Hörmətli redaksiya!
1964-cü ildən başlayaraq 47 il fasiləsiz olaraq Bakının Binə qəsəbəsindəki 121 nömrəli orta məktəbdə ədəbiyyat müəllimi işləmişəm. 70 yaşım tamam olandan sonra istirahət etməyi qərara aldım.
Günlərin birində qapımızı özünü Nazilə Mustafazadə kimi təqdim edən, jurnalist olduğunu söyləyən cavan bir xanım döydü. Dedi ki, Xəzər rayonunun təhsil işçiləri haqqında kitab yazır. Evə dəvət etdik. Gedəndə ailə albomumuzdan 20 şəkil götürdü. Söz verdi ki, kitabında həyat yoldaşımın və mənim haqqımızda geniş məlumat yerləşdirəcək. Müqabilində 400 manat aldı. Bir-iki aya həm şəkillərimizi qaytaracağını, həm də yeni kitabını gətirəcəyini söylədi.
O vaxtdan 4 il keçir. Özünü jurnalist kimi təqdim edən “xanım” isə hələ də gəlib çıxmayıb. Ondan bizə qalan “Ömürlərdən səhifələr” adlı kitabı (2002-ci ildə “Steyk” KM-in mətbəəsində çap olunub) və söylədiyi yalanlardır. Bizi puldan çox əziz xatirə kimi saxladığımız şəkillərimizin əldən getməsi yandırır.
Sonradan bilmişik ki, bu “jurnalist” 10 nəfərdən çox müəllimin də hərəsindən 150-200 manat “qoparıb” və onların da şəkillərini alaraq aradan çıxıb. Aldadılmış müəllimlərin bir neçə nəfəri ilə eyni məktəbdə işləmişik. Onlar ağbirçək qadınlardır və adlarının çəkilməsini istəmirlər. Mən isə bu məsələnin axırına çıxmağı qərara almışam. Bir neçə televiziya kanalının “Qaynar xətt”inə müraciət etmişəm. Lakin hələ də nəticə yoxdur. Polisdən əldə etdiyim məlumata görə, Nazilə Bəybala qızı Mustafazadə Xaçmaz rayonunun Atatürk prospektindəki 84 nömrəli evdə qeydiyyatdadır.
Görəsən, belə fırıldaqçı qadın bizə vəd etdiyi yazıları hansı mənəviyyatla qələmə alacaqdı? “Azərbaycan” qəzetinin oxucuları arasında onu tanıyanlar varsa, bu işdə bizə kömək göstərmələrini xahiş edirik.
Ədalət BABAYEV,
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsi