət göstərir.
Azərbaycanda sənayeləşmə prosesini sürətləndirmək məqsədilə 2015-2020-ci illəri əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunmuşdur. Bu sənədlə sənayenin inkişaf perspektivləri müəyyən edilmiş, hazırlanan tədbirlər planına əsasən, sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabətqabiliyyətliyin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi müəyyənləşdirilmişdir.
Sənayeləşmədə ölkədə yaradılan texnoparkların da əhəmiyyəti böyükdür. Texnoparklar yüksək keyfiyyətli məhsul hazırlamaq qabiliyyətinə malikdir. Buna elmin son nailiyyətlərindən və müasir texnologiyalardan istifadə etməklə nail olunur. Son dövrlər Bakı və bölgələrdə texnoparklar və sənaye məhəllələrinin yaradılması istiqamətində böyük işlər görülür. Dövlət bunun üçün külli miqdarda vəsait xərcləyərək həmin sahələrdə bütün kommunikasiya xətlərini qurur.
Məqsəd yerli və xarici sahibkarlar üçün müxtəlif istiqamətlər üzrə yeni sənaye müəssisələrinin yaradılmasına kömək göstərməkdir. Atılan bu müsbət addım öz bəhrəsini verir. Belə ki, yeni yaradılan texnoparklarda xarici və yerli sahibkarların fəaliyyəti getdikcə genişlənir.
Texnoparkların yaradılması elmi yanaşma və ciddi hesabatların aparılmasını tələb edir. Məqsəd texnoparklardakı müəssisələrin rentabelli fəaliyyət göstərməsinə imkan yaratmaqdır. Buna nail olunması nəticəsində Sumqayıt Kimya Sənaye Parkının ölkəmizin kimya sənayesinin inkişafında önəmli rolu var. Yüksək gəlirlə işləyən texnoparkda fəaliyyət göstərən müəssisələr yerli xammalla təchiz edilir. Bu da istehsalda maya dəyərini aşağı salmağa və dünya bazarına rəqabətqabiliyyətli məhsul çıxarmağa imkan verir.
Ölkədə texnoparklar yaradılarkən sahibkarlığın yeni istiqamətlər üzrə inkişafı da nəzərə alınıb. Bunun nəticəsidir ki, texnoparklarda xarici və yerli sahibkarlar birgə çalışırlar. Texnoparklara investisiya cəlb edilməsi üçün onlara müəyyən güzəştlər də edilir. Bu da istər yerli, istərsə də xarici sahibkarlardan ötrü əlverişlidir. Xüsusilə, birbaşa xarici investisiyaların cəlb edilməsi üçün əlverişli infrastrukturun yaradılması, cəlbedici güzəştlər mexanizmi, müvafiq prosedurların sadələşdirilməsi, həmçinin elektron xidmətlərin təqdim edilməsi, idarəedici təşkilat tərəfindən təqdim olunan xidmətlər sahibkarları daha çox cəlb edir. Sözsüz ki, bütün bunlar dövlət dəstəyi sayəsində mümkün olur. İnvestorlar üçün yaradılan geniş imkanlar da bu sahəyə dövlət dəstəyinin olduğunu təsdiq edir.
Qeyd edildiyi kimi, ölkənin sənayeləşməsində texnoparklar mühüm rol oynayır. Bu sahəni inkişaf etdirmək üçün indiyədək dövlət tərəfindən 2,6 milyard dollar investisiya yatırılıb. Növbəti mərhələdə 1,1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulub. Bu sahədə qazanılan uğuru qeyd etmək üçün deyək ki, təkcə Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, cari ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcək. Balaxanı Sənaye Parkında fəaliyyət göstərən 5 müəssisədə 400-ə yaxın işçi çalışır. Burada ikinci mərhələdə əlavə 5 istehsal sahəsinin tikintisi həyata keçiriləcək ki, bu da əlavə iş yerinin açılması deməkdir.
Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisəsinin yaradılması üçün lazımi işlər aparılır. İlin sonunadək istifadəyə veriləcək müəssisə gələcəkdə daxili tələbatı ödəməklə yanaşı, xarici bazara da məhsul ixrac edəcək.
Mingəçevir Sənaye Parkı yaradılarkən qarşıya qoyulan əsas hədəflərdən biri aqrar sektorda istehsal edilən xammaldan istifadə olunmasıdır. Belə ki, park xammal kimi əsasən kənd təsərrüfatı məhsullarından faydalanacaq. Hazırda terxnoparkda investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub. Texnoparkda müəssisələrin sayı artdıqca çalışanların sayı da çoxalacaq. Beləliklə, Mingəçevir kimi iri şəhərdə əhalinin başlıca sosial problemi olan işsizliyin aradan qaldırılmasına töhfə veriləcək.
Texnoparklar iritutumlu sənaye sahələridir. Belə müəssisələr adətən, böyük şəhərlərdə və ya onlara yaxın yerlərdə tikilir. Ancaq sənaye məhəllələri bunlarla müqayisədə nisbətən kiçik olur. Azərbaycanda sənaye parkları ilə yanaşı, sənaye məhəllələrinin yaradılması prosesi paralel olaraq həyata keçirilir. Bir faktı da qeyd edək ki, bölgələrdə yaradılan sənaye məhəllələrində əsasən yerli xammaldan istifadə ediləcək. Bu da aqrar sektorun inkişafı, eyni zamanda, kəndlinin öz məhsulunu satması üçün bazar deməkdir.
İlk sənaye məhəlləsi Neftçala rayonunda yaradılıb. Hazırda Neftçala Sənaye Məhəlləsində 8 müəssisə fəaliyyətə başlayıb. Buraya 45 milyon manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri açılıb. Fəaliyyətə başlayan avtomobil zavodu gələcəkdə ildə 10 min minik avtomobili istehsal ediləcək. Artıq 100-ə yaxın avtomobilin satışına başlanıb, daha 200 avtomobil üçün sifariş qəbul edilib. Hazırda Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb, Hacıqabul və Sabirabad sənaye məhəllələri ilin sonunadək istifadəyə veriləcək. Qeyd edək ki, həyata keçirilən bu siyasətin məqsədi ölkənin hər bir rayonunda belə sənaye məhəllələrinin yaradılmasıdır.
Ölkənin sənayeləşməsi istiqamətində aparılan işlər öz müsbət nəticəsini verir. Cari ilin yanvar-iyun aylarında sənayenin qeyri-neft sektorunda istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artıb. Burada məhsul istehsalında özəl sektor öndə gedir. Belə ki, sənayedə qeyri-dövlət sektorunun payı hesabat dövründə 82,2 faiz olub. Bu sahənin inkişafı eyni zamanda, məhsul ixracında qeyri-neft məhsullarının çəkisini də artırır. Cari ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı keçən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 20,1, real ifadədə isə 8,6 faiz artıb. Bu statistik rəqəmlər onu göstərir ki, ölkədə qeyri-neft sektorunun və sənayenin inkişafı bu sahədə istehsal olunan məhsulların çəkisini də artırır. Sözsüz ki, bu sahədə istehsal olunan məhsulların çox hissəsi daxili bazarda satılır. Belə hal daha çox məhsul idxal etməklə yanaşı, ölkədən valyuta axınının qarşısını da alır, digər tərəfdən isə məhsul ixrac etməklə daha çox valyuta əldə edə bilirik. Bu isə ölkənin davamlı inkişafının qarantıdır.

Rüstəm KAMAL,
“Azərbaycan”