18 Avqust 2018 12:08
126
SİYASƏT
A- A+

“Xəzər beşliyi” Aktauda birlik nümayiş etdirdi

 

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı dövlətin başçıları V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair konvensiya imzaladılar.

Dünyanın aparıcı kütləvi informasiya vasitələri Xəzər sammitini əvvəldən sonadək diqqətlə izlədi, xəbər və analitik yazılarla çıxış etdi, tanınmış iqtisadçılar və məşhur politoloqların hər biri öz dövlətlərinin baxış bucağından sammiti şərh etdi. Aradan bir neçə gün keçməsinə baxmayaraq, Aktau şəhərində “beşliy”in görüşü unikal tarixi hadisə kimi hələ də dünya mətbuatının diqqət mərkəzindədir. İşğalçı Ermənistan mediası da Xəzəryanı dövlət başçılarının görüşünə xüsusi həssaslıq, görünməmiş qısqanclıq və həsədlə yanaşdı.
Sonuncu tədbiri əvvəlki dörd sammitdən fərqləndirən cəhət tərəflərin razılığa gəlməsindən savayı, həm də üst-üstə düşən rəmzi rəqəmlərlə bağlıdır. Beş Xəzəryanı dövlətin liderləri beşinci sammiti keçirirdilər. “Beşliy”in beşinci görüşündə əvvəlki dörd sammitdə 22 il ərzində aparılan uzun və mürəkkəb, bir çox hallarda dalana dirənən müzakirələrə yekun vuruldu və tərəflər razılığa gəldilər. Xəzər konvensiyasının imzalanmasının avqustun 12-nə - Beynəlxalq Xəzər Gününə təsadüf etməsi də sonuncu sammitin uğurunu möhürləyən müsbət rəmzlərdəndir.
Artıq dünyanın siyasi lüğətinə yeni siyasi qüvvə kimi daxil olan “Xəzər beşliyi” bu sammitdə birlik nümayiş etdirdi, vacib qarşılıqlı güzəştlərə getdi, Xəzərin hüquqi statusu, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq, bölgədə və qlobal miqyasda təhlükəsizlik kimi məsələlərin müzakirəsində vahid mövqedən çıxış etdi. Beləliklə, 22 il ərzində davam edən müzakirələr öz məntiqi yekununa çatdı. Əvvəlki sammitlərdə yalnız milli maraqlarını önə çəkən beş dövlət sonuncu sammitdə hamını qane edən ümumi maraqlara fokuslandı. Beləcə, “Xəzər beşliyi” sülhün və qarşılıqlı əməkdaşlığın bayrağını göyə qaldırdı. Dünyada baş verən münaqişələri nəzərdən keçirəndə, əsasən böyük su hövzələrinə ümumi çıxışları olan dövlətlər arasında dərinləşən qarşılıqlı iddiaların ümumi mənzərəsində “Xəzər beşliyi”nin imzaladığı konvensiyanın xüsusi əhəmiyyət kəsb etdiyini anlamaq çətin deyil.
Erməni işğalı nəticəsində ərazilərinin beşdəbirini itirən Azərbaycan Qafqazda sülhə, qarşılıqlı əməkdaşlığa və iqtisadi tərəqqiyə can atan yeganə dövlətdir. Bütün qonşuları ilə tarixi dostluğa, əməkdaşlığa sadiq qalan ölkəmiz qonşuluq münasibətlərinə sədaqətlə yanaşmış, əlaqələrin və əməkdaşlığın möhkəmlənməsinə və inkişaf etməsinə daim töhfəsini vermişdir. Azərbaycan tərəfi uzun illər Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və “qazan-qazan” prinsipini təklif etmiş, bunun bütün region üçün önəmli olduğunu diqqətə çarpdırmağa çalışmışdır.
Danışıqların 7-ci ili (14 may 2003-cü il) Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanmışdı. Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 2017-ci ilin dekabrında Moskvada keçirilən müşavirəsində konvensiya layihəsi yekun olaraq razılaşdırıldı. İran Prezidenti Həsən Ruhaninin bu ilin yazındakı Bakı səfərində Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması tarixi sənəd kimi “Xəzər beşliyi”nin V sammitində tarixi konvensiyanın qəbul edilməsində mühüm rol oynadı. Sənədin qəbul edilməsi eyni zamanda xoş məram, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşmişdir. Məhz buna görə beynəlxalq ekspertlər Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanmasını 5 sahil ölkə üçün dönüş nöqtəsi kimi dəyərləndirirlər. “Xəzər beşliyi” tərəfindən sammitdə yekun olaraq 7 sənəd imzalandı.
Onu da qeyd etmək yerinə düşərdi ki, bu tarixi günədək müzakirələrin aparıldığı bütün dövr ərzində erməni diasporunun antiazərbaycançı təbliğat maşını ilə cütləşən müəyyən “beyin mərkəzləri” dünyanın müxtəlif nöqtələrində eyni ssenari, vahid sxem əsasında sistemli surətdə “Xəzər beşliyi”ni nifaqa çəkməyə, qarşı-qarşıya qoymağa və onların arasındakı münasibətləri gərginləşdirməyə, ziddiyyətləri qabartmağa çalışırdılar. Bu pozucu fəaliyyəti reallaşdırmaq üçün xüsusən konvensiya imzalanması ərəfəsində müxtəlif ölkələrdən xaricdəki antiazərbaycançı qüvvələr, erməni lobbisinə yaxın dairələrlə birlikdə həm Xəzəryanı paytaxtlarda, həm də “Xəzər beşliyi” ölkələri arasında xüsusi məharətlə nifaq toxumu səpməyə çalışırdılar. Əsas məqsəd ziddiyyətləri körükləməklə anlaşmanın baş tutmasının qarşısını almaq idi. Amma bu prosesə qarşı erməni xaçı ilə səlib yürüşünə çıxanlar bəzi məqamları nəzərə almaq iqtidarında deyildilər. Bu reallıqlar ondan ibarət idi ki, Azərbaycan dövləti işğalçı və gündə bir qucağa sığınmağa vərdiş edən vassal Ermənistandan fərqli olaraq, bütün qonşuları ilə sıx münasibətlər qura bilmişdi. Ermənistan bütün qonşuları ilə ciddi münaqişələrə gedib, onlara qarşı ərazi iddiaları irəli sürüb və heç vaxt işğalçılıq niyyətlərindən əl çəkməyib. İranla münasibətləri bu gün nisbətən sabit görünsə də, ermənilərə istənilən məqamda onlara qarşı da ərazi iddiaları ilə çıxış etmək su içmək qədər asan olacaq. Dünyanın siyasi arenasında neytrallığını qoruya bildiyinə, heç bir siyasi və hərbi bloklara qoşulmadığına görə Azərbaycan Qərbin özündə də Qafqazın Cenevrəsi kimi neytral dövlət nüfuzunu qazana bilmişdir. Ermənistan isə eyni zamanda eyni məhəbbətlə yanını Rusiyanın qucağına, başını da Qərbin sinəsinə qoymağı beynəlxalq siyasətin ana sütunu kimi qəbul edir.
Azərbaycan Rusiya-Türkiyə münasibətləri gərginləşəndə iki ölkə arasında körpülərin qırılmaması üçün ciddi səylər göstərib müsbət nəticələr əldə edəndə erməni təbliğat maşını İrəvandan tutmuş Moskvaya, Parisə, Vaşinqtona kimi bütün diasporunu ayağa qaldırdı və iki dövləti müharibəyə çəkmək üçün əlindən gələni etdi. Rusiya mətbuatında isə erməni əsilli ideoloqlar efirdən diş qıcayıb Türkiyənin üstünə atılmağa hazır idilər.
Azərbaycan bədnam qonşularından fərqli olaraq, Şimalla Cənub arasında etibarlı körpü rolu oynadığını sübut etdi. Ermənistan da körpüləri yandırmaqda mahir “sənətkar” olduğunu bir daha nümayiş etdirdi.
Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin püxtələşən və mükəmməlləşən diplomatik təcrübəsi hər cür maneələrin qarşısını asanlıqla almağa imkan verir. Yəni artıq Azərbaycanı hansısa yalançı təbliğatla sarsıtmaq mümkün deyil. Ən başlıcası isə, “Xəzər beşliyi” ölkələri rəhbərlərinin, xüsusən Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu konvensiyanın imzalanması yolunda maneələri sabun köpüyü kimi yox etməyə imkan yaratdı.
Aktau Zirvə toplantısında Prezident İlham Əliyev həm çıxışında, həm də mətbuata bəyanatında Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyətin mövcud olduğunu, bunu da təhlükəsizliyin və sabitliyin başlıca qarantı kimi qiymətləndirdi. O həmçinin qeyd etdi ki, Xəzərin bundan sonra da regionda sabitləşdirici rol oynaması üçün konvensiyanın bütün müddəalarının yerinə yetirilməsinə səy göstərilməlidir.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video