19 Avqust 2018 12:08
202
İQTİSADİYYAT
A- A+

Pambıq sahələri bol məhsuldan xəbər verir

 

Yaşlı və orta nəslin nümayəndələri keçən əsrin 70-ci illərini, yəqin ki, yaxşı xatırlayırlar. O zaman Cəlilabadda taxılçılıqla yanaşı, pambıqçılıqda da yüksək nəticələr əldə olunurdu. Pambıq yığımı zamanı respublika qəzetlərində məhsulun toplanışı ilə əlaqədar gündəlik verilən “Kim irəlidədir?” cədvəlində Cəlilabadın adı birinci olardı. Sonralar üzümçülüyün inkişafının daha perspektivli olduğu nəzərə alınaraq burada pambıqçılıq ləğv edildi.

İqtisadiyyat tələb-təkliflə, dünyada gedən proseslərlə sıx bağlıdır. Hazırda dünya ticarət birjalarında pambıq yaxşı qiymətə satılır. Digər kənd təsərrüfatı məhsullarına da tələbat böyükdür. Elə buna görə də dövlət başçısı İlham Əliyev qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrinin, eləcə də pambıqçılığın dirçəldilməsi üçün bir neçə il bundan qabaq lazımi göstərişlər verdi, sərəncamlar imzaladı. Pambığın bir kiloqramının qiyməti indi 60 qəpiyədir. İlin yekununda isə istehsalçıya hər kiloqram üçün dövlət əlavə 10 qəpik subsidiya verir. Bundan başqa, pambıqçılığın inkişafı ilə bağlı ölkəyə çoxlu sayda müxtəlif markalı texnika alınıb gətirilmişdir. Bu işlər davam etdirilir. Bir sözlə, “ağ qızıl”ın istehsalına maraq artmışdır.
Üçüncü ildir ki, Cəlilabadın relyefi əlverişli olan yerlərində pambıq əkilir. Keçən il 500, bu il isə 505 hektara çiyid səpilib. Rayon üzrə bu işlə bir neçə sahibkar məşğul olur. Onlardan biri də Rafael Nağıyevdir. Rayon Bələdiyyələrinin Əlaqələndirmə Şurasının sədri Bağış Mustafayevlə birlikdə sahibkarla görüşmək qərarına gəldik. Yeri gəlmişkən deyim ki,
B.Mustafayev özü bacarıqlı, təşkilatçı bir insandır. Sovetlər zamanında uzun müddət pambıqçılıq sahəsində çalışıb. Buna görə də rayon rəhbərliyi təcrübəsini nəzərə alaraq pambıqçılığa ümumi rəhbərliyi ona həvalə edib. Tez-tez sahibkarlara baş çəkir, lazımi məsləhətlərini verir.
Çox çəkmir, Sabirabad kəndinə çatırıq. Mülkiyyətçi R. Nağıyevlə görüşüb, pambıq əkdiyi sahələrə baş çəkirik. Maşından düşüb kiçik su kanalını adladıqdan sonra sahəyə giririk. Cəlilabad torpağı hər bir məhsulu, o cümlədən yuxarıda dediyimiz kimi, pambığı yaxşı yetişdirməyə qadirdir. Bunu sahədə də əyani olaraq görürük. Normal boy atmış hər kolun üstündə güldən, daraqdan əlavə, 12 - 15 formalaşmış qoza var. Bağış kişi qeyd edir ki, avqust ayı əvvəldən bartoplama ayı hesab olunur. Sovetlər zamanı özbək, türkmən, tacik pambıqçıları Azərbaycana gəlir, bizim nümayəndələrimiz isə onların respublikalarına gedib sosializm yarışının şərtlərinin necə yerinə yetirildiyini öyrənirdilər. Sonra əlavə edir: “Gördüyünüz bu gül və daraqlar bir neçə gündən sonra qoza olacaq”.
Pambıq sahələri göz işlədikcə uzanıb gedir. R. Nağıyevdən neçə hektar pambıq əkdiyini soruşduqda: “Bu il 63 hektar əkmişəm, - deyir, sonra əlavə edir, - yazda çıxış nəzərdə tutulduğundan 15 gün gec alındı. Bu, qanımı bir az qaraltdı. Amma sən demə, yanılmışam. Tezliklə hər iş qaydasına düşdü. Çıxış alındıqdan sonra yanımızdakı bu ağsaqqalın məsləhəti ilə aqrotexniki tədbirlərin hər birini vaxtında və keyfiyyətlə həyata keçirdim. Heç şübhəsiz ki, işçilərin köməyi ilə. Sahələrin alaq otlarından təmizlənməsini, kultivasiyasını, gübrələnməsini, suvarılmasını qayda-qanunla yerinə yetirdik. Kənd təsərrüfatı hava şəraiti ilə bağlıdır. İyul ayındakı istilər vəziyyətimizi düzəltdi. Pambığa da isti, bir də su lazımdır. Allah istini verdisə, biz də gecə-gündüz zəhmət çəkib sahələri suvardıq. Birinci dəfə hər hektara 200, ikinci dəfə 150 kiloqram azot gübrəsi vermişik. Ziyanvericilərə qarşı mübarizə tədbirlərini unutmamışıq. - Bir qədər susub sözünə davam edir: - Bilirsiniz də, sovka pambığın düşmənidir. Necə deyərlər, onun nəfəsi dəydiyi yerdə göy ot bitməz. Buna görə də daim sayıq olub, müşahidələr aparmışıq. Sovka kəpənəyi yumurtasını qoyan kimi sahələri dərmanlamışıq. Zəhmətimiz hədər getməyib”.
Sahənin içində söhbət edərkən R. Nağıyevdən hansı peşənin sahibi olduğunu soruşuruq. Məlum olur ki, 1988-ci ildə indiki Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini bitirib. Təhsilini başa vurduqdan sonra kəndlərindəki sovxozda işləyib. Həmişə torpaqla ünsiyyətdə olub. Artıq üçüncü ildir pambıq əkir. Pambıqçılığın dirçəldilməsi ilə bağlı öz fikirlərini belə izah edir: “Pambığa təsadüfən “ağ qızıl” deməyiblər. Düzdür, onu becərmək, yığmaq gərgin əmək tələb edir, amma pambıqçılıq gəlirli sahədir. Yetişdirdiyin məhsulu satmaq qeydinə qalmırsan. Müqavilə bağladığın təşkilat məhsulunu götürüb pulunu ödəyir. Digər tərəfdən, məhsulun yekununa görə dövlər hər kiloqram üçün 10 qəpik subsidiya verir. Bir də pambıqçılığın inkişaf etdirilməsi əhali üçün, xüsusilə də qız və gəlinlər üçün iş yerləri deməkdir. Mənim sahələrimdə 45 nəfərdən çox adam işləyir. Bu, 45 ailənin dolanışıq yeri deməkdir”.
Bir az kənarda - təpənin başında qamışdan qurulmuş kiçik alaçıq diqqətimizi cəlb edir. Nə olduğunu soruşduqda Rafael bunun suçular üçün kölgənəcək olduğunu bildirir. Bağış kişi Rafaelə ərklə: “Onlara de, bir ocaq çayı dəmləsinlər, içək”, - deyir.
Bağış kişinin məsləhəti ilə Rafaellə birlikdə sahənin ucqar tərəfinə baxmağa gedirik. Özü isə piyada alçaq təpənin üstündəki qamış alaçığa yollanır. Hər kəs istəyir ki, yaxşı işini görsünlər, onu qiymətləndirsinlər. Maşınla gedə-gedə
R.Nağıyev ətraflı məlumat verərək hansı işləri gördüyünü, əkin zamanı toxumsəpən aqreqatın yaxşı işləməməsi ucbatından sahənin bu yerində qırıq-qırıq cərgələr əmələ gəldiyini, sonradan şəxsən özünün əl ilə toxum əkdiyini, cərgələrə düzən verdiyini danışır. “Budur, həmin kollar necə inkişaf edib, sahənin bu hissəsi digərlərindən seçilmir”,- deyə yamyaşıl və barlı kolları göstərir.
Sahəni gəzdikdən sonra Bağış kişinin yanına qayıdırıq. Nahar fasiləsi olduğundan suçular da buradadır. Sahibkar R. Nağıyev bizi onlarla tanış edir: “Bu, Fərhad Fətullayevdir, bu isə onun qardaşı Müzafətdir. Bu da Əflatun Əsgərovdur. Hər üçü yaxşı suçudur. İşçilərimdən razıyam”. Onlarla tanış olub hal-əhval tuturuq. Hava nə qədər isti olsa da, təpənin üstündəki qamış kölgələnəcək sərindir.
Bir stəkan çayı içib suçularla xudahafizləşərək geri qayıdırıq. Yamyaşıl pambıq sahələri bol məhsuldan xəbər verir. Sentyabrın əvvəllərində bu yerlər öz görkəmini dəyişib ağappaq dona bürünəcək. Sahibkar
R.Nağıyev yetişdirilən məhsulun vaxtında və itkisiz yığılması üçün indidən götür-qoy edir, hazırlıq işləri aparır.

Seyran CAVADOV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video