19 Avqust 2018 12:08
167
SİYASƏT
A- A+

Paşinyan hakimiyyətdə qalmaq üçün hər vasitəyə əl atır

 

Onun baş nazir seçilməsindən 100 gün ötsə də, ölkədə ictimai-siyasi vəziyyət gərgin olaraq qalır

 

Ermənistanda əhalinin cari ilin may ayında ölkədəki hakimiyyət dəyişikliyindən sonra gözləntiləri müsbət olsa da, hər hansı bir sürpriz yaşanmadı. Nikol Paşinyanın baş nazir seçilməsindən 100 gün ötsə də, vəziyyət yenə də əvvəlki kimi ağır durumdadır. Ölkədə sosial-iqtisadi müstəvidə vəziyyətin getdikcə daha da pisləşməsi fonunda korrupsiyanın miqyası durmadan genişlənir. Mövcud sosial-iqtisadi durum bu ölkədə əhalinin yaşayış səviyyəsinin daha böyük sürətlə pisləşməkdə olduğunu göstərir.
Hadisələrin inkişaf istiqaməti bu nəticəyə gəlməyə əsas verir ki, bütün regional layihələrdən kənarda qalan Ermənistan hazırda sosial partlayış ərəfəsindədir. İlk növbədə, ona görə ki, əhalinin maddi gəlirləri aşağı düşdüyü bir vaxtda inflyasiyanın səviyyəsi artır, kommunal xidmətlərə görə insanlardan daha böyük həcmdə vəsait tələb olunur. Bu fonda Ermənistanda əhalinin sosial durumu dözülməz bir həddə çatmışdır.
Yeri gəlmişkən qeyd edək ki, avqustun 17-də Yerevanın Respublika meydanında Nikol Paşinyan baş nazir postunda olduğu 100 günə yekun vurması ilə bağlı mitinq keçirib. Paşinyan qeyd edib ki, bu mitinq heç kimə qarşı yönəlməyib, yalnız xalqın “məxməri inqilab”da qələbəsinin 100 gününü simvolizə edir: “Aprel hadisələrinin əsl səbəbkarı erməni xalqıdır, nə Qərb, nə də Şimaldır. Ermənistanda xalqın birbaşa hakimiyyəti bərqərar olub. Ermənistanda növbədənkənar seçkilər keçirilməlidir. Qüvvədə olan konstitusiyaya görə, istefa verməliyəm. Parlament də buraxılmalıdı və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Belə vəziyyətdə bəzi qüvvələr düşünürlər ki, mən istefa verəndən sonra onlar gizlincə baş nazir seçəcəklər. Bu insanlar Ermənistanda nə baş verdiyini anlamırlar. Onlar bunu anlamadıqlarına görə də, biz konstitusiyaya düzəlişlər edəcəyik. Konstitusiyaya düzəlişlərin məğzi bundan ibarət olacaq: növbədənkənar parlament seçkilərinin vəzifədə olan baş nazir istefa vermədən keçirilməsi mümkündür”.
O, rəqiblərini KİV-i ələ almaqda, sosial şəbəkələrdə uydurma hesablar yaratmaqda və Paşinyan hökumətinin hakimiyyətə “torpaqları təhvil vermək” üçün gəldiyi barədə şayiələr yaymaqda ittiham edib. Bildirib ki, indiyə kimi Qarabağ üzrə heç bir danışıq aparmayıb: “Sizdən gizli Qarabağla bağlı heç bir kağızı imzalamaram. Variant olsa, bura gələcəyəm, sizə təqdim edəcəyəm, özünüz qərar verərsiniz, bu variantla gedək, ya yox”.
Bu gün Ermənistanda qurulmuş iqtisadi sistem ciddi dəyişikliyə imkan vermir və bu səbəbdən ağır vəziyyət davam edəcək. İndi vəziyyətdən çıxış yolu kimi Paşinyan iqtidarı tərəfindən bəzi oliqarxların varidatının qəsb edilməsinə cəhdlərin artması müşahidə olunur. Ölkədəki bir sıra oliqarxın yaxın adamlarının həbsi davam etdirilir.
Ümumiyyətlə, inqilabsonrası Ermənistanda tam hərc-mərclikdir: hələ də taksiçilər lisenziyalaşma problemini həll etmək və onların fikrincə, “bazarı inhisarlaşdıran” onlayn taksi xidmətini yasaqlamaq tələbilə Yerevanın baş prospektində yolu bağlayırlar, avtomobil sahibləri “cərimə özbaşınalığı”na qarşı etiraz edirlər. Hərbi komissarlıqların əməkdaşları üsyana qalxıblar, çünki burada “sistemin optimallaşdırılması”nın keçirilməsilə bağlı çoxları vəzifədən azad ediliblər.
Paşinyanın başı isə ancaq sələflərinin həbsinə qarışıb. Bunun ən real təsdiqi Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbs olunması və daha sonra azadlığa buraxılmasıdır.
Ermənistan mediası baş verənlərin, o cümlədən Koçaryanın həbsinin uzun müddətdir Ermənistanda qeyri-konstitusion fəaliyyət göstərən rejimin aradan qaldırılmasından xəbər verdiyini yazır. Bildirilir ki, Robert Koçaryan prezidentliyi dövründə konstitusiya quruluşunun devrilməsinə səbəb olub. Ölkə mətbuatı buna misal olaraq 1 mart hadisələrini göstərib.
“Armenianreport” yazır ki, Robert Koçaryan xələfi Serj Sarkisyana da güc verib. Belə ki, Serj Sarkisyan 10 il ərzində hakimiyyəti devrilmiş konstitusiya quruluşu ilə idarə edib. Qeyd olunur ki, 1998-ci ildə Robert Koçaryan və siyasi tərəfdaşları seçki saxtakarlığı edərək 20 il müddətinə qanunsuz olaraq hakimiyyəti işğal ediblər. 2003-2004-cü illərdə Koçaryan hakimiyyətinə qarşı çıxanlar kütləvi şəkildə həbs olunublar və sui-qəsdlərə məruz qalıblar. Robert Koçaryan və Serj Sarkisyan parlamentdə, o cümlədən ayrı-ayrı dövlət qurumlarında terror aktları həyata keçirib. Bir sözlə, Ermənistanda son 20 illik hakimiyyət terror, cinayət və qorxu ilə idarə olunub.
Avqustun 13-də həbsdən azad edilən sabiq prezident Robert Koçaryanın aktiv siyasətə qayıdacağını bəyan etməsi də işğalçı ölkədə ciddi narazılıq yaradıb. “Ermənistan Milli Konqresi” partiyasının sədr müavini Levon Zurabyanın sözlərinə görə, Koçaryan indiyədək törətdiyi əməllərdən utanmaq əvəzinə, hələ də danışır. O bildirib ki, Koçaryan dərhal həbs edilməsə, ölkədə qanunlar işləməyəcək. İnsanların onsuz da hökumətə inamı yoxdur: “Koçaryan 1999-cu ilin 27 oktyabrında parlamentə təşkil olunan hücumdan və 2008-ci ildə dinc insanlara qarşı törətdiyi terrordan sonra siyasi xadim olmaq şansını itirib. O, hakimiyyətini güc yolu ilə saxlayaraq Ermənistanı korrupsiyaya qurşanmış, iflasa uğramış bir ölkəyə çevirib. Levon Ter-Petrosyan haqlı olaraq onun hökumətini quldur dəstəsi adlandırır. O, hakimiyyətdən ancaq öz maraqları üçün istifadə etməyi bacarır. Siyasətçi olsaydı, biznesə can atmazdı. O, hakimiyyətdən gedən kimi iş adamı oldu”.
N.Paşinyan isə mitinqdə 1 mart cinayətinin başçılarından kiminsə məsuliyyətdən yaxa qurtarması kimi bir variantın olmadığını bildirib. Onun sözlərinə görə, 2008-ci ilin mart ayının 1-də on nəfərin qətlində günahı olanlar cəzalandırılacaqlar: “İndi çoxu sayılı saatlarının qaldığını və yerlərinin türmə olduğunu, xalq qarşısında cavab verməli olacaqlarını anlayaraq, özlərini siyasi təqib qurbanı kimi təqdim etməyə çalışırlar. Hamınız qatil kimi həbs olunacaqsınız. Mən bunu erməni xalqı, Ermənistan vətəndaşları adından söyləməyə vəkil edilmişəm”.
Ermənistanda vəziyyəti ağırlaşdıran digər bir cəhət isə işsizlik səviyyəsinin durmadan yüksəlməsidir. Araşdırmalara görə, əmək qabiliyyəti olan əhalinin yarıya qədəri hazırda işsizdir. Qlobal böhran nəticəsində isə dövlət və özəl sektorda kütləvi ixtisarlar aparılacağı bildirilir. Böhran nəticəsində kütləvi şəkildə işdən çıxarılma vəziyyəti daha da ağırlaşdıracaq. O da vurğulanır ki, tədbir görülməsə, anarxiya artacaq, Ermənistanda cinayətkarlığın baş alıb getməsi dövrü başlanacaq.

Elçin CƏFƏROV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video