Alternative content

02:14 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sumqayıta gələn turistlərin sayı artır
Sumqayıta gələn turistlərin sayı artır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 19.08.2018

 

Sumqayıt Abşeron yarımadasının şimal istiqamətində yerləşir. Respublikamızın paytaxtı Bakının bir addımlığında olan bu şəhəri ölkəmizə gələn və gedən turistlərin böyük hissəsi vaxtaşırı ziyarət edir. Yay gələndə Sumqayıtda, dəniz sahillərində istirahət etmək istəyənlərin də sayı artır. 

Bu gün Sumqayıtda şəhər, kənd və çimərlik turizmi formalaşmaqdadır. Kənd turizmi burada neçə illərdir ki, mövcuddur. Corat kəndinin qədimliyi bura marağı daim artırıb. Belə ki, əvvəllər islam ölkələrindən buraya həm ziyarətə, həm də turist kimi gəzməyə gələrdilər. Sovet dövründə dəfələrlə kəndin tarixini öyrənmək və turizm xəritəsini yaratmaq üçün cəhdlər edilib. Lakin həmin illərdə bu sahə bağlı olduğu üçün (xarici ölkələr nəzərdə tutulur) onun inkişafı da arxa plana keçib.
Müstəqillik əldə edildikdən sonra Corata diqqət artdı. Son illər burada həyata keçirilən abadlıq işləri, yol infrastrukturunun yenilənməsi nəticəsində Corat turistlərin xüsusi maraq göstərdiyi ərazi kimi dəyərləndirilir. Hələ yay başlamamış kəndin evlərinin çoxu xarici turistlər tərəfindən kirayələnir. Dənizin və şəhərin bir addımlıqda olması hər kəsin vaxtının səmərəli keçməsi deməkdir. Turistlərin diqqətini bu kənddə cəlb edən çox şey var: yaşı yüz illərlə ölçülən məsçid, tarixi qala divarları, qədim hamamlar, xan evi və digər abidələr.
Böyüklü-kiçikli hamının gözlədiyi yayda dənizə getməmək, Xəzərin duzlu sularında çimməmək heç ağlabatan deyil. Sahil boyu on kilometrlərlə ərazidə uzanan Sumqayıt çimərliyi əvvəllər baxımsız vəziyyətdə idi. İnsanlarla yanaşı, ev heyvanları da buranı özünə “istirahət” yeri seçmişdi. İndi fərqli mənzərə var. Bura turistlərin sevimli istirahət məkanına çevrilib.
Şəhərdə həyata keçirilən quruculuq işləri nəticəsində Sumqayıt inanılmaz dərəcədə dəyişib. İnşa edilən hotel və mehmanxanalar şəhər turizminin inkişafı üçün geniş imkanlar yaradıb. Bu gün şəhərdə xüsusi turlar təşkil edilir. İkimərtəbəli avtobuslar şəhəri dolaşır və onun tarixi haqqında qonaqlara məlumat verilir. Marşrut məşhur Göyərçin abidəsindən başlayır və on iki istiqamətdə hərəkətdə olur. Heydər Əliyev parkı, Kimyaçılar sarayı, tarix muzeyi və digər maraqlı yerlərin yaxınlığından keçən turist bir neçə gündən sonra oralara gəzməyə gəlir. Artıq onun həmin yerlər barədə ilkin məlumatı var və bu ona bir qədər də sərbəstlik gətirir.
Sumqayıtda həyata keçirilən layihələrin hədəfləri gələcəyə hesablanıb. Ümumiyyətlə son dövrlərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı ilə yanaşı, bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində mühüm layihələr icra edilir. Reallaşdırılan ən mühüm layihələrdən biri də Sumqayıt Dənizkənarı bulvarının və şəhər çimərliyinin yaradılmasıdır. Sumqayıt sahillərində belə bir bulvarın salınması ölkəmizdə görülən sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Bu kompleks Sumqayıtın simasının daha da gözəlləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Sumqayıt bulvarının uzunluğu 4,2 kilometrdir. Bulvarın ərazisi dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə salınıb. 4,2 kilometr uzunluğunda, 1,5 metr hündürlüyündə istinad divarı tikilib. Bulvarda 55 hektar ərazidə yaşıllıq zolağı salınıb. 160 mindən çox ağac və dekorativ kol,
2 milyondan artıq gül və çiçək əkilib. Hazırda Sumqayıt Bulvarının genişləndirilməsi və orada yaşıllaşdırma işləri davam etdirilir. Yaxın gələcəkdə bulvarın ərazisinin bir neçə hektar genişləndiriləcəyi nəzərdə tutulub.
Bulvar kompleksində salınan yeniliklərdən biri də avtomat suvarma sistemidir. Bu da yaşıllıq zolaqlarının qorunmasında əvəzsiz rol oynayacaqdır. Həmçinin 76 hektar ərazidə kommunikasiya xətləri çəkilib. 1500 ədəd müxtəlif ölçülü işıq dirəkləri və işıqlandırma sistemləri quraşdırılıb. Sakinlərin rahat istirahəti üçün 600-dən artıq oturacaq qoyulub. Bulvarın ərazisində müxtəlif yerlərdə 50 kölgəlik yaradılıb, 5 ədəd rəngli fontan inşa edilib. Bulvarın ərazisində velosipedçilər üçün xüsusi hərəkət zolağı və piyada yolu salınıb. 4,2 kilometr yola asfalt döşənib, 30 hektar əraziyə daş döşənib.
Ərazidə Bayraq Meydanı tikilib, sahildə gəzinti gəmilərinin yan alması üçün dənizin içərisinə doğru 500 metr uzunluğunda tərsanə bu gözəlliyə xüsusi naxışlar qatır. Burada yaradılan Bayraq muzeyi gəzintiyə gələnlərin ən çox təşrif buyurduqları məkandır. Təxmini hesablamalara görə, buranı ziyarət edənlərin yarısı xarici ölkələrdən gəlmiş insanlardır.
Bulvarda kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu salınıb. Elektriklə işləyən avtobuslar ekoloji baxımdan böyük əhəmiyyət kəsb edir. Ətrafa heç bir tüstü buraxmayan həmin maşınlarda gəzmək insana xüsusi zövq verir. Bununla yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb.
Əslində Sumqayıtın çimərlik turizminin əvvəlini elə bulvardan başlamaq lazımdır. Sumqayıt bulvarını fərqləndirən cəhətlərdən biri də onun çimərliyə birbaşa çıxışının olmasıdır. Burada yaradılan şərait bir daha sübut edir ki, Azərbaycan dövləti vətəndaşların istirahətini mənalı təşkil etmək, asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımlar atır. Bu cür layihələrin icrası bir daha sübut edir ki, Sumqayıtın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır və bu işlər yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilir. Müasir üslubda, orijinal dizaynda yaradılan həmin istirahət məkanı Sumqayıtın görməli yerlərinə daha bir ünvanın da əlavə edilməsi deməkdir.
Sumqayıtda turizmin ınkişafına təkan verən cəhətlərdən biri də şəhərin sənaye potensialının yenilənməsidir. Bu gün Sumqayıtda sovet dönəmində olduğu kimi zavodların tüstüsü şəhərə buraxılmır. Artıq Sumqayıt ölkəmizin təmiz havaya malik olan şəhərlərindəndir. Bu gün şəhər tullantısız sənaye mərkəzinə çevrilib. Bütün bunlar çimərlik turizminin inkişafına imkan verir. Sumqayıtda dənizin sahilində səhərlər ətrafa yayılan yod qoxusuna görə çimərlik sözünə müalicəvi kəlməsini də əlavə etməliyik. Bundan düzgün istifadə etməklə çimərlik turizmi daha da genişləndirilir. Hazırda axşam günbatanda yüzlərlə sakin dənizin ətrafında gəzintiyə çıxır və bu nadir havanı udur.
Digər cəhət isə şəhərin dəniz səviyyəsindən yuxarıda yerləşməsidir. Bunun nəticəsi olaraq Sumqayıtda daim külək əsir. İsti yay günlərində belə əsən külək insanın canına bir sərinlik gətirir.
Sumqayıtda çimərlik turizminin inkişafını şərtləndirən cəhətlərdən biri də onun təbii mövqeyidir. Azərbaycana böyük turist axını Rusiya, Belarus, Türkiyə və Ərəb ölkələrindən başlayır. Sumqayıt bu ölkələrin tranzit yolunun üstündədir. Sərhədi keçən turist bir neçə saatdan sonra Sumqayıta çatır.
Sumqayıtın rəhbərliyi tərəfindən yay mövsümünün başlaması ilə əlaqədar çimərliklərdə əhalinin istirahətinin təşkili barədə xüsusi sərəncam imzalanıb. Çimərlik ərazilərində istirahət edənlərə lazımi səviyyədə ticarət, iaşə və digər xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsinə nəzarət gücləndirilib. Bu gün şəhər çimərliyinə təşrif buyuran hər bir kəs pul ödəmədən dəniz sahilində sərbəst şəkildə istirahət edə bilər.
Yay mövsümü ərzində çimərlik zonalarında xilasetmə işlərinin lazımi səviyyədə qurulması və çimərliklərdə tibbi yardım göstərilməsi üçün müvafiq qaydada tədbirlərin həyata keçirilməsi üçün də aidiyyəti təşkilatlara tapşırıqlar verilib. Şəhər hüquq mühafizə və səhiyyə təşkilatlarının xidmət komandaları bütün çimərlik boyu bir neçə yerdə növbə çəkir. Dəniz sahilində günvurmadan əziyyət çəkən vətəndaşa elə yerindəcə xidmət göstərilir.
Çimərlik turizmini şərtləndirən cəhətlərdən biri də turistlərin yerləşməsi ilə bağlıdır. Avropalılar çox vaxt hoteldə qalmaqdansa, şəxsi evlərdə qalmağa üstünlük verir. Bir addımlıqda yerləşən Novxanı və Corat kəndlərində evlərini turistlərə verən yüzlərlə insan var. Deməli, Sumqayıtda təkcə çimərlik deyil, həm də kənd turizmi inkişaf edir.
Yeniliklərdən biri də əhalinin çimərliyə gediş-gəlişini təmin etmək üçün xüsusi marşrutların ayrılmasıdır. Sumqayıt Şəhər Sərnişin Daşıma İdarəsi və “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən çimərlikdən keçən yeni avtobuslar ayrılıb. İctimai nəqliyyata üstünlük verənlərin çoxu isə avtomobil sahibləridir.
Yay mövsümündə çimərliklərin təmiz saxlanmasına və tullantıların vaxtında daşınmasına ciddi nəzarət edilir. “Sumqayıt şəhər Təmizlik Depatamenti” Məhdud Məsuliyyətli Cəmiyyəti və gigiyena və epidemologiya mərkəzinin əməkdaşları ərazini gün ərzində bir neçə dəfə təmizləyir, tullantıların daşınmasını təmin edirlər. Digər tərəfdən, yay mövsümü ərzində fəaliyyətini gücləndirən mərkəzlərdə çalışanların da sayı artır. Bu da mövsümi iş yerlərinin yaranmasına, insanların ailə büdcələrinin artmasına səbəb olur.
Bu gün Sumqayıt sənaye potensialı ilə fərqlənsə də, yaxın gələcəkdə öz turizm üstünlüyi ilə də seçiləcək. Sənaye potensialı artan şəhərə müxtəlif ölkələrdən minlərlə insan gəlir. Bu isə Sumqayıtın hərtərəfli inkişafına səbəb olur.

Akif ƏLİYEV,
“Azərbaycan”