Alternative content

08:00 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstiqlal mücahidi, maarifpərvər ziyalı
İstiqlal mücahidi, maarifpərvər ziyalı
ANA SƏHİFƏ / Mədəniyyət
12:08 19.08.2018

 

May ayının əvvəllərində yolum yenə Ağdaş rayonuna düşmüşdü. Burada rayon icra hakimiyyətinin məsul işçisi, ömrünün 35 ilini dövlət qulluğuna həsr etmiş Qalib Həsənovla cümhuriyyət dövrü və onun tariximizdəki rolu haqqında söhbətimiz oldu. Söz sözü çəkdi. O bizə “Siz Muxtar Əfəndizadəni tanıyırsınızmı”sualı ilə müraciət etdi. Haqqında eşitdiyimi, lakin tam məlumatlı olmadığımı dedim. Söhbət əsnasında onun Ağdaş torpağında dünyaya göz açması, istiqlal mücadiləsində mühüm rol oynaması və təhsil sistemimizin inkişafına misilsiz xidmətləri barədə xeyli danışdı.

Dövrünün görkəmli şərqşünaslarından biri, Azərbaycanda, eləcə də Cənubi Qafqazda, Krımda, Türkiyədə və digər yerlərdə Muxtar Əfəndi adı ilə tanınan Muxtar İsmayıl oğlu Əfəndizadə çox çətin həyat yolu keçib.
1880-ci ilin yanvar ayında Ağdaşın Şəmsabad kəndində anadan olub. Atası İsmayıl Əfəndi XIX əsrin ikinci yarısında Ərəş mahalının məşhur alim və müdərrislərindən (müəllimlərindən) olub. “Zeynəddin” ədəbi məclisinə rəhbərlik edib. Azərbaycan və fars dillərində şeirlər yazıb. İsmayıl Əfəndinin on üç qəzəli və bir neçə nəsihətnaməsi günümüzədək gəlib çatıb. Qəzəlləri oxunaqlı və ürəyəyatandır.
İsmayıl Əfəndi XIX əsrin 80-ci illərində Ağdaşın Şəmsabad kəndində qızlar üçün də məktəb açıb. Məktəbdə oğlan məktəblərindən fərqli olaraq, dünyəvi deyil, yalnız dini elmlər öyrədilirmiş.
İsmayıl Əfəndi vəfat edəndə oğlu Muxtar altı yaşında olub, anası Zeynəb xanımın himayəsində yaşayıb. Zeynəb xanım özü də yazı-pozu bilən, savadlı və gözüaçıq qadın kimi tanınıb.
Muxtarın istedadına bələd olan atasının dostları və tələbələri, xüsusilə də Ağdaşın Ərəbocaq kəndinin müdərrisi Hacı Məhəmməd Əfəndi onu himayəsinə götürüb, təhsili ilə məşğul olub. Muxtar doqquz il Hacı Məhəmməd Əfəndinin mədrəsəsində oxuyub, bir çox dünyəvi elmlərdən xəbərdar olub. Sonra doqquz il də digər din alimlərinin yanında təhsil alıb.
Bundan əlavə, onun Türkiyənin İstanbul şəhərində təhsil alması barədə israrlı söhbət gedir. Şübhəsiz, “pantürkist”, “panislamist” damğasından ehtiyat edərək M.Əfəndi heç yerdə bu barədə məlumat verməyib. Çünki onu “pantürkist” və “panislamist” kimi ləkələyib məhv etmək çox asan idi.
Uzun illər mədrəsə təhsili almış, müxtəlif alimlərin yanında oxumuş bu gəncin müəllimliyə meyli çox olur. Bununla belə, o, həmin sahədə metodiki boşluğu duyur, hiss edirdi. Elə ona görə də hələ təhsil alarkən metodiki kitab yazmağı qarşısına məqsəd qoyur. Yazacağı kitabın qayəsi də müəllim işini yüngülləşdirmək, tədrisin keyfiyyətini yüksəltməkdən ibarət idi. Nəhayət, istəyinə nail olur. “Oxu” adlı kitab metodiki vəsaitdən əlavə, həm də uşaqlar üçün dərslik idi. Həmin kitab sonralar ona şöhrət gətirir.
24 yaşına kimi Muxtar Əfəndi hikmət elmindən başqa, bir çox digər elmləri də öyrənir. O, hələ 9 yaşında ikən müqəddəs kitab “Quran”ı oxuyub axıra çatdırmışdı.
XX əsrin əvvəllərində Ağdaşda maarifçiliyin inkişafında müstəsna rol oynamış Muxtar Əfəndi “Kimsəsiz uşaqlar evi”, “Yaşlılar üçün kurs” (1906), “Darülirfan” məktəbi (1906), qiraətxana (1906), teatr (1908), “Səadət” adlı qız məktəbi (1909) açıb. Qubada təşkil etdiyi üsuli-cədid məktəbində dərs deyib və üsuli-cədid məktəbləri üçün “Şəraye-ül-islam” kitabını (1911) yazıb.
1918-ci ildə Şamaxı, Ağsu, Qutqaşen (indiki Qəbələ), İsmayıllı bölgələrində bir çox kəndləri viran qoymuş erməni-daşnak quldurlarının Göyçaya, Ağdaşa hücumları zamanı 200 nəfərlik dəstə təşkil edərək, onların qabağını kəsib geri qaytarılmasında mühüm rol oynamışdır.
Vətənsevər, millətsevər şəxsiyyət kimi dəyərləndirilən Muxtar Əfəndi Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1919-cu ilin dekabr ayında AXC parlamentinə Ərəş qəzasından nümayəndə seçilir və 3 aydan bir qədər artıq müddətdə parlamentin üzvü olur.
Muxtar Əfəndi dövrünün qabaqcıl maarifpərvər ziyalısı kimi gənc nəslin təlim-tərbiyəsinə, xalq maarifinin və elmin inkişafına, ictimai həyatın müxtəlif sahələri üçün ixtisaslı kadrların hazırlanmasına böyük əhəmiyyət verirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Ağdaşa qayıdaraq, maarifçilik fəaliyyətini davam etdirir. Rayon maarif şöbəsinin inspektoru işləyir.
Ovaxtkı xalq maarif komissarı Dadaş Bünyadzadə inqilabdan əvvəl M.Əfəndizadəni şəxsən tanıdığı üçün onun maarifçilik səriştəsinə bələd idi. Ona görə də D.Bünyadzadə Ağdaşda açılan qısamüddətli pedaqoji kurslara rəhbərliyi Muxtar Əfəndiyə həvalə edir. Həmin kursda oxuyan 53 nəfər gəncin əksəriyyəti əvvəllər onun məktəbində oxuyan şagirdlər idi.
1921-ci ilin sentyabr ayında kursu qurtaran gənclər Ağdaşın kəndlərinə göndərilir. Onların yerlərə bölüşdürülməsi işi də M.Əfəndizadəyə həvalə edilir. Gənclər kəndlərə gedərək şagird toplayıb yeni məktəblərin təşkilinə başlayırlar.
1923-cü ilə qədər maarif şöbəsində inspektor olmaqla yanaşı, M.Əfəndizadə 1923-cü ilin noyabr ayında ikinci dərəcəli məktəbdə ədəbiyyat müəllimi işləyir.
Müəllimlik fəaliyyətini 1926-cı ilə qədər davam etdirir. Həmin illərdə ürək xəstəliyinə tutulan M.Əfəndizadənin səhhəti ağırlaşır və işləmək imkanı olmadığı üçün ərizə verərək maarif sahəsindən uzaqlaşmağı qərara alır. Bu həmin dövr idi ki, parlamentdə üzvlüyünə görə tez-tez sorğu-suala tutulurdu.
1929-cu ildə Muxtar Əfəndini həbs edib Göyçaya aparırlar. Göyçaya aparılma səbəbi isə 8 aprel 1929-cu ildə qəza sisteminin ləğv edilməsindən irəli gəlirdi. Buna görə də məhkəmə Göyçayda olmalı idi. Beləliklə də böyük maarifpərvər insanın acınacaqlı günləri başlayır. Fiziki və mənəvi təhqirlərə məruz qalır, “müsavatçı” damğası ilə evində axtarış aparılır. Şəxsi arxivi dağıdılır, özü Qazaxıstana sürgün edilir. 1939-cu ildə sürgündən qayıtdıqdan sonra pedaqoji və elmi fəaliyyətini davam etdirir.
M.Əfəndizadənin fəaliyyətinin mayası maarifçilik zəmini üzərində qurulmuşdu. Ali və orta məktəblər üçün dərsliklər yazmış, orta əsr Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyəti olan bir sıra qiymətli mənbələri fars və ərəb dillərindən tərcümə etmişdi. M.Əfəndizadənin elmi yaradıcılığını araşdırdıqda onu şərti olaraq 2 dövrə bölmək olar: birinci dövr 1904-1920-ci, ikinci dövr isə 1939-1960-cı illəri əhatə edir. Birinci dövrdə onun əlyazma şəklində olan “Oxu” kitabı istisna olmaqla, yaradıcılığının əsasını dini kitablar təşkil edir.
1939-cu ilin sentyabr ayından 1941-ci ilin iyun ayına qədər Muxtar Əfəndizadə İsgəndər Münşinin “Tarixi-aləm-arayi-Abbasi”, Mirxondun “Rövzət üs-Səfa” və İbn əl-Əsirin “Əl-Kamil fit-tarix” kitablarını Azərbaycan dilinə tərcümə edir.
Hər 3 kitab Azərbaycan Elmlər Akademiyasının elmi arxivində mühafizə edilir. 9 çap vərəqi həcmində olan İsgəndər Münşinin “Tarixi-aləmi-arayi-Abbasi” əsəri daxili başlıqla verilib. Əsərdə Səfəvilərin hakimiyyətə gəlməsi, I Şah İsmayılın yürüşləri, həmçinin Sultan Səlim ilə Çaldıran döyüşü barədə, Cəlalilər hərəkatı, Şirvan, Təbriz, Urmiya və Gürcüstandakı üsyanlar haqqında məlumatla tanış olmaq mümkündür. İkinci böyük əsər Mirxondun “Rövzət üs-Səfa” əsəridir. Əsər qədim Azərbaycan tarixindən bəhs edir. M.Əfəndizadənin tərcüməçilik fəaliyyətindən danışarkən sonuncu tərcüməsinin - “Gülüstan” poemasının adını çəkməmək mümkün deyildir. O, bu əsəri 1958-ci ildə tərcümə edib başa çatdırıb.
M.Əfəndizadə yaradıcılığının digər hissəsini dərsliklərin yazılması təşkil edir. 1943-1944-cü tədris ilində Azərbaycan Dövlət Universitetində Şərq şöbəsi təsis olunur və M.Əfəndizadə ora ərəb dili müəllimi kimi dəvət edilir.
1944-cü ildə 65 yaşlı M.Əfəndizadə ərəb dili müəllimi kimi universitetdə işə başlayır. Az vaxt ərzində bilik və bacarığı ilə universitetdə dərin hörmət qazanır. Şərqşünaslıq sahəsində dərslik problemi hələ həll edilməmişdi. Bu iş də ona həvalə olunur. 1947-ci ildə 20 çap vərəqi həcmində “Muftah-ül-lisan ül ərəb” adlı kitab Azərnəşr tərəfindən çap edilir. Kitab böyük sevinclə qarşılanır. Bu kitab ali məktəblər üçün şərqşünaslıq sahəsində ilk dərslik idi.
Şərqşünas akademik Kraçkovski “Ərəb dilinin açarı” kitabı ilə tanış olduqdan sonra əsəri çox yüksək qiymətləndirir.
Qeyd etmək lazımdır ki, M.Əfəndinin uzun illər sürgündə qalması, davam edən Stalin repressiyası da onu haqq sözünü, cəsarətli fikirlərini ifadə etməkdən çəkindirməyib. Məhz buna görə də 1950-ci ildə o, universitetdən uzaqlaşdırılır.
25 avqust 1950-ci ildə Muxtar Əfəndi ərizəsinə əsasən universitetdən təqaüdə çıxır. Onun ən böyük xidməti xalqımızın elmi, ədəbi yaradıcılığının qorunmasından ibarət olub. O, qədim əlyazmaları, kitabları, ümumiyyətlə, gələcəyə çatdırılan hər cür əhəmiyyətli məxəzləri toplayıb, onların pozulmuş yerlərini bərpa edərək Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna təqdim edib.
Ömrünü maarifçilik sahəsinə həsr etmiş M.Əfəndizadə 1975-ci ildə vəfat edib və vəsiyyətinə görə doğma ata yurdunda - Ağdaşın Şəmsabad kəndində dəfn edilib.

Əli SƏLİMOV,
“Azərbaycan”