Alternative content

04:23 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cari ildə Tovuzdakı istixanalardan 3 milyon 813 min manat gəlir əldə edilmişdir
Cari ildə Tovuzdakı istixanalardan 3 milyon 813 min manat gəlir əldə edilmişdir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 19.08.2018

 

Həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar, cəlb olunan investisiyaların həcminin ildən-ilə artması son illər respublikamızın regionlarının sürətli inkişafını təmin etmiş, işsizlik probleminin həllinə səbəb olmuşdur. 

Xüsusilə iqtisadiyyatın mühüm tərkib hissəsi kimi aqrar sektorun sürətli inkişafı ölkədə ərzaq bolluğu yaratmaqla yanaşı, ixrac potensialını da xeyli genişləndirmişdir. Respublikamızın bütün bölgələri qazanılan bu uğurlar hesabına daha da inkişaf etmiş, insanların məşğulluğu təmin olunmaqla məişət problemləri tamamilə həll edilmişdir.
Hər il yüksək göstəricilər qazanan rayonlardan biri də Tovuzdur. Son illər burada həyata keçirilən irimiqyaslı layihələr nəticəsində bütün sahələr üzrə yüksək göstəricilər əldə edilmişdir. Qeyri-neft sektorunun sürətli inkişafına nail olan rayon sakinləri cari ilin ötən dövrü ərzində də bir sıra uğurlara imza atmışlar. Qeyri-neft sektorunun aparıcı sahəsi kimi kənd təsərrüfatının inkişafı sahəsində yüksək göstəricilər qazanan tovuzlular altı ayda rayon üzrə 46 milyon 709 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal etmişlər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur. Cari ilin ötən dövrü ərzində rayonda 8687 ton taxıl, 12528 ton tərəvəz, 4200 ton kartof istehsal edilmişdir. Hazırda məhsul yığımı davam edir.
Hazırda respublikamızın ixrac potensialında pomidor birinci yerdə dayanır. Bu sahədə qazanılan uğurlar rayondakı istixana sahiblərinin marağını xeyli artırmışdır. Onlar bu mövsümdə də bol məhsul yetişdirmiş və xarici bazarlara yüksək keyfiyyətli pomidor ixrac etmişlər. Rayon ərazisində 38,4 hektar istixana fəaliyyət göstərir. Yarım ildə bu istixanalarda 2 min 542 ton məhsul yetişdirilmişdir ki, bundan da 3 milyon 813 min manat gəlir götürülmüşdür.
Rayonda daha çox gəlir gətirən sahələrə diqqət yetirilir. Məsələn, kəndli təsərrüfatlarında 390 hektar sahədə yerkökü əkilərək 8 min 636 ton məhsul götürülmüşdür ki, bundan da 3 milyon 500 min manat gəlir əldə edilmişdir.
Vaxtilə rayon iqtisadiyyatının əsasını üzümçülük təşkil edirdi. Təəssüflər olsun ki, sonralar məlum səbəblərdən bu sahəyə münasibət dəyişmiş və üzümçülük məhv edilmişdir. Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gəlirli sahə yenidən dirçəldilmişdir ki, bu da üzümçülükdə zəngin təcrübəsi olan insanların fəaliyyətinə stimul vermişdir. Nəticədə rayonda yeni üzüm bağları salınmış, plantasiyalar məhsuldar üzüm sortları ilə zənginləşdirilmişdir. Hazırda Tovuzda 725 hektar üzüm bağı var. Üzümçülüyün inkişafı özü ilə bərabər emal sənayesinin yaradılmasını, beton dayaqların istehsalını, qablaşdırmanın təşkili məsələlərini də aktuallaşdırmışdır. Sevindirici haldır ki, bu problemlərin həlli üçün dövlət proqramı qəbul edilmişdir.
Kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Belə ki, cari ildə rayonda 9 ton 781 kiloqram barama tədarük olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2 ton çoxdur. Lakin rayon kümçüləri bunu son həd hesab etmirlər. Onlar yaxşı başa düşürlər ki, baramaçılığın sürətli inkişafı üçün rayonda potensial imkanlar var. Əsas məsələ yem bazasının yaradılmasıdır ki, bunun üçün də tədbirlər görülür.
Rayon tütünçüləri də yüksək göstəricilərə nail olurlar. Hər il tütün sahələrini genişləndirməklə çoxlu qazanc əldə edirlər. Cari ildə rayonda 50 hektar tütün əkilmişdir. Hazırda tütün yığımının qızğın çağıdır. Sübh tezdən sahələrə çıxan kənd sakinləri əlverişli keçən hava şəraitindən istifadə edərək məhsulu vaxtında yığıb təhvil verməyə çalışırlar. Tütünçülüyün inkişafında qurutma məntəqələrinin yaradılması böyük əhəmiyyət daşıyır. Çünki qurudulmuş tütünün satışı daha çox mənfəət gətirir. Artıq bu sahədə də müvafiq tədbirlərin görülməsinə başlanılmışdır.
Rayonda heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində altı ayda 4 min 83 ton ət, 15 min 238 ton süd, 10 milyon 870 ədəd yumurta istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
Kənd təsərrüfatının inkişafında aqroparkların böyük rolu var. Tikintisi davam edən aqroparklardan biri də Tovuz rayonundadır. Artıq burada son tamamlama işləri görülür. Aqropark fəaliyyətə başlayanda burada 100 nəfərdən artıq insan daimi işlə təmin olunacaqdır.
Münbit torpağı, əlverişli hava şəraiti olan Tovuza sərmayə qoymaq istəyənlərin sayı ildən-ilə artır. Məhz bunun nəticəsidir ki, cari ilin ötən dövrü ərzində rayon iqtisadiyyatına 12 milyon 898 min manat investisiya qoyulmuşdur ki, bunun da 8 milyon 353 min manatı özəl sərmayədir. Rayon iqtisadiyyatına özəl sərmayənin cəlb olunması məqsədilə bu yaxınlarda rayondan kənarda yaşayan və fəaliyyət göstərən tovuzlu iş adamları ilə keçirilən görüş səmərəli olmuşdur. İş adamları rayon iqtisadiyyatı ilə yaxından tanış olmuş, o cümlədən kənd təsərrüfatının bir sıra istiqamətləri ilə maraqlanmış, mövcud potensialı dəyərləndirərək müxtəlif təkliflərlə çıxış etmiş, rayonda müxtəlif sahələr üzrə iş qurmaq marağında olduqlarını bildirmişlər.
Cari ilin ötən dövrü ərzində sahibkarlara göstərilən diqqət və qayğı nəticəsində bir neçə istehsal sahəsi fəaliyyətə başlamışdır. Belə ki, altı ayda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə hüquqi və fiziki şəxslərə 27 layihə üzrə 4 milyon 195 min manat güzəştli kredit verilmişdir. Nəticədə 156 yeni iş yeri açılmışdır.
Rayonda abadlıq və quruculuq işləri də daim diqqət mərkəzində saxlanılır. Bu işlər cari ildə də davam etdirilmişdir. Belə ki, rayon mərkəzində olan çoxmənzilli binalarda təmir işləri aparılmış, Qovlar şəhər internat məktəbinin əsaslı təmiri, Ağbulaq kənd orta məktəbinin tikintisi davam etdirilmişdir. Bundan başqa, hazırda Tovuz şəhərində tarix diyarşünaslıq və Bayraq muzeylərinin, eləcə də Tovuz rayon “ASAN xidmət” mərkəzinin inşası uğurla davam etdirilir. Bu il bir neçə kənddə modul tipli məktəbin quraşdırılması nəzərdə tutulmuşdur.
Rayonda yol infrastrukturunun yenilənməsi istiqamətində də başlanan işlər sürətlə davam etdirilir. Hazırda 31,9 kilometr uzunluğunda Əsrik Cırdaxan-Kirən-Baqqallı yolunun yenidən qurulması davam etdirilir. Söz yox ki, yolun tikintisi başa çatdırıldıqdan sonra kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişi asanlaşmaqla yanaşı, istehsal etdikləri kənd təsərrüfatı məhsullarını digər şəhərlərə aparmalarına imkan yaradacaqdır.
Şəhər əhalisinin içməli su ilə təminatında yaranmış nöqsanların da aradan qaldırılmasına başlanılmışdır. Belə ki, Tovuzçay su anbarından 600 metr məsafədən çəkilən su xətti şəhəri su ilə təmin edən anbara birləşdirilmişdir. Bundan başqa, Tovuz çayı yatağında olan su ehtiyatları əlavə nasoslar vasitəsilə birbaşa şəhərin içməli su şəbəkəsinə qoşulmuşdur. Hazırda əhalinin içməli su probleminin həlli istiqamətində digər işlər də həyata keçirilir. Belə ki, Prezident İlham Əliyevin 30 mart 2018-ci il tarixli “Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən 14 milyon manat vəsait ayrılmışdır. Artıq layihənin icrasına başlanılmışdır.

Sabir ƏLİYEV,
“Azərbaycan”